Məhkəmə qərarları › İş №2-1(118)-5118/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5118/2025

25.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5118/2025 25.07.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi) GİRİŞ HİSSƏ X3-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi Zalov Şahin Elmar oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 25 iyul 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının ona yaşa görə əmək pensiyasının təyin olunmasından imtinasını qanunsuz hesab edərək, həmin orqanın üzərinə ona 63 il 6 ay yaşının tama olduğu xx.xx.2023-cü il tarixdən başlayaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

2. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasında əksini tapmış xx.xx.1993-xx.xx.1997-ci il tarixədək, xx.xx.1997xx.xx.2001-ci il tarixədək dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafıəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialı özünün 3-117-1/2-H-5372/2025 №-li 07 mart 2025ci il tarixli məktubu ilə iddiaçıya 63 yaşa görə əmək pensiya təyin olunmasından imtina edərək sənədləri geri qaytarmışdır. Cavabdeh orqan imtinaya əsas kimi iddiaçının əmək stajının tələb olunan 25 il sığorta stajından az olması, eləcə də fərdi hesabının sığorta hissəsində qeydə almmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan verməməsi, həmçinin Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixədək fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmaması ilə əsaslandırmışdır. İddiaçı cavabdeh orqanın imtina cavabı ilə razı deyildir. Cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur. İddiaçı xx.xx.1960-ci il tarixində Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1975-ci ildə Sumqayıt 49 №-li Texniki Peşə Məktəbinə daxil olmuş, xx.xx.1978-ci il tarixdə oranı bitirmişdir. 1982-ci ildə ailə həyatı quraraq rəsmən Haciyeva soyadını daşımağa başlamışdır. Əmək fəaliyyətinə xx.xx.1978-ci il tarixdə Azərbaycan Boru zavodunda “texniki nəzarətçi” peşəsi üzrə başlamış və fasiləsiz olaraq xx.xx.1993-cü il tarixinə kimi həmin zavodda çalışmışdır. Eyni zamanda, istehsalatdan ayrılmadan təhsilini davam etdirərək mexanik-metallurq ixtisasına yiyələnmişdir. Sonradan əmək fəaliyyətini "xxxx" Layihə-İstehsalat və Tikinti Quraşdırma Birliyində davam etdirmiş və xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinə kimi orada çalışmış, sonda tutduğu ştat vahidi ixtisar olunduğuna görə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixdən həmin "xxxx" EİTQ X4 Məmulatları zavucuna aparıcı mexanik vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1999-cu il tarixdən köçürmə yolu ilə Plan İstehsalat iqtisadiyyat şöbəsinə aparıcı mühəndis keçirilmişdir. xx.xx.2001-ci il tarixindən işdən azad edilmişdir. Ümumilikdə, xx.xx.1975-ci ildən xx.xx.2001-ci ilədək olan dövr üçün 25 il 05 ay 26 gün əmək (sığorta) stajına malikdir. Qeyd olunan iş stajı adına açılmış əmək kitabçası ilə təsdiq olunur. Bütün bunların qarşılığında isə cavabdeh orqan iddiaçını sığorta stajının cəmi 18 il 1 ay 3 gün təşkil etdiyini bildirir. Bundan başqa, cavabdeh "xxxx"də xx.xx.1993cü il tarixdən xx.xx.1997-ci il tarixinədək və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixinədək işlədiyi dövrləri sığorta stajına daxil etməkdən imtina etmişdir.

4. Cavabdeh tərəfindən təqdim edilən iddiaya yazılı etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı yaşa görə əmək pensiyasının yenidən hesablanması üçün Nazirliyin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 1 saylı Bakı DOST Mərkəzindən müraciət etmişdir. X2 baxılaraq, yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmadığı qeyd olunmuşdur. İddiaçının təqdim etdiyi sənədlərin surətlərində qeyd olunmuş məlumatlara əsasən, xx.xx.1975-ci il tarixdən xx.xx.1978-ci il tarixədək təhsil aldığı illər də nəzərə alınmaqla İddiaçı cəmi sığorta stajı 18 il 1 ay 3 gün təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdə qüvvədə olan tələblərinə əsasən, İddiaçı həmin tarixdən İİ dərəcə (orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə) əlilliyə görə əmək pensiyası təyin edilmiş və əlillik müddətinin bitməsi ilə əlaqədar pensiyasının ödənişi xx.xx.2022-ci il tarixdən dayandırılmışdır. Bildiririk ki, İddiaçı əlilliyə görə əmək pensiyası işi qovluğunda olan əmək kitabçasının surətində qeyd olunmuş "xxxx" Layihə-İstehsalat və tikinti quraşdırma birliyində mötəbərliyinə əsaslı şübhələr olan xx.xx.1993-cü il tarixdən 1.5.03.1997-ci il tarixədək və "xxxx" ASC-də xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək əmək fəaliyyəti dövrlərinin araşdırılması zərurəti yaranmışdır. Fondun Abşeron-Xızı regional filialının "xxxx" ASC ilə birgə tərtib etdiyi xx.xx.2024-cü il tarixli akta əsasən, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Layihə-İstehsalat və tikinti quraşdırma birliyində və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyətinə dair arxiv sənədləri aşkarlanmadığından həmin dövrlərin araşdırılması mümkün olmayıb. Eyni zamanda, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”na əsasən, İddiaçı əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993- cü il tarixindən xx.xx.1997-ci il tarixədək (işə daxilolma qeydi rus dilində yazılmışdır, eyni zamanda, işə daxilolma tarixi ilə əmr tarixi fərqlidir) və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək (işdən çıxma zamanı Əmək Məcəlləsinə istinad olunub yazılmalı olduğu halda, xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılmışdır) olan dövrlərin doldurulma qaydası pozulmuşdur. Qeyd olunanlara əsasən, bildirilir ki, xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək və xx.xx.1997-ci il tarixindən xx.xx.2001-ci il tarixədək olan dövrlərin İddiaçı sığorta stajina daxil edilməsi mümkün hesab edilmir. Həmçinin, Nazirliyin elektron informasiya ehtiyatlarındakı məlumatlara əsasən, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək İddiaçı fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, İddiaçı ümumi sığorta stajı qanunla yaşa görə əmək pensiyası hüququnun yaranması üçün kifayət etmədiyindən (Qanunla nəzərdə tutulan müddətdən (25 ildən) az olduğuna görə) ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Nəticədə, iddiaçı O.Hacıyevə iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən, yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir.Qeyd olunan maddənin tələblərinə əsasən, İddiaçı xx.xx.2024-cü il tarixdən yaşa görə sosial müavinət təyin edilmiş və hazırda ödənişi 220 manat məbləğində olmaqla davam etdirilir.

5. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi.

6. Şifahi dinləmələr zamanı (məhkəmə baxış iclasında) imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

7. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

8. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.

9. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

10. İddia tələbi pensiyanın təyin edilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

11. İddia mümkündür.

III. Tətbiq edilən hüquq

12. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).

13. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).

14. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

15. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. 23.2-ci maddəsinə görə, 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019-cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən, əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.

16. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.17-ci maddəsinə əsasən, əmək pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, növünün dəyişdirilməsini və ödənilməsini, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımın təyin edilməsini, yenidən hesablanmasını və ödənilməsini, həmçinin təqaüdlərin, kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir.

17. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların normalarından görünür ki, əmək pensiyasının təyin edilməsi, yenidən hesablanması və ya bir növdən digər növə keçirilməsi ilə bağlı məsələlərə baxılması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. İnzibati orqan vətəndaşa pensiya təyin edərkən, pensiya hüququnun hansı tarixdən yaranmasını, onun sığorta stajlarının tamamlanıb-tamamlanmasını, həmçinin, pensiyanın hansı sığorta illərini əhatə edib-etməməsini araşdırılmalı, o cümlədən, pensiyanın növünü müəyyən etməlidir.

18. “İnzibati icraat haqqında” Qanun: Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.

IV. Məhkəmənin mövqeyi

19. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

20. Yuxarıda sadalanan qanunvericilik normalarının təhlili göstərir ki, iddiaçının 63 yaş 6 ay tamam olduğu xx.xx.2024-cü il tarixdən, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan digər şərtlərin də ödənildiyi halda, əmək pensiyası almaq hüququ vardır. Həmin normada nəzərdə tutulmuş digər şərtlərə gəldikdə, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməli (sığorta stajından asılı olmayaraq), qeydə alınmış pensiya kapitalı pensiya təminatına imkan vermədikdə isə iddiaçı azı 25 il sığorta stajına malik olmalıdır.

21. xx.xx.1960-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. xx.xx.1975-ci ildə Sumqayıt 49 №-li Texniki Peşə Məktəbinə daxil olmuş, xx.xx.1978-ci il tarixdə oranı bitirmişdir. 1982ci ildə ailə həyatı quraraq Haciyeva soyadını daşımağa başlamışdır. Əmək fəaliyyətinə xx.xx.1978-ci il tarixdə Azərbaycan Boru zavodunda “texniki nəzarətçi” peşəsi üzrə başlamış və fasiləsiz olaraq xx.xx.1993-cü il tarixinə kimi həmin zavodda çalışmışdır. Eyni zamanda, istehsalatdan ayrılmadan təhsilini davam etdirərək mexanik-metallurq ixtisasına yiyələnmişdir. Sonradan əmək fəaliyyətini "xxxx" Layihə-İstehsalat və Tikinti Quraşdırma Birliyində davam etdirmiş və xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixinə kimi orada çalışmış, tutduğu ştat vahidi ixtisar olunduğuna görə işdən azad edilmiş, xx.xx.1997-ci il tarixdən həmin "xxxx" EİTQ X4 Məmulatları zavucuna aparıcı mexanik vəzifəsinə qəbul olunmuşdur. xx.xx.1999-cu il tarixdən köçürmə yolu ilə Plan İstehsalat iqtisadiyyat şöbəsinə aparıcı mühəndis keçirilmişdir. xx.xx.2001-ci il tarixindən işdən azad edilmişdir.

22. Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən verilmiş arayışa əsasən, Hacıyeva (Klimova) Olqa Borisovna xx.xx.1975-ci ildə Sumqayıt 49 №-li orta Texniki Peşə Məktəbinə (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət, Peşə Təhsil Mərkəzinə) daxil olaraq, xx.xx.1978-ci ildə 49 №-li orta Texniki Peşə Məktəbində (indiki Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzində) “Texniki nəzarətçi” ixtisasını əyani bitirmişdir. Həmin dövrdə 49 №-li orta Texniki Peşə-Məktəbinin direktoru Əliyev N.M. olmuşdur.

23. Məhkəmə hesab edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.1997-ci il tarixədək "xxxx" Layihə-İstehsalat və tikinti quraşdırma birliyində və xx.xx.1997-ci il tarixdən xx.xx.2001-ci il tarixədək "xxxx" ASC-də əmək fəaliyyətinə dair arxiv sənədləri aşkarlanmaması əmək kitabçasında aparılan qeydlərin mötəbərliyini şübhə altına alması üçün əsas hesab edilməməlidir.

24. Məhkəmə həmçinin hesab edir ki, əmək kitabçasının surətində qeyd edilmiş xx.xx.1993cü il tarixindən xx.xx.1997-ci il tarixədək (işə daxilolma qeydi rus dilində yazılmışdır, eyni zamanda, işə daxilolma tarixi ilə əmr tarixi fərqlidir) və xx.xx.1997-ci il tarixdən xx.xx.2001ci il tarixədək (işdən çıxma zamanı Əmək Məcəlləsinə istinad olunub yazılmalı olduğu halda, xx.xx.1999-cu il tarixədək qüvvədə olmuş Əmək Qanunları Məcəlləsinə istinad olunaraq yazılmışdır) olan dövrlərin doldurulma qaydası pozulması həmin dövrün sosial sığorta stajına daxil edilməsindən imtina üçün əsaslı dəlil deyildir. Belə ki, əmək kitabçasının düzgün və qanunverciliyə uyğun şəkildə doldurulması işçinin deyil, işəgötürənin vəzifələrinə aiddir və bu səbəbdən işçinin sosial təminat hüququ pozulmamalıdır.

25. Məhkəmə qeyd edir ki, mübahisəli dövr iddiaçının sosial sığorta stajına daxil edildikdə onun sosial sığorta stajı 26 ilə yaxın təşkil edir ki, bu da ona yaşa görə əmək pensiyasının təyin olunması üçün əsas yaradır.

26. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür.

27. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir.

28. Göründüyü kimi, mövcud “Qaydalar” “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajının əmək kitabçasına əsasən müəyyən edilməsini təsbit etmişdir.

29. Bundan əlavə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi Qaydaları”nın 1.1-ci bəndinə əsasən, Əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

31. Məhkəmə hesab edir ki, 2006-cı ilə qədər iddiaçının işlədiyi illər sosial sığorta stajı kimi nəzərə alınmalıdır. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq, müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır.

32. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.

33. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir.

34. İş stajını sübut edən əsas sənəd də əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, 5 vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır.

35. “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Qanunu”nun 1-ci maddəsinə (Məcburi dövlət sosial sığorta haqları üzrə 2006-cı ilin 1 yanvar tarixinədək yaranmış borcların tənzimlənməsi) əsasən, sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir.

36. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçının müvafiq dövr üzrə (xx.xx.2006-cı ilədək olan dövr nəzərdə tutulur) işləməsi əmək kitabçasında əksini tapmış və iddiaçının işlədiyi həmin qurumun mövcudluğu hər hansı şübhə doğurmur. Odur ki, iş stajını sübut edən əsas sənəd əmək kitabçası olduğundan və araşdırma nəticəsində iddiaçının sözügedən yerlərdə fəaliyyət göstərməsi öz əksini tapdığından iddiaçının həmin illərdə sığorta stajını müəyyən etməyin mümkün olmamasına dair dəlilini məhkəmə əsassız hesab edir. Qeyd edilən dövr nəzərə alındığı təqdirdə iddiaçının ən azı 25 il stajı vardır.

37. Qeyd edilənlərə əsasən, məhkəmə iddiaçının yaşa görə pensiya hüququnun olduğunu müəyyən edir. Odur ki, iddia qanuni və əsaslı olduğundan təmin edilməlidir.

38. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. 68-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

40. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:

İddia təmin edilsin. İddiaçı əmək kitabçasında əksini tapmış xx.xx.1993-xx.xx.1997-ci il tarixədək, xx.xx.1997-xx.xx.2001-ci il tarixədək dövrün sosial sığorta stajına daxil edilməklə xx.xx.2024-cü il tarixindən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 şəxsinin Sosial Ödənişlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

X3-Abbaszadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar