Məhkəmə qərarları › İş №2-1(118)-4944/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4944/2024

11.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4944/2024 11.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “32128 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.099 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “32128 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.099 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 32128 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən iddiaçının mülkiyyətindədir. Həmin fərdi yaşayış evi üzərində mülkiyyət hüququ Abşeron rayon X4 Soveti icraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarına əsasən qeydiyyata alınmışdır. İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə Abşeron rayon X4 Soveti icraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarı ilə ünvan 2 ünvanında yerləşən 0.099 ha torpaq sahəsi üzərində mülkiyyət hüququmun adıma qeydiyyata alınması, reyestrdən çıxarış və plan və ölçü sənədinin verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli bildiriş məktubu ilə ərizəsinin icrasından imtina edilmişdir. Hesab edir ki, cavabdehin yuxarıda qeyd olunan hərəkəti qanunsuz hesab edilməli və tələbi üzrə məcburetmə haqqında qərar qəbul edilməlidir. Abşeron rayon X4 Soveti İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarı yalnız fərdi yaşayış evinin tikintisinə icazə ilə bağlı deyil, həmçinin torpaq sahəsinin ayrılmasının təsdiq edilməsi, faktiki olaraq torpaq sahəsinin ayrılması barədə verilmişdir. Belə ki, qərarın təsvir hissəsində torpaq sahəsinin ayrılması qeyd edilmişdir. Bundan başqa Abşeron rayon X4 Soveti İcraiyyə Komitəsi torpaq sahəsi ayırmaq səlahiyyəti olan orqan olmaqla, torpaq sahəsinin ayrılmasını təsdiq etməmiş olsa idi, fərdi yaşayış evinin tikintisinə icazə vermiş olmazdı. Həmçinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən 32128 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsi verilməzdi. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: İş üzrə təyin edilmiş məhkəmə iclasında iştirak edən İddiaçı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.099 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın verilməsi ilə bağlı iddiaçının 4 saylı Abşeron Ərazi İdarəsinə 23 avqust 2023-cü il tarixli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı:

1. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının ) sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyi müəyyən edilmişdir. Arxiv əsaslarında aşkarlanan və müraciət üzrə əlavə edilmiş Abşeron rayon Saray qəsəbə XDS İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 nömrəli qərarı həyətyanı torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə məqsədilə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması və xitamı dövlət qeydiyyatına alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə, daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklülüyü), başqasına keçməsi və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9- cu maddəsinə əsasən, qanuna uyğun olaraq, hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub- olmaması müəyyən edilir. Həmin Qanunun 8-ci maddəsinə görə, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklülüyü) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsi, icarəsi, istifadəsi və ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə görə, torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsi, onların planı və ölçüsünün tərtib edilməsi, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanması və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə uyğun olaraq, hüquqların mövcudluğu, əldə edilməsi, başqasına keçməsi, məhdudlaşdırılması (yüklənməsi) və onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən, İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinə əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, iddia ərizəsinə etirazlarını bildirib, 4 saylı Abşeron Ərazi İdarəsinin iş üzrə imtinasının qanuni hesab edilməsi və iddianın rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edirlər.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: Abşeron rayon Saray Qəsəbə XDS İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı protokolu; “Abşeron şanısı” Aqrofirması Saray üzümçülük sovxozunun 24 noyabr 1989-cu il tarixli, 23 saylı əmrindən çıxarış; cavabdehin iddiaçıya ünvanladığı 13 sentyabr 2023-cü il tarixli imtina məktubu; 1572 nömrəli inventar işi olan qeydiyyat vəsiqəsi; qeyd nömrəsi 32128 olan texniki pasport; məhkəmə sorğusu əsasında cavabdeh orqanın təqdim etdiyi müayinə aktı və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə predmeti olan Abşeron rayonu, Saray qəsəbədi ünvanında yerləşən 28 nömrəli, 0.099 ha torpaq sahəsi Abşeron rayon Saray üzümçülük sovxozunun 23 saylı, xx.xx.1989-cu il tarixli əmri əsasında iddiaçının atası X1 ayrılmışdır. Daha sonra isə Abşeron rayon Saray Qəsəbə XDS İcraiyyə Komitəsinin 25 dekabr 1989-cu il tarixli, 59.8 saylı qərarı ilə ona sözügedən 0.099 ha torpaq sahəsi üzərində yaşayış sahəsi 48 kv.metr olan 8 otaqlı 2 mərtəbəli yaşayış evinin tikintisinə icazə verilmişdir. X2 öldükdən sonra hazırki İddiaçı adına 1572 nömrəli inventar işi olan qeydiyyat vəsiqəsi və qeyd nömrəsi 32128 olan texniki pasport tərtib edilmişdir. İddiaçı qeyd olunan sənədlər əsasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.099 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 13 sentyabr 2023-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh inzibati orqan imtinasının əsasıları kimi fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici və texniki (ilkin baş planı və ya təsdiq edilmiş ayrıc aktının) sənədlərin müraciət ərizəsinə əlavə edilmədiyini göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinası əsassız olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 404.4 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 1.1, 1.2 və 1.3-cü bəndlərinə əsasən yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri; yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri və şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı daşınmaz əmlak üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına daxildir. Məhkəməyə sorğu əsasında daxil olmuş müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsinin ölçüsü hüquqmüəyyənedici sənəd üzrə 0.099 ha, faktiki olaraq da 0.099 ha təşkil edir. Məhkəmə torpaq sahəsinə dair təsdiq edilmiş ayrıc aktının cavabdeh orqanda mövcud olmamasına münasibətdə bildirir ki, qeyd olunan hal iddiaçının ziyanına şərh edilə bilməz. Belə ki, iddiaçının torpaq sahəsi digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşsə idi, bu hal başqa şəxslərin hüquqlarının pozulması ilə nəticələnmiş olardı. Lakin hazırki mübahisədə torpaq sahəsi iddiaçının faktiki istifadəsindədir, torpaq sahəsi ilə bağlı hər hansı mübahisənin mövcudluğu müəyyən edilməmiş və qeyd edilən hal da cavabdeh orqan tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh inzibati orqanın qeyd edilən dəlilini əsassız hesab edir. Həmçinin məhkəmə bildirir ki, iddiaçının fərdi yaşayış evi üzərində mülkiyyət hüququ daha öncə Azərbaycan Respublikası Dövlət Tikintiyə Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Beləliklə də, iddiaçıya torpaq sahəsinin dövlət qeydiyyatına alınaraq, müvafiq çıxarışın və texniki pasportun verilməsi ilə bağlı cavabdeh orqanın imtina məktubunda göstərdiyi dəlillər tamamilə əsassızdır və işin faktiki hallarına uyğun gəlmir. İddiaçıya torpaq sahəsi ayrılarkən heç bir qanun pozuntusuna yol verilməmişdir və iddiaçının bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınmasını tələb etməsi qüvvədə olan qanunverciliyə uyğun olduğundan, cavabdeh idarənin onun müraciətini təmin etməməsini əsaslı hesab etmək olmaz. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında" Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində təsbit olunmuşdur. Həmin normaya əsasən Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları aşağıdakılardan ibarətdir: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə müvafiq olaraq torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2009-cu il tarixli 116 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»nin 9.11-ci bəndinə əsasən hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, 32128 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.099 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddia təmin edilsin. 32128 qeydiyyat nömrəli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0.099 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun faktiki istifadə vəziyyətinə uyğun şəkildə daşınmaz əmlakın dövlət reyestrində vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq müvafiq çıxarış və texniki pasportun verilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar