Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-501/2021 16.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndələri X2, Mövlayev Cəlal Şasəddin oğlu, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə komandirinin 148 saylı əmri qanunsuz olduğundan ləğv edilməsi və işinə bərpa olunmasına” dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı “Müdafiə Nazirliyinin N saylı Hərbi Hissə komandirinin 148 saylı əmri qanunsuz olduğundan ləğv edilməsi və işinə bərpa olunmasına” dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2018-cil tarixində Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin 190 nömrəli əmri ilə N saylı hərbi hissəsinə mülki mühafizəçi kimi qəbul olunmuşdur. Müvafiq müəssisədə öz işini qusursuz layiqincə yerinə yetirmiş və heç bir töhmət və.s kimi hallarla qarşılaşmamışdır. Mühafizəçi peşəsini çox istəyir və sevdiyi sənətdir. Həmin müəssisədə 2020-ci ilin sentyabr ayının birinə kimi əmək müqaviləsi əsasında işləmişdir. Belə ki, hərbi hissədən iddiaçını başqa ilə əvəzləşdirmək üçün qəbula çağırmış və qanunsuz olaraq bildirmişdirlər ki, əgər həmin işə keçməsə iddiaçını işdən azad edəcəklər. İddiaçı buna etiraz edərək mövcud işini bəyəndiyini və heç bir qüsuru olmadan qərəzli şəkildə nəyə əsasən işini dəyişməlidir ki? Amma rəhbərlik iddiaçının heç bir hüququnu nəzərə almadan xx.xx.2020-ci il tarixində əmək müqaviləsinə Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən, yəni tərəflərdən birinin təşəbbüsü ilə xitam vermişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən, əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Həmçinin, Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Yəni işəgötürən işçinin hər çatışmazlığını və ya intizamsızlığını işçiyə əvvəlcə xəbərdar edir, sonra isə işçi çatışmazlıqlarını aradan qaldırmadıqda onun əmək müqaviləsinə xitam verilə bilər. Halbuki cavabdeh bununla bağlı iddiaçını məlumatlandırmamış, heç bir xəbərdarlıq etməmişdir. İddiaçı hesab edir ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissə komandirinin 148 saylı əmri qanunsuz olduğundan ləğv edilməli və iddiaçı işə bərpa olunmalıdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndələri X2, Mövlayev Cəlal Şasəddin oğlu, X3 iştirak etmiş, iddiaya etiraz etmiş və məhkəmənin suallarına cavab olaraq bildirmişlər ki, iddiaçının hərbiçi statusu yoxdur, o müqavilə əsasında işləmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati icraat haqqında” Azərbaycan Respubliaksı Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Göründüyü kimi əmək mübahisələri ilə bağlı inzibati məhkəmə icraatı qaydasında yalnız hərbi qulluqçu ilə inzibati orqan arasında olan əmək münasibətlərə baxıla bilər. Lakin hazırki iş üzrə iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı Hərbi Hissəsində hərbi qulluqçu kimi deyil, müqavilə əsasında mülki mühafizəçi kimi fəaliyyət göstərmişdir. Bu halda iddiaçı ilə cavabdeh inzibati orqan arasında olan mübahisə hərbi qulluqçu ilə inzibati orqan arasında olan əmək münasibətlərdən irəli gələn mübahisə olmadığına görə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, əmək münasibətlərdən irəli gələn mübahisənin həlli ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-501/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-501/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver