Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-501/2022 15.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafeyva Aygün Ələmdar qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı Quba-Xaçmaz filialına qarşı “18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddəti və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya 20 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi”nə dair iddiası üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı Quba-Xaçmaz filialına qarşı iddia qaldıraraq “18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddəti və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək, “18 oktyabr 1971-ci il tarixdən 04 noyabr 1998-ci il tarixə kimi işlədiyi müddəti və 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında xidmət etdiyi dövrün sığorta stajı kimi nəzərə alınması və iddiaçıya 20 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci il tarixdə 3 saylı peşə texniki məktəbinə daxil olmuş, xx.xx.1972-ci il tarixdə təhsilini başa vurmuş və 14 oktyabr 1972-ci il tarixdə keçmiş Quba rayon X1 traktorçu - maşinist vəzifəsinə qəbul edilmişdir və 06 iyul 1974-cü il tarixdə ordu sıralarına çağırıldığı üçün işdən azad olunub, 06 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuş və hərbi xidmətdən qayıtdıqdan sonra, 05 iyul 1976-cı il tarixdə Quba rayonu X1 kombayner köməkçisi vəzifəsinə təyin olunaraq 04 noyabr 1998-ci il tarixə kimi müxtəlif vəzifələrdə işləmişdir. Hal - hazırda yaşı çatdığı üçün hüquq müəyyənedici sənədlərini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun publik hüququ şəxsin 2 saylı Regional ərazi filialına müraciət edərək ona yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Qeyd olunan təşkilat özünün 20 oktyabr 2021-ci il tarixli məktubu ilə onun 25 il sığorta stajı və ya fərdi hesabında pensiya kapitalı olmadığını əsas gətirərək ona yaşa görə əmək pensiyası təyin edilməsinə imtina etdilər, lakin iddiaçı qeyd olunan imtina ilə razılaşmır, ona görə də məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının əmək kitabçasında 26 mart 1979-cu il tarixdə işlədiyi dövr qeyd edilmişdir, sonradan işlədiyi dövrlər və işdən azad olunması barədə əmrlər əmək kitabçasında qeyd edilmədiyi üçün cavabdeh təşkilata təqdim etdiyi - X6 filialına xx.xx.2021-ci il tarixli 846 və 846 №li axtarışı ilə olan dövrü nəzərə alınmamış və ona əsassız olaraq yaşa görə əmək pensiyası təyin etməkdən imtina etmişlər. Belə ki, onun ərizəsinə əlavə etdiyi xx.xx.1972-ci il tarixli əmək kitabçasından və X6 filialının xx.xx.2021-ci il tarixli 846 və 846 №li arayışlarında aşkar olur ki, 26 ildən artıq sığorta stajı vardır. Onun ərizəsinə əlavə etdiyim 04 iyul 1974-cü il tarixli hərbi biletdən aşkar olur ki, o, 04 iyul 1974-cü il tarixindən 15 iyun 1976-cı il tarixə kimi keçmiş Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək işə onun iştirakı olmadan baxılıb qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aşağıdakı xüsusatlara görə iddiaçının tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə cavabdehə müraciət etmiş, lakin xx.xx.2021-ci il tarixli, **********3 nömrəli məktub ilə iddiaçının tələb olunan 25 il sosial sığorta stajı və ya fərdi hesabın siğorta hissəsində pensiya kapitalı olmadığından ona yaşa görə əmək pensiyasının təyin edilməsindən əsaslı olaraq imtina edilmişdir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən onun:
1. xx.xx.1971-xx.xx.1972-ci illərdə 3 nömrəli texniki peşə məktəbində təhsil aldığı müddət (1 il);
2. xx.xx.1974-xx.xx.1976-cı illərdə Sovet ordusu sıralarında hərbi xidmət keçdiyi müddət ( 1 il 11 ay 22 gün);
3. xx.xx.1972-xx.xx.1997-ci il il tarixinədək Quba rayonu "Şərq” meyvəçilik sovxozunda işlədiyi müddət (19 il 9 ay - 1972-ci ildə 3 ,ay, 1974-cü ildə 6 ay, 1976-cı ildə 6 ay, 1977-ci ildə 10 ay, 1978-ci ildə 8 ay, 1979-cu ildə 10 ay, 1984-cü ildə 11 ay, 1985-ci ildə 11 ay, 1986-cı ildə 10 ay, 1995-ci ildə 6 ay və 13 tam il (1973, 1980-1984 və 1987- 1994-cü illər) ümumilikdə 22 il 8 ay 12 gün sosial sığorta stajı mövcuddur ki, bu da ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün kifayət etmir. X5 filialının xx.xx.2021-ci il tarixli, 846 nömrəli arxiv çıxarışı ilə iddiaçıya məxsus əmək kitabçası arasında ziddiyyətlər mövcuddur. Belə ki, iddiaçıya məxsus əmək kitabçası xx.xx.1972-ci ildə açılmışdır. Halbuki arxiv çıxarışına əsasən iddiaçı ilə bağlı ilk əmr xx.xx.1971-ci il tarixli 215 nömrəli əmrdir. Həmin əmrlə “Şərq” meyvəçilik sovxozunun direktoru S.İlyasov iddiaçını Quba rayon 3 nömrəli peşə texniki məktəbin 1 illik traktorist-maşinist şöbəsində oxumağa göndərib. Halbuki həm arxiv çıxarışında, həmdə əmək kitabçasında qeyd edildiyi kimi iddiaçı xx.xx.1972-ci ildə “Şərq” meyvəçilik sovxozuna işə daxil olmuşdur. İddiaçının işə daxil olma qeydinin özündə də ziddiyət mövcuddur. Belə ki, arxiv arayışına əsasən iddiaçı 200 nömrəli əmrlə traktor parka çilingər vəzifəsinə, əmək kitabçasına əsasən isə 162 nömrəli əmrlə traktorçu-maşinist vəzifəsində işləməyə başlamışdır. Göründüyü kimi, əmrlərin tarixi eyni olsa da, onların nömrələri və məzmunları bir-birinə ziddir. Bundan başqa arxiv çıxarışında mövcud olmui, lakin əmək kitabçasında qeyd edilməmiş əmrlər də mövcuddur. Məsələn arxiv çıxarışına əsasən iddiaçı xx.xx.1974-cü il tarixli 156 nömrəli əmrlə müvəqqəti olaraq kombayn köməkçisi təyin edilmiş, xx.xx.1974-cü il tarixli 165 nömrəli əmr (əmək kitabçasında 164 nömrəli əmr) ilə hərbi xidmətə getməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur Lakin xx.xx.1974-cü il tarixli 156 nömrəli əmrlə iddiaçının başqa vəzifəyə keçirilməsi ilə bağlı qeyd əmək kitabçasında öz əksini tapmamışdır. Həmçinin iddiaçının xx.xx.1976-cı il tarixli 147 nömrəli əmr ilə həmin sovxoza “kombayner” təyin edilməsi ilə bağlı qeyd də əmək kitabçasında mövcud olmayan digər bir qeyddir. Arxiv çıxarışındakı növbəti qeyd iddiaçının xx.xx.1976-cı il tarixli, 151 nömrəli əmri ilə “kombayner köməkçisi" vəzifəsinə təyin edilməsi ilə bağlıdır. Halbuki əmək kitabçasına nəzər yetirsək iddiaçının xx.xx.1976cı il tarixli 155 nömrəli əmrlə sovxoza “traktorçu- maşinist” vəzifəsinə işə qəbul edildiyini görmək mümkündür. Göründüyü kimi, istər əmrin nömrəsi, istər iddiaçının tutduğu vəzifə arxiv çıxarışı və əmək kitabçasında fərqli yazılmışdır. Həmçinin diqqətinizə çatdırmaq istərdik ki, arxiv çıxarışına əsasən yuxarıda sözügedən əmrlərin hamısı sovxozun direktoru S. İlyasov tərəfindən imzalanmışdır. Lakin əmək kitabçasında sözügedən qeydlər kadr müfəttişi S.Musayev tərəfindən imzalanmışdır. İddiaçı mexanizator oxumağa getməsi ilə əlaqədar “Şərq” meyvəçilik sovxozundakı işindən müvəqqəti olaraq azad olunmuşdur. Belə ki, iddiaçının işdən çıxması arxiv çıxarışında xx.xx.1979-cu il tarixli 187 nömrəli əmr ilə, əmək kitabçasında isə xx.xx.1978-ci il tarixli, 187 nömrəli əmrilə rəsmiləşdirilmişdir. Əmək kitabçasına əsasən iddiaçı xx.xx.1978-ci il tarixli, 17/M nömrəli əmr ilə 1735 nömrəli Avtokolona işçi təyin edilmiş və 3-cü dərəcəli sürücü kurslarına oxumağa göndərilmiş, 19.02,1979-cu il tarixli 18/M nömrəli əmrlə kursları bitirməsi ilə bağlı işindən azad olunmuşdur. Sözügedən qeyd arxiv çıxarışında əks olunmamışdır. Həm də xx.xx.1979-cu il tarixli 187 nömrəli əmrlə sovxozdan işdən çıxarılma əmrində iddiaçının mexanizator oxumağa getməsi qeyd olunsa da əmək kitabçasına əsasən iddiaçı 3-cü dərəcəli sürücü kurslarına oxumağa getmişdir. Əmək kitabçasındakı sonuncu qeyd iddiaçının xx.xx.1979-cu il tarixli, 73 nömrəli əmr ilə sovxoza sürücü qəbul edilməsi ilə bağlıdır. Həmin qeyd arxiv çıxarışında da qeyd edilmişdir. Lakin arxiv çıxarışında mövcud olan növbəti qeydlər əmək kitabçasında öz əksini tapmamışdır. Arxiv çıxarışındakı növbəti qeyd xx.xx.1995-ci il tarixli, 30 nömrəli əmr ilə iddiaçının çilingər keçirilməsi ilə bağlıdır ki, həmin qeyd də əmək kitabçasında əsk olunmamışdır. Arxiv çıxarışındakı sonuncu qeyd isə iddiaçının xx.xx.1997-ci il tarixində 15 nömrəli əmr ilə öz hesabına 1995-ci ildə 39 təqvim günü məzuniyyətə buraxılması ilə bağlıdır. İddiaçının işdən azad olunması ilə bağlı hər hansı məlumat nə arxiv çıxarışında nə də əmək kitabçasında öz əksini tapmamışdır. Arxiv çıxarışına əsasən Aqrar islahat komissiyasının xx.xx.1998-ci il tarixli, 01 saylı protokolu ilə Quba rayonu “Şərq” meyvəçilik sovxozunun fəaliyyətinə xitam verilmişdir. Belə ki, Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericilikdə sığorta stajına daxil edilən digər dövrlərin məcmusu hesab edilir. Qanunun 7-ci maddəsində 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci 1 iyul tarxinədək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ olduğu müəyyən edilmişdir Qeyd. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qanunun 25-ci maddəsinə əsasən sosial sığortä stajı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verdiyi sənədlə təsdiq olunur. Qanunun 31.2ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir. Belə ki, həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəməninin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, Qanunun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onlarrın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın. Həmçinin qeyd edirik ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 27 sentyabr tarixli 934 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Milli Arxiv İdarəösi haqqında Əsasnamə”yə əsasən İdarə arxiv işi sahəsində dövlət siyasətini həyata keçirən orqan olsa da, onun sosial sığorta stajını təsdiq edən sənəd vermək səlahiyyəti müəyyən edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təmin hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Məhkəmənin qərar qəbul edərək yuxarıda qeyd olunanları nəzərə alınmasını və “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə İddiaçı iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1955-ci il tarixdə anadan olmuşdur. - xx.xx.1972-ci il tarixdə tərtib edilmiş, İddiaçı məxsus 19 oktyabr 1972-ci il tarixli əmək kitabçasında onun xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək, xx.xx.1976-cı il tarixdən xx.xx.1978-ci il tarixədək, xx.xx.1978-ci il tarixdən xx.xx.1979-cu il tarixədək işlədiyi, xx.xx.1979-cu ildən işə qəbul olunduğu qeyd edilmişdir. - Azərbaycan Respublikasının Dövlət X2 xx.xx.2021-ci il tarixli, 846a saylı arxiv arayışında Quba rayonu “Şərq” meyvəçilik sovxozunun əmək haqqı cədvəllərinə əsasən İddiaçı 1971-1997-ci illərdə aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - Azərbaycan Respublikasının Dövlət X2 xx.xx.2021-ci il tarixli, 846 saylı arxiv çıxarışından görünür ki, İddiaçı Quba rayonu “Şərq” meyvəçilik sovxozunun 14 oktyabr 1972-ci il tarixli, 200 nömrəli əmri ilə ərizəsinə əsasən traktor parka çilingər qəbul edilmiş, 06 iyul 1974-cü il tarixli, 165 nömrəli əmr ilə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmiş, 30 iyun 1976-cı il tarixli, 148 saylı əmr ilə kombayner təyin edilmiş, 30 avqust 1979-cu il tarixli, 187 saylı əmr ilə işdən azad edilmiş, 26 mart 1979-cu il tarixli, 73 saylı əmr ilə ərizəsinə əsasən avtoparka ehtiyat sürücü qəbul edilmiş, 27 yanvar 1997-ci il tarixli, 15 saylı əmr ilə öz hesabına məzuniyyətə buraxılmışdır. - Azərbaycan Respublikası Dövlət X2 540 saylı, 06 iyun 2022-ci il tarixli Məhkəmə sorğusuna cavab məktubunda qeyd edilmişdir ki, Şərq sovxozunun 1996-cı ilin əmək haqqı cədvəlləri 2001-ci ildə filiala təhvil verilib. 1996-cı ilin əmək haqqının hesablanması cədvəlində İddiaçı adı qeyd olunmuş, lakin adının qarşısında əmək haqları haqqında məlumat yoxdur. Şərq sovxozu 04 noyabr 1998-ci il tarixədək fəaliyyət göstərmişdir. Sənədlərdə İddiaçı 1996-1997-ci illərdə ödənişsiz məzuniyyətdə olması haqqında məlumat aşkar edilməmişdir. - Azərbaycan SSR Nazirlər Sovetinin Dövlət-texniki peşə təhsili komitəsi tərəfindən verilmiş 500 saylı attestatın surətindən görünür ki, İddiaçı xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Quba rayon 3 №-li kənd texniki peşə məkəbini İİİ sinif tarktorçumaşınçı ixtsisası üzrə oxumuşdur. - НЗ ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı 04 iyul 1974-cü il tarixdən 15 iyun 1976-cı il tarixədək hərbi xidmətdə olmuşdur. - Cavabdehin iddiaçıya ünvanladığı 20 oktyabr 2021-ci il tarixli məktubundan görünür ki, iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1955-ci il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını, eyni zamanda ona əmək pensiyası təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmadığını əsas gətirərək iddiaçıya pensiya təyin edilməsindən imtina edir. Həmçinin iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Quba rayon 3 №-li kənd texniki peşə məkəbində təhsil aldığı dövrlər cavabdeh inzibati orqan tərəfindən sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Bundan başqa cavabdeh iddiaya qarşı yazılı münasibətində iddiaçının xx.xx.1997-ci il tarixində 15 nömrəli əmr ilə öz hesabına 1995-ci ildə 39 təqvim günü məzuniyyətə buraxıldığını və işdən azad olunması ilə bağlı hər hansı məlumatın olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Məhkəmə ilk növbədə cavabdeh inzibati orqan tərəfindən iddiaçının xx.xx.1971-ci il tarixdən xx.xx.1972-ci il tarixədək Quba rayon 3 №-li kənd texniki peşə məkəbində təhsil aldığı dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Sumqayıt Kimya Texnologiya Texnikumunda təhsil aldığı müddət 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin “ğ” bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; -Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Məhkəmə iddiaçıya yaşa görə pensiya təyini ilə bağlı qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Əmək pensiyaları haqqında Qanunun 31.2-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. İddiaçının xx.xx.1972-ci ildən xx.xx.1997-ci ilədək işləməsi eyni zamanda dövlət arxivinin yuxarıda adları qeyd olunan arayışları ilə də təsdiq olunur. Bundan başqa iddiaçının hərbi xidmət dövrü ilə əlaqədar iddiaçı ilə cavabdeh arasında hər hansı mübahisənin olduğu, iddiaçının həmin dövrlərin sosial sığorta stajı kimi qəbulundan imtinası müəyyən edilmir. Məhkəmə cavabdeh inzibati orqanın iddiaçının xx.xx.1997-ci il tarixində 15 nömrəli əmr ilə öz hesabına 1995-ci ildə 39 təqvim günü məzuniyyətə buraxılması və onun işdən azad olunması ilə bağlı hər hansı məlumatın olmamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının 1995-ci ildə öz hesabına məzuniyyətdə olmasını təsdiq edən hər hansı sənəd məhkəməyə təqdim edilməmişdir. Əksinə yuxarıda adı qeyd olunan arxiv arayışı ilə onun 1995-ci ilin müəyyən aylarında əmək haqqı aldığı öz təsdiqini tapır. Arxiv arayışında iddiaçının xx.xx.1997-ci il tarixində 15 nömrəli əmr ilə öz hesabına 1995-ci ildə 39 təqvim günü məzuniyyətə buraxılması qeyd edilsə də, onun 1997-ci ildə verilmiş əmrlə köhnə tarixdə, yəni 1995-ci ildə məzuniyyətə buraxılması qeyri-mümkündür. Məhkəmə hesab edir ki, arayışda qeyd olunan hər hansı anlaşılmazlığın və ya texniki səhvin vətəndaşın ziyanına şərh edilməsi yolverilməzdir. Bundan başqa məhkəmə qeyd edir ki, iddiaçının işdən azad olunması ilə bağlı hər hansı məlumatın olmaması, onun xx.xx.1997-ci ilə qədər işləməsini təkzib etmir. Belə ki, qeyd olunan arxiv arayışında və arxiv çıxarışında iddiaçının “Şərq” meyvəçilik sovxozunun müvafiq əmrləri ilə işə qəbul edildiyi, vəzifəsini dəyişdiyi, öz hesabına məzuniyyətə buraxıldığı tarixlər və işlədiyi illərə görə aldığı əmək haqqının aylar üzrə məbləği öz əksini tapmışdır. Beləliklə həmin arxiv arayışı və arxiv çıxarışı ilə iddiaçının işdən çıxması barədə məlumat olmasa belə, onun hansı tarixlərdə işlədiyi əmək haqqı aldığı aylar və müvafiq əmrlərlə öz təsdiqini tapır. Bundan əlavə cavabdehin traktor parkda çilingər vəzifəsində, əmək kitabçasında isə traktorçu-maşinist vəzifəsində işləməsinə dair qeydlərlə bağlı dəlilinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının qeyd olunan sənədlərdə işlədiyi vəzifənin adının tam olaraq düzgün qeyd edilməməsi, vəzifə adında ziddiyyətin olması, işlədiyi dövrün onun stajı kimi nəzərə alınmasından imtina üçün əsas ola bilməz. Çünki yuxarıdada qeyd olunduğu kimi onun həmin dövrlərdə işləyərək əmək haqqı alması dövlət arxivinin arayışı ilə təsdiq olunur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya ona yaşa görə pensiya təyin edilməsi üçün, qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olduğundan, yəni ona pensiya təyin olunması üçün zəruri olan yaş həddinə çatdığından və 25 ildən artıq iş stajına malik olduğundan, cavabdehin ona yaşa görə əmək pensiyası təyin edilməsindən imtinası qanunsuzdur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya pensiya təyin edilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı Quba-Xaçmaz filialının üzərinə vəzifə olaraq qoyulmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 20 avqust 2020-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsinin 1 saylı Quba-Xaçmaz filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva