Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-501/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızınınsədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, Massiv 2 ünvanında yaşayan) Cavabdehin nümayəndəsi X1 (Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Hüquq şöbəsində hüquq məsləhətçisi işləyən, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olan) iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona məxsus Xızı rayonu, Xələnc kəndi ərazisində yerləşən 1200 kv m torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonunun Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə iddiaçıya fərdi yaşayış evinin tikilməsi üçün Xızı rayonunun Xələnc kəndi ərazisindən 1200 kv m torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 14 07.2007-ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü tərtib edilmiş və X5 Kitabında 57-ci nömrə ilə uçota alınmışdır. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün müraciət etmişdir. Lakin cavabdeh orqan ərizənin təmin edilməsindən imtina etmiş və əsas kimi də bu topraq sahəsinə dair bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzində aşkar edilməməsini göstərmişlər. Təbii ki, həmin sənədlərin X3 göndərilməsi iddiaçının vəzifəsi olmadığı və həmçinin səlahiyyətinə aid olmadığı üçün bu əsasla onun ərizəsinin təmin edilməsindən imtina olunması tamamilə qanunsuzdur. Nəzərinizə çatdırıram ki, iddiaçı bələdiyyə tərəfindən ona ayrılmış həmin torpaq sahəsinə dair sənədlərin Xızı rayon Dövlət Arxivində və Xələnc-Fındığan Bələdiyyəsində olub-olmamasını müəyyən etmək üçün həmin idarələrə müraciət etmiş və həm Xızı rayon Dövlət Arxivindən, həm də Xələnc-Fındığan bələdiyyəsindən alınmış arayışlarda bu qərarların həm Xızı rayon Dövlət Arxivində, həm də Xələnc-Fındığan bələdiyyəsində olduğu müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə görə bələdiyyələr onlarda olan sənədləri 5 il müddətinə saxladıqdan sonra müvafiq rayon arxivlərinə təhvil verirlər. Xələnc bələdiyyəsi də 2005-ci ildə verilmiş sənədlərin saxlama müddəti keçdiyi üçün təbii ki, onları Xızı rayon Dövlət Arxivinə təhvil vermişdir. Həm Xızı rayon Dövlət Arxivi, həm də Xələnc-Fındığan bələdiyyəsi bu torpaq sahəsinə dair sənədlərin olduğunu təsdiq etsə də, cavabdeh orqan əsassız olaraq iddiaçının ərizəsiin təmin olunmasından imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, sözügedən torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Xələnc rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə bağlı məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 sorğu ünvanlanmışdır. Lakin bu günədək sorğuya cavab verilməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Gündüz Xanlarzadə etirazda göstərilənləri müdafiə edərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan : -Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı protokolundan çıxarışdan görünür ki, İddiaçı Əsgər oğluna fərdi mənzil tikintisi üçün 0.12 ha torpaq sahəsi satılması qərara alınmışdır. -Torpaq sahəsinin plan və ölşü sənədindən görünür ki, həmin sənəd İddiaçı Əsgər oğluna ayrılmış 1200 kv m torpaq sahəsi barəsində tərtib edilmişdir. -DTXK-nin Xızı rayon şöbəsinin rəyindən görünür ki, İddiaçı Əsgər oğluna satılması nəzərdə tutulan torpaq sahəsi alqı-satqı predmetidir və həmin torpaq sahəsinin mövcud tələblərə uğun olaraq satılması məqsədəmüvafiqdir və idarə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmir. - Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-cü il tarxli 10 saylı qərarına əsasən Xızı rayon Xələnc bələdiyyəsi İddiaçı Əsgər oğluna 0.12 ha torpaq sahəsi satmışdır. -xx.xx.2005-ci il tarixli 07 saylı qəbzdən görünür ki, İddiaçı Əsgər tərəfindən Xələnc bələdiyyəsinin hesabına torpağın dəyəri kimi alqı-satqı üçün 134 manat ödəniş etmişdir. -Məhkəmənin sorğusuna əsasən Xızı rayonu Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 44 saylı cavab məktubundan görünür ki, İddiaçı Xızı rayonu Xələnc kəndində fərdi yaşayış evi tikintisi üçün 0,12 ha torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması barədə Xızı rayon Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarının və qərarla verilmiş torpaq sahəsinə dair digər hüquqmüəyyənedici sənədlərin təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir. -Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, idarə tərəfindən iddiaçıya ünvanlanan 03 mart 2022-ci il tarixli, **********22 nömrəli məktubda bildirilmişdir ki, sözügedən torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı yaranmış zərurətlə əlaqədar olaraq Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli, 10 saylı qərarı ilə bağlı məlumat verilməsi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X3 30 dekabr 2021- ci il tarixli, **********77 nömrəli sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq həmin qərarın Mərkəzə təqdim olunmadığı bildirilmişdir. Bundan başqa Xızı rayon Dövlət Arxivi tərəfindən surəti təsdiq lunmuş bələdiyyə iclasının qərarından çıxarışda İddiaçı ilə bağlı heç bir məlumat qeyd olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıya imtina cavabını iki dəlilə əsaslandırmışdır : 1) Xızı rayon Dövlət Arxivindən alınan məlumata görə bələdiyyə iclasının qərarından çıxarışda İddiaçı ilə bağlı heç bir məlumatın qeyd edilməməsi; 2) istinad olunan bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilməməsi (bu barədə sorğuya cavab verildiyini bildirmişdir). Bununla bağlı məhkəmə Xızı rayon Dövlət Arxivinə sorğu vermiş və arxiv orqanı tərəfindən təsdiq edilmiş şəkildə bələdiyyə qərarı və əlavə olunmuş sənədlər (alqı-satqı aktı, torpağın dəyərinin ödənilməsi barədə qəbz və DTXK-nin Xızı rayon şöbəsinin rəyi) məhkəməyə təqdim edilmişdir. Həmin protokoldan çıxarışda 11-ci sırada İddiaçı adının qeyd olunduğu görünür. Cavabdeh imtina məktubunda bələdiyyə qərarının arxiv surətində İddiaçı adının aşkar edilməməsi və bununla bağlı həmin qərarın mötəbərliyinə ciddi şübhələrin olmasını bildirsə də, məhkəmə iclasında cavabdehin nümayəndəsi bu şübhələrin nədən ibarət olması və ya nə ilə təsdiq olunmasını izah edə bilmədi. Cavabdehin ikinci dəlili ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh imtina cavabında sözügedən bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar olunmadığını bildirmişdir. İddia ərizəsinə etirazda isə cavabdeh həmin sorğuya hələ cavab almadığını qeyd etmişdir. Daha sonra cavabdeh məhkəmənin sorğusuna cavab olaraq Ədliyyə Nazirliyi X3 ünvanlanan sorğunu və ona xx.xx.2022-ci il tarixdə verilmiş cavab məktubunu məhkəməyə təqdim etmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzində aşkar edilməməsi halı iddiaçının müraciətinin təmin olunmasından imtina üçün əsas deyildir. Belə ki, 23 oktyabr 2007-ci il tarixli 466-lllQD saylı qanunla “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə edilmiş dəyişikliyə əsasən xx.xx.2007-ci il tarixdən etibarən həmin dövrdə Azərbaycan Respublikasında bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilərdi. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, ““Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin 2008-ci il 12 dekabr tarixinədək, yəni mübahisəli münasibətlər yarandığı zaman qüvvədə olan redaksiyasına əsasən, torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq-planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir (Əsasnamənin 7-ci bəndi). Beləliklə, torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması və ya alqısatqı aktınını sonradan bağlanması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi)” Həmin Qərarda həmçinin qeyd edilmişdir ki, ”Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 04 oktyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, “hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən edilmiş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır və həmin hallar aşağıdakılardan ibarətdir: 15.1.1-dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2-hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3-hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4 daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5-daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6-bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi, qanunvericilikdə hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsasları dəqiq göstərilmiş, lakin cavabdeh orqan tərəfindən iş üzrə araşdırmaların aparılması zamanı həmin halların heç biri müəyyən edilməmişdir.” “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün konkret əsaslar nəzərdə tutulmuşdur ki, hazırki iş üzrə cavabdehin göstərdiyi dəlillər həmin əsaslara daxil edilməmişdir. Məhkəmə hesab edir ki, torpaq sahəsinin satlmasına dair qərarın X3 göndərilməsi iddiaçının vəzifələrinə və onun məsuliyyət sferasına aid deyildir. İddiaçı üzərinə düşən vəzifəni yerinə yetirmiş, torpaq sahəsinin dəyərini ödəmişdr. Torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədədir və qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş və ya etibarsız hesab olunmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Həmin Qanunun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xızı rayonu Xələnc bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 10 saylı qərarı ilə ayrılmış Xızı rayonu Xələnc kəndi ərazisində yerləşən 1200 kv m torpaq sahəsi üzərində İddiaçı Əsgər oğlunun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-501/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-501/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver