Məhkəmə qərarları › İş №2-1(118)-4920/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4920/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4920/2024 25.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı ““JN-765H, kod: 30602016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin İddiaçı məxsus olması və Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən JN-76511, kod: 30602016 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə“yə əsasən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi əsasında yeni plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən JN-765H, KOD: 30602016 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən 0.08 ha torpaq sahəsi Xızı rayonu Altıağac Bələdiyyəsinin 14 dekabr 2014-cü il tarixli 22 nömrəli qərarı əsasında İddiaçı verilmişdir. Hal-hazırda da həmin ərazidən təyinatı üzrə istifadə edir. İddiaçı Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən JN-765H, KOD 30602016 nömrəli şəhadətnamədə göstərilən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PUblik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə xahişini təmin etməmişdir. İmtinaya səbəb kimi “JN-765H, kod: 30602016 nömrəli şəhadətnamədə qeyd olunan adı ilə müraciət etdiyi şəxsiyyətini təsdiq edən sənəddə göstərilən ad arasında uyğunsuzluq aşkar edildiyi” göstərilmişdir. JN-765H, KOD: 30602016 nömrəli şəhadətnamədə adı səhvən Mahucamal, ata adı isə Oktay kimi yazılmışdır. Əslində isə adı Məcəmal, soyadı Rüstəmova, ata adı isə "Oqtay”dır. Bunu ona məxsus Seriya AZE 0******* №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Bundan əlavə cavabdeh imtina məktubunda "faktiki torpaq sahəsinin yerləşdiyi yer ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş “JN-765H, kod: 30602016 nömrəli şəhadətnamədə kadastr məlumat bazasında qeyd olunduğu yerdən 208 metr kənarda yerləşdiyini və sözügedən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olmasını qeyd etmişdir. Adı qeyd olunan şəhadətnamədə torpaq sahəsinin İddiaçı verildiyi təsdiq olunmuşdur. Həmin torpaq sahəsi üzərində fərdi ev tikib orada yaşayır. Torpağın kateqoriyası fərdi mənzil tikintisi kateqoriyasına aiddir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı, AR MPM-nin 217.2-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin xx.xx.2005-ci il tarixədək qüvvədə olmuş 179.1-ci, “Torpaq islahatı haqqında” qanunun 9-cu, 10-cu maddələrinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM) müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı JN-765H, kod: 30602016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin İddiaçı məxsus olması və Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən JN-76511, kod: 30602016 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə“yə əsasən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi əsasında yeni plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən: Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.5. şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının; Maddə 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarına əsasən: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən qərarının sonuncu bəndində göstərilmişdir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların dairəsi müəyyən edilmişdir. Həmin maddədə iş üzrə hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 31-ci fəsili ilə tənzimlənir və həmin işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələrdə baxılır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarına əsasən:

6. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 15-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Mübahisənin aidiyyəti müəyyənləşdirilərkən tərəflərin, cavabdehə hələ təqdim edilməmiş iddia ərizələrinə münasibətdə isə, iddiaçının dinlənilmə hüququ məhkəmə tərəfindən təmin olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı və iddiaçının mülki qaydada ümumi məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. İddiaçıya izah olunsun ki, hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair iddia ilə ümumi məhkəməyə müraciət edə bilər. Qeyd edilən hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsindən sonra cavabdeh orqan tərəfindən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edildiyi halda tələbin “Xızı rayonu, Altıağac qəsəbəsi ərazisində yerləşən JN-76511, kod: 30602016 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə“yə əsasən 0,08 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin torpaq sahəsinin faktiki yerləşmə mövqeyi əsasında yeni plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsinə inzibati icraat qaydasında baxıla bilər. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar