Məhkəmə qərarları › İş №2-1(118)-496/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-496/2023

04.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-496/2023 04.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı MMC-nin direktoru X1 və iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İnzibati şikayətin təmin edilməməsi” haqqında xx.xx.2021ci il tarixli **********916200 nömrəli və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərarların ləğv edilməsi, vergi ödəyicisinin müraciəti üzrə yeni açılmış hallar üzrə yenidən araşdırma aparılmasının cavabdeh Dövlət Vergi Xİdmətinə həvalə edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, aparılmış icraatın təzələnməsi barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək cavabdehin əsl cavabdeh Dövlət Vergi Xidməti ilə əvəz edilməsini və “İnzibati şikayətin təmin edilməməsi” haqqında xx.xx.2021-ci il tarixli **********916200 nömrəli və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərarların ləğv edilməsi, vergi ödəyicisinin müraciəti üzrə yeni açılmış hallar üzrə yenidən araşdırma aparılmasının cavabdeh Dövlət Vergi Xİdmətinə həvalə edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh 2 saylı Ərazi Vegilər Baş İdarəsi cavabdeh Dövlət Vergi Xidməti ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi orqanı tərəfindən iddiaçı müəssisəyə 2019-cu il üzrə 7200 manat, 2020-ci il üzrə 7200 manat və 2021-ci il üzrə 7200 manat torpaq vergisi hesablanmışdır. Bununla bağlı iddiaçı tərəfindən müxtəlif vaxtlarda müraciət olunaraq hesablanmış verginin düzgün hesablanmaqla azaldılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Belə ki, icarəyə verilmiş yataq sahəsinin ölçüsü 5.0 ha olsa da, uzun müddətdir ki, MMC təxminən 1 ha yataq sahəsində istismar işləri ilə məşğul olur. Çünki yerdə qalan hissə uzun müddət əvvəl istismar edilmiş və mişar daşı istehsalı aparılmış sahənin bərpası və ya təkrar istismarı mümkün deyildir. Bununla bağlı müvafiq olaraq 5GK hesabatı da təqdim edilmiş, lakin vergi orqanı tərəfindən həmin hesabat nəzərə alınmamışdır. Belə olan halda vergi ödəyicisini 5 ha sahənin istimarına görə vergi mükələfiyyətinə cəlb etmək əsassız hesab edilməlidir. İddiaçı göstərilən xüsusatları təsdiq edən sənədləri xx.xx.2020-ci il və xx.xx.2021-ci il tarixli müraciətlərə əlavə edilməklə vergi orqanına təqdim edilmişdir. Vergi orqanı həmin müraciətlərə cavab olaraq göndərdiyi xx.xx.2022-ci il tarixli bildirişdə qeyd etmişdir ki, “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2021-ci il tarixli **********916200 nömrəli qərar və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərardan sonra daxil olmuş eyniməzmunlu təkrar müraciətlərə Dövlət Vegi Xidmətində baxıla bilmədiyi üçün aidiyyəti üzrə İqstisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə müraciət etmək tövsiyyə olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı MMC-nin direktoru M.Əliyev və nümayəndəsi Vəkil iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi X4 iddianı qəbul etməyərək izah etdi ki, İddiaçı MMC Dövlət Vegi Xidmətinə xx.xx.2021-ci il tarixli, xx.xx.2021-ci il tarixli müraciətləri ilə inzibati şikayət qaydasında müraciət etmişdir. xx.xx.2021-ci il tarixli **********916200 nömrəli qərarla “İnzibati şikayətin təmin edilməməsi haqqında” və xx.xx.2022-ci il tarixdə “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” **********956100 nömrəli qərar qəbul edilmişdir. İddiaçı tərəfindən veri orqanına xx.xx.2022-ci il tarixdə təkrar müraciəıt edilmiş, xx.xx.2022-ci il tarixli cavab məktubu ilə müraciətin Dövlət Vergi Xidmətində baxıla bilmədiyi üçün aidiyyəti üzrə İqstisadiyyat Nazirliyinin Apellyasiya Şurasına və (və ya) məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. İddiaçının iddia tələbi məcburetmə növündə baxılan iddialara aid edilməlidir ki, bu növ iddia üzrə nəzərdə tutulmuş 30 günlük iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, DVX-nin elektron sistemindən çıxarışdan görünür ki, iddiaçı xx.xx.2022-ci il tarixli cavab məktubunu xx.xx.2022-ci il tarixdə saat 15:21:36 dəqiqədə oxumuşdur. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. İddia tələbindən göründüyü kimi tələb iddiaçının inzibati şikayətləri əsasında “İnzibati şikayətin təmin edilməməsi” və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” qərarların ləğv edilməsi və yeni açılmş hallarla bağlı icraatın təzələnməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Məhkəmə qeyd edir ki, mübahisəli vergilərin hesablanmasına əsas olmuş qərarlar 2 saylı ƏraziVergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir. Yuxarı inzibati orqan tərəfindən isə yalnız ilkin inzbati aktın qəbul edilməsinə əsas olmuş hallar araşdırılır, həmin aktın qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır. Məhkəmə hesab edir ki, aşağı inzibati orqana məlum olmayan, şikayət instansiyasına təqdim edilən yeni sübutun qiymətləndirilməsi mümkün deyildir. Çünki yuxarı inzibati orqam ilkin inzbiati aktın qəbul edildiyi mövcud şəraitə olan hallara qiymət verərək inzuibati aktın əsalılığını qiymətləndirir. Həmçinin inzibati icraat ilkin inzibati aktın qəbul edilməsi ilə başlanıldığından icraatın təzələnməsi, yəni iddiaçının ilkin hüquqi vəziyyətinə qayıtması üçün iddia tələbi 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “vergilərin hesablanması barədə” qərarlarının mübahisələndirilməsinə dair olmalı idi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). 32.3. İlkin inzibati aktla müqayisədə inzibati aktın ünvanlandığı şəxs üçün əlavə öhdəliklər yaratdığı və ya əlavə məhdudiyyətlər nəzərdə tutduğu hallarda da şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş qərar iddianın yeganə predmeti ola bilər. Prosessual normanın şikayətlə bağlı qərara ciddi təsir göstərəcək şəkildə pozulması da əlavə məhdudiyyət kimi qiymətləndirilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi qərarlar yuxarıda sadalanan normanın hər hansı bəndinə uyğun gəlmir. “İnzibati icraat haqqında” Azırbaycan Respublikası Qanununun 35.1.2-ci maddəsinə əsasən maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişidirilməsi ilə bağlı təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər. Həmin Qanunun 35.3-cü maddəsinə əsasən ərizə yalnız o halda qəbul edilir ki, maraqlı şəxs icraatı təzləmək üçün bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş bu və ya digər əsasın əvvəlki icraat zamanı təqdim edilməsinin indan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə araşdırması zaman təqdim edilmiş sənədlərdən müəyyən edildi ki, inzibati icraatın başlanma tarixi “lameral vergi yoxlamasın üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubların (xx.xx.2021-ci il tarixli, xx.xx.2020-ci il tarixli, xx.xx.2021-ci il tarixli) iddiaçıya gönədrilmə vaxtı hesab edilir. Lakin iddiaçının xx.xx.2022-ci il tarixli icraatın təzələnməsi ilə bağlı müraciətinin sənəd qoşmasında təqdim etdiyi yeni sübutlar inzibati icraatın başlanılma tarixindən əvvəlki dövrlərə aiddir. Bu isə həmin sübutun əvvəldən mövcud olmasına dəlalət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Qərarına görə iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır (6.1) İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun (6.2). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “İnzibati şikayətin təmin edilməməsi” haqqında xx.xx.2021ci il tarixli **********916200 nömrəli və “İnzibati şikayətin baxılmamış saxlanılması haqqında” xx.xx.2022-ci il tarixli **********956100 nömrəli qərarların ləğv edilməsi, vergi ödəyicisinin müraciəti üzrə yeni açılmış hallar üzrə yenidən araşdırma aparılmasının cavabdeh Dövlət Vergi Xİdmətinə həvalə edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar