Məhkəmə qərarları › İş №2-1(118)-513/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-513/2020

23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-513/2020 23.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X6, Cavabdeh nümayəndəsi X2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı “Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31-də yerləşən yaşayış sahəsi 53.13 kvadrat metrdən ibarət olan 4 otaqlı 26 saylı mənzil üzərində iddiaçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə vəzifə kimi qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31-də yerləşən yaşayış sahəsi 53.13 kvadrat metrdən ibarət olan 4 otaqlı 26 saylı mənzil üzərində iddiaçıların mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrindən mülkiyyət hüququ barədə çıxarışın verilməsini xahiş etmişdir. Cavabdehin xx xxxxxx 2019-cu il tarixli məktubu ilə iddiaçıların müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçılar 1994-cü ildən hazırki vaxtadək ünvan 1 ünvanında qeydiyyatdadırlar. Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6437/2018 saylı qətnaməsi ilə onların cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzilə istifadə hüququ tanınmaqla mənzilə dair kirayə müqaviləsinin bağlanması tələbi”nə dair iddia ərizələri təmin olunaraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 31 saylı evin 26 saylı mənzilinə istifadə hüquqlarının tanınması və həmin mənzilə dair onlarla kirayə müqaviləsinin bağlanması vəzifəsinin Sumqayıt şəhər İcra Hakimiyyətinə həvalə olunması qət edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 59 nömrəli sərəncamı ilə yaşayış sahəsi 53.13 kv.metrdən ibarət olan 4 otaqlı ünvan 1-ya dair İddiaçı2 və İddiaçı1 ilə hüquq münasibətləri yaranan zaman qüvvədə olan Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq kirayə müqaviləsi bağlanması qərara alınmışdır. xx.xx.2019-cu il tarixində iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi arasında ünvan 1-ya dair “Dövlər mənzil fondu yaşayış sahəsinin kirayə Müqaviləsi” bağlanmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu rəhbər tutaraq, yaşayış sahəsi 53.13 kv.metrdən ibarət olan 4 otaqlı ünvan 1-nm İddiaçı2 və İddiaçı1 adına özəlləşdirilməsi və mülkiyyət hüququna dair çıxarışın verilməsinə dair xx.xx.2019-cu il tarixdə ərizə ilə cavabdehə müraciət etmişdirlər. Lakin cavabdeh tərəfindən müraciətlərinə imtina verilmişdir. İddiaçılar hesab etmişdir ki, cavabdehin müraciətlərini təmin etməməsi qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1 -ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri (sututarlar) və aqla möhkəm bağlı olub təyinatına tənasübsüz (hədsiz) zərər vurulmadan yeri: dəyişdirilməsi mümkün olmayan bütün əşyalar, o cümlədən binalar, qurğular, yaşayı, ə qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələrdir. Həmin Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Qanunun 8-ci maddəsinə görə vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Beləliklə sadalanan qanun normalarından aydın olmuşdur ki, iddiaçılara ayrılmış yaşayış sahəsi (mənzil) üzərində dövlət qeydiyyatına alınması üçün müraciət etdikləri hüquq mövcud qanunvericliyə görə dövlət qeydiyyatına alınmalı hüquqdur və cavabdehin müraciəti təmin etməməsi əsassız və qanunsuzdur. İddia tələblərinin əsasını təşkil edən işin faktiki hallarının maddi hüquqi əsaslandırılması ilə yanaşı hesab edilmişdir ki, iddia prosessual hüquq normalarına da uyğundur. İddia mümkün iddia olmaqla yanaşı həm də əsaslıdır. Bu səbəbdən də iddia təmin edilməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1; 2.1 və 2.2.2-ci maddələri) aid olan məcburetmə haqqında iddia mümkündür. İddianın xüsusi mümkünlük şərtləri də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələbləinzibati orqana müraciət edib-etməməsidir. İş materiallarında olan qəbzdən görünür ki, sözügedən mənzilə mülkiyyət hüququna dair çıxarışın verilməsi ilə bağlı əvvəlcədən cavabdeh inzibati orqana müraciət edilmişdir, cavabdeh müraciəti təmin etmədiyindən hazırki mübahisə yaranmışdır. İddiaçılar hesab etmişdirlər ki, iddia həmçinin əsaslıdır. Belə ki, yuxarıda qeyd olunanlara əsasən iddiaçılar müəyyən etmişdirlər ki, iddiaçılar mübahisə predmeti olan mənzilə çıxarışın verilməsini tələb etməkdə haqlıdırlar. Bu baxımdan, cavabdehin üzərinə iddia tələbi üzrə öhdəlik qoyulmalıdır. Belə ki. inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. (İPM maddə - 14.3). Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini xahiş edirlər. Məhkəmə iclasında İddiaçı1 və İddiaçı2 nümayəndəsi və vəkili X12 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh iddia tələbinə dair etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar cavabdeh tərəfindən araşdırılmışdır və müəyyən edilmişdir ki, iddiaçılardan İddiaçı2 etibarnamə üzrə nümayədəsi X1 şəhəri, 9-cu mikrorayon, 31 saylı binanın 26 saylı mənzili üzərində İddiaçı2 və İddiaçı1 mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə texniki pasportun verilməsi ilə əlaqədar xx xxxxxx 2019-cu il tarixli ərizəsi “ASAN" Xidmət Mərkəzi tərəfindən Cavabdehnə göndərilmiş və ********** nömrəsi alınmışdır. Müraciəti ilə əlaqədar İddiaçı2 etibarnamə üzrə nümayədəsi X8 bildirilmişdir ki, sənədlərin ekspertizası zamanı mənzilə dair kirayə müqaviləsinin bağlanması barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının xx xxxx 2019-cu il tarixli, 59 nömrəli sərəncamının olduğu, həmin sərəncamın isə Sumqayıt Şəhər Məhkəməsinin xx xxxx 2018-ci il tarixli, 2(060)- 6437/2018 nömrəli qətnaməsi əsasında verildiyi aşkar edilmişdir. Həmçinin bildirilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-6437/2018 nömrəli qətnaməsi ilə mənzilə dair İddiaçı1 və İddiaçı2 istifadə hüququ tanınmışdır. Bundan başqa, mənzil üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması barədə iddia Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1 (085)-1335/2019 nömrəli qərardadı ilə mümkün sayılmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15.1.1 -ci maddəsinə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 31 saylı binanın 26 saylı mənzil üzərində İddiaçı2 və İddiaçı1 mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmiş və bu barədə İddiaçı2 etibarnamə üzrə nümayədəsi X8 xx xxxxxx 2019-cu il tarixli **********40 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iştirak etmiş, etiraza uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, təqdim edilən sənədlər əsasında mülkiyyət hüququ yox, istifadə hüququ qeydə alına bilər. İddiaçılar bununla bağlı müraciət etsələr tələbləri təmin edilə bilər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Cavabdeh inzibati orqanın imtinasının və iddiaya etirazının hüquqi əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 15-ci maddələri təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslarları müəyyən edir. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin yuxarıda qeyd edilən tənzimləyici normaları iddiaçının təqdim etdiyi mövcud sənədlər əsasında yaranmış hüququnun dövlət qeydiyyatına alınmasının hüquqi əsasını təşkil edir. Lakin hazırda təqdim edilən sənədlər yuxarıda qeyd edilən normaların hüquqi əsas kimi tətbiq edilməsi halında mülkiyyət hüququnun qeydə alınması əsasını yaratmır. İddiçılar cavabdeh inzibati orqana Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2019-cu il tarixli, 59 nömrəli sərəncamını və xx.xx.2019-cu il tarixində iddiaçı ilə Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı istehsalat Birliyi arasında ünvan 1-ya dair “Dövlər mənzil fondu yaşayış sahəsinin kirayə Müqaviləsini təqdim edirlər. Göründüyü kimi iddiaçılar mülkiyyət hüququnu yox, istifadə hüququnu müəyyən edən sənədi inzibati orqana təqdim edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunduki, iddiaçların qeyd edilən kirayə müqaviləsiSumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(060)-6437/2018 saylı qətnaməsi əsasında bağlanılmışdır. Həmin qətnamə ilə iddiaçıların mülkiyyət hüquqlarının yox, istifadə hüquqlarının olması müəyyən edilmiş və Sumqayıt şəhər İcra Hakimiyyətinə mübahisəli mənzilə dair kirayə müqaviləsi bağlanılması həvalə edilmişdir. Beləliklə cavabdeh inzibati orqanın iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparması üçün hüquqi əsası olmamışdır. Daşınmaz Əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq, bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatından imtina edilir. Cavabdeh inzibati orqanda əsaslı olaraq, iddiaçıların mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar