Məhkəmə qərarları › İş №2-1(118)-509/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-509/2024

24.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-509/2024 24.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı xx.xx.2022-ci il tarixdən təyin edilmiş lll dərəcəli “ümumi xəstəliklə” əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək lll dərəcəli “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixdən təyin edilmiş lll dərəcəli “ümumi xəstəliklə” əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək lll dərəcəli “Hərbi xidmət dövrü ilə əlaqədar” 5 il müddətinə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2N3-cü il tarixdən xx.xx.2N8-ci il tarixədək Müdafiə Nazirliyinin tərkibində bir neçə hərbi hissələrdə xidmət etmişdir. xx.xx.2N6-cı il tarixdə döyüş tapşırığını icra edərkən travma almışdır. Belə ki, onun yanında mərmi partlayışından sonra səhhətində fəsadlar başlamış və o, xəstəliklə bağlı təxris olunmuşdur. O, həmin xəstəliklə bağlı xx.xx.2N8-ci il tarixdə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi-Həkim Komissiyasına müraciət etmiş, lakin ona “xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” qərarı verilmişdir. xx.xx.2022-ci il tarixdə ona “ümumi xəstəliklə əlaqədar” əlillik təyin edilmişdir. Bu barədə o, 2023-cü ildə SMS vasitəsi ilə məlumatlandırılmışdır. Halbuki, səhiyyə müəssisəninin 088 nömrəli forma üzrə göndərişində əlilliyin səbəbli əlaqəsi kimi “Hərbi xidmət dövrü ilə əlaqədar” qeydi göstərilmişdir. Hərbi xidmət dövründə səhhətibdə yaranan xəstəliklərin (asteno-nevrotik təzahürlərlə) ağırlaşması nəticəsində əlillik təyin edilmişdir. Bununla bağlı cavabdeh orqana müraiət etsə də, müraciətinin təmin olunmasından imrina edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsini dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərarın çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının hərbi biletində 2N6-cı ildə travma aldığı qeyd edilsə də, 2N8-ci ilə qədər hərbi xidmət etmişdir. Xəstənin hazırki obyektiv vəziyyətinin müayinəsi zamanı hərbi qərarda qeyd olunmuş travmanın əlillik təyinatına əsas verən qalıq əlamətləri müəyyən edilməmişdir. Həm Hərbi Həkim Komissiyasının qərarında, həm də təqdim olunmuş hərbi biletdə baş travması barədə məlumat qeyd olunmamışdır. İş materiallarında olan : - TSEK tərəfindən verilmiş tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci ildən xx.xx.2027-ci ilədək üçüncü dərəcəli əlillik verilmişdir. - Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N8-ci il tarixli 1418 saylı qərarından görünür ki, İddiaçı diaqnozunun səbəbli əlaqəsi kimi “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” göstərilmişdir. - iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının T 706/ 2023 saylı xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilmiş “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2N5-ci il tarixli, 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunm müəyyən olunmasımeyarlarına dair Əsasnamə”nin 2.3.9. bəndinə müvafiq olaraq 5 (beş) il müddətinə üçüncü dərəcə əlillik təyinatı barədə çıxarılmış qərarı düzgün hesab etmək olar. Vətəndaş İddiaçı düçar olduğu “Üzvi mənşəli şəxsiyyət pozğunluğu” xəstəliyinin hazırda yaranma səbəbi barədə konkret fikir söyləmək mümkün deyildir. Həmin xəstəliyin 2N6-cı ildə aldığı travmanın fəsadı, yaxud uzaq nəticəsi olmasını da inkar etmək mümkün deyildir. Buna görə də onun 2N8-ci ilə kimi hərbi xidmətini davam etdirməsi mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşin hallarından görünür ki, İddiaçı 23 iyun 2022-ci il tarixdə 5 il müddətinə ümumi xəstəlik səbəbi və “üzvi mənşəli məişət pozğunluğu” diaqnozu ilə əlaqədar lll dərəcəli əlillik təyin edilmişdir. İddiaçı həmin xəstəliyin hərbi travma ilə yarandığını əsas gətirərək əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi məqsədi ilə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh iddiaçının hərbi travmanı 2N6-cı ildə aldığını, 2N8-ci ilədək isə hərbi xidmətdə olduğunu bildirərək və həmin xəstəliyin hərbi travmanın nəticəsi olaraq qəbul etməyərək əlilliyin səbəbli əlaqəsini dəyişməkdən imtina etmişdir. Məhkəmə qeyd edir ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2N8-ci il tarixli 1418 saylı qərarına görə İddiaçı hərbi xidmət keçərkən aldığı və xx.xx.2N8-ci ildən xx.xx.2N8-ci ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu diaqnoz “Vegetativ damar distoniyası asteno-nevrotik təzahürlərlə” olmuş, yekun rəyə görə “Xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır” kimi qiymətləndirlmişdir. Bununla bağlı məhkəmə tərəfindən iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilmişdir. Ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, iddiaçıda yaranmış “Üzvü mənşəli şəxsiyyət pozğunluğu” xəstəliyinin hazırda yaranma səbəbi barədə konkret fikir söyləmək mümkün deyildir. Həmin xəstəliyin 2N6-cı ildə aldığı travmanın fəsadı, yaxud uzaq nəticəsi olmasını da inkar etmək mümkün deyildir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2N7-ci il tarixli, 19-1 nömrəli qərar ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. " Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Azərbaycan Respublikası Prezidentinin 2N5-ci il 16 mart tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi haqqında Əsasnamə”: Bənd 3.1.2. Əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Bənd 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Məhkəmə qeyd edir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır. Bundan başqa məhkəmə tərəfindən məhkəmə-tibb ekspertizasının rəyi ilə də iddiaçının səhhətində yaranmış pisləşmənin 2N6-cı ildə aldığı travmanın nəticələri, uzaq fəsadları kimi yarana bilməsi inkar edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən beş il müddətinə lll dərəcəli əlillik təyin edilsə də əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbihəkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Gösdtərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilməlidir və iddiaçıya təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X1 xx.xx.2022-ci il tarixdən təyin edilmiş lll dərəcəli “ümumi xəstəliklə” əlaqədar 5 il müddətinə təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin “Hərbi xidmət dövrü ilə əlaqədar” ifadəsinə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar