Məhkəmə qərarları › İş №2-1(118)-507/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-507/2020

04.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-507/2020 04.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədirliyi, X1 katibliyi, İddiaçı iştrakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “onun soyadının və adının əvvəlki ad və soyada qaytarılması, “Səid” adının “Faiq” adına, “Əliyev” soyadının “Binyətəli” soyadına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbi” üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Əvvəllər onun adı, soyadı X3 olmuşdur. Daha sonra müəyyən səbəblərdən o adını və soyadını dəyişmək üçün qeydiyyat şöbəsinə müraciət etmiş, müraciəti əsasında ona İddiaçı adı və soyadı verilmişdir. Lakin hazırda o soyadını və adını dəyişdiyi üçün müxtəlif çətinliklər yaşayır. Buna görə də əvvəlki adı və soyadına qayıtmaq istəyir. Bununla bağlı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etsə də, cavabdeh tərəfindən müraciətim təmin edilməmişdir. Hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı növbəti dəfə soyadının “Əliyev" soyadından “Binyətəli” soyadına və adının “Səid” adından “Faiq" adına qaytarılması vəzifəsinin cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Qeydiyyat şöbəsi aşağıda göstərilənlərə görə iddia tələbi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”nın 5.10 bəndinə əsasən soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmir. Qeyd edilənləri nəzərə alaraq, İddiaçı iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir, Belə olan halda Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Doğum haqqında şəhadətnamənin surəti, Şəxsiyyət vəsiqəsinin surəti, Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli, 05/Q-579/62 nömrəli məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. İddia mümkün iddia olsa da, mahiyyət baxımından əsassızdır. Bu səbəbdən də iddia rədd edilməlidir. Baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı adının və soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu adın və soyadın dəyişdirilməsindən imtina etmiş və tərəflər arasında hazırki mübahisə yaranmışdır. İddia mahiyyət etibarı ilə əsassızdır və təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.1-ci bəndinə görə, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2-ci bəndinə görə, adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3cü bəndinə əsasən adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Qaydaların 6.24-cü bəndinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25-ci bəndinə əsasən atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26-cı bəndinə əsasən hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir Göründüyü kimi, qanunverciliklə müəyyən edilmişdir ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1977-ci ildə Sumqayıt şəhərində doğulmuş, İddiaçı soyadının və adının dəyişdirilməsi ilə bağlı Sumqayıt şəhər Qeydiyyat şöbəsinə müraciət etmiş, xx.xx.2005-ci il tarixdə Faiq Binyətəlinin soyadı və adı İddiaçı dəyişdirilərək adın, ata adının və soyadının dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. İddiaçı soyadının və adının növbəti dəfə dəyişdirilməsi məqsədilə hazırki iddianı qaldırmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının tələblərinə əsasən iddiaçının tələbi əsassızdır. Belə ki, iddiaçıya münasibətdə Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallardan heç biri mövcud deyil və bu səbəbdən də iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi qanunvericiliyin tələbi baxımından yolverilməzdir. İddiaçının soyadının və adının dəyişdirilməsinin ailə həyatında, peşə və həyat tərzində ciddi maneələrin yaranmasına və problemlərlə üzləşməsinə dair iddia dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, əvvəla soyadın dəyişdirilməsinin iddiaçıya hansı tərzdə problemlərlə üzləşməsinə dair sübutlar məhkəməyə təqdim olunmamış və yalnız iddiaçının iddia tələbini əsaslandırmaq üçün gətirdiyi formal heç nəyə söykənməyən arqumentləridir. Bundan başqa iddiaçı qanunla ona verilən hüquqdan istifadə edərək soyadının və adının dəyişdirilən zaman üzləşəcəyi narahatlıqlara da eyni zamanda razı olmuş və soyadını dəyişmişdir. Buna isə məsuliyyəti onun özü daşıyır. Beləliklə, şərh olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçının adının və soyadının növbəti dəfə dəyişdirilməsindən cavabdeh inzibati orqanın hərəkətləri qanuni, iddiaçının tələbi isə əsassız olduğundan iddia rədd edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “onun soyadının və adının əvvəlki ad və soyada qaytarılması, “Səid” adının “Faiq” adına, “Əliyev” soyadının “Binyətəli” soyadına qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə”dair iddiası rədd edilsin. Qərardan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar