Məhkəmə qərarları › İş №2-1(118)-508/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-508/2020

12.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-508/2020 12.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə, Cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı “Cavabdeh Sumqayıt şəhər Qeydiyyat şöbəsinin üzərinə iddiaçının adının “Zeynal”dan “Baba”ya, soyadının “Axundov”dan “Zeynallı”ya dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2011-ci ilin dekabr ayının 30 günündə 44 nömrə ilə qeyd edilmiş adın və soyadın dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi, iddiaçının-əvvəlki adına və soyadına, yəni, “Axundov Zeynal” adına və soyadına qaytarılmağı öhdəliyinin qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı əvvəlki soyadı və adına qayıtmaq üçün soyadın və adın dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişlər. Həmin şöbənin xx xxxxxx 2019-cu il tarixli, 05/Q-4184/15 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1971-ci ildə Lənkəran rayonunda anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. Qeyd etmişdir ki, onun soyadı əvvəl "Axundov", adı "Zeynal", ata adı isə "Şamil" olub. Sumqayıt şəhər məhkəməsinin 2(060)-4859/2011 saylı xx xxxxxx 2011-ci il tarixli qətnaməsi ilə iddiaçının Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı adın və soyadın dəyişdirilməsi tələbinə dair iddia tələbi təmin edilmiş, soyadı dəyişdirilərək "Zeynallı", adı isə "Baba" kimi qeydə alınmışdır. Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən qətnamə icra olunmuş və iddiaçıya adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmişdir. Hazırda o, əvvəlki soyadına və adına qayıtmaq istəyir. Bunun üçün də adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydinin ləğv olunmasına zərurət var. Ona görə də iddiaçı ərizə ilə Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət edərək, adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydləri kitabında 2011-ci ilin dekabr ayının 30 günündə 44 nömrə ilə qeyd edilmiş adın, ata adının və soyadın dəyişdirilməsi haqqında akt qeydini ləğv edilməsini xahiş etmişdir. Sumqayıt şəhər Qeydiyyat Şöbəsi tərəfindən isə xahişi təmin olunmamış və imtina verilmişdir. Yuxarıda qeyd etdiyi kimi iddiaçı hazırda əvvəlki adına və soyadına, yəni, "Axundov Zeynal" adına və soyadına qayıtmaq və həmin adı və soyadı daşımaq istəyir. Belə ki, o, adını dəyişib "Baba", soyadını isə "Zeynallı" qoysa da, ən yaxın qohumlarından başqa heç kim onu "İddiaçı" adı və soyadı ilə tanımır və iddiaçıya "İddiaçı" adı və soyadı ilə müraciət etmirlər. Hamı ona "Zeynal Axundov" adı və soyadı ilə müraciət edir. Şəxsiyyət vəsiqəsində adı və soyadı "İddiaçı" olduğu halda qohum, qonşu, tanış və s. ona "Zeynal Axundov" deyə müraciət edirlər. Bu da bir sıra anlaşılmamazlığa səbəb olur. Ona görə də iddiaçı qərara gəlmişdir ki, əvvəlki adına və soyadına qayıtsın. Lakin yuxarıda qeyd etdiyi kimi Sumqayıt şəhər Qeydiyyat Şöbəsi bundan imtina edir. Ona görə də iddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, onun adının və soyadının dəyişdirilməsi haqqında akt qeydinin ləğv olunması, onun əvvəlki adına və soyadına qaytarılmağı öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası iddiaçının iştirakı olmadan keçirilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı əvvəlki soyadı və adına qayıtmaq üçün soyadın və adın dəyişdirilməsi haqqında akt qeydinin ləğv edilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmişlər. İddiaçıya izah edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 №li qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Hesab edir ki, onların hərəkətində hər hansı bir qanunsuzluq olmamışdır, ona görədə iddia rədd edilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının 6.3-cü bəndində adın növbəti dəfə dəyişdirilməsi müəyyən hallar istisna olmaqla qadağan edilmiş və istisna edilən hallar həmin qaydaların 6.24-6.28-ci maddələri ilə əhatə olunmuşdur. Həmin Qaydalarının 6.3-cü bəndində qeyd olunmuşdur ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24- 6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Həmin Qaydaların 6.24-6.28-ci bəndlərinə əsasən ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd olunan hüquq normalarının mənasından göründüyü kimi adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar sözügedən qaydalarda imperativ olaraq öz əksini tapmışdır. Lakin hazırki işdə iddiaçının adının və soyadının növbəti dəfə dəyişilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. İddiaçı mövcud akt qeydinin ləğv edilərək, onun əvvəlki ad və soyadına qaytarılmasını istəyir. Lakin cavabdeh inzibati orqanın qanunvericilikdən irəli gələn belə bir öhdəliyi və səlahiyyəti müəyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar