Məhkəmə qərarları › İş №2-1(118)-503/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-503/2023

13.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-503/2023 13.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi ilə, İddiaçı (Quba rayonu Talabaqışlaq kəndində yaşayan) və nümayəndəsi Vəkil (fərdi qaydada fəaliyyət gösətən vəkil, Bakı şəhəri, 8-ci mikrorayon, 107 saylı evdə yaşayan) İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı Quba rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli 54 nömrəli əmrinin ləğv edilməsi, işə bərpa və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək Quba rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli 54 nömrəli əmrin ləğv edilməsi, əvvəllər tutduğu Quba rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İnzibati Ərazi İdarəsi üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2019-cu il tarixli 66 nömrəli əmri ilə xx.xx.2019-cu il tarixdən rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Həmin tarixdən etibarən işlədiyi müddətdə öz vəzifəsinin öhdəsindən şərəflə gəlmiş, işə məsuliyyətlə yanaşaraq, heç bır pozuntuya yol verməmişdir. Buna baxmayaraq Quba rayon İcra Hakimiyyəti Başçısı ona qarşı qərəzli münasibət göstərməyə başlamışdır. Belə ki, əvvəlcə o, əsassız və qanunsuz olaraq tutduğu vəzifədən azad edilmişdir. Bu qərəzli münasibətə səbəb isə qardaşı iddiaçının X5 rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsindən azad edilməsi olmuşdur. Belə ki, 02 iyun 2020-ci il tarixdə Quba RİHB aparatının şöbə müdiri İlham Quliyev, “Təmiz Quba” MKTB-nin rəisi Vüqar Əhmədli, Talabıqışlaq İƏD üzrə nümayəndə İddiaçı və Talabıqışlaq bələdiyyəsinin sədri Mahir Məmmədov tərəfindən qanunsuz və İcra Hakimiyyəti Başçısının əsassız göstərişi ilə akt tərtib edilmişdir. Aktda göstərilənlərin heç biri həqiqəti əks etdirmir. Əvvəla, akt birtərəfli qaydada tərtib edilmiş, buna görə də əsaslı hesab edilə bilməzdi. Bundan əlavə aktda göstərilən şəxslər – iddiaçının bacısı, qardaşı və digər şəxslər iddiaçıdan daha öncə, 6 ay əvvəl vəzifəyə təyin edilmişlər. Həmin şəxsləri o, işə götürməmiş, onlar DOST X7 ilə Quba rayon İcra Hakimiyyəti tərəfindən işə götürülmüşlər. Həmin aktda göstərilən işçilər iddiaçının işçiləri olmamışlar, iddiaçıya heç bir tabeçiliyi belə olmamışdır. Onlardan bəzisi iddiaçının qohumu olsa da, eyni kənddə yaşadığıqları üçün iddiaçıdan bir neçə ay əvvəl işə götürülmüşlər. İddiaçının bacısı Simuzər Ömərova özünün 1-ci qrup əlil övladı Ömərov Amətə qulluq etdiyinə görə işə götürülmüşdür. Onlara əmək haqqını da DOST İş Mərkəzi ödəyir. Aktda adı çəkilən Aslanov Qurban da yalnız xx.xx.2020-ci ildə bir günlük uşağını Quba şəhər Xəstəxanasına müalicəyə apardığı üçün işdə olmamışdır. Ümumiyyətlə, onlar iddiaçının işçiləri olmadığına görə onlara hər hansı göstəriş vermək səlahiyyəti olmamışdır. Aktda və xx.xx.2020-ci il tarixli əmrdə yazılanlar yalan və şər olmuşdur. Bununla əlaqədar Quba rayon Prokurorluğunda da araşdırma aparılmış, aktda adı çəkilən şəxslərin izahatları alınmış, iddiaçının tərəfindən hər hansı pozuntuya yol verilmədiyi aşkar olunmuşdur. Quba rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2020-ci il tarixli 42 nömrəli əmri ilə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi İddiaçı 03 iyun 2020-cı il tarixdən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı həmin əmri məhkəmə qaydasında mübahisələndirmiş və iddia tələbi Sumqayıt İnzibatı Məhkəməsinin 2-1(118)-207/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə təmin edimişdir. Həmin qərar yuxarı instansiya məhkəmələrinin qərarları ilə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra məhkəmə tərəfindən qərar icraya yönəldilmişdir. Qeyd olunan icra sənədi əsasında RİHB-nin 03 iyun 2022-ci il tarixli, 42 saylı əmri ləğv edilmiş və iddiaçı stajçı kımı işə bərpa edilmişdir. Lakin məsələ ondadır ki, Quba rayon İcra Hakimiyyəti, İcra Hakimiyyəti Başçısı ona qarşı qərəzli münasibət göstərməyə və yenidən işdən çıxarmaqla bağlı qanunsuz əməllər etməyə davam etmişdir. Belə kİ, Quba rayon İcra Hakimiyyəti Başçısının 53 saylı 04 iyul 2022-ci il tarixli əmri ilə o, formal olaraq, görünüş üçün işə bərpa edilmişdir. Həmin vaxt onun yerində başqa şəxs işləmiş və onun vəzifələrini icra etmişdir. Həmin şəxsin işdən azad edilmədən, onun işə bərpa edilməsi və bu əmrin formal olduğunu sübut edir. Göründüyü kimi, məni rəsmi olaraq işə götürüb qərarları guya icra etsələr də, mahiyyət etibarı ilə qərar icra edilməmiş, iddiaçı əvvəlki vəzifəsinə qaytarılmamışdır. Bundan əlavə o, məhkəmə qərarının icrasının nəticəsi kimi Quba rayon İcra Hakimiyyəti Başçısı tərəfindən işinə bərpa edilsə də, cəmi 1 (bir) gün sonra qəbul edilmiş, yəni 54 saylı 05 iyul 2022-ci il tarixli əmrlə heç bir qanuni əsas, fakt olmadan yenidən işdən azad edilmişdir. Hər iki əmr iddiaçıya poçt vasitəsilə xx.xx.2022-ci il tarixdə eyni gündə bir zərfin içərisində təqdim olunmuşdur. Təkcə onu qeyd etmək kifayətdir ki, bir gün ərzində (işə bərpa edilməsi xx.xx.2022-ci il, işdən azad edilməsi xx.xx.2022-ci il tarixli əmrlə olmuşdur) kuratorun iddiaçının vəzifəyə uyğun olub-olmaması ilə bağlı tövsiyə verməsi tamamilə absurddur. İddiaçı ümumiyyətlə işə çıxmamış, işə bərpa barədə əmri almamış, onu bir gün sonrakı tarixlə əsassız olaraq işdən çıxarmışlar. Quba rayon İcra Hakimiyyəti Başçısı bu əmri verərkən ona qarşı qanunsuz olaraq tərtib edilmiş və Sumqayıt İnzibati Məhkəməsi tərəfindən təkzib edilən, etimad göstərilməyən sənədlərə yenidən istinad etmişdir. Halbuki, iddiaya əlavə edilmiş həmin qərarlarda göstərilmişdir ki, cavabdehin istinad etdiyi sənədlərin heç bir hüquqi qüvvəsi qalmamışdır. Quba rayon İcra Hakimiyyəti tərəfindən “Dövlət qulluğu haqqında” 21 iyul 2000-ci il tarixli, № 926-İQ-li AR Qanununun 25.3-cü maddəsinin tələbləri də pozulmuşdur. Belə ki, dövlət orqanı rəhbərinin əmri ilə araşdırma aparılmalı olduğu halda, hər hansı araşdırma aparılmamış, iddiaçının izahatı belə alınmamışdır. Məhkəmə iclasında iddiaçı və nümayəndəsi iddianı müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının 26 sentyabr 2019-cu il tarixli, 66 saylı əmri ilə Quba rayon İcra Hakimiyyəti Başçısının Talabıqşlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə stajçı kimi təyin edilmişdir. Rayon icra Hakimiyyətinin əməkdaşı X1 dövründə İddiaçı işini istiqamətləndirmək, fəaliyyətinə nəzarət etmək və staj müddəti qurtardıqdan sonra onun sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim etmək üçün “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən kurator təyin edilmişdir.Kurator staj müddəti qurtardıqdan sonra yuxarıda qeyd olunan qanuna əsasən İddiaçı dövlət qulluğuna qəbul edilməsinin məqəsəduyğun olmadığı barədə tövsiyə verərək bildirmişdir ki, İddiaçı icra etdiyi işlə bağlı bilikləri və peşəkar vərdişləri yetərli olmadığından ona tapşırılan işlərin öhdəsindən gələ bilməmişdir. Ümumiyyətlə o, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 29.2-ci maddəsinin 4-cü abzasının tələblərinə uyğun olmadan (müsahibədən keçmədən) işə qəbul edildiyindən onun dövlət qulluğuna qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir. Həmçinin, İddiaçı icra nümayəndəsi işlədiyi müddətdə nümayəndəlikdə yaşayan əhali ilə söhbət aparılan zaman müəyyən edilmişdir ki, onun fəaliyyətindən narazıdırlar. O, insanların problemləri ilə maraqlanmır, onların ehtiyacları barədə rayon rəhbərinə lazımi qaydada məlumat vermir və rayon İcra Hakimiyyətinin məsul şəxsləri tərəfindən ona verilmiş tapşırıqları keyfiyyətli şəkildə icra edə bilmir. Bu hallar isə nümayəndəlikdə yaşayan insanların haqlı narazılıqlarına səbəb olur. Göstərilənlərlə yanaşı, İddiaçı ‘Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikası Qanunundan, “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin tələblərindən, “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair" təlimatdan və digər qanunvericilik aktlarından məlumatsız olduğu müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, stajçı kimi qulluğa qəbul olunmuş və vakant dövlət qulluğu vəzifəsinə təyin edilmiş İddiaçı dövlət qulluğuna qəbul edilməsi məqsədəuyğun hesab edilmir. RİHB-nin 03 iyun 2020-ci il tarixli, 42 saylı əmri ilə İddiaçı başqa səbəblərə görə (belə ki, həmin əmrdə kuratorun tövsiyəsinə qiymət verilməmişdir) tutduğu vəzifədən azad edilərək, onunla bağlanmış əmək müqaviləsinə xitam verilsə də, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-207/2021 saylı qərarına əsasən RİHB-nin əmri ləğv edilmiş və onun Quba RİHB-nin Talabıqışlaq İƏD üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsilə əlaqədar məhkəmə tərəfindən icra məktubu göndərilmişdir. Qeyd olunan icra sənədi əsasında RİHB-nin 03 iyun 2020-ci il tarixli, 42 saylı əmri ləğv edilmiş və Şahın Heybətov stajçı kimi işinə bərpa olunmuşdur.İddiaçı stajçı kimi işinə bərpa olunduqdan sonra, "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28.7-ci maddəsinə əsasən kuratorun tövsiyəsi nəzərə alınaraq (tövsiyə mənfi olduğundan) onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, vəzifəsindən azad olunmuşdur. İş materiallarında olan: -Quba rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2020-ci il tarixli 42 nömrəli əmrindən görünür ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə uyğun olaraq rayon İcra Hakimiyyəti Başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi İddiaçı 03 iyun 2020-ci il tarixdən tutduğu vəzifədən azad edilməklə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. -Sumqayıt İnzibatı Məhkəməsinin №21(118)-207/2021 saylı xx.xx.2021-ci il tarixli qərarından görünür ki, İddiaçı cavabdeh Quba rayon İcra Hakimiyyətinə qarşı Quba Rayon İcra Hakimiyyəti başçısının 03 iyun 2020-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının əvvəllər tutduğu Quba rayon İcra Hakimiyyəti başçısının Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsi üzrə işə bərpa edilməsi və işburaxma dövrü üçün itirilmiş əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi öhdəliyinin Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır. -Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1 (105)-305/2021 saylı xx.xx.2021 - ci il tarixli Qərarından görünür ki, cavabdeh Quba rayon İcra Hakimiyyətinin apellyasiya şikayətinin təmin edilməməsi və Sumqayıt İnzibati Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 2-1(118)-207/2021 saylı qərarının dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-331/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, cavabdehin kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının № 2-l(105)- 305/2021 saylı xx.xx.2021-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. - Quba rayon İcra Hakimiyyəti Başçısının 04 iyul 2022-cu il tarixli 53 nömrəli əmrindən görünür ki, Quba rayon İcra Hakimiyyəti Başçısının 03 iyun 2020-ci il tarixli 12 saylı əmri ləğv edilmiş və Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarilxi 2-1(118)-207/2021 saylı qərarına əsasən İddiaçı 04 iyul 2022-cu il tarixdən Quba RİHB Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə bərpa edilmişdir. -Quba rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-cu il tarixli 54 nömrəli əmrindən görünür ki, stajçı kimi qulluğa qəbul olunmuş və Quba RİHB Talabıqışlaq kənd İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmiş İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 05 iyul 2022-ci il tarixdən xitam verilmiş və o, vəzfiəsindən azad edilmişdir . ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının və nümayəndəsinin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı 26 sentyabr 2019-cu il tarixdən Quba rayon İcra Hakimiyyəti Başçısının Talıbıqışlaq İƏD üzrə nümayəndəsi vəzifəsində işləmişdir. 03 iyun 2020-ci il tarixdə o, rayon İcra Hakimiyyəti Başçısının əmri ilə tutduğu vəzifədən azad edilmişdir. Daha sonra onun iddiası təmin edilərək barəsində verilmiş əmr ləğv edilmiş və tutduğu vəzifəyə bərpa edilməsi qərara alınmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı 04 iyul 2022-ci il tarixdə icra edilərək o, əvvəl tutduğu vəzifəyə bərpa edilmişdir. Lakin bir gün sonra, yəni 05 iyul 2022-ci il tarixdə yenidən işdən çıxarılması barədə əmr verilmişdir ki, iddiaçı hazırda həmin əmri mübahisələndirir. Cavabdeh inzibati orqan İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmrdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.7-ci maddəsini rəhbər tutmuşdur. Cavabdehin istinad etdiyi həmin normanın tələblərinə görə müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlər vakant dövlət qulluğu vəzifəsinə təyin edilmək üçün 5 iş günü müddətində dövlət orqanının rəhbərinə təqdim olunurlar. Dövlət orqanının rəhbəri təqdim olunmuş namizədlərdən birini seçərək, altı ay müddətinə stajçı kimi qulluğa qəbul etməli və vakant dövlət qulluğu vəzifəsinə təyin etməlidir. Staj dövründə dövlət orqanı rəhbərinin təyin etdiyi kurator stajçının işini istiqamətləndirir, fəaliyyətinə nəzarət edir və staj müddəti qurtardıqdan sonra stajçının sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilməsinin məqsədəuyğun olub-olmadığı barədə tövsiyə təqdim edir. Tövsiyə müsbət olarsa, stajçı əmək müqaviləsi bağlamaq yolu ilə üç ay sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilir. Əmək müqaviləsində sınaq müddəti ərzində qulluq keçmənin şərtləri müəyyənləşdirilir. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verir və onunla müvafiq əmək müqaviləsi bağlayır. Daimi dövlət qulluğuna qəbul edilən şəxslə bağlanan əmək müqaviləsinin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Əvvəla, göründüyü kimi həmin norma müsabiqədən müvəfəqqiyətlə keçmiş və vakant dövlət qulluğu vəzifəsinə təyin edilən namizədlərə aiddir ki, iddiaçı həmin şəxslərə aid deyildir. Qeyd olunmalıdır ki, cavabdeh iddiaya etiraz ərizəsində özü iddiaçının “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qəbul edilmədiyini, yəni müsahibədən keçmədən qəbul edildiyini və bu əsasla qanunsuz olaraq işə götürüldüyünə istinad etmişdir. Sonra isə onun barəsində kurator tərəfindən mənfi rəy verildiyinə istinad edərək onu tutduğu vəzifədən azad etmişdir. Bundan başqa cavabdeh məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra edərək iddiaçını əvvəl tutduğu vəzifəyə bərpa etmişdirsə, bu onun əvvəlki stajının davamı olmuşdur və yeni təyin olunmuş şəxs hesab olunmamaqla onun barəsində kuratorun tövsiyyəsi əhəmiyyət daşımamalı idi. Bundan başqa onun sınaq müddəti ilə işə qəbul ediməsi barədə əmr və ya əmək müqaviləsi məhkəməyə təqdim olunmamışdır. Məhkəmə qeyd edir ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının 2020-ci ilin iyun ayında qanunsuz olaraq işdən azad edilməsi qənaətinə gəlinmişdir və həmin qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək, yəni 8 aydan artıq müddətdə həmin vəzifədə işləmişdir. Kuratorun tövsiyyəsi 6 ay bitdikdən sonra nəzərə alınmalı və bundan sonra inzibati orqanın rəhbəri stajçını 3 ay müddətinə işə qəbul etməlidir. Cavabdehin etiraza əlavə etdiyi kuratorun tövsiyyəsindən görünür ki, həmin tövsiyyə xx.xx.2020-ci il tarixdə, yəni 6 ay başa çatdıqdan sonra verilmişdir. Buna baxmayaraq iddiaçı barəsində heç bir əmr qəbul edilmədən xx.xx.2020-ci il tarixədək işləməyə və kifayət qədər məsuliyyətli vəzifəni daşımağa davam etmişdir. İki ildən sonra məhkəmənin qərarının icra edilməsi kimi iddiaçının əvvəl tutdluğu vəzifəyə bərpa edilməsi barədə əmr verilərkən isə cavabdeh yenidən xx.xx.2020-ci il tarixli tövsiyyəni nəzərə alaraq və yuxarıda göstərilən normaya istinad edərək onun tutduğu vəzifədən azad edilməsi barədə əmr vermişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş hallar öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Bununla bağlı məhkəmə hesab edir ki, iddia təmin edilməli, Quba rayon İcra Hakimiyyəti başçısının İddiaçı barəsində verdiyi 05 iyul 2022-ci il tarixli 54 saylı əmri ləğv edilməli, onun əvvəlki tutduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Quba rayon İcra Hakimiyyəti Başçısının 05 iyul 2022-ci il tarixli 54 saylı əmri ləğv edilsin. İddiaçı Quba rayon İcra Hakimiyyəti Başçısının Talıbıqışlaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsi vəzifəsinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi öhdəliyi cavabdeh Quba rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar