Məhkəmə qərarları › İş №2-1(118)-492/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-492/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-492/2022 06.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı “Xırdalan bələdiyyəsinin 02/06-94 saylı, 02.09.2021-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Xırdalan bələdiyyəsinə qarşı iddia qaldıraraq “Xırdalan bələdiyyəsinin 02/06-94 saylı, 02.09.2021-ci il tarixli qərarının ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onunla Xırdalan Bələdiyyəsi arasında 27 oktyabr 2006-cı il tarixli, 318a saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilə bağlanmışdır. Həmin müqavilənin 1-ci və 2-ci bəndinə əsasən 105,2 kv.m torpaq sahəsi mağaza tikintisi məqsədilə 99 il müddətinə ona icarəyə verilmişdir. Sözügedən müqavilənin 2.4-cü bəndinə əsasən icarə haqqı illik 21,10 manat (iyirmi bir manat on qəpik) müəyyən edilmiş, icarə haqqının 27 oktyabr 2006-cı ildən hesablanması nəzərdə tutulmuşdur. İcarəyə götürdüyü vaxtdan müqavilə ilə nəzərdə tutulmuş məbləğdə hər il icarə haqqını ödəyərək öhdəliklərini tam şəkildə icra etmişdir. İcarəyə götürdüyü torpaq sahəsi üzərində yerləşən qeyri-yaşayış sahəsi (Teras çay evi) dövlət reyestrindən verilmiş 17.05.2012-ci il tarixli çıxarışa əsasən onun mülkiyyətindədir. Abşeron Rayon İcra və Probasiya Şöbəsi tərəfindən çağırıldıqda və 10 noyabr 2021- ci il tarixdə orada sənədlərin surəti ilə tanış olduqda ona məlum olmuşdur ki, Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 02/06-94 nömrəli 02.09.2021-ci il tarixli qərarına əsasən o mülkiyyətində olan əmlak və torpağa görə, yəni Xırdalan şəhəri, 27-ci məhəllə, N.Zeynalova küçəsi (Teras çay evi) ünvanında yerləşən 160 kv.m əmlak sahəsinə görə cari il üçün 48 manat, o cümlədən 2011-ci il tarixli, 318a nömrəli icarə müqaviləsinə əsasən 152 kv.m torpaq sahəsinə görə 639,81 manat icarə haqqı, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə 787,81 manat borcunu ödəməmişdir. Bu səbəbdən də borc öhdəliklərinin icra olunması üçün qərar Abşeron rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 02/06-94 nömrəli 02.09.2021-ci il tarixli qərarı tamamilə əsassız olduğundan ləğv edilməsi zərurəti yaranmışdır. Belə ki, həmin qərarda göstərilmişdir ki, 2011-ci il tarixli, 318a nömrəli icarə müqaviləsinə əsasən 152 kv.m torpaq sahəsinə görə 639,81 manat icarə haqqı, maliyyə sanksiyası üzrə 100 manat borcu vardır. Lakin cavabdeh ilə iddiaçı arasında ümumiyyətlə 2011-ci il tarixli, 318a nömrəli icarə müqaviləsi bağlanmamışdır. Onların aralarında yalnız 27 oktyabr 2006-cı ildə 318a saylı müqavilə bağlanmışdır. Lakin cavabdeh aralarında bağlanmış 2011-ci il tarixli, 318a nömrəli icarə müqaviləsi mövcud olmadığı halda, həmin müqaviləni əsas tutaraq onun üzərinə öhdəlik qoymuşdur. Digər tərəfdən, cavabdeh tərəfindən ona 27 oktyabr 2006-cı il tarixli, 318a saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən 105.2 kv.m torpaq sahəsi icarəyə verilmişdir. 152 kv.m torpaq sahəsinin ona icarəyə verilməsinə dair onların aralarında müqavilə bağlanmamışdır. Tədiyyə bildirişi ilə Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 02/06-94 nömrəli 02.09.2021-ci il tarixli qərarı arasında da uyğunsuzluq vardır. Belə ki, həmin tədiyyə bildirişində də ona 105.2 kv.m torpaq sahəsinin icarəyə verilməsi göstərilmişdir. Halbuki onun cərimə edilməsinə əsas olan Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 02/06-94 nömrəli 02.09.2021-ci il tarixli qərarında 152 kv.m torpaq sahəsinin ona icarəyə verilməsi göstərilmişdir. Bundan əlavə Abşeron Rayon Xırdalan Bələdiyyəsinin 02/06-94 nömrəli 02.09.2021-ci il tarixli qərarında 152 kv.m. torpaq sahəsinə görə onun 639,81 manat məbləğində icarə haqqı ödəməli olduğu göstərilmişdir. Lakin icarəyə götürdüyü torpaq sahəsi üzrə illik 21,10 manat məbləğində icarə haqqının ödənilməsi nəzərdə tutulmuşdur. 639,81 manat məbləğində icarə haqının ödənilməsi ilə bağlı onunla cavabdeh arasında heç bir müqavilə bağlanmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı müasibəti məhkəməyə təqdim edilməmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi isə gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Xırdalan bələdiyyəsinin 02/06-94 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı ilə İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi qərara alınmışdır. - 27 oktyabr 2006-cı il tarixli, 318a saylı “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” müqavilədən görünür ki, Xırdalan bələdiyyəsi tərəfindən 105,2 kv.m torpaq sahəsi İddiaçı icarəsinə verilmişdir. - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” MA seriyalı, ******* saylı çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 169,7 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. - Xırdalan bələdiyyəsi tərəfindən tərtib edilmiş tədiyyə bildirişindən görünür ki, iddiaçıya 639,81 manat məbləğində vergi borcu hesablanmışdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia mübahisələndirmə haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Xırdalan bələdiyyəsinin 02/06-94 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı inzibati aktdır və hazırki iddia mübahisələndirməyə dair iddiadır. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, bələdiyyə tərəfindən iddiaçıya 639,81 manat məbləğində vergi hesablamış, həmin vergi məbləğinin tutulması üçün “İddiaçı borc öhdəliklərinin icra olunması üçün Abşeron rayon icra və probasiya şöbəsinə göndərilməsi” barədə 02/06- 252 saylı, 17 noyabr 2021-ci il tarixli qərar qəbul etmişdir. İddiaçı hal-hazırda bələdiyyənin sözügedən qərarından narazıdır və ləğv edilməsini məhkəmədən xahiş edir. «İnzibati icraat haqqında» AR Qanununun 2.0.2-ci maddəsinə görə inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 51.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. Həmin Qanunun 61.1-ci maddəsinə görə yazılı və ya yazılı formada təsbit olunmuş inzibati akt yazılı şəkildə əsaslandırılmalıdır. Həmin Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 82.1-ci maddəsinə əsasən pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktların məcburi qaydada icrası «İcra haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən icra məmurları tərəfindən icra edilir. Həmin Qanunun 82.2-ci maddəsinə görə inzibati aktı qəbul etmiş inzibati orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 196-cı maddəsinə əsasən həmin Məcəllənin 197-ci maddəsində göstərilən vergitutma obyektləri olan fiziki şəxslər və müəssisələr əmlak vergisinin ödəyiciləridir. Həmin Məcəllənin 197.1-ci maddəsinə əsasən vergitutma obyekti sayılır: 197.1.1. Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililərin və ya onların hissələrinin (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilibedilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus avtomobil və özüyeriyən təkərli texnika (bundan sonra - avtonəqliyyat vasitələri), su və hava nəqliyyatı vasitələri; 197.1.3. müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri; «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilmiş qaydada vergilərin və ödənişlərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasında yerli vergilərin və ödənişlərin ödənilməsi və yığılması qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları Qanunla təsdiq olunan müvafiq Əsasnamə ilə müəyyən edilir. Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 1.1-ci bəndinə görə bu Əsasnamə bələdiyyələrin vergi xidməti orqanının fəaliyyətinin ümumi əsaslarını müəyyənləşdirir, onun yerli (bələdiyyə) vergilərin və ödənişlərin ödəyiciləri ilə qarşılıqlı münasibətlərini tənzimləyir. Əsasnamənin 5.3-cü bəndinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və digər qanunlarına əsasən müvafiq yerli (bələdiyyə) vergilər və ödənişlər ödənilmədikdə, bələdiyyənin vergi xidməti orqanlarının vəzifəli şəxsləri tərəfindən müvafiq akt tərtib edilir. Həmin aktda onun tərtib edildiyi tarix və yer, aktı tərtib etmiş şəxslərin vəzifəsi, soyadı, adı, atasının adı, yerli (bələdiyyə) verginin və (və ya) ödənişin ödəyicisi barədə məlumat, müvafiq verginin və (və ya) ödənişin növü (adı), Azərbaycan Respublikasının Vergi Məcəlləsinin və digər qanunların pozulmasını təşkil edən konkret hal (hallar) və həmin pozuntulara görə məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Vergi Məcəlləsinin və digər qanunların konkret maddələri göstərilməli, ödəyiciyə müvafiq vergini və (və ya) ödənişi ödəmək təklif edilməlidir. Tərtib edilmiş akt bələdiyyənin sədrinə (yaxud onun müavininə), surəti isə ödəyiciyə təqdim edilir. Əsasnamənin 5.4-cü bəndinə görə ödəyici bələdiyyə vergi xidməti orqanının aktı ilə razılaşmadıqda, aktın alındığı gündən 30 gün müddətində akta və ya onun ayrı-ayrı hissələrinə öz etirazını yazılı surətdə bildirə bilər. Əsasnamənin 5.5-ci bəndinə görə ödəyici tərəfindən bələdiyyə vergi xidməti orqanının aktı üzrə yazılı izahat və ya etiraz təqdim edildikdə, həmin akta ödəyicinin və ya (və) onun nümayəndəsinin iştirakı ilə baxılır. Akta baxılmanın yeri və vaxtı haqqında ödəyiciyə vergi xidməti orqanı tərəfindən ən azı 3 iş günü əvvəl məlumat verilməlidir. Ödəyici (onun nümayəndəsi) üzrlü səbəb olmadan müzakirəyə gəlmədikdə, məsələyə onun iştirakı olmadan baxılır. Əsasnamənin 5.6-cı bəndinə görə bu Əsasnamənin 5.4-cü bəndində müəyyən edilən müddət bitdikdən sonra 15 gün ərzində bələdiyyə öz vergi xidməti orqanının aktına baxır və ödəyiciyə münasibətdə qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergi və ödənişlər barədə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi üçün məhkəməyə müraciət edilməsi barədə qərar çıxarır yaxud belə qərarın çıxarılmasından imtina edir. Əsasnamənin 5.7-ci bəndinə görə ödəyiciyə bu Əsasnamənin 5.6-cı bəndinə müvafiq olaraq çıxarılmış qərarın surəti və qanunla müəyyən edilmiş hallarda yerli (bələdiyyə) vergilər və (və ya) ödənişlər üzrə borcun, müvafiq olaraq hesablanmış faizlərin, müvafiq maliyyə sanksiyalarının ödənilməsi barədə tələbnamə göndərilir. Ödəyici müvafiq ödənişləri könüllü qaydada ödədikdə, bələdiyyə məhkəməyə müraciət edilməsi haqqında qərarını ləğv edir. Əsasnamənin 5.10-cu bəndinə görə bələdiyyə tərəfindən bu Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinin yerinə yetirilməməsi bələdiyyənin qərarının məhkəmə tərəfindən ləğv edilməsi üçün əsas verir. Əsasnamənin 5.11-ci bəndinə görə yerli (bələdiyyə) vergilər və ödənişlər üzrə vaxtı keçmiş borcların məcburi qaydada alınması, hesablanmış faizlərin alınması və ödəyicilərə maliyyə sanksiyalarının tətbiq edilməsi üçün bələdiyyələr öz vergi xidməti orqanının təqdimatı əsasında, bu Əsasnamənin 5.7-ci bəndinin ikinci cümləsində müəyyən edilmiş hal istisna olmaqla, məhkəmələrə müraciət edirlər. Əsasnamənin 5.12-ci bəndinə görə məhkəmənin yerli (bələdiyyə) vergi və ödənişlər üzrə borcların, hesablanmış faizlərin və maliyyə sanksiyalarının alınması haqqında qanuni qüvvəyə minmiş qərarlarının icrası qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.3-cü maddəsinə görə ziddiyyət təşkil edən normativ hüquqi aktlar bərabər hüquqi qüvvəyə malikdirsə, konkret münasibətlərə sahə normativ hüquqi aktı tətbiq edilir, bu şərtlə ki, həmin münasibətlər eyni hüquqi tənzimləmə sahəsinə aiddir. İPM-in 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. İnzibati mübahisənin mahiyyəti ilə bağlı məhkəmə hazırkı icraatda tədqiq edilmiş sübutlar və tərəflərin dəlilləri əsasında müəyyən edilmiş aşağıdakı xüsusatları diqqətə çəkir: - sözügedən qərarda Xırdalan şəhəri, 27-ci məhəllə, N.Zeynalov küçəsi ünvanında yerləşən 160 kv.m əmlak sahəsinə görə cari il üçün 48 manat, o cümlədən 2011-ci il tarixli, 318 a nömrəli icarə müqaviləsinə əsasən 152 kv.m torpaq sahəsinə görə 639.81 manat icarə haqqı, maliyyə sanksiyası üzrə 100 manat, ümumilikdə isə 787.81 manat borc hesabıandığı qeyd edilmişdir. Lakin bələdiyyə tərəfindən iddiaçıya hesablanmış vergilərin məbləğinin hansı əsaslarla hesablanması, hesablanmanın istinad edilməli olduğu hüquq norması, torpaq vergisi üzrə ayrı-ayrılıqda vergi borcunun məbləği, vergi hesablanması zamanı torpağın kateqoriyasına uyğun olaraq vergi dərəcəsinin müəyyən edilib-edilməməsi qeyd edilməmiş, ümumilikdə borcun miqdarı qeyd edilmişdir. Halbuki qanunvericilikdə yerli vergilərin müəyyən edilməsinin əsasları müəyyən edilmişdir. Həmin əsaslara vergitutma obyekti, vergitutma bazası, vergitutma dövrü, vergi dərəcəsi, verginin hesablanması qaydası daxildir. - mübahisələndirilən 02/06-94 saylı, 02 sentyabr 2021-ci il tarixli qərar vergi ödəyicisi kimi iddiaçıya münasibətdə vergi borcunun tutulmasını nəzərdə tutan inzibati akt formasında qəbul oluna bilməz. Çünki, yerli (bələdiyyə) vergilərin sırasına daxil olan “fizki şəxslərin əmlak vergisi”nin hesablanması «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında» AR Qanununun 7-ci maddəsinə və «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.6-cı bəndinə görə qanunvericiliyin pozulmasına görə məsuliyyət tədbirlərinin tətbiqi barədə birbaşa inzibati aktın yox, bu məsələ üzrə məhkəməyə müraciət edilməsi barədə qərarın qəbulu qaydasında mümkündür. «Normativ hüquqi aktlar haqqında» AR Konstitusiya Qanununun 13-cü maddəsinin tələbləri də nəzərə alınmaqla belə nəticə yaranır ki, cavabdeh inzibati orqan tərəfindən «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin qeyd olunan müddəasının (5.6-cı bəndinin) tələblərinə riayət edilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 02/06-94 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı qanunsuzdur və onun qəbulu İddiaçı hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Bununla belə məhkəmə vurğulayır ki, mübahisə predmeti olan 02/06-94 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarın qanunsuz sayılması, qeyd olunan nöqsan və çatışmazlıqlar aradan qaldırılmaqla, eyni zamanda vergiyə cəlb olunma ilə bağlı qanunla müəyyən edilmiş müddətlərə əməl edilməklə hazırkı iddiaçıya münasibətdə müvafiq verginin tutulması ilə əlaqədar yenidən inzibati icraatın aparılmasına maneə deyil. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Beləliklə məhkəmə qeyd olunanlara əsaslanaraq və qanunvericiliyin sadalanan normalarının, o cümlədən AR Vergi Məcəlləsinin 70.1-ci maddəsinin, «İnzibati icraat haqqında» AR Qanununun 67.1, 67.2-ci maddələrinin, «Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə»nin 5.10-cu bəndinin, İPM-in 70.1-ci maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia təmin edilərək cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinin 02/06-94 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayon Xırdalan bələdiyyəsinin 02/06-94 saylı, 02 sentyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar