Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-503/2022 28.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə qarşı iddia qaldıraraq “müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 08 fevral 2022-ci il tarixli 2-1(118)-503/2022 saylı qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, 1937-ci il təvəllüddür. Uzun illər Şərur rayon avtobazasında avtobus sürücüsü işləmişdir. Erməni işğalçılarına qarşı məlum hadisələrlə bağlı səfərbərlik elan olunduğu üçün onlarda hər gün əsgərləri postlara aparıb gətirirmiş və həmin vaxtlar da sığınacaqlarda qalmışlar. Həmçinin onlara, o cümlədən də ona döyüşməkdən ötrü silah da verirdilər. O, digər yoldaşları ilə birlikdə döyüş əməliyyatlarında iştirak etmişdir. Qanunla ona müharibə veteranı vəsiqəsi verilməlidir. Elə buna görə də ona Azərbaycan Vətən müharibəsi Veteranları Birliyi tərəfindən 07 iyul 1999-cu ildə “müharibə veteranı” adı və vəsiqəsi verilmişdir. O, müharibə veteranı kimi imtiyazlardan istifadə etmişdir. Lakin sonradan bu veteranlığı, yəni vəsiqəni ləğv edib, yeni veteranlıq vəsiqəsi (göy kitabça) vermişlər. Hazırda o rəsmi olaraq veteran deyildir. Uzun müddət xəstə olduğu üçün bu işin dalınca düşə bilməmiş, yəni sənədlərini aidiyyatı üzrə toplayıb verə bilməmişdir. Halbuki “Veteranlar haqqında” Azərbaycan Respublikasının 28 iyun 1994-cü il tarixli 841 N-li Qanununun 3-cü maddəsinə əsasən döyüş əməliyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. O bu adı qazanmaq üçün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinə müraciət etmişdir. Lakin həmin DK 25.12.2019-cu il tarixli cavab məktubu ilə ona mənfi cavab verilmişdir. Ona məhkəməyə müraciət etməli olması bildirilmişdir. Onun hərbi biletində də döyüşlərdə iştirak etməsi göstərilmişdir və şahidləri X2, X5, X6 və başqaları da vardır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya münasibəti məhkəməyə daxil olmamışdır. İş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin iddiaya qarşı yazılı münasibətində qeyd olunmuşdur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsindən görünür ki, iddiaçı ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsini tələb edir. İddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, iddiaçının “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı sonuncu müraciəti 25.12.2019-cu il tarixdə olmuş və bununla iddianın verilməsi müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 05 nömrəli Qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır". Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçıya məxsus НЗ ******* saylı hərbi biletdən görünür ki, iddiaçı 1990-cı ildən 1992-ci ilədək Sədərək döyüşlərində iştirak etmişdir. - X3, X4, X1 notarial qaydada təsdiq edilmiş ərizələrində 1990-1992-ci illərdə kənd sakini İddiaçı Sədərək döyüşlərində iştirak etdiyini qeyd etmişlər. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 10.01.2022-ci il tarixli 4/3-76 sayıl məktubunda qeyd edilmişdir ki, İddiaçı “Müharibə veteranı” adı və vəsiqəsi Müdafiə Nazirliyinin aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən verilməmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 17 fevral 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Nazirliyin “Sosial ödənişlər” altsisteminin məlumat bazasına əsasən İddiaçı müharibə veteranı kimi Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin edilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı 25.12.2019-cu il tarixli məktubundan görünür ki, ona “Müharibə veteranı” statusunun verilməsindən imtina olunmuşdur. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Məhkəmə üçüncü şəxsin iddiaçı tərəfindən müddətin ötürüldüyünə dair dəlilinə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrasına dair iddia növünə aid olduğundan və həmin iddialar üçün qanunvericilikdə müddət müəyyən olunmadığından, cavabdehin həmin dəlili əsassızdır. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslı iddia deyildir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Həmin Qanunun qeyd hissəsində göstərilmişdir ki, həmin maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı adının verilməsi qaydası və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri" haqqında Əsasnamənin 1-ci bölməsinə əsasən, müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara– müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Həmin Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Yuxarıda qeyd edilən normaların məzmunundan aydın olur ki, veteran adı və müvafiq veteran vəsiqəsi əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə verilir. Lakin, hazırkı iş üzrə iddiaçının ordu sıralarından qanuni əsaslarla ehtiyata buraxılması hər hansı bir mötəbər sübutla təsdiq olunmur. Yuxarıda qeyd olunan normaların tələbindən də göründüyü kimi, iddiaçıya müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün qanunvericiliklə müəyyənləşdirilmiş zəruri şərtlərdən biri də onun qanuni əsaslarla ehtiyata buraxılmasının təsdiq olunmasıdır. Lakin iddiaçı yuxarıda qeyd edilən halları təkzib edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş materiallarına əlavə edilmiş arxiv arayışında da iddiaçının hərbi xidmətdən tərxisi ilə bağlı əmrin olduğu müəyyən edilməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. İddiaçı iş materiallarına 52123 saylı və 046465 saylı vəsiqələr əlavə etmişdir ki, məhkəmə araşdırması zamanı ona müharibə veteranı statusunun verildiyi və həmçinin ona bu statusa görə ödənişlərin edildiyi müəyyən edilməmişdir. Məhkəmə əlavə olaraq qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtinanı zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı hərbi hissədən qanuni əsaslarla tərxis edilməsini sübut edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-503/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-503/2022
28.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver