Məhkəmə qərarları › İş №2-1(118)-509/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-509/2025

04.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-509/2025 04.03.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: hərbi xidmət müddətinin pensiya təyinatı zamanı güzəştlə bir ayın iki ay hərbi xidmət kimi hesablanması) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. AZE seriyalı, ******** nömrəli “Vətəndaşın şəxsiyyət vəsiqəsi”ndən görünür ki, İddiaçı xx xxx 1950-ci il tarixdə doğulmuşdur.

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 14 fevral 2023-cü il tarixli, 3-17-1/2-Ş-28291/2023 nömrəli məktubdan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 22 may 2013-cü il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Təqdim edilən sənədlərin surətlərinə əsasən əmək fəaliyyəti dövrləri, o cümlədən 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971-ci il tarixədək, 20 noyabr 1992-ci il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət və 1 sentyabr 1972-ci il tarixdən 1 mart 1975-ci il tarixədək əyani təhsil illəri nəzərə alınmaqla, 1 yanvar 2006-cı il tarixədək 35 il 10 ay 20 gün sığorta stajı, 1 yanvar 2006-cı il tarixdən 1 may 2013-cü il tarixədək 7 il 4 ay sığorta stajına uyğun fərdi hesabının sığorta hissəsində qeydə alınmış 5.312,16 manat pensiya kapitalı, qanunun 37.3.1-ci maddəsinə uyğun olaraq (pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədiyi üçün) 1 ay 2013-cü il tarixdən 1 may 2019-cu il tarixədək qeydə alınmış 8.572,32 manat pensiya kapitalı və 4 noyabr 2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün 1 may 2019-cu il tarixdən 1 sentyabr 2022-ci il tarixədək qeydə alınmış 4.491,58 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 4 noyabr 2022-ci il tarixdən 566,94 manata çatdırılıb. Qanunvericiliyin tələblərinə əsasən əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 583,60 manat müəyyən edilmiş və indeksləşdirilərək 669,39 manata çatdırılmışdır. Bildirilmişdir ki, 28 yanvar 2021-ci il tarixli müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması zamanı pensiyanın məbləği 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət Nazirliyin müvafiq arayışı olmadığı halda, ikiqat ölçüdə hesablandığından 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 35 il 10 ay 20 gün olduğu halda 38 il 3 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Nəticədə yaşa görə əmək pensiyasının məbləğində 11 yanvar 2020-ci il tarixdən (müraciət tarixdən 3 il əvvəl) 4 noyabr 2022-ci il tarixədək artıqödəmə aşkarlanmışdır. Bildirilmişdir ki, sözügedən arayışı (dövründə döyüşən ordunun tərkibində xidmət) Abşeron-Xızı regional filialına təqdim etdikdən sonra 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək olan dövrlərin sığorta stajına ikiqat ölçüdə daxil edilərək əmək pensiyasının yenidən hesablanmasına baxılacaqdır.

3. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı göndərilmiş 12 may 2023-cü il tarixli, 3-17-1/2-Ş-105760/2023 nömrəli “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubundan görünür ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 22 may 2013-cü il tarixdə qüvvədə olan tələblərinə əsasən həmin tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əmək və Məşğulluq altsistemində olan məlumatlara əsasən, 4 noyabr 2022-ci il tarixdən işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün, 1 iyun 2019-cu il tarixdən 1 dekabr 2022-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 4.706,64 manat pensiya kapitalı əsasında əmək pensiyası yenidən hesablanaraq 4 noyabr 2022-ci il tarixdən 569,92 manata çatdırılıb. Əmək pensiyasının məbləği 1 yanvar 2023-cü il tarixdən 586,58 manata, eyni zamanda Qanunun 29.1-ci maddəsinə əsasən 672,81 manata çatdırılmışdır. Təqdim edilən 23 avqust 2021-ci il tarixli, 160 saylı arayışda döyüşən ordunun tərkibində sözü qeyd olunmadığı üçün, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bildirilmişdir ki, 28 yanvar 2021-ci il tarixli müraciəti əsasında əmək pensiyasının yenidən hesablanması zamanı pensiyanın məbləği 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət Nazirliyin müvafiq arayışı olmadığı halda, ikiqat ölçüdə hesablandığı üçün 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 35 il 10 ay 20 gün olduğu halda 38 il 3 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Nəticədə yaşa görə əmək pensiyasının məbləğində 11 yanvar 2020-ci il tarixdən (10 yanvar 2023-cü il tarixli müraciətindən 3 il əvvəl) 4 noyabr 2022-ci il tarixədək artıqödəmə aşkarlanmışdır.

4. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 2 fevral 2021-ci il tarixli, 5 nömrəli arayışından görünür ki, 1950-ci il təvəllüdlü kapitan İddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində 13 noyabr 1992-ci il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır.

5. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 23 avqust 2021-ci il tarixli, 160 nöməli arayışından görünür ki, 1950-ci il təvəllüdlü kapitan İddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971ci il tarixə qədər keçmiş SSR Silahlı Qüvvələrində, 13 noyabr 1992-cı il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 531 saylı Qərarına və Azərbaycan Respublikası Müdafiə nazirinin 2 iyun 1993-cü il tarixli, 191 saylı əmrinə əsasən göstərilən 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixə qədər, 1 may 1998-ci il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər hərbi xidmət müddəti pensiya təminatı zamanı güzəştlə 1 ay - 2 ay hərbi xidməti kimi hesablanır.

Cavabdeh tərəfindən İPM-in 12.3-cü maddəsinə əsasən təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

6. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 11 yanvar 2023-cü il tarixli “Müraciət vərəqəsi”.

7. İddiaçı göndərilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktubdan görünür ki, işlməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün pensiyası yenidən hesablanaraq 1 yanvar 2023-cü il tarixdən 583,60 manat müəyyən edilmiş və pensiyasında artıq ödənilmiş məbləğ aşkarlanmışdır.

8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli, 3-17/1-Ş-592 nömrəli qərarından görünür ki, 22 may 2013-cü il tarixdə təyin edilmiş, hazırkı 529,13 manat pensiya məbləği yenidən hesablanaraq, 583,60 manat məbləğində təyin edilmişdir.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli, 3-17-1/2-Ş-105760/2023 nömrəli İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubu (§3).

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

10. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının 2 sentyabr 2024-cü il tarixli, 3-17-1/2-209673/2024 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə İddiaçı 11 yanvar 2023-cü il tarixli “Müraciət vərəqəsi”; - İddiaçı məxsus ИТ-İ seriyalı, ******* nömrəli “Əmək kitabçasına əlavə”. - İddiaçı göndərilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” məktub (§6); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 14 fevral 2023-cü il tarixli, 3-17-1/2-Ş-28291/2023 nömrəli İddiaçı göndərilmiş məktubu (§2); - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 12 may 2023-cü il tarixli, 3-17-1/2-Ş-105760/2023 nömrəli İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubu (§3).

11. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Arxiv və Sosial Ödəniş İşlərinin Çeşidlənməsi üzrə Mərkəzi Filialının 20 sentyabr 2024-cü, 3-17-1/2-227547/2024 nömrəli məktubu ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Filialın 12 may 2023-cü il tarixli, 3-17-1/2-Ş-105760/2023 nömrəli İddiaçı göndərilmiş “Yaşa görə əmək pensiyasının yenidən hesablanması haqqında” məktubu (§3). - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 1 may 2023-cü il tarixli, 3-17-1/1-Ş-101305/2023 nömrəli qərarından görünür ki, 22 may 2013-cü il tarixdə təyin edilmiş, hazırkı 669,32 manat pensiya məbləği yenidən hesablanaraq, 672,81 manat məbləğində təyin edilmişdir. - “Əmək müqavilə bildirişləri”nə dair elektron çıxarışlar; - X2 dair 2006-cı il tarixdən 2022-ci il tarixədək pensiya kapitalının cədvəli; - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının “Əmək pensiyasının təyin edilməsi haqqında” 26 yanvar 2023-cü il tarixli, 3-17/1-Ş-592 nömrəli qərarı (§7); - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İddiaçı dair 184237 nömrəli “Pensiyaçının uçot vərəqi”; - ДЖ seriyalı, 152144 nömrəli İddiaçı məxsus “Hərbi bilet”; - Э-İ seriyalı, 134263 nömrəli İddiaçı məxsus “Diplom”; - İddiaçı məxsus 10 yanvar 1969-cu il tarixli “Əmək kitabçası”; - Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İddiaçı dair 184237 nömrəli “Pensiya işi”;

12. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsinin 16 noyabr 2023-cü il tarixli, 3-43-50/2-2710/2023 nömrəli arayışından görünür ki, 1950-ci il təvəllüdlü kapitan İddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971-ci il tarixə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində 13 noyabr 1992ci il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır. 25 fevral 1997-ci il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər baş idarəsində qeydiyyata alınmışdır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

13. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanmasının cavabdeh tərəfindən ləğv edilməsinin qanunsuz sayılması, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi və sığorta stajının 38 il 3 ay 2 gün olaraq bərpa edilməsi, həmin sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və həmin sığorta stajı nəzərə alınmaqla 2022-ci ilin noyabrın 4-dən pensiya məbləğinin hesablanaraq ödənilməmiş hissəsinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir.

14. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1950-cı il təvəllüdlü olan iddiaçıya 22 may 2013-cü il tarixdə qüvvədə olan qanun normalarına əsasən yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehə 28 yanvar 2021-ci il tarixdə etdiyi müraciətə əsasən əmək pensiyasının yenidən hesablanması zamanı pensiyanın məbləği 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət ikiqat ölçüdə hesablanaraq 1 yanvar 2006-cı il tarixədək sığorta stajı 35 il 10 ay 20 gün olduğu halda, 38 il 3 ay 2 gün nəzərə alınaraq hesablanmışdır. Belə ki, iddiaçı qeyd edilən dövrdə Azərbaycan Ordusunun Hərbi-Hava Qüvvələrində kapitan rütbəsində xidmət edərək Azərbaycan Respublikasının müdafiəsində və ərazi bütövlüyünün qorunmasında iştirak etmişdir. Bununla bağlı o, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsindən 23 avqust 2021-ci il tarixli, 160 saylı arayış da alıb cavabdehə təqdim etmişdir. Lakin 2022-ci ilin 4 noyabr tarixdən cavabdeh hər hansı hüquqi əsas olmadan iddiaçının 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddət üzrə pensiyasının ikiqat ölçüdə hesablanmasını dayandırmış və buna görə ödənilən müvafiq pul məbləğini də ödəməkdən imtina etmişdir. Bunun səbəbi ilə maraqlandıqda cavabdeh tərəfindən yazılı cavab verilərək təqdim edilən arayışda “döyüşən ordunun tərkibində” sözlərinin qeyd edilmədiyi səbəbindən, həmin illərin stajının ikiqat ölçüdə hesablanmasının mümkün olmadığı bildirilmişdir. Halbuki, həmin hesablama cavabdehin özü tərəfindən 10 yanvar 2020-ci il tarixdən başlayaraq aparılmış, sözügedən arayış iddiaçı tərəfindən 23 avqust 2021-ci il tarixdə cavabdehə təqdim olunmuş və hər hansı etiraz bildirilməmişdir. Qanunvericilikdə dəyişiklik edilmədiyi halda birdən-birə 4 noyabr 2022-ci il tarixdə sözügedən hesablamalar səhv adlandırılmaqla ləğv edilmiş və pensiya məbləği də müvafiq surətdə azaldılmış, nəzərə alınmamışdır ki, 1992-1997-ci illərdə Azərbaycanda döyüşməyən ordu olmamışdır. Həmin arayışda birbaşa qeyd edilmişdir ki, sözügedən hərbi xidmət müddəti pensiya təminatı zamanı güzəştlə, yəni 1 ay - 2 ay hərbi xidmət kimi hesablanır.

15. İddia tələbinin maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 3.1, 27.1, 24.0.1, 37.7, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 9, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 12.2, 13.1, 13.2, prosessual hüquqi əsası kimi isə İPM-in 2, 14.3, 73.1-ci maddələrinə istinad olunmuşdur.

16. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

17. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehlərə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

18. Cavabdeh iddiaçıya təqdim edilmiş imtina məktubunda sadalanmış hallara istinad edərək iddianın təmin edilməməsini xahiş etmişdir.

19. Cavabdeh tərəf etirazın maddi hüquqi əsası kimi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7, 37.3.1, 24.0.1, 26.4, 29.1-ci maddələrinə, “Əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.1.18-ci yarımbəndinə istinad etmişdir.

c) Tərəflərin iştirakı və izahatları:

20. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia məcburetmə haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

26. Məcburetmə haqqında iddia onunla səciyyələnir ki, şəxs “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 28.1.1-ci maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi üçün ərizə ilə inzibati orqana müraciət etsin və inzibati orqan həmin ərizəni rədd etsin. Yəni, iddiaçı inzibati orqandan müəyyən bir hərəkətin edilməsini tələb etmək məqsədilə birbaşa iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilməz. Əksinə, o, bunun üçün ilk növbədə səlahiyyətli inzibati orqana müraciət etməlidir.

27. Məcburetmə iddiasının qaldırılması o zaman mümkündür ki, inzibati orqanın inzibati aktı qəbul etməkdən imtina etməsi və ya ümumiyyətlə hərəkətsizlik göstərməsi məhz iddiaçının hüquqlarını pozmuş olsun. Bundan əlavə, iddiaçı inzibati orqandan inzibati aktı qəbul etməsini tələb etmiş olsun. Bu aktın müəyyənedici, hüquqyaradıcı, əşya yönümlü inzibati akt, əlverişli və ya əlverişsiz olmasının iddianın mümkünlüyü üçün əhəmiyyəti yoxdur. Beləliklə, məhkəmə tərəfindən yoxlanılmalıdır ki, subyektiv hüquq pozulmuşdurmu; bu hüquq iddiaçıya məxsusdurmu; iddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl inzibati aktın qəbul edilməsini inzibati orqandan tələb etmişdirmi (və müvafiq müddəti gözləmişdirmi, çünki ancaq bu müddət keçdikdən sonra hüquq pozulmuş hesab edilə bilər).

28. Hazırki iş üzrə müəyyən olunur ki, iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

29. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. (-) İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (-)

30. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: (-) 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; (-)

Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. (-)

31. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: (-) 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; (-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

32. ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarı:

“… Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, insan hüquqlarının, o cümlədən sosial hüquqların həyata keçirilməsinin əsasını təşkil edən ədalət və hüquqi müəyyənlik prinsipləri qanunvericilik siyasətinin gözlənilən olmasını tələb edir. Hüquqi müəyyənlik prinsipi müvafiq hüquq münasibətləri iştirakçılarının davranışlarının nəticələrini ağlabatan hüdudlarda qabaqcadan bilməsini təmin etməklə, rəsmi tanınmış hüquqi statuslarının, əldə edilmiş hüquqlarının dəyişilməzliyində əminlik yaratmaqla, onların dövlətin hüquq siyasətinə etibarını artırır. Dövlətin pensiya təminatı sistemi sosial həmrəylik və sosial sığorta prinsipləri əsasında fəaliyyət göstərir. Əmək pensiyaları haqqında qanunvericiliyin əsas məqsədi pensiya təminatı sistemində bu prinsiplərin qorunmasında, qazanılan pensiya hüquqları ilə toplanılan sığorta vəsaitləri arasında tarazlaşdırma mexanizminin formalaşdırılmasında ifadə olunur. Bu sahədə aparılan islahat tədbirləri sığortaolunana münasibətdə ədalətliliyin gözlənilməsinə yönəlmişdir. ... “Əmək pensiyaları haqqında” Qanunun 1.0.5-ci maddəsi ilə təminat xərcliyinə (pul təminatı) hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğ kimi anlayış verilmişdir. Təminat xərcliyi gəlir növü kimi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, məcburi dövlət sosial sığorta haqqı hesablanan gəlir növlərinə aiddir. ...”

33. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

34. Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.

35. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

36. Belə ki, iddiaçının tələblərinə daxildir: - 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanmasının cavabdeh tərəfindən ləğv edilməsinin qanunsuz sayılması (yəni, cavabdeh orqanın 1 may 2023-cü il tarixli, 3-17-1/1-Ş-101305/2023 saylı qərarının ləğvi); - 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sığorta stajına daxil edilməsi və sığorta stajının 38 il 3 ay 2 gün olaraq bərpa edilməsi, həmin sığorta stajı nəzərə alınmaqla əmək pensiyasının yenidən hesablanması və həmin sığorta stajı nəzərə alınmaqla 2022-ci ilin noyabrın 4-dən pensiya məbləğinin hesablanaraq ödənilməmiş hissəsinin birdəfəlik verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması.

37. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

38. İddia tələbinin əsaslarına görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsindən 23 avqust 2021-ci il tarixli, 160 saylı arayışında “döyüşən ordunun tərkibində” sözlərinin qeyd edilməməsi imtina üçün əsas ola bilməz. Çünki, 1992-1997-ci illərdə Azərbaycanda “döyüşməyən ordu” olmamışdır və qeyd olunan arayışda birbaşa qeyd edilmişdir ki, sözügedən hərbi xidmət müddəti pensiya təminatı zamanı güzəştlə, yəni 1 ay - 2 ay hərbi xidmət kimi hesablanır.

39. Cavabdeh tərəfin mövqeyinə görə isə arayışda döyüşən ordunun tərkibində sözü qeyd olunmadığı üçün, 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir.

40. İş materialına əlavə edilmiş cavabdeh orqanın “Ümumi əsalara görə əmək pensiyasının yenidən hesablanması haqqında” 1 may 2023-cü il tarixli, 3-17-1/1-Ş- 101305/2023 saylı qərarının surətindən görünür ki, iddiaçıya 22 may 2013-cü il tarixdə əmək pensiyası təyin olunmuş, təqdim edilmiş arayışda “Əmək pensiyaları haqqında” Qanunun 24.0.1-ci maddəsinə əsasən, döyüşən ordunun tərkibində sözü qeyd olunmadığından, həmin illərin sosial sığorta stajında ikiqat hesablanması qanuna uyğun hesab olunmamışdur.

41. Etirazın da maddi hüquqi əsası kimi istinad olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 24.0.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajına aşağıdakı dövrlər güzəştli şərtlərlə daxil edilir: 24.0.1. döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti (müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında) ikiqat ölçüdə; ...

42. Lakin nəzərə alınmalıdır ki, ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “... Onu da nəzərə almaq lazımdır ki, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərinin xidmət müddətinin (qulluq illərinin) hesablanması bir sıra xüsusi hüquqi aktlar ilə tənzimlənir. ...”

43. Hər iki tərəfin istinad etdiyi arayışda qeyd olunmuş və cavabdeh tərəfindən də həqiqiliyi mübahisələndirilməyən hallara aşağıdakılar aiddir: - iddiaçı 14 noyabr 1969-cu il tarixdən 27 noyabr 1971-ci il tarixə qədər keçmiş SSR Silahlı Qüvvələrində, 13 noyabr 1992-cı il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir; - Azərbaycan Respublikası Müdafiə nazirinin 17 yanvar 1997-ci il tarixli, 047 saylı əmrinə əsasən, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 18 maddəsinin “b” bəndinə əsasən (yaşa görə) ehtiyata buraxılmışdır; - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarına və Azərbaycan Respublikası Müdafiə nazirinin 2 iyun 1993-cü il tarixli, 191 saylı əmrinə əsasən, göstərilən 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixə qədər, 1 may 1998-ci il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər hərbi xidmət müddəti pensiya təminatı zamanı güzəştlə 1 ay - 2 ay hərbi xidməti kimi hesablanır.

44. Arayışda istinad olunmuş - “Zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına, daxili işlər, ədliyyə, gömrük, miqrasiya, fövqəladə hallar və vergi orqanlarının rəis və sıravi heyətinə mənsub şəxslərə və onların ailələrinə pensiya təyin edilib verilməsi üçün uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli, 631 saylı Qərarının 2-ci bəndinə əsasən, zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün aşağıdakılar uzun müddət xidmətə güzəştli şərtlərlə aid edilsin: a) xidmətin bir ayı iki ay sayılmaqla: - döyüş şəraitində döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində müalicəxanalarda fasiləsiz olma müddəti; - “Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti (1 may 1997-ci il tarixədək qüvvədə olmuş, 1 may 1997-ci il tarixli 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşmüşdür.) - respublikanın yüksək dağ yerlərində dəniz səviyyəsindən 2500 metr və daha çox hündürlükdə; - reaktiv və turbovintli aviasiyada uçuş işində - Müdafiə Nazirliyinin müəyyən etdiyi şərtlərlə; - su altında və barokameralarda yüksək təzyiq şəraitində xeyli qalmaqla iş aparan dalğıc vəzifələrində - müdafiə və daxili işlər nazirliklərinin habelə Dövlət Sərhəd Xidmətinin müəyyənləşdirdiyi şərtlər sayılmaqla.

45. Göründüyü kimi 631 saylı Qərarda zabit heyətinə mənsub şəxslərə, gizirlərə, miçmanlara, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına daxili işlər və ədliyyə orqanlarının rəis və sıravi heyətinə mənsub pensiya hüququna malik şəxslərə pensiya təyin olunması üçün, bir deyil, beş qrupa münasibətdə uzun müddət xidmətə güzəştli şərtləri aid edilmişdir.

46. Qeyd olunan normada “döyüş şəraitində” ifadəsi döyüş əməliyyatlarında alınan xəsarət (yaralanma, travma, kontuziya), şikəstlik və ya xəstəlik nəticəsində “müalicəxanalarda fasiləsiz olma müddəti” ilə əlaqələndirildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə qeyd olunan norma tətbiq edilməməlidir.

47. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə ““Azərbaycan Respublikasında onun suverenliyinin, ərazi bütövlüyünün və müstəqilliyinin qorunması ilə bağlı hərbi əməliyyatlar dövrlərində Silahlı Qüvvələrdə, sərhəd qoşunlarında, daxili işlər, milli təhlükəsizlik orqanlarında və digər əsgəri birləşmələrində xidmət müddəti” yarımbəndi tətbiq edilməlidir ki, bu halda arayışda “döyüşən ordunun tərkibində” sözləri yazılmalı deyildir.

48. Hansı ki, “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər Baş İdarəsi tərəfindən cavabdehin müvafiq filialına təqdim olunması üçün verilən arayışında iddiaçının 13 noyabr 1992-cı il tarixdən 29 yanvar 1997-ci il tarixə qədər, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçdiyi qeyd olunmaqla, ona münasibətdə mübahisələndirilən hərbi xidmət müddətinə dair pensiya təminatı zamanı güzəştlə bir ayın iki ay hərbi xidmət kimi hesablanması qeyd olunmuşdur.

49. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının nazirlər Kabinetinin 631 saylı Qərarının istinad olunmuş yarımbəndi 1 may 1997-ci il tarixli, 33 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə qüvvədən düşmüş olsa belə, iddiaçının xidmət keçdiyi dövrdə qüvvədə olduğundan, hazırki işə münasibətdə tətbiq edilməli maddi hüquq normasıdır.

50. İPM-in 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.

51. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair” 28 yanvar 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə görə, “mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.”

52. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də məhkəmə cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

53. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı: İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 1 may 2023-cü il tarixli, 3-17-1/1-Ş-101305/2023 saylı qərarı ləğv edilsin. İddiaçı 13 noyabr 1992-ci il tarixdən 15 iyun 1994-cü il tarixədək və 1 may 1996-cı il tarixdən 29 yanvar 1997-ci il tarixədək hərbi xidmətdə olduğu müddətin ikiqat ölçüdə hesablanaraq, sığorta stajının 38 il 3 ay 2 gün olaraq bərpa edilməsi ilə əmək pensiyasının yenidən hesablanması və 4 noyabr 2022-ci il tarixdən əmək pensiyasının ödənilməmiş hissəsinin birdəfəlik ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar