Məhkəmə qərarları › İş №2-1(118)-4933/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4933/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4933/2025 16.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı "xxxx" Firmasının cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “pulun hesaba alınma” tələbinə dair inzibati işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ: İddia ərizəsinin dəlilləri:

1. İddiaçı "xxxx" MMC (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının şəxsi vərəqində göstərilən borcun -46.115,15 manat pulun hesaba alınma faktı üçün qərar qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı firmanın rəhbərliyi tərəfindən pulun ödənilməsi ilə bağlı vergi istintaqı tərəfindən cinayət işi açılmışdır. Sumqayıt Şəhər Məhkəməsində cinayət işi ilə bağlı məhkəmə prosesi vaxtı mübahisəli olan müəssisənin şəxsi vərəqində borcun azalmasını hakim araşdırmaq marağında olmamışdır. Dəfələrlə işin faktiki hallar üzrə məhkəməyə vəsatət verilməsinə baxmayaraq vəsatətlər təmin olunmamışdır. Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət vermişdir. Hər iki məhkəmə şəxsi vərəqədə göstərilən borcun ödənilməsini təsdiq edən sənədləri Azərbaycan Respublikasının Məhkəmə Mühasibatlıq Ekspertizası tərəfindən qiymət verilməsi üçün verilən vəsatətlərin heç biri təmin olunmamışdır. Ona görə də müəssisənin şəxsi vərəqində borcun azalmasını nəzərə alınmamışdır. İddiaçının şəxsi vərəqində 47.590,90 manat borc olduğu vaxtdan sonra (məhkəmə gedişatı vaxtı) 46.115,15 manat pul ödənilmişdir. Qalan 100 manat borc qalmışdır. Cavabdeh ödənilən məbləği qəbul etmir, hökmdə göstərilən 47.590,90 manat pulun ödənilməsini tələb edir. Karqotrans firmasının şəxsi vərəqində 46.115,15 manat puldan hal-hazırda 100 manat pulu ilə bağlı cavabdeh şəxsi vərəqədəki göstəricini qəbul etmir. Bu məsələ ilə bağlı məhkəmə ekspertiza mühasibatlığının keçirilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə və Sumqayıt Apellyasiya məhkəməsinə çoxsaylı vəsatətlər verilmişdir. Vəsatətlər hərəkətsiz saxlanılmışdır. Vəsatətlərin hərəkətsiz saxlanılmasına səbəb əvvəlki məhkəmə ekspertizasının rəyinin olmasıdır. Əvvəlki məhkəmə ekspertizasının keçirildiyi vaxtdan sonra 46.115,15 manat pul iddiaçının hesabına ödənilmişdir. 3 məhkəmə prosesində rəsmi qaydada açıqlama vermiş, işin faktiki hallarını heç bir məhkəmə araşdırma marağında olmamışdır.

3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

5. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, vergi ödəyicisi olan iddiaçı tərəfindən 2023-cü və 2024-cü illər üzrə təqdim edilən əlavə dəyər vergisi bəyannamələrində əvəzləşdirilən məbləğlər, əldə edilən malların təqdim etməsi zamanı yaranacaq vergi öhdəliyi üçün olduğundan ödəniş hesab olunmur. Eyni zamanda mal qalığının müəyyənləşdirilməsi və kameral vergi yoxlamasının aparılması məqsədilə **********663600 nömrəli xidməti məktubla aidiyyəti üzrə müraciət olunmuşdur.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək, qeyd edilən tələb ilə cavabdehə müraciətin olmadığını, iddia olunan məbləğinin mövcud olub-olmaması barədə artıq bir dəfə məhkəmə icraatında baxıldığını və qanuni qüvvədə olan məhkəmə hökmün olduğunu, hazırda qeyd edilən borc ilə şəxsi vərəqəsində olan 35.000 manat borc ilə əlaqəsinin olmadığını bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü

8. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaraq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.

9. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

10. İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 12.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

11. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

12. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

13. İlk öncə qeyd edilməlidir ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia tələbi aydın ifadə olunmamış, konkretlikdən uzaq yazılmışdır. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə zərurətin olduğu bildirilmiş, lakin iddiaçı tərəf iclasda izahat verərək, iddianın nədən ibarət olduğunu dəqiq ifadə etməmişdir.

14. Bundan əlavə, cavabdeh orqanın verdiyi məlumata, həmçinin iş materiallarına əlavə edilmiş sənədlərə əsasən müəyyən edilir ki, hazırkı iddia tələbi ilə bağlı cavabdeh orqana öncədən eyni məzmunlu tələb ilə müraciət edilməmişdir. İddiaçı tərəf bununla bağlı müraciət etdiyini bildirsə də, bu barədə hər hansı sübut təqdim edə bilməmişdir.

15. Məhkəmə qeyd edilən nöqsanların mövcudluğuna baxmayaraq, işin perspektivliyi baxımından işi araşdırmış və tərəflərin verdiyi izahatı, iş materiallarına əlavə edilmiş sənədlər əsasında müəyyən etmişdir ki, hazırkı iddia tələbi mövcud olan 46.115,15 borc məbləğinin ödənilmiş kimi qəbul edərək müvafiq elektron sisteminə əlavə edilməsindən ibarətdir.

16. Lakin həm iddiaçı tərəfin iddia ərizəsinin məzmunundan, həm də məhkəmə iclasında verdiyi izahatından müəyyən edilir ki, həmin borc ilə əlaqədar mübahisə cinayət işi üzrə aparılmış tədqiqat və məhkəmə icraatı çərçivəsində baxılmış, cavabdeh orqan tərəfindən qaldırılmış mülki iddia qismində mahiyyəti üzrə həll olunmuşdur.

17. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 24 noyabr 2023-cü il tarixli, 1(060)-13/2023 nömrəli hökmündən görünür ki, “Mülki iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh Nümayəndə qarşı mülki iddia verilmişdir. Mülki iddia barədə ərizəyə əsasən vergiləri ödəməkdən yayınma nəticəsində dövlətə vurulmuş 99.330,08 manat məbləğində ziyanın "xxxx" MMC-dən, 47.590,90 manat məbləğində ziyanın "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi xahiş edilmişdir. ... Məhkəmə istintaqı dövründə Nümayəndə rəhbəri olduğu "xxxx" MMC tərəfindən 4.956,90 manat, "xxxx" MMC tərəfindən 9.092,23 manat ƏDV üzrə ödəniş edilmiş, 132.871,85 manat borc qalmışdır. Buna görə də mülki iddia qismən təmin edilməlidir.”

18. Nəticədə, qeyd edilən məhkəmə aktı ilə mülki iddia qismən təmin edilmiş, Nümayəndə (hazırkı iş üzrə iddiaçının nümayəndəsi) 132.871,85 manat borcun tutularaq dövlət büdcəsinə ödənilməsi hökm edilmiş, məhkəmə hökmü isə qanuni qüvvəyə minmişdir.

19. Göründüyü kimi, hazırkı iş üzrə iddiaçı tərəfin iddia etdiyi borcun düzgün hesablanmaması, ekspertizanın təyin edilməsinin zəruri olduğu bildirilsə də, qeyd olunan borc məbləğinin mövcud olması digər məhkəmə icraat qaydasında müəyyən olunmuşdur.

20. MPM-in 153.2.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa, məhkəmə iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli Qərarının 16.2-ci bəndindən görünür ki, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsaslar üzrə yenidən irəli sürə bilməzlər, o cümlədən məhkəmə tərəfindən müəyyən edilmiş faktlarla və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 14 fevral 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Oxşar hüquqi mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da əks olunmuşdur. Avropa Məhkəməsinin Ryabıx Rusiyaya qarşı iş üzrə 2003-cü il 24 iyul tarixli Qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik qanunun aliliyi prinsipinin əsasını təşkil etməklə daha əvvəl hüquqi qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmiş faktların təkrarən mübahisələndirilməsini istisna edir. Məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, preyudisiya institutunun məntiqi əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərarının həqiqiliyi prezumpsiyası təşkil edir.Bu prezumpsiya bütün məhkəmə aktlarına şamil edildiyindən, preyudisiya əhəmiyyətinə yalnız məhkəmə qətnaməsi deyil, məzmunundan və xarakterindən asılı olaraq digər məhkəmə aktları da malik ola bilər. Yəni preyudisial əhəmiyyətə nəinki qətnamə, məhkəmə qərardadı da müəyyən şərtlərlə malik ola bilər. ...”

23. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd olunmuşdur ki, “15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. 15.6. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar.”

24. Məhkəmə hesab edir ki, iddia tələbinin qeyri-müəyyən olması, cavabdehə müvafiq müraciətin olmaması, iddia edilən borc məbləğinə münasibətdə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olması səbəbindən iddia tələbi mümkün hesab edilməməlidir.

25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. NƏTİCƏVİ HİSSƏ

26. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar