Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-4992/2024 05.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “cavabdehin üzərinə faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi yaşayış evinə dair elektrik enerjisindən istifadəyə görə müqavilənin onunla bağlanması və abunə kodunun onun adına dəyişdirilməsi öhdəliyinin qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "inşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi yaşayış evi faktiki olaraq iddiaçının istifadəsində və sahibliyindədir. İddiaçı həmin evi X1 almışdır. Mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və mənzilə dair çıxarış verilməmişdir. Mənzilin hər hansı bir hüquqi sənədi yoxdur. Hazırda həmin mənzildə ailə üzvlərimlə birlikdə yaşayır. Həmin mənzilə dair elektrik enerjisindən istifadəyə görə müqavilə X4 ilə bağlanıb və abunə kodu həmin şəxsin adınadır. Həmin şəxs mənzili ona satan X2 qayınatasıdır. X4 xx.xx.2011-ci ildə vəfat etmişdir. Hesab edir ki, həmin mənzilə dair elektrik enerjisindən istifadəyə görə müqavilə iddiaçı ilə bağlanmalı və abunə kodu adına dəyişdirilməlidir. Həmçinin qeyd edir ki, X5 da Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "inşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi yaşayış evinə dair elektrik enerjisindən istifadəyə görə müqavilənin onunla bağlanmasına və abunə kodunun adına dəyişdirilməsinə razıdır və zərurət olarsa həmin şəxsin razılıq ərizəsini də məhkəməyə təqdim edə bilər. İddiaçı Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "inşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi yaşayış evinə dair elektrik enerjisindən istifadəyə görə müqavilənin onunla bağlanmasına və abunə kodunun adına dəyişdirilməsinə köməklik edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmişdir. Oradan ünvanlanan məktubda qeyd olunmuşdur ki, "ASAN Xidmət" və ya "ASAN Kommunal" mərkəzlərinə müraciət etmişdir. Bundan sonra 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzinə müraciət etmişdir. 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzindən ünvanlanan məktubda isə baxılması üçün "xxxx" ASC-yə göndərildiyi qeyd olunmuşdur. Cavabdeh "xxxx" ASC-dən ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda isə yenidən "ASAN Xidmət" və ya "ASAN Kommunal" mərkəzlərinə müraciət etməyi qeyd olunmuşdur. Cavabdeh orqanın işə bu cür yanaşması süründürməçilikdir. Qanunsuz və əsassız olaraq onunla müqavilə bağlanılmır və abunə kodu adına dəyişdirilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiaçının müraciətinə cavab olaraq xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli məktublarında qeyd edilən ünvanda yerləşən yaşayış evinin (abunə kodu **********02465 olan) elektrik istehlakçı kodunun X3 adından İddiaçı adına keçirilməsi və sonuncu ilə elektrik enerjisinin alqı-satqı müqaviləsinin bağlanması üçün müvafiq sənədlərlə aidiyyəti üzrə “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzlərinə müraciət olunmasının zəruri olması bildirilmişdir. Məhkəmə iclasında İddiaçı hüquqi yardım edilmiş, mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçı cavabdehin üzərinə faktiki olaraq iddiaçının istifadəsində və sahibliyində olan Sumqayıt şəhəri, Beton zavod üzrə 1 saylı "İnşaatçı" məhəllə komitəsinin əhatə etdiyi ərazidə yerləşən 710 saylı fərdi yaşayış evinə dair elektrik enerjisindən istifadəyə görə müqavilənin onunla bağlanması və abunə kodunun onun adına dəyişdirilməsi öhdəliyinin qoyulmasını istəyir. Lakin iddiaçının cavabdeh qismində qoyduğu "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatında inzibati orqan kimi müəyyən edilməmişdir. Digər tərəfdən, cavabdeh təbii inhisar subyektidir. Belə ki, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin 1.3-cü bəndinə əsasən, elektrik və istilik enerjisinin ötürülməsi və paylanması xidmətləri təbii inhisar subyektlərinin fəaliyyət sahələrindən birinə aiddir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Elektrik enerjisi, su və təbii qaz təchizatını həyata keçirən səhmdar cəmiyyətlərində səhmlərin 100 faizinin dövlətə məxsus olmasına, həmin müəssisələrin rəhbərlərinin dövlət orqanı (dövlət orqanının vəzifəli şəxsi) tərəfindən təyin olunmalarına, habelə həmin müəssisələrin bazarda inhisarçı statusa malik olmalarına baxmayaraq, onlar inzibati orqan sayılmırlar. Həmin cəmiyyətlərlə istehlakçılar arasındakı müqavilə münasibətlərindən irəli gələn mübahisələrə MPM-in 24-26-cı maddələrinə müvafiq olaraq kommersiya məhkəmələri və ya ümumi məhkəmələr tərəfindən mülki məhkəmə icraatı qaydasında baxılır. (13-cü bənd) “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. İnzibati İcraat haqqında Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Göründüyü kimi mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdehin inzibati orqan olmaması ilə yanaşı tərəflər arasındakı mübahisə də "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mülki hüquq sahəsindəki fəaliyyəti ilə bağlıdır. Məhkəmə qeyd edir ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1 və 2.0.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 06 oktyabr 2012-ci il tarixli qərarında təbii inhisar subyektləri ilə bağlı mübahisələrə hansı hallarda inzibati icraat qaydasında baxılmalı olması müəyyənləşdirilmişdir. Həmin qərarın nəticəsi olaraq qeyd olunmuşdur ki, təbii inhisar subyektlərinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq inzibati icraat qaydasında İnzibati məhkəmələr tərəfindən baxılır. Bu baxımdan mübahisənin hansı prosessual hüquq qaydalarına görə həll edilməsini müəyyən etmək üçün publik hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq olunması nəzərə alınmalıdır. Hakimiyyət səlahiyyətləri müvafiq inzibati orqan tərəfindən qanunvericiliklə müəyyən edilmiş qayda və prinsiplərə əsasən, birtərəfli iradə formasında, digər tərəfin razılığı tələb olunmadan və onun barəsində müəyyən hüquqi nəticələrə səbəb olmaqla həyata keçirilir. Yuxarıda sadalanan hallara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış mübahisə inzibati deyil, mülki xarakter daşıdığından, daha dəqiq, müqavilə münasibətləri olmaqla həmin münasibətin məzmununu təşkil edən subyektiv hüquq və vəzifələr mülki hüquqi xarakterə malik olduğu üçün işə inzibati qaydada baxılması mümkün deyildir. Göründüyü kimi, mübahisə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin publik hüquq sahəsindəki qərarlarından, hərəkət və ya hərəkətsizliyindən irəli gələn bir mübahisə deyildir. Mübahisə cavabdehin inzibati fəaliyyəti ilə əlaqədar yox, eletrik enerjisinin satışı ilə bağlı mülki hüquq münasibətləri ilə əlaqəlidir ki, iddiaçının tələbi müqavilə öhdəliklərinin onunla davam etdirilməsinə, abunə kodunun onun adına dəyişdirilməsinə yönəlmişdir. Odur ki, iddiaçının hazırkı tələbi inzibati prosessual qanunvericilik baxımından mümkün hesab edilə bilməz. Oxşar mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-237/2023 nömrəli xx.xx.2023-cü il tarixli, 2-1(102)-257/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarlarında qeyd edilmişdir. Yuxarıda istinad edilmiş Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar.Belə ki, fiziki və hüquqi şəxslər təbii inhisar subyektlərinin xidmətlərindən müqavilə əsasında yararlanırlar. Bu növ müqavilələr mülki hüquq müstəvisində qəbul edilmiş “müqavilə” anlayışından bir qədər fərqli olsa da, onlar mülki hüquq münasibətləri subyektləri arasında yaranır və fərdi (xüsusi) xarakter daşıyır. İddia tələbi üzrə tərəflər mülki hüququn bərabər hüquqlu subyektləri olduğu üçün mübahisəyə də aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Predmet üzrə aidiyyətə görə isə yalnız inzibati mübahisəyə və onunla bağlı əmlak tələblərinə inzibati icraat qaydasında baxıla bilər və bu halda icraat üzrə rəhbər qaydaların, yəni prosessual prinsiplərin müəyyən edilməsi də İnzibati Prosessual Məcəllənin tənzimləmə predmeti sırasına daxildir Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova
Məhkəmə qərarları › İş №2-1(118)-4992/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-4992/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver