Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-508/2025 27.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Abşeron rayon Xırdalan Bələdiyyəsinə qarşı iş üzrə (inzibati aktın ləğv olunması) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Şükürov Əfsun Vidadi oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Abşeron rayonu Xırdalan bələdiyyəsinə qarşı “Xırdalan bələdiyyəsinin qəbul etdiyi inzibati aktın (“vergi borcunun tutulması haqqında” xx/xx-1396 saylı xx.xx.2023-cü il tarixli qərar) ləğv edilməsi” barədə işə Sumqayıt İnzibati Məhkəməsinin binasında (Sumqayıt şəhəri, Sülh prospekti 70, Sumqayıt Məhkəmə Kompleksi) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xırdalan bələdiyyəsinin qəbul etdiyi inzibati aktın (“vergi borcunun tutulması haqqında” xx/xx-1396 saylı xx.xx.2023-cü il tarixli qərarın) ləğv edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən verilmiş **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı cavabdeh orqanın qəbul etdiyi inzibati aktın faktların düzgün araşdırılmaması, sübutlara düzgün qiymət verilməməsi nəticəsində qəbul edildiyini qeyd etmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 12 fevral 2025-ci il tarixə təyin edilmişdir. Tərəflər məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişlər. Cavabdeh tərəf məhkəmə iclasında təmsil edilməmiş, lakin məhkəməyə ünvanladığı yazılı etirazı onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi RX seriyalı ******* nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir. Lakin iddiaçı müvafiq torpaq sahəsi və fərdi yaşayış evi özünün xüsusi mülkiyyətində olmasına baxmayaraq əmlak və torpaq vergilərini qərəzli olaraq ödəməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • **********65-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli xx.xx.2018-ci il tarixli çıxarışa əsasən ünvan 1 iddiaçının xüsusi mülkiyyətindədir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Belə ki, hazırkı iddia tələbi mübahisələndirmə haqqında iddia növünə aid olmuşdur ki, həmin iddia tələbinin xüsusi mümkünlük şərtlərindən biri iddia müddətlərinə riayət edilməsi ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı barədə mübahisəli qərar 6 sentyabr 2023-cü il tarixdə qəbul edilmiş və iddia ərizəsi isə məhkəməyə 13 oktyabr 2023-cü il tarixdə verilmişdir. Beləliklə, iddiaçıya həmin qərarın rəsmi olaraq göndərilməsi müddətini nəzərə alaraq məhkəmə prosessual müddətin ötürülmədiyi qənaətinə gəlir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşdən görünür ki, inzibati akt Abşeron Rayon Xırdalan bələdiyyəsi tərəfindən qəbul edilmişdir. Ona görə də hazırkı iddiaya Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
Azərbaycan Respublikasının Konstitusiyası Maddə 73. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur.
Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 4. Azərbaycan Respublikasında vergi sistemi 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.
Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri)
8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi; 8.1.2. bu Məcəllənin 198.1-ci maddəsində nəzərdə tutulmuş halda fiziki şəxslərin əmlak vergisi (...)
Maddə 11. Vergi anlayışı Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, bu Məcəllədə başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur
Maddə 200. Binalara, su və hava nəqliyyatı vasitələrinə görə fiziki şəxslərin əmlak vergisinin hesablanması və ödənilməsi qaydası 200.1. Binalar üzrə əmlak vergisi əmlak sahəsinin hər kvadratmetrinə əsasən hesablanır. Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalara görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır
“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 11.2. “İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır.
“İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1. Aşağıdakılar icra sənədləri sayılır: 6.1.8. Bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktlar;
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 68.2-1. Bu Məcəllənin 9-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qərarını yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş sübutlar və məhkəmə icraatında tədqiq olunmuş faktlar və sübutlarla əsaslandırır. 68.3. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər. Maddə 70. Mübahisələndirmə haqqında iddiaya dair məhkəmə qərarı 70.1. İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. 70.3. İnzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər.
6. Məkhəmənin mövqeyi
İş materialları ilə müəyyən edildi ki, Abşeron rayonu, Xırdalan şəhəri, Mirəsədulla Mirqasımov küçəsində yerləşən 68D nömrəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrindən verilən **********65-10301 reyestr nömrəli çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir. Xırdalan bələdiyyəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı barəsində 107,58 manat vergi borcunun tutulması və Xırdalan bələdiyyəsinin yerli büdcəsinə ödənilməsi qərara alınmışdır. Göründüyü kimi iddiaçıya göndərilmiş tədiyyə bildirişində ötən dövrlər üzrə vergi borcu - 45.6 manat, əmlak vergisi – 17,67 manat, torpaq vergisi – 0,57 manat, faiz məbləği 12,86 manat, maliyyə sanksiyası – 40 manat olmaqla, ümumilikdə 107,58 manat borc hesablanmışdır. Qanunvericliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırkı halda çıxarışdan da göründüyü kimi iddiaçı fərdi yaşayış evi və onun altında yerləşən torpağın mülkiyyətçisi olmasına, habelə vergi ödəyicisi olmasına baxmayaraq öz üzərinə düşən öhdəlikləri, habelə konstitusion vəzifələri icra etməmiş və torpaq və əmlak vergilərini ödəməsinə dair məhkəməyə və ya cavabdeh orqana sübut qismində qəbz və s. təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh orqanın iddiaçı barəsində əmlak vergisini tələb etməsi əsaslı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
NƏTİCƏVİ HİSSƏ:
Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddiaçı cavabdeh Abşeron rayon Xırdalan bələdiyyəsinə qarşı “Xırdalan bələdiyyəsinin qəbul etdiyi inzibati aktın (“vergi borcunun tutulması haqqında” xx/xx-1396 saylı xx.xx.2023-cü il tarixli qərar) ləğv edilməsi” barədə iddia tələbi təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev