Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5018/2024 13.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “qeyri-yaşayış sahəsinin istismara icazə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 dekabr 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 23 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarışdan görünür ki, Quba rayonu, Amsar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid, əkin məqsədli istifadə növünə aid olan 0,920036 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir.
2. Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinin 7 iyun 2024-cü il tarixli, 5-61/2-V-36-131/2024 nömrəli məktubundan görünür ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir. Qeyd olunanlara əsasən Quba rayonu, Amsar kəndində yerləşən tikiliyə istismara icazə sənədinin verilməsi mümkün olmamışdır.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 23 oktyabr 2024-cü il tarixli, 3-21-3-34/2-12521/2024 nömrəli məktubu ilə Quba rayonu, Amsar kəndi ərazisində yerləşən torpaq sahəsinə verilmiş 23 sentyabr 2006-cı il tarixli, **********47 reyestr, ********* qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş sənədlərin surəti təqdim edilmişdir: - Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən MH seriyalı, ******* nömrəli, 23 sentyabr 2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli çıxarış (§1); - 9 sentyabr 2006-cı il tarixli, AN seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”ndən görünür ki, satıcılar X1, Şəlalə, Xədicə, X7 rayonu, Amsar kəndində yerləşən 9200,36 kv.m torpaq sahəsini İddiaçı mülkiyyətinə vermişdirlər; - “Torpağa mülkiyyət hüququna dair” JN-340, KOD 30307018 Dövlət Aktından görünür ki, Quba Rayon Aqrar İslahat Komissiyasının 3 may 1997-ci il tarixli, 04 nömrəli qaərarı ilə 1,15 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün X3 və onun ailə üzvləri X1, X2, Əliyeva XalidəTahir qızı, X4 verilmişdir.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
4. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyriyaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin və inşa edilmiş qeyriyaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollaması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi işin hallarına (§1-2) istinad edilərək onunla əsaslandırılmışdır ki, Quba rayonun Amsar kəndində yerləşən 0,920036 ha kənd təssərüfat təyinatlı torpaq sahəsi üzərində iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmişdir. Həmin torpaq sahəsi tam mülkiyyət hüquqi ilə iddiaçıya məxsusdur, yəni onun xüsusi mülkiyyətindədir. Bildirilir ki, Azərbaycan Respublikasında tikinti sahəsində biznes mühitinin əlverişliliyinin davamlı artırılması, şəhərsalma və tikinti inzibatçılığı prosedurlarının sadələşdirilməsi, tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Tikinti sektorunda davamlı islahatların aparılması iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şərait yaratmışdır. Quba rayonun Amsar kəndində inşa etdiyi qeyri-yaşayış təyinatlı tikinti obyektinin istismarına icazə verilməsi üçün mövcud qaydalara əsasən tərəfindən Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinə müraciət olunmuşdur. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023-cü il tarixli Fərmanından və qanunvericilikdən irəli gələn tələblərə uyğun olaraq müvafiq qurumlar tərəfindən yoxlamalar aparıldıqdan sonra tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin istismarına icazə verilmiş və həmin qeyri-yaşayış sahəsi istismara qəbul edilməsi üçün müvafiq sənədlərlə birlikdə aidiyyəti üzrə Quba Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Lakin Quba Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş 7 iyun 2024-cü il tarixli, 5-61Q-V-36-131/2024 nömrəli məktubda Quba rayonu, Amsar kəndində inşa edildiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin mümkün olmadığı bildirilmişdir və mümkünsüzlüyün səbəbi qeyri-yaşayış binasının kənd təsərrüfatı təyinatlı torpaq sahəsində inşa edilməsi bildirilmişdir. Lakin qeyd edilir ki, bütün aidiyyəti qurumların müsbət rəy verməsinə baxmayaraq Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi qanunsuz və əsassızdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməməsi iqtisadiyyatın ayrı-ayrı sahələrində sahibkarlıq təşəbbüslərinin həyata keçirildiyi müxtəlif təyinatlı qeyri-yaşayış binalarının inşasına əlverişli şəraitin yaradılmasının qarşısının alınmasıdır. Quba Rayon İcra Hakimiyyəti tərəfindən istismara icazə sənədinin verilməməsi iddiaçının konstitusion hüquqlarını kobud şəkildə pozmuşdur. Hesabb edir ki, mülkiyyətində olan Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin Quba Rayon İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulması barədə qərar qəbul edilməlidir. Buna görə də hazırkı iddia ərizəsi ilə müraciət edilir.
6. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 26, 60, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 19.1-ci maddələrinə, Azərbaycan Respublikası Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər” haqqında 14 iyun 2023-cü il tarixli Fərmanına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 13, 35.1, 58.7, 68.1, 68.2-ci maddələrinə istinad olunmuşdur.
7. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
8. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
9. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
10. Etiraz onunla əsaslandırılmışdır ki, sənədlərə baxış zamanı müəyyən edilmişdir ki, tikilinin yerləşdiyi torpaq sahəsi kənd təsərrüfatı təyinatlıdır və gələcəkdə həmin ərazidə bu kimi obyektlərin inşası və infrastrukturun qurulması nəzərdə tutulmamışdır. Belə ki, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş bu kimi tikililərə o halda icazə sənədi verilə bilər ki, gələcəkdə həmin ərazilərdə yaşayış məntəqələrinin salınması və buna uyğun infrastrukturun qurulması nəzərdə tutulmuş olsun. Lakin iddiaçının tikinti işi apardığı sahə ilə əlaqədar hər-hansı dəyişiklik nəzərdə tutulmamış və həmin ərazinin mövcud təyinatına uyğun formada istifadə edilməsi məqsədəmüvafıq hesab edilmişdir.
11. Etirazın maddi hüquqi əsası kimi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanının 1.8-ci bəndinə istinad olunmuşdur.
Etiraza iddiaçının münasibəti:
12. İddiaçı etiraza cavab məktubunu təqdim edərək, aşağıdakıları qeyd etmişdir: Azərbaycan Respublikası Prezidentinin "Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2023-cü ii 14 iyun tarixli 2181 nömrəli Fərmanının: 1) 1.1.2-ci maddəsinə əsasən qeyd edir ki, torpaq sahəsinin kateqoriyasının uyğun olub-olmamasını yoxlayaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məlumat vermək vəzifəsi cavabdehin üzərinə yox, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə goyulmuşdur. 2) 1.1.3-cü maddəsinə əsasən qeyri-yaşayış obyektinin istismara hazır olubolmaması barədə rəyi Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərdib edir və Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, yerli icra hakimiyyəti orqanına göndərir, yəni bu mərhələdə də cavabdehin rəy bildirmək hüququ və səlahiyyəti yoxdur. 3) 1.1.3-cü maddəsinə əsasən əgər müayinələr zamanı nəticələr mənfi olsaydı, catışmamazlıqlar olsaydı iddiaçıya bunu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi rəsmi bildirməli idi. Belə bir durum mövcud deyil. 4) 1.1.5-ci maddəsinə əsasən cavabdehin müayinələrə müdaxilə etməsi, qeyriyaşayış obyektinin istismara hazır olub-olmaması, torpaq sahəsinin kateqoriyasının uyğun olub-olmaması barədə rəy bildirmək hüququ yoxdur. Cavabdeh sadəcə ona Nazirlik tərəfindən göndərilən istismara icazə veriləcəyi barədə bildirişi hazırlayıb təqdim etməlidi. 5) Fərmanın 3.4-cü maddəsinə əsasən torpaq sahələrinin kateqoriyasının dəyişdirilməsi Fərmanda nəzərdə tutulub və bu məsələ Xidmətə həvalə olunub.
c) Tərəflərin iştirakı və izahatları:
13. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, mübahisələndirilən torpaq sahəsində kafe-restoran obyekti inşa edilmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir.
15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
17. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə göndərilmiş 27 iyun 2024-cü iln tarixli teleqramda işə onun iştirakı olmadan baxılması, iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.
18. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
19. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
20. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
21. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
22. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
23. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
b) Tətbiq edilən hüquq:
24. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 1. Əsas anlayışlar 1.0. Bu qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir; 1.0.4. Qeydiyyat orqanı - daşınmaz əmlakın dövlət reyestrini tərtib edən və aparan müvafiq icra hakimiyyəti orqanıdır; Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır.
“Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir.”
“Maddə 3. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik 3.1. Daşınmaz əmlaka hüquqların qeydiyyatı haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, Mülki Məcəlləsindən, bu qanundan və digər normativ-hüquqi aktlardan ibarətdir. ...”
“Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...”
26. “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 14 iyun 2023-cü il tarixli, 2181 nömrəli Fərmanı:
“... 1.8. şəhər inzibati ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından, habelə rayon inzibati ərazi vahidlərinin inzibati bölgüsünə daxil olan şəhər, qəsəbə və kənd ərazi vahidlərinin inzibati ərazisinin hüdudlarından kənarda kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir; ...
8. Nazirlik, Komitə, Xidmət və müvafiq yerli icra hakimiyyəti orqanları tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün bu Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin etsinlər.”
27. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:
Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.
2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
Maddə 9. Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi
1. Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir.
2. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları.
3. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq həyata keçirilir. Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.
Maddə 10. Torpaqların məqsədli təyinatı və hüquqi rejimi
1. Torpaqların məqsədli təyinatı - torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir.
2. Torpaqların hüquqi rejimi - torpaqların istifadəsinin, mühafizəsinin, uçotu və monitorinqinin həyata keçirilməsi sahəsində torpaq, şəhərsalma, su, meşə, yerin təki və təbiəti mühafizə haqqında qanunvericilik aktları ilə müəyyən edilmiş qaydaların məcmusudur və müəyyən torpaq kateqoriyasına aid edilmiş torpaq sahələrinin hamısına şamil edilir.
3. Bir çox kateqoriyalara aid edilmiş eyni torpaqlarda hər bir kateqoriya üçün müəyyən edilmiş qaydalar və məhdudiyyətlər qüvvədədir. Torpaq sahəsinin hüquqi rejimi barədə mübahisə zamanı daha ciddi hüquqi rejimə malik olan torpaq kateqoriyasına üstünlük verilir.
4. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejimi qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. 4-1. Yay və qış otlaqları, örüş və biçənək sahələri istisna edilməklə, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədilə kənd təsərrüfatı yerlərinin məqsədli təyinatının dəyişdirilməsi torpaq sahələrinin mülkiyyətçiləri (onların razılığı ilə istifadəçiləri və icarəçiləri) tərəfindən həyata keçirilir və onların müraciəti əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparıldığı andan başa çatır.
Maddə 11. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi
1. Torpaq sahələrinin məhdudiyyətli istifadəsi — torpaq sahəsindən onun məqsədli təyinatı, habelə müəyyən edilmiş məhdudiyyətlər və öhdəliklər nəzərə alınmaqla istifadədir.
2. Torpaq sahəsinin məhdudiyyətli istifadəsi torpaqların zonalaşdırılması, şəhərsalma və yerquruluşu sənədləri əsasında həmin torpaq sahəsi üzərində olan hüquqların formasından asılı olmayaraq müəyyən edilir.
3. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin əhatə etdiyi tələblər müvafiq normativ-hüquqi aktlarla tənzimlənir.
4. Torpaq sahəsinin məhdudiyyətli istifadəsinin özbaşına dəyişdirilməsinə yol verilmir.
28. MM-in müvafiq müddəalrında aşağıdakılar nəzərdə tutulmuşdur:
“Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.2. Daşınar əmlaka hüquqlar yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda dövlət qeydiyyatına alınmalıdır. 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ...”
29. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”
30. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar ... 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi;
“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”
Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz.
31. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”
“Maddə 68. Məhkəmə qərarının əsası
68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”
“Maddə 74. Diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü
İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır.”
c) Məhkəmənin mövqeyi
32. Qanunvericiliyin tələbindən də göründüyü kimi, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
33. İddiaçı tələbinin əsası kimi, Quba rayonun Amsar kəndində yerləşən 0,920036 ha kənd təssərüfat təyinatlı torpaq sahəsi onun mülkiyyətində olmasına, həmin torpaq sahəsi üzərində tərəfindən qeyri-yaşayış obyektin inşa edilməsinə, müvafiq qurumlar tərəfindən yoxlamalar aparıldıqdan sonra tərəfindən həmin qeyriyaşayış sahəsinin istismarına icazə verilmiş və istismara qəbul edilməsi üçün müvafiq sənədlərlə birlikdə aidiyyəti üzrə cavabdeh orqana göndərilməsinə istinad edir. Həmçinin cavabdehin etirazına cavab olaraq bildirmişdir ki, cavabdehin müayinələrə müdaxilə etməsi, qeyri-yaşayış obyektinin istismara hazır olubolmaması, torpaq sahəsinin kateqoriyasının uyğun olub-olmaması barədə rəy bildirmək hüququ yoxdur.
34. Cavabdeh isə etirazını onunla əsaslandırır ki, mübahisələndirilən torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı torpaq sahəsidir və gələcəkdə həmin ərazidə yaşayış məntəqələrinin salınması və buna uyğun infrastrukturun qurulması nəzərdə tutulmamışdır.
35. Məhkəmə tərəfindən aparılmış araşdırılma zaman müəyyən edilmişdir ki, Quba rayonu, Amsar kəndində yerləşən kənd təsərrüfatı təyinatlı torpaqlara aid, əkin məqsədli istifadə növünə aid olan 0,920036 ha torpaq sahəsi iddiaçının mülkiyyətindədir. O, həmin ərazidə qeyri-yaşayış bina inşa etmişdir, həmin tikiliyə istismara icazə sənədinin verilməsi tələbi ilə cavabdeh orqana müraciət etmiş, cavabdeh isə yuxarıda qeyd edilmiş səbəblərə əsaslanaraq, müraciətinin icrasından imtina etmişdir.
36. Aparılmış araşdırılma əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.
37. Belə ki, iş materiallarında mövcud olan iddiaçının adına verilmiş torpaq sahəsinə dair çıxarışdan və torpaq sahəsinin əvvəlki sahiblərinə verilmiş Dövlət Aktından müəyyən edilir ki, həmin torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi üçün ayrılmışdır.
38. İddiaçının istinad etdiyi “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmana əsasən kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən qeyri-yaşayış binalarının istismarına icazə həmin binanın yerləşdiyi torpaq sahəsinin qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişikliklər nəzərə alınmaqla verilir.
39. Cavabdeh isə bildirir ki, hazırda qeyd edilmiş torpaq sahəsinin yaşayış məntəqələrinin salınması və buna uyğun infrastrukturun qurulması planlaşdırılmır və kənd təsərrüfatı təyinatına uyğun formada istifadə edilməsi məqsədəmüvafıq hesab edilmişdir.
40. İddiaçı həmçinin qeyd edir ki, cavabdeh orqan hazırkı mübahisə predmeti ilə əlaqədar imtina vermək səlahiyyətli deyildir, digər müvafiq orqanlar tərəfindən verilmiş rəylər əsasında sənədləşdirməni aparmalı idi.
41. Məhkəmə iddiaçının dəlili ilə razılaşmayaraq belə nəticəyə gəlir ki, cavabdeh orqan diskresion səlahiyyətlərindən düzgün istifadə etmiş, iddiaçının müraciətinin icrasından imtina etmişdir.
42. Yuxarıda sadalanmış normaların məzmunundan aydın olur ki, diskresion səlahiyyət qanunla müxtəlif cür nəzərdə tutula bilər. Qanun müəyyən hərəkəti etməyi inzibati orqan üçün vəzifə kimi müəyyən edə, lakin hərəkətin formaları arasında seçim qoya bilər. Həmçinin, qanun inzibati orqan üçün müəyyən hüquqi nəticəni əldə etməyi vəzifə kimi müəyyənləşdirə və bu nəticənin əldə edilməsi üçün istifadə edilən vasitələr arasında seçim etməyi nəzərdə tuta bilər. Hər bir şəxsin inzibati orqandan diskresion səlahiyyətin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqan diskresion səlahiyyətdən qanunla müəyyən olunmuş qaydada istifadə etməlidir. İnzibati orqanın diskresion səlahiyyətləri həyata keçirməsi zamanı iki cür qüsurun ola bilməsi ehtimalını göstərir; inzibati orqanın diskresion səlahiyyətlərin həddini aşması və inzibati orqanın diskresion səlahiyyətdən onun qanunla müəyyən olunmuş məqsədinə uyğun istifadə etməməsi.
43. Belə ki, yuxarıda qeyd edilmiş müvafiq Fərmanın müddəalarına əsasən Nazirlik, Komitə, Xidmət və müvafiq yerli icra hakimiyyəti orqanları tikinti obyektlərinin istismarına icazə verilməsindən irəli gələn səlahiyyətlərin səmərəli və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün Fərmanın icrası müddətində qarşılıqlı məlumat mübadiləsini təmin etməlidirlər.
44. Hazırda torpaq sahəsinin ərazi aidiyyət üzrə aid olan yerli icra hakimiyyəti Quba Rayon İcra Hakimiyyəti olduğundan, digər müvafiq orqanlar tərəfindən tikintinin istismarına icazə verilsə də, cavabdeh orqanın, torpaq sahəsinin təyinatını, qüvvədə olan ərazi planlaşdırılması sənədlərində, habelə hazırlanmaqda olan həmin sənədlərin layihələrində torpaqların zonalaşdırılmasında nəzərdə tutulmuş dəyişiklikləri nəzərə alaraq, icazə verilməsi də mütləqdir.
45. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını və qeyd edilənləri işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
46. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
47. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddiaçı cavabdeh Azərbaycan Respublikası Quba Rayon İcra Hakimiyyətinə qarşı “Quba rayonu, Amsar kəndində inşa etdiyi qeyri-yaşayış sahəsinin istismara icazə sənədinin verilməsinin və inşa edilmiş qeyri-yaşayış binasının mülkiyyət hüququnu təsdiq edən çıxarışın alınması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanına yollaması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova