Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-495/2025 07.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 saylı qərarına əsasən ona satılmış 0.075 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı Əzimov X1 rayonu, Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 saylı qərarına əsasən ona satılmış 0.075 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, Abşeron rayonu Ceyranbatan qəsəbəsinin Bələdiyyəsinin 31 mart 2006-cı il tarixli 02 nömrəli qərarına əsasən Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazisində 0,075 ha torpaq sahəsi "xxxx" MMC-nin təsisisi olaraq ona ayrılmış və həmin torpaq sahənin plan və ölçüsü ləğv edilmiş AR DT və XK-si tərəfindən xx.xx.2007-ci il tarixdə iddiaçının adına tərtib olunmuşdur. Bu torpaq sahəsinin ayrılması ilə bağlı müvafiq dövlət qurumları tərəfindən razılıq rəyləri alınmış və hal-hazırki vaxta kimi bu torpaq sahəsi üzərində inşa edilmiş tikili ilə sahibliyindədir. İddiaçı qeyd edilən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin ona xx.xx.2023- cü il tarixli imtina məktubu ilə bildirilmişdir ki,qeyd edilən torpaq sahəsinin ayrılması barədə memarlıq və tikinti şöbəsinin rəyi əlavə edilməmiş, torpaq sahəsinin yerləşdiyi torpaq sahəsi ictimai tikililər olan ərazidə yerləşir və bir hissəsi dövlət əmlakı ilə üst-üstə düşür. Cavabdehin gətirdiyi səbəblərin heç bir hüquqi əsası yoxdur, belə ki, bu torpaq sahəsi ona qanuni əsaslarla satılmış və torpaq sahəsinin dəyərini tam olaraq ödəmiş, uzun illərdir ki, istifadə edir və bu torpağın yerləşdiyi ərazidə bir çox obyektlər inşa edilmiş və fəaliyyət göstərir, obyektin olduğu sahənin başqa bir şəxsə məxsus və ya dövlət mülkiyyətində olan əmlakla üst-üstə düşməsi barədə dəlilin də hüquqi əsası yoxdur. İddiaçı «Torpaq islahatı» haqqında qanunun 9-cu, 10-cu, 17-ci maddəsinə, AR Torpaq Məcəlləsinin 67-ci, 84-cü maddəsinə, «Daşınmaz əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2-ci, 8-ci maddəsinə, AR Konstitusiyasının 12-ci, 71-ci maddəsinə istinad edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, aparılan araşdırma zamanı Ceyranbatan Bələdiyyəsi tərəfindən İddiaçı 0.075 ha torpaq sahəsinin 31 mart 2005-cı il tarixində, 02 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 11 aprel 2006-cı il tarixində verildiyi; müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu; daşınmaz əmlakın Ceyranbatan Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən ictimai tikili konturu hüdudları daxilində yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-cu və 146-cı maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci, 8-ci, 9-cu maddəsinə, Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında’’ Əsasnamənin 7-ci bəndinin 4- cü cümləsinə, Əsasnamənin 19-cu bəndinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci, 15-ci, 23-cü maddələrinə istinad edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Ceyranbatan bələdiyyəsinin 31 mart 2006-cı il tarixli, 02 saylı iclasının qərarı ilə Ceyranbatan qəsəbəsi, G.Abdullayev küçəsi, tikintisi yarımçıq qalmış Mədəniyyət Evinin yaxınlığındakı boş istifadəsiz 750 kv.m torpaq sahəsi Elşən-Ə MMC-nin direktoru İddiaçı ayrılması və satılması qərara alınmışdır. Alqı-satqı aktı 04 fevral 2007-ci il tarixdə tərtib edilərək 06 fevral 2007-ci il tarixdə 4509 nömrə ilə qeydə alınmışdır. Bələdiyyənin yerquruluşu planından çıxarış, torpaq sahəsinin kadastr planı, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 11 aprel 2006-cı il tarixli, 153 saylı rəyi, mədaxil qəbzinin surəti iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli müayinə aktında torpaq sahəsinin faktiki 0.1206 ha olmaqla, daş hasar daxilində yerləşdiyi, bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü qeyd edilmiş, təyinatı (kateqoriyası) yaşayış məntəqələrinin torpağı kimi göstərilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-5619/2024 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, məhkəmə tərəfindən təqdim edilmiş Abşeron Rayon Ceyranbatan Bələdiyyəsinə təhkim edilmiş torpaqların yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinin koordinatları qeyd olunmadığından və Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınmadığı üçün sualın cavablandırılması mümkün olmamışdır. Lakin İddiaçı tərəfindən təqdim edilmiş ləğv edilmiş DT və XK-tərəfindən tərtib edilmiş koordinatlara əsasən torpaq sahəsinin naturada yerləşməsi sxemdə göstərilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi sxemdə göstərilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ictimai tikililər olan ərazidə yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsinin dövlət əmlakı ilə üst- üstə düşdüyü aşkar edilmişdir. (Sxemdə göstərilmişdir) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli, 321332/2-13296/2024 saylı məktubu ilə mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Rəydə qeyd edilmişdir ki, İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi 0.1132 ha təşkil edir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin kateqoriyası İslahat Xəritəsinə əsasən ictimai tikililərin yerləşdiyi ərazi, Tekuis elektron məlumat bazasına əsasən yaşayış məntəqələri torpaqlara aiddir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0371 ha hissəsi dövlət əmlakı ilə üst-üstə düşdüyü, lakin digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı bələdiyyə qərarı ilə ayrılmış torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata alınmasını istəyir. Cavabdeh orqan imtinasını onunla əsaslandırır ki, aparılan araşdırma zamanı Ceyranbatan Bələdiyyəsi tərəfindən İddiaçı 0.075 ha torpaq sahəsinin 31 mart 2005-cı il tarixində, 02 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 11 aprel 2006-cı il tarixində verildiyi; müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilmədiyi; torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu; daşınmaz əmlakın Ceyranbatan Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən ictimai tikili konturu hüdudları daxilində yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə hərraca və ya müsabiqəyə çıxarılan torpaq sahəsi üzərində onun mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra hərrac və ya müsabiqənin keçirilməsi barədə qərar qəbul edərək, həmin qərarın bir nüsxəsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, daşınmaz əmlakın kadastr xəritəsindən çıxarış və qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayış ilə birlikdə hərracı (müsabiqəni) təşkil etmək üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Göründüyü kimi torpaq sahəsi üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün hüquqi əsas mövcuddur. Cavabdehin imtinasına münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsi bələdiyyə qərarı ilə iddiaçıya satılmışdır. Qərar hazırda qüvvədədir və mübahisələndirilmir. Torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin 31 mart 2005-cı il tarixində, 02 nömrəli qərarla ayrıldığı halda, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin 11 aprel 2006-cı il tarixində verilməsi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin təqdim olunmuş sənədlər toplusuna əlavə edilməməsi iddiaçının təqsiri kimi qiymətləndirilib onun gözlənilən mülkiyyət hüququnun pozulmasına və onun məsuliyyətinə səbəb ola bilməz. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qanunvericinin belə yanaşmasının əsasını inzibati hüququn təməl prinsiplərindən olan etimadın qorunması prinsipi təşkil edir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. Bundan əlavə cavabdeh qeyd edir ki, torpaq sahəsinin sənəd üzrə yerləşməsi ilə faktiki müraciət edilən yer arasında konfiqurasiya fərqi olduğu; daşınmaz əmlakın Ceyranbatan Bələdiyyəsinin yerquruluşu xəritəsinə əsasən ictimai tikili konturu hüdudları daxilində yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ictimai tikililər olan ərazidə yerləşməklə bir hissəsinin dövlət əmlakı ilə üst-üstə düşdüyü aşkar edilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin ətrafında yerləşən torpaq sahələri yaşayış məntəqələri təyinatlı torpaqlara aiddir. İddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin bir hissəsinin dövlət əmlakı ilə üst- üstə düşdüyü aşkar edilmişdir. Elektron məlumat bazasına əsasən iddiaçı tərəfindən naturada tanıdılan torpaq sahəsinin 0.0371 ha hissəsi dövlət əmlakı ilə üst-üstə düşür, lakin digər şəxslərin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsi ilə üst-üstə düşmür. İddiaçının tələbi faktiki istifadəsində olan 0.1132 ha torpaq sahəsi ilə bağlı deyil, qərarla ayrılmış 0.075 ha torpaq sahəsi ilə bağlı olduğundan və naturada tanıdılan torpaq sahəsinin 0.0371 ha hissəsi dövlət əmlakı ilə üst-üstə düşdüyündən (0.1132ha- 0.0371ha=0.0761ha) məhkəmə hesab edir ki torpaq sahəsinin üst-üstə düşməyən hissəsi, yəni qərarla ayrılmış 0.075 ha torpaq sahəsi ilə bağlı hər hansı mübahisə halı mövcud olmur. Həmçinin məhkəmə iclası zamanı iddiaçı tələbi dəqiqləşdirərək torpaq sahəsinə faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsini xahiş etmişdir. Beləliklə, məhkəmə tərəfindən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını istisna edən hal müəyyən edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə tədqiqatı zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun: 11.1-ci maddəsinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2-ci maddəsinə əsasən, inzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər; 15.1-ci maddəsinə əsasən, qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, cavabdehin imtinası qanunsuz və əsassız olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olmuş, cavabdehin dəlilləri əsassız olmaqla formal xarakter daşımışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Abşeron rayonu, Ceyranbatan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 02 saylı qərarına əsasən İddiaçı satılmış 0.075 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatına alınması, reyestrdən çıxarış və faktiki yerləşməsinə uyğun plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-495/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-495/2025
07.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver