Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-4995/2025 10.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X5 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin tam sahibi kimi iddiaçının adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib təqdim etdiyi sənədlər əsasında Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin real bazar qiyməti 36.000 (Otuz altı min) manat müəyyən edilmiş, mənzilin 1/5 payı olmaqla X2 çatası 1/5 hissəsi, yəni 36.000 : 5 = 7200 manat pulu tərəfindən 1/5 pay sahibinin adına depozit hesaba köçürməyi, yəni onun həmin mənzil üzərində 1/5 payının dəyərini tam ödədiyinə görə onun payına xitam verərək Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin tam sahibi kimi iddiaçının adına mülkiyyət hüquqlarını reyestrdə dövlət qeydiyyatına alaraq çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək "xxxx" MMC-nin Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin real bazar qiyməti 36.000 (Otuz altı min) manat müəyyən edilmiş, mənzilin 1/5 payı olmaqla X2 çatası 1/5 hissəsi, yəni 36,000 : 5 = 7200 manat pulu tərəfimdən 1/5 pay sahibinin adına depozit hesaba köçürməyi, yəni onun həmin mənzil üzərində 1/5 payının dəyərini tam ödədiyinə görə onun payına xitam verilməli olduğunu 5 saylı Xaçmaz Ərazi İdarəsində qeydə alınaraq Şabran şəhəri, F.X. Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilinin tam sahibi kimi onun adına reyestrdə qeydə alaraq müvafiq çıxarış verilməsini xahiş etmişdir.5 saylı Xaçmaz Ərazi İdarəsinin ona ünvanladığı 11 mart 2024-cü il tarixli 3- 21-3-34/2- H 0031-8/2024 nömrəli imtina məktubu verilmişdir. Cavabdehin bu imtinası ilə razılaşmır və bu imtinam qanunvericiliyin tələblərinə uyğun hesab etmir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, vətəndaşın müraciətinə xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-H-0031-8/2024 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Bildiririk ki, Şabran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(031)-54/2023 saylı qətnaməsinə əsasən Şabran şəhəri, F.X.Xoyski küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzilin açıq hərracdan satılaraq, satış pulu paylara uyğun bölünməsi göstərilmişdir.Həmin qətnaməyə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ müəyyən edilməmişdir, o cümlədən hər hansı vəzifə qoyulmamışdır”. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan və üçüncü şəxs nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2024-cü il tarixli, 3-21-3-34/2-H-0031-8/2024 nömrəli imtina məktubu, Şabran Rayon Məhkəməsinin 06 fevral 2023-cü il tarixli, 2(031)-54/2023 nömrəli qətnaməsinin surəti, Şabran Rayon Məhkəməsinin 17 iyul 2023-cü il tarixli, 8(031)-53/2023 nömrəli qərardadın surəti, pul vəsaitinin ödənilməsinə dair qəbzin surəti, Şabran rayon İcra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli “icra sənədi üzrə icraata xitam verilməsi haqqında” qərarın surəti, Şabran rayon İcra və probasiya şöbəsinin 73893/23-29 nömrəli, xx.xx.2024cü il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan fərdi yaşayış evi və torpaq sahəsinə istifadə hüququnun əmələ gəldiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-21-3- 34/2-A-0489-8/2024 nömrəli məktubu ilə onun müraciəti müsbət həll edilməmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakı qeyd edilənlərə əsasən hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, qanuni qüvvəyə minmiş məhkəmə qərarları..... Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, mübahisəli mənzil iddiaçının ərinə məxsus olmuş, daha sonra əri vəfat etdiyindən, vərəsələrin həmin mənzil üzərində onun və 4 nəfər övladının hər birinin 1/5 hissədə miras payı müəyyən edilmiş, övladlarından X2 çatası 1/5 hissədə payı açıq saxlanılmışdır. Daha sonra 3 nəfər övladı iddiaçının xeyrinə miras payını bağışlamış, nəticə olaraq həmin mənzil üzərində 4/5 hissədə paylı mülkiyyət hüququ iddiaçının adına (1/5 hissədə isə açıq saxlanılmaqla) dövlət qeydiyyatına alınmış, müvafiq çıxarış verilmişdir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə sözügedən mənzilin açıq hərracdan satılaraq, satış pulunun paylara uyğun bölünməsi qərara alınmış, həmin məhkəmə qətnaməsi icraya yönəldilmişdir. Həmin icra sənədinin icrası mərhələsində icra məmuru qanunla müəyyən edilmiş qaydada icra tədbirlərini həyata keçirmiş, hərracın predmeti olan əmlakın qiymətləndiirlməsi aparılmış, mənzilin qiyməti ilkin olaraq 36000 manat müəyyən edilmiş, icra iş üzrə tələbkar 4/5 hissədə pay sahibi kimi əmlaka tam mülkiyyət hüququ əldə etmək məqsədilə qalan 1/5 hissədə payı satın almaq üçün həmin mənzilin 1/5 hissədə payın sahibi Həsənov Samirə həmin hissənin dəyərinin-7200 manat pul məbləğinin ona ödənilməsini təklif etmiş, icra məmuru həmin təklifi Həsənov Samirə etsə də, onun tərəfindən həmin pul vəsaitinin götürülməsindən imtina olunmuş, həmin məbləğ müvafiq icra çöbəsinin deposit hesabına köçürülmüşdür.İcra məmurunun müvafiq qərarı əsasında həmin icra sənədi tam icra edildiyindən icraata xitam verilməsi qərara alınmışdır. Həsənov Samir həmin qərardan şikayət etsə də, məhkəmə qərardadı ilə şikayəti təmin edilməmişdir. Göründüyü kimi məhkəmə qətnaməsi qanuni qüvvəsini alımış və icra olunmuşdur. İddiaçı Şabran şəhəri, X7 küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzil üzərində tam pay sahibi kimi onun mülkiyyət hüquqlarını DƏDKR-də qeydə alınmasını tələb edir, lakin cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi arqument Şabran Rayon Məhkəməsinin 06 fevral 2023cü il tarixli, 2(031)-54/2023 nömrəli qətnaməsində təşkilatın üzərinə hər hansı öhdəliyinin qoyulmamasını bildirir. Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən arqumenti araşdıraraq hesab edir ki, mənzilin qeydiyyata alınmasından imtina üçün gətirilən arqumentlər əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, Şabran rayon İcra və probasiya şöbəsinin 73893/23-29 nömrəli, xx.xx.2024cü il tarixli məktubundan görünür ki, 7200 manat məbləğdə pul vəsaiti X1 bank hesabına köçürülmüşdür.Azərbaycan Respublikası Mülki Məcəllənin 220.5-ci maddəsinə əsasən mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Belə olan halda cavabdeh inzibati orqan tərəfindən mübahisə predmeti olan mənzilin iddiaçının adına tam payda rəsmiləşdirmək üçün yuxarıda göstərilmiş bütün normativ hüquqi aktların tələblərinə cavab verməsinə baxamayaraq iddiaçının tələbinin təmin edilməsindən imtinası qanunsuz olmuşdur. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Şabran şəhəri, X7 küçəsi, 16 nömrəli evin, 14 nömrəli mənzili üzərində tam pay sahibi kimi İddiaçı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X6
Məhkəmə qərarları › İş №2-1(118)-4995/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-4995/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver