Məhkəmə qərarları › İş №2-1(118)-50/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-50/2025

12.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-50/2025 12.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı iş üzrə (Açar sözlər: mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X1rşı “mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, Xaçmaz rayon Qalağan bələdiyyəsinin 17 may 2004-cü il tarixli, 05 saylı qərarı ilə Hacılar kəndinin ərazisindən ayrılmış 5.2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə iclasında cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırır ki, Xaçmaz rayon Qalağan Bələdiyyəsinin 17 may 2004-cü il tarixli, 05 saylı Qərarı ilə Hacılar kəndinin ərazisindən 5.2 hektar torpaq sahəsi satmışdır. Torpaq sahəsinin satılması ilə bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 10 may 2004-cü il tarixli rəy verilmişdir. Həmçinin həmin torpaq sahəsinin Alqı-satqısına dair akt xx.xx.2004-cü il tarixdə, 1381 sayla qeydə alınmışdır. Xaçmaz rayon Xəzər Təsərrüfatının yerquruluşu xəritəsindən çıxarış verilmiş, torpaq sahəsinin alqı-satqı dəyəri tərəfindən ödənilmişdir. Adına olan Xaçmaz rayon Bələdiyyəsinin 17 may 2004-cü il tarixli, 05 saylı Qərarla, Hacılar kəndinin ərazisindən 5.2 hektar torpaq sahəsini, alqı-satqı ilə almış, torpaq barədə rəy də vardır. Bu torpaq sahəsinə mülkiyyət hüquqlarının tanınması barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi,Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, 5 saylı Xaçmaz Ərazi idarəsinə göndərdiyi ərizədən müsbət cavab almamışdır. Hüquqlarının müdafiəsi üçün məhkəmə qaydasında iddia qaldırmağına zərurət yaranmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərdə uyğunsuzluq var. Belə ki, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tanxli 05 saylı qərarda Xaçmaz rayon bələdiyyəsi yazılsa da, qərar Xaçmaz rayon Qalağan bələdiyyəsi tərəfindən təsdiqlənmiş, Torpaqların Alqı-Satqısına dair Aktda satın alınmış torpaq sahəsinin miqdarı qeyd edilməmişdir. Kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə satılmış 5.2 ha torpaq sehəsinə dair yerquruluşu sxemlərində qeyd olunan ərazi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsi kimi göstərilmiş ərazidə yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən tcrpaq sahələri alqı-satqı predmeti deyildir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Xaçmaz rayon bələdiyyəsinin 17 may 2004-cü il tarixli 05 saylı qərarı ilə İddiaçı kənd təsərrüfatı məhsullarının istehsalı üçün 52000 kv.m torpaq sahəsi satılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin rəyində kənd təsərrüfatı məhsulları və heyvandarlığın inkişafı üçün satılması nəzərdə tutulan 5.2 ha torpaq sahəsinin Qalağan bələdiyyəsinin mülkiyyətinə aid olduğu, qeyd edilən məqsəd üçün satılmasının qanunamüvafiq olduğu qeyd edilmişdir. Torpaq sahəsinin alqı-satqı aktı 22 iyun 2004-cü il tarixdə 1381 nömrə ilə qeydə alınmışdır. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2022-ci il tarixli, 691 saylı sorğuya cavab məktubunda Xaçmaz rayon, Qalağan bələdiyyəsinin sənədlərinin mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyi qeyd edilmişdir. Xaçmaz rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 53 saylı İddiaçı ünvanlanmış məktubu ilə ünvan 1 qərarı ilə ayrılmış torpaq sahəsinə dair sənədlərin arxiv surətləri təqdim edilmişdir. Cavabdehin 12 noyabr 2025-ci il tarixli məktubu ilə təqdim edilmiş müayinə aktında qeyd edilmişdir ki, ünvan 1 qərari ilə Xaçmaz rayon Hacılar kəndi ərazisində yerləşən İddiaçı istifadəsinə ayrılmış 5.2 ha torpaq sahəsinin kateqoriyası elektron baza (DWG) məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası kolluq, yararsız torpaqları kimi göstərilmişdir. Torpaqların elektron kadast uçotu informasiya sistemində (TEKUİS) isə kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası əkin və örüş kimi göstərilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı Xaçmaz rayon Qalağan bələdiyyəsinin 17 may 2004-cü il tarixli, 05 saylı qərarı ilə Hacılar kəndinin ərazisindən ayrılmış 5.2 hektar torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmasını istəyir . Cavabdeh isə qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərdə uyğunsuzluq var. Belə ki, torpaq sahəsinin ayrılmasına dair xx.xx.2004-cü il tanxli 05 saylı qərarda Xaçmaz rayon bələdiyyəsi yazılsa da, qərar Xaçmaz rayon Qalağan bələdiyyəsi tərəfindən təsdiqlənmiş, Torpaqların Alqı-Satqısına dair Aktda satın alınmış torpaq sahəsinin miqdarı qeyd edilməmişdir. Kənd təsərrüfatı məhsulların istehsalı məqsədi ilə satılmış 5.2 ha torpaq sehəsinə dair yerquruluşu sxemlərində qeyd olunan ərazi 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritəyə əsasən kənd təsərrüfatı təyinatlı (şoranlıq) torpaq sahəsi kimi göstərilmiş ərazidə yerləşir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 56.3-cü və Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun 6.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları məqsədli təyinatı üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydalara əməl edilməklə yalnız icarəyə verilə bilər. Qeyd edilən torpaq sahələri alqı-satqı predmeti deyildir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 5.2 ha torpaq sahəsinin kateqoriyası elektron baza (DWG) məlumatlarında kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası kolluq, yararsız torpaqları kimi göstərilmişdir. Torpaqların elektron kadast uçotu informasiya sistemində (TEKUİS) isə kateqoriyası kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir, uqodiyası əkin və örüş kimi göstərilmişdir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə əsasən: Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi

1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.

2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. 3.Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir. Hazırkı mübahisənin yaranmasının əsasını iddiaçının istifadəsində olan torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olması təşkil edir. Maddə 12. Kənd təsərrüfatı təyinatlı torpaqlar və onların tərkibi

1. Torpaqların istifadəsinin ərazi planlaşdırılmasında kənd təsərrüfatı ehtiyacları üçün nəzərdə tutulmuş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlar sayılır.

2. Kənd təsərrüfatı təyinatlı torpaqların tərkibinə kənd təsərrüfatı yerləri , meşə zolaqlarının, təsərrüfatdaxili yolların, kommunikasiyaların, bataqlıqların, sututarların, kənd təsərrüfatının aparılması üçün vacib olan tikili və qurğuların altında olan torpaqlar daxildir.

3. Məqsədli təyinatına əsasən kənd təsərrüfatı yerlərinə əkin, çoxillik əkmələrin altında olan torpaqlar, örüş, otlaq və biçənək sahələri aid edilir.

4. Kənd təsərrüfatı yerləri xüsusi olaraq qorunur. Bu torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsinə müstəsna hallarda bu Məcəllədə və digər qanunvericilik aktlarında müəyyən edilmiş qaydada, müvafiq icra hakimiyyəti orqanının qərarı ilə yol verilir.

5. Bələdiyyələr bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların qeyri-kənd təsərrüfatı məqsədilə digər kateqoriyalara keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edirlər. Maddə 13. Kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli istifadəsi

1. Kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir.

2. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məlumatlandırılmaqla kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə müvəqqəti tikililər inşa edilə və quraşdırıla bilər. Kənd təsərrüfatı təyinatlı torpaqlarda əsaslı tikililərin və qurğuların, habelə işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililərin inşa edilməsi və quraşdırılması bu Məcəllənin 13-1-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

3. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Maddə 16. Örüş, otlaq və biçənək üçün torpaq sahələrinin istifadəsinin xüsusiyyətləri

1. Yay və qış otlaqları xırdabuynuzlu heyvandarlıq təsərrüfatlarının ehtiyacları nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə inzibati-ərazi vahidləri arasında bölüşdürülür.

2. Yay və qış otlaqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanununun 10-1-ci maddəsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə dövlət və bələdiyyə mülkiyyətində olan xırdabuynuzlu heyvandarlıq təsərrüfat sahibi hüquqi şəxslərə istifadəyə, digər heyvandarlıq təsərrüfatı sahibi fiziki və hüquqi şəxslərə isə yalnız icarəyə verilir.

3. Dövlət mülkiyyətində olan örüş və biçənək sahələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə informasiya sistemi vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi və ya belə təsərrüfat qurmaq istəyən fiziki və hüquqi şəxslərə icarəyə verilir. Bələdiyyələrin mülkiyyətində olan yaşayış məntəqələrinin yaxınlığında ümumi örüş sahələri ödənişsiz və müddətsiz olaraq məntəqə əhalisinin heyvanlarının yemlənməsi üçün istifadə olunur. Bələdiyyələrin ehtiyat torpaq fondunda olan digər örüş və biçənək sahələri açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə heyvandarlıq təsərrüfatı sahibi olan və ya belə təsərrüfat qurmaq istəyən hüquqi və fiziki şəxslərin icarəsinə verilir və bu barədə məlumat informasiya sisteminə daxil edilir.

4. Yay və qış otlaqlarının (qış otlağının 3 faizə qədər hissəsində yaşıl yem üçün xəsil əkini istisna olmaqla), örüş və biçənəklərin əkin məqsədli istifadəsinə yol verilmir. Hüquqi və fiziki şəxslər yay və qış otlaqlarından, örüş və biçənək sahələrindən səmərəli istifadə etməli, bitki örtüyünü, su mənbələrini, köç yollarını və mal-qara düşərgələrini qoruyub saxlamalı, baytarlıq-sanitariya qaydalarına və digər tələblərə riayət etməlidirlər. Yay və qış otlaqlarında tələbata uyğun olaraq çoban evləri, yataqlar, digər mədəni-məişət və istehsal təyinatlı tikililər (əsaslı tikintilər istisna olmaqla) inşa edilə bilər.

5. Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən: 7.1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun aşağıdakı torpaqları xüsusi mülkiyyətə verilə bilər: 7.1.1. yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 7.1.2. kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar; 7.2. Ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, idman meydançalarının və qəbiristanlıqların altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatı təyinatlı, eləcə də meşə və su fondu torpaqları xüsusi mülkiyyətə verilə bilməz. 7.3. Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub olmamasından asılı olmayaraq haqqı ödənilməklə aşağıdakılara verilir: 7.3.1. fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına; 7.3.2. fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına və onların kooperativlərinə; 7.3.3. sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinə. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 15 mart tarixli, 42 nömrəli qərarı ilə təsdiq edilmiş "Örüş, otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi Qaydaları"-nın 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının dövlət torpaq fonduna aid olan yay və qış otlaqları, mal-qara düşərgələri və köç yolları dövlətin müstəsna mülkiyyətindədir. Örüş sahələri və biçənəklər yerli icra hakimiyyəti orqanlarının idarəçiliyində və ya bələdiyyələrin mülkiyyətindədir. Dövlət mülkiyyətində olan torpaqlar bu Qaydalara uyğun olaraq mülkiyyətində və istifadəsində mal-qara və davarlar olan fiziki və hüquqi şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Bələdiyyə mülkiyyətində olan örüş sahələri və biçənəklər istifadəyə yalnız mülkiyyətində mal-qara və davarlar olan bələdiyyə müəssisələrinə, icarəyə isə qanunvericiliklə müəyyən edilmiş qaydada verilir. Mal-qara düşərgələri və köç yolları yalnız təyinatı üzrə istifadə edilir. Xaçmaz rayon Qalağan bələdiyyəsinin 17 may 2004-cü il tarixli, 05 saylı qərarından görünür ki, iddiaçıya Hacılar kəndinin ərazisindən 5.2 hektar torpaq sahəsinin satılmasının məqsədi kənd təsərrüfatı məhsullarının istehsalı olmuşdur. Məhkəmə Torpaq Məcəlləsinin 9 və 13-cü maddələrinə istinad edərək qeyd edir ki, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi alqı-satqı predmeti olmadığından digər şəxslərin yalnız icarə və ya istifadəsinə verilə bilər, kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin başqa məqsədlər üçün istifadəsi isə yalnız kateqoriyası dəyişdirildikdən sonra mümkündür. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar