Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5012/2024 22.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı iş üzrə Açar sözlər: (ərazi aidiyyəti üzrə aidiyyəti üzrə səlahiyyətli məhkəmənin müəyyən edilməsi) Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən sənədin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə (bundan sonra - “cavabdeh”) qarşı “iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2006-cı il tarixdə anadan olmuşdur. Atası 12 yanvar 1974-cü il təvəllüdlü X6, anası 16 yanvar 1985-ci il təvəllüdlü X1r. Atası Laçın rayonundan məcburi köçkündür və müvəqqəti olaraq Abşeron rayonunda məskunlaşmışlar. Atasının məcburi köçkün olmasına əsaslanaraq, iddiaçıya məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı cavabdehə ərizə ilə müraciət edilsə də, cavabdeh tərəfindən müraciətinin icrasından imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, anası X2 ünvan 2 ünvanında pasport qeydiyyatında olduğundan, iddiaçıya məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi Komitənin imkan xaricindədir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Çünki, qanunda da xüsusi ilə atanın məcburi köçkün statusuna malik olması vurğulanmışdır. Atasının da məcburi köçkün statusuna malik olduğunu əsas gətirərək hesab edir ki, onun da məcburi köçkün statusu təsdiq edilməlidir. Həmçinin bildirilir ki, dövlət tərəfindən məcburi köçkünlər üçün verilən müavinət də alır. Qeyd olunanlara əsasən hesab edir ki, cavabdehin imtinası əsassızdır və ədalətli məhkəmə araşdırması ilə iddia tələbi təmin edilməlidir.
3. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
4. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və işin halları, mübahisənin vəziyyəti və iddianın aidiyyəti ilə bağlı məsələlərin müzakirəsi üçün tərəflər məhkəməyə dəvət olunmuşlar.
Tərəflərin iştirakı və izahatları:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə prosesində iddiaçı iştirak etməmiş, cavabdeh orqan təmsil edilməmişdir.
6. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “... məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
7. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü, o cümlədən yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
8. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
9. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun müvafiq müddəalarında nəzərdə tutulmuşdur:
Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri- tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələrivə digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer- onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. (-)
10. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair” 13 may 2013-cü il tarixli Qaydalar:
Əsas anlayışlar: Məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) –Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Şəxsin yaşayış yeri– tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və ya kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana,ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bu Qaydalarda nəzərdə tutulan daimi yaşayış yeridedikdə, sakini olduğu rayon və ya şəhər işğal edilənədək, həmin rayon və ya şəhərdə yaşayış yeri üzrə daimi qeydiyyatda (pasport, hərbi) olmaqla yaşadığı yer başa düşülür. (-) İ. Ümumi müddəalar 1.1. “Azərbaycan Respublikasının Qaçqınların və X3 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi (bundan sonra Komitə) qəbul edir. 1.2. Məcburi köçkünlər “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə və bu qaydalarla müəyyən edilmiş müddətdə “məcburi köçkün” statusu almaq hüququna malikdirlər. 1.3. Məcburi köçkün əvvəl adətən yaşadığı yerə qayıtdıqda və ya həmin regionda müəyyənləşdirilmiş ölçüdə başqa yaşayış yeri ilə əvəzsiz qaydada təmin edildikdə, bu mümkün olmadıqda, dövlətin xüsusi qərarı ilə müəyyənləşdirilmiş səviyyədə yaşayış yeri ilə təmin edildikdə “məcburi köçkün” statusunu itirir.
11. İPM-in müvafiq müddəalarında nəzərdə tutulmuşdur: Maddə 8.Məhkəmə aidiyyətinin müəyyənləşdirilməsi 8.1. İnzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: (-) 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır.Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; (-) 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. 8.2. Predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.3. Mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. 8.4. Tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirdiyi hallarda, mübahisəyə baxılmasının onun səlahiyyətinə aid olması barədə məsələ məhkəmə tərəfindən həll edilir. (-) 8.6.İnzibatiməhkəmənin aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra həmin qərardad apellyasiya instansiyası məhkəmələrinininzibatikollegiyaları və ya bu Məcəllənin 9.1.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir. Apellyasiya instansiyası məhkəməsinininzibatikollegiyasının aidiyyətlə bağlı qərardadı qanuni qüvvəyə mindikdən sonra, mübahisə ilə bağlı işin göndərildiyi məhkəmə üçün məcburidir.
MƏHKƏMƏNİN MÖVQEYİ
12. Aşağıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
13. Məhkəmə qeyd edir ki, iddianın ərazi aidiyyətini müəyyən etmək üçün, ilk növbədə iddianın növü müəyyən olunmalıdır.
14. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
15. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
16. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.
17. İPM-in 8.1.2-ci maddəsinin məzmunundan görünür ki, mübahisələndirmə, məcburetmə və öhdəliyin icrası haqqında iddialara baxılmasının ərazi aidiyyəti ilk növbədə cavabdeh inzibati orqanın yerləşdiyi yerlə, inzibati orqanın səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə etdiyi halda isə iddiaçının yaşayış yeri və ya olduğu yer ilə müəyyənləşdirilir.
18. Qeyd edilməlidir ki, İPM-in 8.1.2-ci maddəsinə 9 iyul 2021-ci il tarixli 365-VİQD nömrəli Qanunla əlavə edilmiş və 2021-ci il oktyabrın 1-dən qüvvəyə minmiş redaksiyasına əsasən bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur.
19. İş materialında olan iddiaçının atasına məxsus “məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, o, Laçın rayonunda qeydiyyatdadır və Nəsimi rayonunda məskunlaşmışdır.
20. Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na görə, Laçın rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (18.12). Bakı şəhəri Nəsimi rayonu isə Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (15.6).
21. Məhkəmənin sorğusuna cavab olaraq cavabdeh orqanın məktubundan görünür ki, İddiaçı ünvan 3 ünvanında müvəqqəti qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır kəndində faktiki məskunlaşmışdır.
22. Beləliklə, iddiaçının atası Laçın rayonunda qeydiyyatdadır, özü Bakı şəhərində müvəqqəti məskunlaşıb, Abşeron rayonunda isə faktiki məskunlaşmışdır.
23. Qeyd olunan ünvanların hər biri ayrı-ayrı inzibati məhkəmələrin yurisdiksiyasına düşür.
24. Məhkəmənin mövqeyinə görə isə iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə qeydiyyatla bağlı Ali Məhkəmənin mövqeyi olduğunu nəzərə alınarsa, iddiaçının müvəqqəti qeydiyyatda olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Bakı İnzibati Məhkəməsidir.
25. Əks halda, müvəqqəti qeydiyyata düşmənin heç bir əhəmiyyəti qalmır. Çünki, şəxs faktiki yaşadığı yer üzrə müvəqqəti qeydiyyata düşə bilər. Müvəqqəti qeydiyyata düşmənin özü “faktiki” münasibətlərdən irəli gəlir.
26. Bununla bağlı məhkəmə nəzərə alır ki, hər nə qədər məcburi köçkün düşmüş şəxslər öz “müvəqqəti qeydiyyata düşdüyü yer üzrə” konstitusion hüquqlarından istifadə edirlərsə (səsvermə kimi), deməli, bu hal məhkəmə orqanlarına müraciət edilən zaman da əsas götürülməlidir.
27. Azərbaycan Respublikası vətəndaşlarının olduğu yer üzrə qeydiyyatı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununa və həmin Qanunun tətbiqi haqqında Əsasnaməyə əsasən həyata keçirilir.
28. Qanunun 10-cu maddəsinə əsasən, vətəndaşın olduğu yer üzrə qeydiyyatı yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmadan aparılır. Yaşayış yerindən kənarda 60 gündən artıq müvəqqəti yaşamaq istəyən vətəndaş həmin yerə gəldikdən sonra 7 gün ərzində (istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla) internet üzərindən DİN Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin saytına daxil olmaqla olduğu yer üzrə qeydiyyata alınır. Vətəndaş olduğu yerdən getdikdə müvafiq icra hakimiyyəti orqanı onu olduğu yer üzrə qeydiyyatdan çıxarır.
29. Bundan əlavə, olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsi ilə inzibati məsuliyyətə səbəb olur: vətəndaşın olduğu yer üzrə qeydiyyatdan keçməməsinə, yaxud qeydiyyata alma və qeydiyyatdan çıxma qaydalarına əməl etməməsinə görə xəbərdarlıq edilir və ya otuz manat məbləğində cərimə edilir.
30. Beləliklə, məhkəmənin qeyd olunan bütün normaları və onların tənzimetmə funksiyasının olduğunu nəzərə alaraq belə hesab edir ki, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilməlidir.
31. İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir.
32. İPM-in 8.5-ci maddəsinə əsasən, bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ:
33. Şərh edilənlərə əsasən və İPM-in 8.1.3, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusu və onu təsdiq edən sənədin verilməsi” tələbinə dair inzibati iş aidiyyəti üzrə baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova