Məhkəmə qərarları › İş №2-1(118)-5035/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5035/2025

08.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5035/2025 08.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı Alıeva Raisanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Əzimova Pəri Mübariz qızının katibliyi, tərcüməçi X1, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı Alıeva Raisanın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğvi, Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 8 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Alıeva Raisaya məxsus Rusiya Federasiyasının 51 №7195832 pasportun surəti.

2. İ-MİO seriyalı, 720872 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 11 iyun 2001-ci il təvəllüdlü X5 atası - Quliyev Ali, anası X3.

3. Gulıeva Albınaya məxsus DYİ seriyalı, ******* nömrəli Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi”.

4. AZ-İİ seriyalı, 558737 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, X12 və İddiaçı 30 yanvar 2025-ci il tarixdə nikahlarını bağlamışlar.

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsindən imtina olunması haqqında” 17 fevral 2025-ci il tarixli, ******* nömrəli qərarı ilə Rusiya Federasiyasının vətəndaşı olan Alıeva Raisanın yaxın qohumluq münasibəti (nikah) əsasında Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə 30 yanvar 2025-ci il tarixli, 32469/m nömrəli müraciətinin təmin edilməməsi, Rusiya Federasiyası vətəndaşı ********* nömrəli pasporta malik olan Alieva Raisanın üzərinə 10 gün ərzində Azərbaycan Respublikasının hüdudlarından kənara çıxmaq öhdəliyin qoyulması və bəndin icrasına nəzarət edilməsi məqsədilə Miqrasiya nəzarəti baş idarəsinə məlumat verilməsi qərara alınmışdır.

6. “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə” Alıyeva Raisaya dair tərtib edilmiş 82211550 nömrəli bildirişdə qeydiyyatın son tarixi 20 may 2025-ci il olaraq göstərilmişdir.

7. X12 tərəfindən tərtib edilmiş bəyanat.

Cavabdeh tərəfindən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

8. AZ-İİ seriyalı, 558737 nömrəli “Nikah haqqında şəhadətnamə” (§4).

9. X7 dair tərtib edilmiş 30 yanvar 2025-ci il tarixli “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün ərizə-anket”.

10. X13 tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, o, Rusiya vətəndaşı Alıeva Raısa onun vəsatəti əsasında Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşama icazəsi alınmasına etiraz etməmişdir.

11. Həsənov Faiq tərəfindən verilmiş 30 yanvar 2025-ci il tarixli ərizədən görünür ki, o, Rusiya vətəndaşı Alıeva Raısanın ünvan 3 ünvana qeydiyyata alınmasına etiraz etməmişdir.

12. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə Aliyeva Raisa İbrahim tərəfindən verilmiş 4 fevral 2025-ci il tarixli yazılı izahat.

13. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə X16 tərəfindən verilmiş 4 fevral 2025-ci il tarixli yazılı izahat.

14. X8 dair Dövlət Miqrasiya Xidmətinin Sərhədkeçmə məlumatlarından elektron çıxarış.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

15. İddiaçı Alıeva Raisa (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 17 fevral 2025-ci il tarixli, ******* nömrəli qərarını ləğv edərək, iddiaçıya Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi işin hallarına (§1-6) istinad edilərək onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddətdir ki,X14 ilə faktiki nikah münasibətlərindədir, 30 yanvar 2025-ci il tarixdə onunla nikahını rəsmiləşdirmişdir. Belə ki, 2007-ci ildən Azərbaycan Respublikasında daimi olaraq yaşayır. Rusiya Federasiyasının vətəndaşı olsa da, Rusiya ilə hər hansı bağlılığı qalmamışdır. Rusiyada olan qohumları ilə münasibətləri tamamilə kəsilmiş, orada hər hansı əmlakı belə mövcud deyildir. Milliyətcə azərbaycanlıdır. Azərbaycan Respublikasının vətəndaşı milliyətcə azərbaycanlı olan Əli adlı şəxslə faktiki nikahdan 11 iyun 2001-ci il təvəllüdlü X11 adlı qızı vardır. Qızı iddiaçı ilə birlikdə 2007-ci ildən Azərbaycanda yaşayır. Ümumi və tam orta təhsilini Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbdə almış, Azərbaycan Respublikasının Prezidenti yanında X2 Dövlət və bələdiyyə İdarəetməsi ixtisası üzrə təhsil almışdır. Cavabdeh orqan tərəfindən qızına Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün 19 mart 2030-cu il tarixədək icazə vəsiqəsi verilmişdir. Hazırda da qızı iddiaçı ilə birlikdə qalır. Hazırkı rəsmi nikahda olduğu əri Asiflə birlikdə bir yerdə yaşayırlar. Rəsmi nikahları Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 2025-ci ilin yanvar ayının 30 günündə 14 nömrə ilə qeyd edilmiş, müvafiq nikah haqqında şəhadətnamə verilmişdir. Cavabdeh orqan tərəfindən nikahının saxta olmasının qənaətinə gəlinməsi və bu səbəbə görə müvəqqəti yaşamaq icazənin verilməsi barədə müraciətinin təmin edilməməsi əsassız və qanunsuzdur. İddiaçının Asiflə olan nikahı etibarsız hesab olunmamışıdr. Nikah bağlanarkən iddiaçının Azərbaycan Respublikasında qanunsuz olmağına dair cavabdeh orqan tərəfindən hər hansı bir rəsmi xəbardarlıq olunmamış, qanunvericiliyin tələbinə uyğun olaraq nikahı qeydiyyat orqanında rəsmiləşdirmişlər. Koronavirus pandemiyası ilə əlaqədar Azərbaycanda qalmağı ilə bağlı heç bir problem olmamışdır. Qanunvericilikdə olan müvafiq dəyişiklikdən sonra müvəqqəti yaşamaq üçün icazə vəsiqəsinin verilməsi barədə cavabdeh orqana müraciətindən sonra hazırda mübahisələndirdiyi qərar əsasında 10 gün ərzində ölkəni tərk etməyi barədə xəbərdarlıq edilmişdir. Hüquqlarını bilmədiyi üçün məcbur olub ölkəni tərk edərək bir neçə gündən sonra Azərbaycana ailə üzvlərinin yanına qayıtmışdır. 25 fevral 2025-ci il tarixədək Azərbaycan Respublikasında olmağına dair icazəsi vardır. İddiaçı hesab edir ki, Azərbaycan Respublikasının vətəndaşı ilə nikahı olduğundan müvəqqəti icazə vəsiqəsi verilməlidir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 60, 71, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 25.1, 25.2, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 2.2.1, 4.1, 12.1, 32.1, 70.1, 70.3-cü maddələrinə istinad olunmuşdur.

18. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq, işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri

20. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 45.1.1-ci maddəsində göstərilən əsasla (Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda) müvəqqəti yaşamaq üçün icazənin verilməsi ilə bağlı 30 yanvar 2025-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Müraciətin icrası ilə əlaqədar aparılmış araşdırma zamanı iddiaçının Azərbaycan Respublikasının ərazisində yaşamasını qanuniləşdirmək üçün məqsədli şəkildə Azərbaycan Respublikasının vətəndaşı 5 fevral 1976-cı il təvəllüdlü X12 ilə nikaha daxil olduğu müəyyən edilmişdir. X9 4 fevral 2025-ci il tarixli izahatında iddiaçını 2 ildir tanıdığını, heç vaxt fiziki yaxınlıqlarının, ailə münasibətlərinin olmadığını, ailə olaraq birlikdə yaşamadıqlarını, Rusiya Federasiyası vətəndaşlarının ölkə ərazisində 1 il ərzində 90 gün müddətindən artıq qala bilmədiklərinə görə, iddiaçının ölkə ərazisində daha çox qalmasına köməklik etmək məqsədilə nikaha daxil olduğunu bildirmişdir. İddiaçı 4 fevral 2025-ci il tarixli izahatında X10 5 ilə yaxındır tanıdığını, qanunvericilikdə olan dəyişiklə bağlı nikaha daxil olduğunu bildirmişdir. Belə ki, iddiaçı və Azərbaycan Respublikası vətəndaşı X12 izahatlarında “Rusiya Federasiyası vətəndaşlarının ölkədə il ərzində 90 gündən artıq qala bilməmələri” haqqında müvafiq qərarın 2025-ci ilin yanvarın 1-dən qüvvədə olmasını nəzərə alaraq, məqsədli nikaha daxil olduqlarını, vahid ailə olaraq birgə yaşamadıqlarını, ailə münasibətlərinin (fiziki münasibətlərinin) olmadığını səmimi etiraf etmişlər. İzahatlarda qeyd olunanlar əsasən iddiaçının 30 yanvar 2025-ci il tarixli müraciəti də 17 fevral 2025-ci il tarixli, ******* nömrəli qərarla təmin edilməmiş və ona Azərbaycan Respublikası ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsində imtina edilmişdir.

21. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 45.1.1, 50.1.2, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 24.1, 24.3-cü maddələrinə istinad edilmişdir.

Tərəflərin iştirakı və izahatları:

22. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, əri cavabdeh orqanın binasında mövcud olan şəraitlə əlaqədar olaraq suallara doğru cavab verə bilməmiş, təqdim etdiyi bəynat və video yazı ilə bu faktı sübut etmiş, öz mövqeyini ortaya qoymuş və münasibətləri barədə konkret fikir bildirmişdir.

23. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili izahat verərək, iddianın təmin edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, iddiaçının əri X12 hazırda Rusiya Federasiyasında olduğu üçün məhkəmə prosesində iştirak edə bilmir. Odur ki, öz şəxsi imzası ilə məhkəmə işi ilə bağlı mülahizəsini bildirmişdir. İddiaçının əri qeyd etmişdir ki, onun ailəsi sevgi, hörmət, qarşılıqlı dəstək üzərində qurulmuşdur. Onun tərəfindən söylənilmiş bəzi qeyri-dəqiq ifadələr cavabdeh orqanın nümayəndəsi tərəfindən yanlış anlaşılmışdır. İddiaçının əri bildirmişdir ki, o həyat yoldaşına kömək etmişdir. Bu saxtakarlıq kimi qiymətləndirilməməlidir. O iddiaçının qanuni əri olaraq, bütün münasibətlərdə həyat yoldaşına dəstək olmağı nəzərdə tutmuşdur. O bildirmişdir ki, həyat yoldaşı ilə rəsmi nikah əsasında yaşayır. Həyat yoldaşının qeydiyyata alınmasından imtina edilməsi ailə münasibətlərinə ziyan vurur. Əlavə olaraq, qeyd etmişdir ki, nikah haqqında şəhadətnaməsi iki şəxsin rəsmi nikahda olduğunun dövlət orqanı tərəfindən rəsmi şəkildə qeydiyyata alındığını sübut edən mötəbər sənəddir. Nikah münasibəti sadə miqrasiya sahəsində deyil, bir çox sahələrdə tərəflər üçün hüquq və vəzifələr müəyyənləşdirir.

24. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etirazın dəlillərinə uyğun izahat verərək, bildirmişdir ki, cavabdeh iddiaçının nümayəndəsi və vəkilinin təqdim etdiyi bəyanat reallığı əks etdirmir. Sənəddə əks olunmuş imza iddiaçının ərinə məxsus deyildir. Odur ki, əri 4 fevral 2025-ci il tarixli izahatında iddiaçını 2 ildir tanıdığını, heç vaxt ailə münasibətlərinin olmadığını, ailə olaraq birlikdə yaşamadıqlarını, Rusiya Federasiyası vətəndaşlarının ölkə ərazisində 1 il ərzində 90 gün müddətindən artıq qala bilmədiklərinə görə, iddiaçının ölkə ərazisində daha çox qalmasına köməklik etmək məqsədilə nikaha daxil olduğunu bildirmişdir. Eyni zamanda qeyd etmişdir ki, ümumiyyətlə, real ailə münasibətlərində olan ər və arvadın bir-birinə zidd izahat təqdim etməsi şübhəli məqamdır. İddiaçının əri öz mövqeyini sonradan dəyişmişdir. Bildirmişdir ki, nikah haqqında şəhadətnamə qüvvədə olsa da, miqrasiya araşdırması baxımından nikahın məqsədli bağlanıldığı aşkarlanmışdır. İddiaçının əri və özü təqdim etdikləri izahatları təsdiqləmişdirlər. İddiaçının əri cavabdeh orqana təqdim etdiyi izahatla konkret şəkildə bildirmişdir ki, onların ailə münasibətləri formal xarakter daşımışdır. Cavabdeh orqanın səlahiyyətli nümayəndəsi tərəfindən qanunvericiliyin tələblərinə uyğun şəkildə izahatın götürüldüyünü, iddiaçıya və onun ərinə konkret və məqsədli sualların verilmədiyini bildirmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

25. Belə ki, irəli sürülmüş iddia mübahisələndirmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

26. İPM-in 2.2.1-cü maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

27. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər.

28. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

29. Məhkəmə proses iştirakçılarının vermiş olduğu izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara mövcud olan qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməməlidir.

30. Hazırkı iddia tələbinin təmin edilməsi və respublika ərazisində müvəqqəti yaşamaq üçün icazə verilməsi səbəbi kimi iddiaçı onun X12 ilə birgə nikahda olduğunu göstərir.

31. Cavabdeh isə imtina əsası kimi iddiaçının Azərbaycan Respublikası vətəndaşı ilə müvəqqəti yaşamaq üçün icazə almaq məqsədilə nikaha daxil olduğu müəyyən edilməsidir.

32. Məhkəmə iş materiallarının araşdırılması zamanı müəyyən etmişdir ki, iddiaçı 30 yanvar 2025-ci il tarixdə X12 ilə nikah bağlamışdır. Nikahın bağlanılmasından sonra iddiaçı 30 yanvar 2025-ci il tarixdə müvəqqəti yaşamaq üçün icazə verilməsi barədə cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətlərin icrasından imtina edilmişdir.

33. İş materiallarına iddiaçının və onun əri X9 cavabdeh orqana verilmiş yazılı izahatları əlavə edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı X9 izahatı olan vərəqədə icra edilmiş imzanın ona məxsus olduğunu təsdiq etmişdir.

34. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçı iddia tələbinin dəlillərində onun əri, həmçinin qızı ilə birlikdə yaşadığını qeyd etsə də, iclasda verdiyi izahatlarından ərinin Rusiya Federasiyasında əmək fəaliyyəti ilə məşğul olduğu üçün, Azərbaycan Respublikasının ərazisində il ərzində qısa müddətdə olduğu, qızının onu tanımadığını, nikahlarına dair heç bir şəklin mövcud olmadığını bildirmişdir. Ümumiyyətlə iddiaçı ilə X9 ailəvi və birgə şəklilləri məhkəməyə təqdim edilməmişdir.

35. Bundan əlavə, həm özünün, həm də X9 qohumlarının və ya onların ailə münasibətlərini təsdiq edə bilən digər şəxslərin ifadə verməsi məqsədilə məhkəmə iclasında şahid qismində iştirakının təmin edilib-edilə bilməyəcəyi məhkəmə prosesində aydınlaşdırılan zaman, iddiaçı tərəf bunun mümkün olmayacağını bildirmişdir.

36. İddiaçı tərəfindən təqdim olunmuş əri X9 bəyanatında və cavabdeh orqana verilən yazılı izahatında icra olunmuş əl imzaları məhkəmə iclasında tədqiq olunaraq, müqayisə edilmiş, nəticədə müəyyən olumuşdur ki, aydın şəkildə həmin imzalar ayrıayrı şəxslər tərəfindən icra olunmuşdur. Ən əsası isə bu imza X9 cavabdeh orqanda verdiyi izahata dair vərəqədəki imza ilə oxşarlıq təşkil etmir.

37. Bundan başqa bildirilmişdir ki, həmin bəyanat X12 tərəfindən Rusiya Federasiyası ərazisində yazılaraq göndərildiyi bildirilsə də, notarial qaydada təsdiq edilməmişdir. Odur ki, qeyd olunan sənəd məhkəmə tərəfindən sübut qismində qəbul edilməmişdir.

38. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi: Maddə 3. Əsas anlayışlar 3.0. Bu Məcəllədə aşağıdakı əsas anlayışlardan istifadə olunur: 3.0.1. əcnəbi – Azərbaycan Respublikasının vətəndaşı olmayan və başqa dövlətin vətəndaşlığına mənsub olan şəxs; ... Maddə 44. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün verilən icazə və bunu təsdiq edən sənəd

44.1. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bunun üçün müvafiq icazə almalıdırlar. 44.2. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. 44.3. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildikdə, həmin şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi təqdim edilir. 44.4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə və etibarlılıq müddətində Azərbaycan Respublikasından getmək və viza almadan Azərbaycan Respublikasına qayıtmaq hüququ verən, habelə həmin şəxslərin ölkə ərazisində şəxsiyyətini və yaşayış yeri üzrə qeydiyyata alındığını təsdiq edən sənəddir. ... Maddə 45. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi (müddətinin uzadıldığı) hallar[ 45.1. Bu Məcəllənin 50-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə aşağıdakı hallarda Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir (müddəti uzadılır): 45.1.1. Azərbaycan Respublikasının vətəndaşı ilə yaxın qohumluq münasibətlərində olduqda; ... 45.1.9. Azərbaycan Respublikasının ali və orta ixtisas təhsili müəssisələrində əyani formada, habelə peşə təhsili və ümumi təhsil müəssisələrində təhsil aldıqda; ... Maddə 50. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilmədiyi (müddətinin uzadılmadığı) hallar 50.1. Aşağıdakı hallarda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verilmir (müddəti uzadılmır), əvvəl verilmiş icazə isə ləğv edilir: ... 50.1.2. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə almaq məqsədi ilə saxta sənədlər və ya yalan məlumatlar təqdim etdikdə; ...”

39. İPM-in 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

40. Beləliklə, məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, İPM-in 14.1-ci maddəsinin tələbləri baxımından, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etdiyindən, cavabdeh inzibati orqanın iddiaçının ölkədən çıxarılması ilə bağlı apardığı icraat zamanı qanunla müəyyən edilmiş səlahiyyətini aşması, səlahiyyətindən sui-istifadə, səlahiyyətin məqsədlərinə açıq-aşkar zidd hərəkət etməsi halları müəyyən edilmədiyindən iddiaçının “qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

41. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar