Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4973/2025 30.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı iş üzrə (Açar sözlər: pasport qeydiyyatına alınma) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Abşeron rayon Polis İdarəsinə qarşı “xx.xx.2008-ci il təvəllüdlü İddiaçı, mərhum atası X1 olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evə pasport qeydiyyatına alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı, mərhum atası X1 olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evə pasport qeydiyyatına alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, mərhum həyat yoldaşı X9 mərhum qardaşının qızı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı qəyyumu təyin edilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2022-ci il tarixli 124 saylı Sərəncamına əsasən qaynı qızı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. Qaynı qızı doğulduğu gündən mərhum atası X10 və mərhum anası X6 ilə birlikdə mərhum atasının sahibliyində olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evdə qeydiyyatsız yaşamışdır və hazırda da həmin evdə yaşamaqdadır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibətində məhkəmənin qəbul edəcəyi qərarla razılaşdığını bildirmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının 06 iyun 2022-ci il tarixli 124 saylı Sərəncamına əsasən X5 qaynı qızı xx xxxxxx 2008-ci il təvəllüdlü İddiaçı üzərində qəyyum təyin edilmişdir. X2 adına verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ №762483 saylı və X4 adına verilmiş xx.xx.2017-ci il tarixli, AZ-İ №905643 saylı ölüm haqqında şəhadətnamə iş materiallarına əlavə edilmişdir. xx.xx.1975-ci il tarixli, 1 saylı orderin surəti iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.1954-cü il təvəllüdlü X10 xx.xx.1990-cı il tarixdən Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2019cu il tarixdə şəxsiyyət vəsiqəsi "ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. xx.xx.1966-cı il təvəllüdlü X6 xx.xx.1990-cı il tarixdən Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində yaşayış yeri üzrə qeydiyyatda olmuş, xx.xx.2015-ci il tarixdə şəxsiyyət vəsiqəsi “ölüm” səbəbi ilə fəaliyyətsizləşdirilmişdir. xx.xx.2008-ci il təvəllüdlü İddiaçı xx.xx.2017-ci il tarixdən hazıradək Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmə sorğusuna cavab olaraq Abşeron rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat İstismarı Təmiri Birliyinin 5 saylı Mənzil Təsərrüfatı İstehsalat İstismar Təmir sahəsinin xx.xx.2025-ci il tarixli 68 saylı arayışında qeyd edilmişdir ki, mənzil vaxtilə Binəqədi rayonunun, sonralar isə Qaradağ rayonunun balansında olmuşdur. Təqdim etdikəri order İddiaçı əmisi mərhum X8 adındadır. Orderdə ünvan olaraq 28-ci məhəllə ailəvi yataqxana kimi göstərilmişdir. Hal-hazırda mənzildə pasport qeydiyyatında heçkim yoxdur. Faktiki olaraq mənzildə 2008-ci il təvəllüdlü İddiaçı və onun bibisi 1949-cu il təvəllüdlü X11 qeydiyyatsız olaraq yaşayır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı xx.xx.2008-ci il təvəllüdlü İddiaçı, mərhum atası X1 olmuş Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 7-ci döngədə yerləşən evə pasport qeydiyyatına alınmasını istəyir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Maddə 5. Vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması Yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. İddiaçı faktiki olaraq yuxarıda qeyd edilən ünvanda yaşasa da, yaşayış yeri üzrə qeydiyyat üçün əsas olan sənədləri mövcud deyildir. Belə ki, təqdim edilmiş xx.xx.1975-ci il tarixli, 1 saylı müvəqqəti orderin surətindən görünür ki, order iddiaçının əmisi X8 adına verilmiş, ailə üzvləri qismində arvadı X12, qardaşı X10 və qızı X7 qeyd edilmişdir. Bundan əlavə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı xx.xx.2017-ci il tarixdən hazıradək Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Həmçinin valideynləri X10 və X2 qeydiyyat ünvanları da Bakı şəhəri, Qobustan qəsəbəsi, Omk 1 olmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyin tələbi üzrə yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün hüquqi əsası olmadığına görə inzibati orqanın imtinası əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4973/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4973/2025
30.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver