Məhkəmə qərarları › İş №2-1(118)-5098/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5098/2024

28.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5098/2024 28.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X6 Təşəkkül oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinə qarşı “ona məxsus doğum haqqında akt qeydinin bərpa edilərək, soyadının Məmmədov, adının Xəzri, ata adının isə Rəfail kimi yazılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1979-cu ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, ona məxsus olan xx.xx.2014-cü il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsində soyadı Məmmədov, adım Xəzri, atasının adı Rəfael kimi göstərilmişdir. X1 məxsus xx.xx.2004-cü ildə verilmiş AZE seriyalı 01942389 nömrəli şəxsiyyət vəsiqəsində soyadı Məmmədov, adı Rəfail, atasının adı Kamal kimi göstərilmişdir. Ona məxsus olan şəxsiyyət vəsiqəsində atasının adı səhvən Rəfael kimi göstərilmişdir. İddiaçı doğum haqqında akt qeydinin bərpa edilərək, atasının adının Rəfail kimi yazılması xahişi ilə cavabdehə müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. İddiaçı Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, ona məxsus olan doğum haqqında şəhadətnamə məlum səbəblər üzündən Ermənistan Respublikasının Amasiya rayonunda qalmışdır. Hal-hazırda həmin sənədlərin yəni, doğum haqqında şəhadətnamənin alınması mümkün deyildir. Bu səbəbdən də doğum haqqında akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət etmişdir.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilmədiyini nəzərə alaraq işə şöbənin nümayəndəsinin iştirakı olmadan baxmağını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər məhkəməyə təqdim edilmişdir.Həmin sənədlərə: 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16/8-M-62-146/2024 nömrəli imtina məktubu, şəxsiyyət vəsiqələrinin surəti, iddiaçıya aid hərbi biletin, diplomun surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. Həmin Müddəaların 3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik edilir. Həmin Müddəaların 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas hesab edilir. Həmin Müddəaların 9-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məhkəmənin qərarı əsasında aparıldıqda, qeydiyyat şöbələrinin və konsulluq idarələrinin rəyi tələb olunmur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəa!ar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, ona məxsus olmuş doğum haqqında akt qeydi həmin ölkədə qalmışdır. İddiaçının təqdim etdiyi X1 məxsus xx.xx.2004-cü ildə verilmiş AZE seriyalı 01942389 nömrəli şəxsiyyət vəsiqəsində onun atasının adı Rəfail kimi qeyd edilmişdir. Lakin iddiaçıya məxsus sənədlərdə atasının adı səhvən Rəfael kimi yazılmışdır. İddiaçı doğum haqqında akt qeydinin bərpa edilməsi və müvafiq akt qeydində ata adının Rəfail kimi yazılması niyyətindədir. Bununla bağlı iddiaçı Qeydiyyat şöbəsinə müraciət edərək, müvafiq dəyişiklikləri istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyin məhkəmə qərarı əsasında ola biləcəyini ona bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Göründüyü kimi dəyişikliyin edilməsində heç bir manə mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı məxsus doğum haqqında akt qeydi bərpa edilərək, onun soyadının Məmmədov, adının Xəzri, ata adının Rəfail kimi yazılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı məxsus doğum haqqında akt qeydi bərpa edilərək, onun soyadının Məmmədov, adının Xəzri, ata adının Rəfail kimi yazılması öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Zəngilan rayoni, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar