Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4921/2023 24.10.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 01 aprel 1992-ci ildən 7N (, 850, 851) saylı hərbi hissənin 2-ci ərazi müdafiə atıcı bölüyündə qranatatan köməkçisi olmuş, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər çərçivəsində Qubadlı, Laçın, Zəngilan rayonları çevrəsində hərbi xidmət keçmişdir. Hərbi xidmət dövrü 10 iyul 1993-cü ilə kimi dövrü əhatə edib. İddiaçının hərbi bileti Qubadlı rayonunun Dəmirçilər kəndi işğal olunarkən QAZ-53 markalı yük avtomaşınında qalaraq məhv olmuşdur. Azərbaycan Respublikası Qubadlı Hərbi Prokurorluğunun 30 sentyabr 2022-ci il tarixli məktubuna əsasən, iddiaçının barəsində Qubadlı Hərbi prokurorluğunda hər hansı cinayət işi materialı mövcud olmamışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə mahiyyəti üzrə baxıb, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclası barədə məlumatlandırırlmasına baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddia tələbi mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (İPM-in) 16.3-cü maddəsinə əsasən mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. İPM-in 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır (1.1). Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3.). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4.). Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlıdır. Həmin iddianın xüsusi mümkünlük şərti iddiaçının eyni tələblə inzibati orqana müraciət etməsi və ya müraciətinin inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində təmin edilməməsidir. İşdən göründüyü kimi iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmiş, lakin cavabdeh orqanın iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün döyüşlərdə iştirakı təsdiq edən sənədlər Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya”ya göndərildiyi təqdirdə bu barədə müvafiq qərar qəbul edilə bilər. Yəni, cavabdehin məktubunun məzmunundan göründüyü kimi orqan tərəfindən iddiaçıya imtina cavabı verilmədən onun tərəfindən hazırkı mübahisə inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilmişdir. İddiaçı cavabdeh orqana hazırkı tələblə müvafiq sənədləri təqdim etməklə müraciət etdikdən sonra inzibati orqanın hərəkət və hərəkətsizliyi nəticəsində hüquqi və qanuni mənafeyi pozulduğu təqdirdə məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunan Plenum Qərarının 9-cu bəndinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üçün tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcədən inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddiaya inzibati məhkəmə icraatında baxılması mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, müvafiq sənədlərlə inzibati orqana hazırkı tələblə müraciət etdikdən və cavabdeh tərəfindən imtina əldə etdikdən sonra mübahisəni inzibati məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-4921/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4921/2023
24.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver