Məhkəmə qərarları › İş №2-1(118)-5053/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5053/2024

01.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5053/2024 01.08.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Kazımova İradə Səlim qızının katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasını qanunsuz hesab etməklə Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 3-də yerləşən 9 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 3-də yerləşən 9 saylı mənzil Sumqayıt şəhər XDS İK-nin 22 avqust 1988-ci il tarixli 7.280.2 saylı Qərarına əsasən iddiaçıya və 6 nəfər ailə üzvlərinə ayrılmışdır. 1982-ci ildə AR MN-nin hərbi qulluqçusu kimi mənzil növbəsinə götürülmüş və bu mənzil sahəsi də ona Zeynalabdin rayon Mənzil Kommunal hissəsinin 825 saylı xx.xx.1988-ci il tarixli bölgü məktubu əsasında verilmişdir. İddiaçının adına verilmiş xx.xx.1988-ci il tarixli H/113 saylı orderdə texniki səhvə yol verilməklə «xidməti» sözü yazılmış, lakin sonradan həmin söz silinməklə müvafiq düzəliş aparılmış və möhürlə də təsdiq olunmuşdur. İddiaçı artıq 36 ildir ki, bu mənzildə yaşayır və mənzil kirayə, kommunal xərclərini özüm ödəyir, bu binada bir çox sakinlər mənzillərini özəlləşdirmiş və çıxarış almışlar. İddiaçı müvafiq sənədləri toplamaqla cavabdeh orqana müraciət etmiş, lakin ona ünvanlanan xx.xx.2024-cü il taixli məktubda imtina olunmuş və imtinanın səbəbi kimi həmin mənzilin «xidməti» mənzil olduğu göstərilmişdir. Halbuki həmin orderdə texniki səhvə yol verilmiş, sonradan isə düzəliş aparılaraq çıxarılmağı təşəbbüsündə olmamış və möhürlə təsdiq olunmuşdur. Bundan başqa əgər bu mənzil xidməti olsaydı işdən çıxdıqdan sonra iddiaçıdan alınaraq başqa bir hərbi qulluqçuya verilməli idi, lakin mənzil ona ümumi əsaslarla verildiyi üçün iddiaçının istifadəsində qalmış, AR MN- ilə aralarında mənzil münasibətləri davam etmişdir. İddiaçı hüquq münasibətləri yaranan vaxt qüvvədə olmuş AR Mənzil Məcəlləsinin 48-ci maddəsinə, AR Konstitusiyasının 12-ci, 43-cü, 71-ci maddəsinə, «Daşınmaz əmlakın Dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanunun 2-ci, 8-ci maddəsinə istinad edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıya və onun nümayəndəsinə hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Müddəanın mənasına görə, iddia onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə cavab verdiyi halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. İddiaçı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi, Fərrux Qayıbov küçəsi, ev 3-də yerləşən 9 saylı mənzil üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və adına çıxarışın verilməsini istəyir. Nəzərə almaq lazımdır ki, iddianın mümkünlük şərtləri prosessual qanunvericiliyin tələblərindən irəli gəlir və mümkünlük şərtləri yoxlanılarkən həmçinin eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktının mövcud olub-olmaması da müəyyən olunmalıdır. Belə ki, qeyd edilən məhkəmə aktının olması iddianın mümkünlüyünə təsir edən faktordur. İnzibati iş materiallarının araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, X1 qəsəbəsi, Fərux Qayıbov küçəsi, ev 3 ünvanında yerləşən 9 saylı mənzilin özəlləşdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbi ilə bağlı 2-1(118)-2322/2022 saylı inzibati iş Sumqayıt İnzibati Məhkəməsinin (hakim Ceyhun Məmmədov) icraatında olmuş və iddia tələbi təmin edilməmişdir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 05 saylı Qərarında qeyd olunmuşdur ki, İPM-in 45.5.1-ci maddəsinə görə iddia ilə bağlı işin məhkəmənin icraatında olduğu müddətdə tərəflərdən heç biri eyni iddia ilə başqa məhkəməyə müraciət edə bilməz. İPMin 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddələrdə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Məhkəmə qərarının preyudisiallığı prinsipi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı) Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı) İddiaçıya izah edilsin ki, o buraxılmış müddətin bərpasına dair ərizə verməklə 2-1(118)-2322/2022 saylı inzibati iş üzrə qəbul edilmiş məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququna malikdir. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar