Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-51/2024 05.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi və X11 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Dəhnə kəndində yerləşən ona məxsus 0.08 ha torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yenidən müəyyən edilməsi və X11 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi; X3 məxsus qonşu torpaq sahəsində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddəsiə riayət edilməsən inşa edilən tikintinin dayandırılması və həmin tikintinin qızına aid olan torpaq sahəsinə keçən hissəsinin sökülməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Daha sonra İddiaçı1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddiaçı qismində yalnız İddiaçı1 saxlanılaraq, “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerindən müəyyən edilməsi və X11 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Sumqayıt İnzibati Məkəməsinin 2-1(118)-1106/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X4 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 2015-ci ildə həyat yoldaşı X5 adına Quba rayonunun Dəhnə kəndində fərdi ev tikintisi üçün 0,1 ha torpaq sahəsi əldə etmişdir. Sonradan həmin torpağın 0,05 ha hissəsi həyat yoldaşı tərəfindən qızı İddiaçı2 bağışlanmışdır. Həyat yoldaşı X6 adına qalan 0,05 ha ərazidə fərdi ev tikilmiş, torpağa və tikintiyə aid müvafiq sənədlər alınmışdır. 2020-ci ilin 07 dekabr tarixində həyat yoldaşı X8 vəfat etmişdir. Qızı İddiaçı2 onun vərəsəsi təyin olunmuşdur. Hal-hazırda torpağa və evə dair sənədlər qızının adına rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsi bələdiyyədən alınarkən bələdiyyə sədri bildirmişdir ki, onlara verilən torpaq sahəsinin aşağı hissəsində, Rustov kəndinə gedən yolun üst tətəfındə hərəsi 0,1 ha olmaqla 2 pay torpaq sahə var və onlar keçmiş bələdiyyə sədrinin torpaqlarıdır. Sonradan keçmiş bələdiyyə sədri həmin torpaq sahəsini satmaq istəyərkən ona təklif etmiş, lakin o, torpaq almaqdan imtina etmişdir. Müəyyən vaxt keçdikdən sonra keçmiş bələdiyyə sədri ona məxsus 2 pay torpaq sahəsindən 1 payını, yəni 0,1 ha torpaq sahəsini Nəriman adlı şəxsə, onun həyat yoldaşı X2 adına rəsmiləşdirməklə satmışdır. Qonşusu Nəriman həmin torpaq sahəsində ev tikməyə başlayarkən (binanı bir neçə daş ucaldarkən) keçmiş bələdiyyə sədrinə məxsus ikinci 0,1 ha torpağın sonrakı sahibi ona məxsus torpaq sahəsində tikinti getdiyini görüb, haradansa torpaq ölçən mütəxəssis çağırmış və torpağı ölçərkən məlum olmuşdur ki, həqiqətən qonşu Nəriman evinin bünövrəsini atarkən bilərəkdən özgəsinə məxsus torpaq sahəsinə keçmişdir. Bundan çıxış yolu kimi qonşu Nəriman ikinci 0,1 ha torpağı ona satmağa təklif edir. Lakin, o, qonşu Nərimandan əvvəl həmin torpağın sahibinə torpağı satmaq fikri olarsa birinci ona təklif etməklərini ondan xahiş etdiyindən belə qərara alınmışdır ki, həmin torpağın 0,08 ha-sı ona 0,02 ha-sı isə qonşu Nərimana satılsın. Bu barədə alqı-satqı müqaviləsi bağlandıqdan sonra Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsinin əməkdaşları 0,1 ha torpaq sahəsini 0,02 ha-sı qonşu Nərimana , 0,08 ha-nı isə ölçüb ona vermişdirlər və o, 01 iyun 2020-ci il tarixində 0,08 ha torpaq sahəsinə yuxarıda adı çəkilən Reyestr xidmətindən torpaq sahəsinin kadastr göstəriciləri, habelə döngə göstəriciləri haqqında torpaq sahəsinin planı və ölçüləri haqqında sənəd, 02 iyun 2020-ci il tarixində isə dövlət reyestrindən çıxarış almışdır. Ona məxsus torpaq sahəsinin Şərq (sol) tərəfindən eni 6 metr olan evlər arası yol keçir və həmin evlər arası qaz xətti çəkilib. Sonradan qonşu Nərimanla onlara məxsus 0.02 ha torpaq sahəsinin üstündə aralarında narazılıq yaranır və qonşusu Nəriman iddia edir ki, ona ayrılıb verilmiş 0,08 ha torpaq sahəsi 1-2 metr sağa çəkilməlidir. O, qonşusunun bu iddiası ilə razı olmur, çünki ona məxsus olan torpaq ərazisi şərq tərəfə onun dediyi kimi sürüşdürülərsə, onda onun torpağı qaz borusundan 2 metrə qədər şərq tərəf məhəllə yolunun ortasına düşür. Bir müddətdən sonra qonşusu Nəriman Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Quba rayon Şöbəsindən Mehti adlı şəxsi qeyri-rəsmi çağırıb, ona məxsus 0,08 ha torpaq sahəsini ölçdürür və məlum olur ki, torpağının ikinci döngə nöqtəsi qaz borusundan 0,5 metrə qədər şərqə tərəf qaz borusunu da keçməklə yola çıxır. O, buna etiraz edib bildirir ki, 2018-ci ildə çəkilən qaz borusu əgər ona məxsus olan torpaq sahəsindən keçirdisə, ona 2020-ci ilin iyun ayında torpaq kadastr göstəriciləri haqqında sənəd və dövlət reyestrindən çıxarış verilməzdi. Bu söhbətdən bir neçə ay keçəndən sonra qonşusu ona yaxınlaşaraq bildirir ki, torpağa görə mübahisə etməyək, onun 8 sotunu qaz borusundan qərb tərəfə ölçüb, versinlər v qaz borusu da torpağından kənarda qalsın. Lakin o, bununla razılaşmır. Qonşusu Nəriman bildirir ki, onda o, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarəsinə rəsmi ərizə ilə müraciət edəcək ki. oradan mütəxəssis versinlər torpaq yenidən ölçülsün. Bundan bir neçə ay keçir, lakin qonşusu Nərimandan bu barədə xəbər çıxmadığı üçün, torpaq sahəsinin və döngə nöqtələrinin yenidən ölçülməsi və dəqiqləşdirilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək və xahiş etdim ki, yer ölçən mütəxəsissləri Quba Şöbəsindən yox, İdarədən göndərsinlər, göndərsinlər. Lakin onun bu xahişi cavabdeh orqan tərəfindən yerinə yetirilmədiyindən, o, məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Şifahi məhkəmə iclasında iştirak etmiş İddiaçı1 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasında iştirak etmiş üçüncü şəxs X4 iddiaya qarşı etirazını bildirərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilsə də cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı1 Quba rayonu, Dəhnə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatlarının yerində dəqiqləşdirilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə ərizə ilə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********83 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki: “Bununla əlaqədar bildiririk ki. ərizənizdə qeyd olunan Quba rayonu, Dəhnə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələri ilə birlikdə ölçülmüş və torpaq sahəsinin döngə nöqtələri yerində göstərilmişdir.” Yuxarıda göründüyü kimi İddiaçı1 müraciət ərizəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən icra edilmişdir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə : “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı xx.xx.2020-ci il tarixli çıxarış; “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarış; A № 432861 saylı, xx.xx.2019cu il tarixli və AA № 511751 saylı, xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədləri; AN-İ № ******* saylı, xx.xx.2020-ci il tarixli alq-satqı müqaviləsi; xx.xx.2020-ci il tarixli “Torpaq sahəsinin bölgüsü haqqında saziş” və ona əlavə edilmiş bölgü sxemi; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyi və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür, iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, İddiaçı1 ********** saylı, xx.xx.2020-ci il tarixli çıxarışla ona məxsus olan Quba rayonu, Dəhnə kəndində yerləşən 0.08 ha torpaq sahəsinin koordinatlarının və bölgüsünün faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerindən müəyyən edilməsi və X11 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi ilə bağlı cavabdeh orqana müraciət etmiş, lakin cavabdeh orqan tərəfindən onun müraciəti təmin edilmədiyindən, faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerindən müəyyən edilməsi və X11 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obeyktləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısının 2.4-cü bəndinə əsasən üzərində mülkiyyət hüquqları qeydiyyata alınmış yaşayış evinin torpaq sahəsinə münasibətdə texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasport “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obeyktləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısına aiddir. Məhkəmə araşdırması zamanı zəruri olan sualların cavablandırılması məqsədi ilə tərəflərin, məhkəmənin və mütəxəssisin iştirakı ilə torpaq sahəsinə yerində baxış keçirilmiş, daha sonra zərurəti sualların cavablandırılması ilə bağlı müvafiq sorğu tərtib edilərək cavabdeh orqana göndərilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nÖmrəli,xx.xx.2015-cİ il tarixli (alqı-satqı zamanı xx.xx.2020-cİ il tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X7 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.10 ha torpaq sahəsinin iddiaçı alıcı İddiaçı1 satılmış 0.08 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 0.0124 ha hissəsi iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsindən kənarda yerləşir; Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci İl tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X7 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.02 ha torpaq sahəsinin tam olaraq üçüncü şəxs alıcı X1 0.02 ha hissəsinin koordinatları (********** qeydiyyat nömrəli,xx.xx.2020-ci il tarixli) naturada X2 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə qismən uyğundur, çıxarışa əsasən torpaq sahəsinin 5 kv.metr hissəsi faktiki istifadədən kənarda yerləşir; satıcı X10 tərəfindən İddiaçı1 satılmış 0.08 ha (********** qeydiyyat nömrəİi, xx.xx.2020-ci il tarixli) və üçüncü şəxs X1 0.02 ha torpaq sahələrinə verilmiş çıxarışlar üzrə koordinatları bölgü sxeminə uyğundur, lakin torpaqların faktiki istifadə vəziyyəti çıxarışlara qismən uyğundur; həmin torpaq sahəsi ətrafındakı qonşu torpaq sahələri ilə birlikdə ölçüldü, iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə ətrafındakı qonşuların mülkiyyətində olan torpaq sahələrinin koordinatları üst-üstə düşmür; iddiaçının və onun ətrafındakı qonşuların mülkiyyətində olan torpaq sahələrinin koordinatları faktiki istifadədə olan torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etmir; iddiaçının mülkiyyətində olan torpaq sahələrinin koordinatları Azərbaycan Respublikası Prezidentinin 07 mart 2016-cı ol tarixli, 818 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması qaydaları əsasında torpaqların rəqəmsal kadastr xəritələrindəki koordinatlar eynilik təşkil etmir; sözügedən qaz xətti iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin kənarında yerləşir və qaz xətlərinin çəkilməsi normalarına uyğundur, lakin həmin qaz xətti **********09 reyestr nömrəli çıxarışa əsasən İddiaçı1 mülkiyyətinə verilmiş 0.08 ha torpaq sahəsinin daxilində yerləşir”. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, hal-hazırki mübahisədə Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci il tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X7 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.10 ha toorpaq sahəsinin iddiaçı alıcı İddiaçı1 satılmış 0.08 ha hissəsinin koordinatları naturada iddiaçının istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur. Eyni zamanda müəyyənləşdirilmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən **********74 reyestr nömrəli,********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il tarixli (alqı-satqı zamanı xx.xx.2020-ci İl tarixli, ********** qeydiyat nömrəli) çıxarışla satıcı X7 məxsus olmuş Quba rayonu, Dəhnə kəndində yerləşən 0.02 ha torpaq sahəsinin tam olaraq üçüncü şəxs alıcı X1 0.02 ha hissəsinin koordinatları naturada X2 istifadəsində olan torpaq sahəsinin koordinatları ilə uyğundur. Belə olan halda isə, koordinatlar və torpaq sahəsinin ölçüləri düzgün olduğundan, cavabdeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi və X11 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddiaçı1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin faktiki yerində qonşu torpaq sahələr ilə birlikdə ölçülməsi, döngə nöqtələrinin yerində müəyyən edilməsi və X11 uçot məlumatlarında müvafiq dəyişikliklərin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva