Məhkəmə qərarları › İş №2-1(118)-5002/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5002/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5002/2024 05.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: sosial müavinətin təyin edilməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə sosial müavinətin iddiaçının hüququnun yarandığı gündən təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sosial müavinətin iddiaçının hüququnun yarandığı gündən təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx.xx.1962-ci ildə Şamaxı rayonunun Şıxzərli kəndində doğulmuşdur. Hazırda Qobustan rayonu, Şıxzərli kəndində qeydiyyatdadır. 1982-ci ildə X5 ilə ailə həyatı qurmuşdur. Rəsmi nikahı 26 oktyabr 1982-ci il tarixdə, 23 saylı nikah qeydi ilə qeydə alınmışdır. Birgə nikahdan 4 uşağı, xx.xx.1983-cü il təvəllüdlü X2, xx.xx.1985-ci il təvəllüdlü X7, xx.xx.1988-ci il təvəllüdlü X8 və xx.xx.1992ci il təvəllüdlü X10 doğulmuşdur. Övladlarını böyüdüb boya-başa çatdırmışdırlar və halhazırda da həyatdadırlar. Bu yaxınlarda ona məlum olmuşdur ki, qanuna görə 3 uşaq doğmuş və həmin uşaqları 8 yaşınadək böyütmüş, 57 yaşı tamam olmuş qadınlar sosial müavinət ala bilərlər. İddiaçının 57 yaşı xx.xx.2019-cu ildə tamam olmuşdur. Həmin dövrdə ucqar kənddə yaşadığından və sonrada pandemiya düşdüyündən bu müavinətlə bağlı heç bir məlumatı olmamış, həmçinin məşğul ola bilməmişdirlər. Belə bir müavinət hüququnun olduğunu biləndən sonra göstərilən müavinətin təyin olunması barədə müvafiq ərizə ilə iddiaçı tərəfindən cavabdehə müraciət olunmuşdur. Cavabdeh AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 may 2024-cü il tarixli, “3-17-1/2-1 V-l 21460/023” saylı məktubu ilə müraciətə imtina verilmişdir. İmtinanın əsası kimi, "mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq ” altsistemində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdən (57 yaşınız tamam olan tarixdə) xx.xx.2022-ci il tarixinə kimi aktiv əmək müqaviləniz (işəgötürən: Azərxalça ASC) olduğu üçün sizə üç və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müvinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün deyildir” göstərilmişdir. Hesab edir ki, cavabdehin bu imtinası tamamilə qanunsuz və əsassızdır. Beləki, işin hallarından göründüyü kimi iddiaçının xx.xx.2019-cu il tarixdə “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının 7 fevral 2006-cı il tarixli, “55-İİİQ” saylı Qanununun 1.0.2-ci maddəsinin tələbinə əsasən göstərilən müavinəti almaq hüququ yaranmışdır. Lakin cavabdehin hərəkətsizliyi ucbatından müavinət təyin edilməmişdir. Bundan sonra istinad olunan Qanunun 1.0.2-ci maddəsinə dəyişiklik olunmuş, maddə yeni redaksiyada verilməklə xx.xx.2020-ci il tarixdən sözügedən müavinət növünün təyin edilməsi ləğv edilmişdir. Hesab edir ki, xx.xx.2019-cu ildən iddiaçının həmin müavinəti almaq hüququ yarandığından cavabdeh tərəfindən müavinət təyin edilməli idi, lakin cavabdehin hərəkətsizliyi səbəbindən müavinət təyin edilməmişdir ki, bu da iddiaçının günahı deyildir. Sonradan Qanunda dəyişiklik olunsa da, bu dəyişiklik iddiaçıya şamil oluna bilməzdi, çünki, AR Konistitusiyasının 149-cu maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslərin vəziyyətini ağırlaşdıran və hüquq məsuliyyəti yaradan normativ hüquqi aktların tətbiqinə yol verilmir. Tələbin hüquqi əsasları: «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin tələbində göstərilir ki, 63 yaşma çatmış kişilərin və 60 yaşma çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda {2017-ci il iyulun 1-dəkyaşz görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikasının 7 fevral 2006- cı il tarixli, “55-İİİQ” saylı Qanununun 1.0.2-ci maddəsinin tələbində deyilirdi, əmək qabiliyyəti olmayan şəxslər - əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşma çatmış qadınlar, 67 yaşma çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşma çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşma çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşma çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşma çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqları aylıq müavinət almaq hüququna malikdir. Qeyd edim ki, qanunun bu maddəsi 29 noyabr 2019-cu il tarixli, “1703-VQD” nömrəli AR Qanunu ilə yeni redaksiyada verilmişdir. Hesab edirəm ki, Qanunda dəyişiklik olsa da, həmin dövrdə, yəni 2019-cu ilin oktyabr ayında (09,09.2019-cu il tarixdə 57yaş tamam olub) iddiaçının sosial müavinət almaq hüququ yarandığından həmin dövrdə müavinət təyin edilməli idi, lakin cavabdehin hərəkətsizliyi ucbatından bu müavinət təyin edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, 42 ildir ki, evdar qadındır. 4 övlad böyütmüşdür. 2 il işləmişdir. Qanunvericiliyə edilən dəyişiklikdən məlumatı olmamışdır. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 4 saylı Bakı DOST Mərkəzinə yaşa görə sosial müavinətin təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə aidiyyəti üzrə Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən baxılaraq İddiaçı qanunvericiliyin tələblərinə əsasən yaşa görə sosial müavinətin təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxslər, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladları əmək qabiliyyəti olmayan şəxs hesab olunur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2023-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək pensiya yaş həddi qadınlar üçün 63 yaş 6 ay müəyyən edilib. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində olan məlumatlara əsasən xx.xx.2019-cu il tarixdən (57 yaşı tamam olan tarixdə) xx.xx.2022- ci il tarixədək aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" ASC) olmuşdur. Qeyd olunan səbəbdən İddiaçı üç və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Əlavə olaraq qeyd edirlər ki, iddiaçının aktiv əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilsə də, qanunvericiliyə edilmiş dəyişikliyə əsasən 01.01,2020-ci il tarixdən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Belə olan halda İddiaçı yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün deyildir. Məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. Qobustan rayon İcra Hakimiyyəti Başçısının Şıxzahirli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 33 saylı arayışında qeyd edilmişdir ki, İddiaçı X1, X3, X4, X6 özü doğmuş, səkkiz yaşına qədər təlim-tərbiyəsi ilə məşğul olmuşdur. İddiaçı əmək müqaviləsi bildirişindən görünür ki, o, xx.xx.2019-cu ildən Qobustan xalça emalatxanasının toxucusu vəzifəsində işləmiş, xx.xx.2022-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 23 may 2024-cü il tarixli 3-17-1/2-İV-121460/2024 saylı məktubu ilə iddiaçıya sosial müavinətin təyin edilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, iddiaçı ona sosial müavinətin təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, iddiaçının xx.xx.2019-cu il tarixdən (57 yaşı tamam olan tarixdə) xx.xx.2022-ci il tarixədək aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" ASC) olmuşdur. Qeyd olunan səbəbdən İddiaçı üç və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu il tarixli “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən 1.0.2-ci maddəsindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz. Belə ki, “Sosial müavinətlər haqqında” Qanununa əsasən: 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; 1.0.2. əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları. Maddə 4. Müavinətlərin növləri 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: 4.0.1. aylıq müavinətlər: 4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət; 4.0.1.6. müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət; 4.0.1.7. 3 yaşınadək uşağa qulluğa görə müavinət; 4.0.1.8. müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət; 4.0.1.9. valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət; 4.0.1.10. 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət; 4.0.1.12. vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət; 4.0.1.13. beşdən çox uşağı olan qadınlara müavinət; 4.0.1.14. övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət; 4.0.1.15. himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət. Maddə 7. Müavinətlərin təyin olunması şərtləri 7.0. Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hallar nəzərə alınmaqla, müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.2. yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə; .... 7.0.10-3. beşdən çox uşağı olan qadınlara müavinət — beşdən çox uşaq doğub tərbiyə edən qadınlara, uşaqların sağ olması şərti ilə, bu hüququn yaranmasına səbəb olmuş uşağı bir yaşına çatdıqda... Qanunvericiliyin tələbindən göründüyü kimi yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Əmək qabiliyyəti olmayan şəxslərə - əlilliyi olan şəxslər “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları aid edilmişdir. 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 17 dekabr 2019-cu il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019-cu il, № 12, maddə 1893) ilə 1.0.2-ci maddə yeni redaksiyada verilmişdir ki, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar sözləri çıxarılmışdır. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci yarımbəndinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər - ...3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar ...dır. Qanunun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. İstinad edilən normaların hazırkı mübahisəyə münasibətdə dispozitiv şərtlərinin ödənilməsi üçün iddiaçının 57 yaşının tamam olduğu vaxt qanunun qüvvədə olan redaksiyasına əsasən, onun 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etməsi və işləməməsi lazımdır. Bu şərtlər ödənildikdə iddiaçıya sosial müavinət təyin edilə bilərdi. Lakin işin hallarından görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixdən (57 yaşı tamam olan tarixdə) xx.xx.2022-ci il tarixədək aktiv əmək müqaviləsi (işəgötürən: "xxxx" ASC) olmuşdur. İddiaçı tərəfindən bu hal mübahisələndirilməmiş, izahatında qeyd edilən dövrlərdə işlədiyini təsdiq etmişdir. Bu halda xx.xx.1962-ci il təvəllüdlü iddiaçının 57 yaşı xx.xx.2019-cu il tarixdə tamam olsa da onun adına həmin tarixdə aktiv əmək müqaviləsi olduğundan onun qeyd edilən müavinəti almaq hüququ yaranmamışdır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyini əsaslandırılan imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. Hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar