Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4947/2025 04.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (güzəştli əsaslarla yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin imtinasını əsassız sayaraq iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasını əsassız sayaraq iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Kəmaləddin oğlu 5 iyul 1976-cı il tarixdə Xaçmaz rayonu “Azərbaycan” sovxozunda mövsümi işlərdə fəhlə kimi əmək fəaliyyətinə başlamış və 1977, 1978, 1979 və 1983-cü illərdə həmin sovxozda həmin mövsümlərdə fəhlə kimi çalışmışdır. Sonra o, xx.xx.1981–xx.xx.1982-ci illərdə Sumqayıt şəhər 14 №-li texniki peşə məktəbinə daxil olmuş, xx.xx.1982–xx.xx.1983-cü ildə hərbi xidmətdə olmuş, xx.xx.1983-cü ildə Sumqayıt şəhər 14 №-li orta texniki peşə məktəbində təhsil almışdır. Daha sonra İddiaçı xx.xx.1985-ci ildə əl elektrik qaynaqçısı ixtisası üzrə təhsilini bitirmiş və xx.xx.1985-ci ildə adına açılmış ИT-1№ ******* saylı əmək kitabçasında da qeyd olunduğu üzrə xx.xx.1985-ci ildə 445 saylı Tikinti İdarəsində əl elektrik qaynaqçısı kimi daimi əmək fəaliyyətinə başlamışdır. İddiaçı xx.xx.2006-cı il tarixədək fasiləsiz olaraq həmin idarədə eyni peşədə çalışdığını bilirmişdir. 1977-2006-cı illər arasındakı dövrlərdə əmək fəaliyyəti nəticəsində iddiaçı ümumi iş stajının 25 ildən çox olduğunu və həmin iş stajının da 20 ilə yaxın hissəsinin güzəştli hesab olunan iş kateqoriyasına aid olduğunu bildirmişdir. İddiaçı daha sonra müvafiq sənədlərini toplayaraq 60 yaşının tamam olduğu xx.xx.2023-cü ildən özünə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məqsədilə Sumqayıt “ASAN Xidmət” mərkəzi cavabdeh orqana təqdim etmiş, lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialından iddiaçıya göndərilmiş xx.xx.2025-ci il tarixli 3-17-1/2-H-251 86/2025 saylı məktubla iddiaçıya pensiya təyin olunmasından imtina edildiyi bildirilmişdir. Səbəb kimi iddiaçının ümumi iş stajının 17 il 8 gün müəyyən edildiyi və güzəştli iş stajının isə olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehə iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi təklif edilmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə sonuncu şifahi məhkəmə baxışı iclası 25 iyun 2025-ci il tarixdə keçirilmişdir. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə yazılı etirazı müdafiə edərək iddianının təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərə əsasən onun ümumi sığorta stajının qanunvericiliklə nəzərdə tutulmuş sığorta stajından az, yəni 17 il 6 ay 7 gün (xx.xx.1976-xx.xx.1976; xx.xx.1981xx.xx.1982; xx.xx.1982-xx.xx.1983; xx.xx.1983-xx.xx.1983; xx.xx.1984-xx.xx.1985; xx.xx.1985-xx.xx.1999-cu il tarixləri arasındakı dövrlər) olduğu, güzəştli iş stajın isə mövcud olmadığı bildirilmiş, həmçinin əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddə qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının cəmi 17152,08 manat təşkil etdiyi qeyd edilmişdir. Qeyd olunan səbəblərdən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması məhkəmədən xahiş edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İddiaçıya məxsus AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx xxxxx 1963-cü il tarixdə anadan olmuşdur. • İşdə olan 632604 nömrəli Azərbaycan SSR X3 Təhsili Komitəsinin 15 aprel 1985-ci il tarixdə verdiyi diplomda iddiaçının texniki peşə məktəbinə 01 sentyabr 1984-cü il tarixdə daxil olduğu və 15 aprel 1985-ci il tarixdə bu məktəbin tam kursunu bitirərək əl elektrik qaynaqçısı peşəsi üzrə diplom alaraq təhsilini bitirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı həmin inzibati orqanın xidmət göstərdiyi ərazinin (Sumqayıt şəhəri) sakinidir və sosial müavinətlərin, o cümlədən əmək pensiyalarının vətəndaşlara verilməsi DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş və cavabdehin 4 fevral 2025-ci il, 3-17-1/2-H-25186/2025 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanı Sumqayıt şəhəri olduğuna görə məhkəmə hesab edir ki, ərazi aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası 38-ci maddə: Hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “İnsan hüquqları haqqında” Ümumi Bəyannamə 22-ci maddə: Hər bir insanın cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ vardır.
“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci maddə: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). 9.8-ci maddə: Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.
“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu 13.1-ci maddə b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi 87.1-ci maddə: İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər.
“İnzibati İcraat haqqında” Azərbaycan Respublikasının Qanunu 16.1-ci maddə: Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. 19-cu maddə: Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.
6. Məhkəmənin mövqeyi
Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə ilk öncə güzəştli şərtlərlə əmək pensiyasının hansı dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq təyin edilməli olmasını müəyyən etmək zəruridir. Bundan asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir. Məhkəmənin qeyd edilən qənaəti həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlərlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı xx.xx.2006-cı il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), xx.xx.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır). xx.xx.2006-cı il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi – yaş (kişilərdə 50 (55), qadınlarda 45 (50) və iş stajı (kişilərdə ümümi 20 il (25 il), güzəştli 10 il (12 il 6 ay), qadınlarda ümumi 15 il (20), xüsusi 7 il 6 ay (10 il)); xx.xx.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi: 1) yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); xx.xx.2017-ci ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi: yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə azı 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Beləliklə, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. Məhkəmə ilkin olaraq qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. İşdə olan əmək kitabçasından görünür ki, iddiaçının 1985-2006-cı il tarixlərdə əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir, lakin cavabdeh orqan tərəfindən xx.xx.2000xx.xx.2005-ci il dövrləri mübahisələndirilməklə yanaşı, cavabdeh orqan bu mübahisəli dövrün iddiaçının ümumi iş stajına daxil edilməsinin mümkün olması halında belə iddiaçının qanunvericiliklə tələb olunan minimum əmək stajına malik olmayacağını bildirmişdir. Əlavə olaraq, iddiaçının pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320 (qırx min üç yüz iyirmi) manat olmalı olduğu halda, 17152,08 manat təşkil etməsi iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsinə qeyri-mümkün zəmin yaratmışdır. Belə ki, güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş, habelə yuxarıda sadalanmış üç meyardan yalnız birinin (yaş) mövcud olması nəticəsində məhkəmə hesab edir ki, iddiaçının iddiası əsassız hesab edilərək iddia təmin edilməməlidir. Belə ki, cavabdeh orqanın ərizənin icrasından imtina səbəbləri qanuni və əsaslı olmuşdur.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin imtinasını əsassız sayaraq iddiaçıya 60 yaşının tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən gündən (elektron kabinet mövcud olduğu təqdirdə elektron kabinetə yerləşdirildiyi gündən) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev