Məhkəmə qərarları › İş №2-1(118)-514/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-514/2024

12.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-514/2024 12.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRAR GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il JN-578 KOD 30304048 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ:

1. İşin halları

İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il JN-578 KOD 30304048 saylı Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba Rayon Dövlət Notariat Kontoru tərəfindən təsdiq edilmiş 21 aprel 2004-cü il tarixli 4-Ə-265 nömrəli alqı-satqı müqaviləsinə əsasən Quba rayonu Timiryazev kəndi ərazisindən 0.02 ha torpaq sahəsini iddiaçı satın almış və həmin alqı-satqı müqaviləsinə əsasən X7 və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən iddiaçıya mülkiyyəti təsdiq edən JN-578 KOD 30304038 nömrəli Torpağa Mülkiyyət Hüququna X10 verilmişdir. Hal-hazırda qeyd olunan torpaq sahəsi iddiaçının sahibliyində və istifadəsindədir. İddiaçı qeyd olunan torpaq sahəsini özgəninkiləşdirmək istəyir, bununla əlaqədar 03 mart 2023-cü il tarixdə hüquqmüəyyənedici sənədləri cavabdeh təşkilata təqdim edib çıxarışın verilməsini xahiş etmişdir. Cavabdeh təşkilat iddiaçının adına verilmiş Torpağa Mülkiyyət Hüququna X10nın baza sənədlərində öz əksini tapmadığını bildirərək iddiaçının mülkiyyət hüququnu təsdiq edən çıxarışın verilməsinə imtina etmişdir, ona görə də pozulmuş hüquqların bərpa edilməsi üçün məhkəməyə müraciət edilmişdir. İddia ərizəsinə əlavə edilən 12 may 2006cı il tarixli JN-578 KOD 30304048 saylı Torpağa Mülkiyyət Hüququna X8 aşkar olunur ki, iddiaçı Quba Rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 21 aprel 2004-cü il tarixli 4-Ə- 265 saylı alqı-satqı müqaviləsinə əsasən 0.02 ha torpaq sahəsini satın almış və həmin Dövlət Aktı X7 və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyevin və Dövlət Yerquruluşu Layihə İnstitunun rəhbəri F.Səfərovun imzaları və möhürləri ilə təsdiq olunmuşdur. İddiaçı hal-hazırda torpaqdan istifadə edərək sahiblik edir və onun mülkiyyətini təsdiq edən Dövlət Aktının cavabdehə təhvil verilməməsi, onların bazasında öz əksini tapmaması iddiaçının təqsiri deyil və qeyd olunan çatışmazlığın həll edilməsi də iddiaçının səlahiyyətinə aid deyildir. İddia ərizəsinə əlavə edilən cavabdeh təşkilatın ünvanladığı məktubdan aşkar olunur ki, iddiaçının çıxarışın verilməsi barədə ərizəsinin icrasından imtina edilmişdir. Beləliklə torpaq üzərində hüquqlara dair Dövlət Aktlarının hazırlanması, verilməsi və qeydiyyata alınması iddiaçıya sənəd verilən dövrdə Keçmiş DT və XK tərəfindən aparılmışdır, hansısa məlumatların, sənədlərin qeydiyyatı kitablarda, yaxud elektron baza xəritə (DWC) məlumatlarında öz əksini tapmaması vətəndaşın deyil, qeydiyyat orqanlarının səhvidir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir.

2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası 05 mart 2024-cü il tarixə təyin edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (oğlu) iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmiş, sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq xəstəliyi ilə əlaqədar iştirak edə bilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi təqdim etdiyi yazılı etirazı müdafiə edərək iddianın təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, JN-578 KOD 30304038 olan Torpağa Mülkiyyət Hüququna X10 araşdırılmışdır. Məlum olmuşdur ki, həmin akt ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsi xahiş edilmişdir. Cavabdeh sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. • İşdə olan cavabdehin 27 mart 2023-cü il tarixli məktubu ilə iddiaçının tələbinin təmin olunmasından imtina edilmişdir. • İş materiallarına əlavə edilmiş JN-0578 KOD 30304048 olan Torpağa mülkiyyət hüququna X10na əsasən Quba rayonu Qələdüz kənd sakini İddiaçı Quba rayon Dövlət Notariat Kontorunun 21 aprel 2004-cü il tarixli 4-ə-265 saylı müqaviləsi ilə Quba rayonu Timiryazev kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,02 ha (200 kvadrat metr) torpaq sahəsi satılmışdır. Həmin dövlət aktı 12 may 2006-cı il tarixdə 946 nömrə ilə dövlət aktı kitabında qeydiyyata alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır.

Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə” dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir: 1.1-ci bənd: Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.3-cü bənd: Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4-cü bənd: Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.3-cü bənd: Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını; 2) cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını; 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını; 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Hər bir tələbə ayrılıqda nəzər salaq. İddiaçının hazırkı tələb üzrə iddia qaldırmağa subyektiv hüququ mövcuddur. Belə ki, iddiaçı ona alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin satılması və bunun əsasında dövlət aktının verilməsinə istinad etmişdir. Cavabdeh inzibati orqanın həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yer Quba rayonu olduğu üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətlərinə aiddir. İddia tələbinin mümkünlük şərtlərindən biri olan cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının cavabdeh orqana müraciətinə müvafiq olaraq cavabdeh orqanın xx.xx.2023-cü il tarixli məktubu ilə hüququn qeydiyyata alınmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub olunmamasına nəzər saldıqda müəyyən edir ki, hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tutulmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı qeyd edilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın yerləşdiyi yer Quba rayonu olduğu üçün məhkəmə hesab edir ki, məhkəmə aidiyyatı baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5. Tətbiq edilən hüquq

Bundan əlavə məhkəmə təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

Azərbaycan Respublikasının Konstitusiyası 13-cü maddə: Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddə: Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi 139.1-ci maddə: Mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. 139.3-cü maddə: Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 2.1-ci maddə: Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 15-ci maddə: Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

“Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu

17-ci maddə: Torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, ipoteka qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir.

“X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarı inzibati hüququn əsas prinsiplərindən biri olan qanunçuluq prinsipi hüquqi müəyyənlik və hüquqi təhlükəsizliyin təmin edilməsinə yönələrək, inzibati icraatın qanunvericiliyə uyğun aparılmasını tələb edir ki, son nəticədə yekun inzibati akt müvafiq normativ hüquqi aktlarla uyğunluq təşkil etsin.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarı Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir.

“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu 12.2-ci maddə: inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır . 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur.

Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi 2.2.3-cü maddə: İnzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. 4.1-ci maddə: İnzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. 12.1-ci maddə: Məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 34.1-ci maddə: Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. 68.1-ci maddə: Məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. 68.2-ci maddə: Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

6. Məhkəmənin mövqeyi

Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, İddiaçı JN-0578 KOD 30304048 olan Torpağa mülkiyyət hüququna X10na əsasən Quba rayon Dövlət Notariat Kontorunun 21 aprel 2004-cü il tarixli 4-ə-265 saylı müqaviləsi ilə Quba rayonu Timiryazev kəndi ərazisindən sahibkarlıq məqsədi üçün 0,02 ha (200 kvadrat metr) torpaq sahəsi satılmışdır. Həmin dövlət aktı 12 may 2006-cı il tarixdə 946 nömrə ilə dövlət aktı kitabında qeydiyyata alınmışdır. İddiaçı satın aldığını iddia etdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh orqana müraciət etsə də, cavabdeh tərəfindən iddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilmişdir. Səbəb olaraq göstərilmişdir ki, sözügedən dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba şöbəsindən təhvil alınmış dövlət aktlarının qeydiyyat kitablarında qeydə alınmamış, ərazi idarəsinin elektron məlumat bazasında olan xəritədə də öz əksini tapmamışdır. Məhkəmə həmin aktın mötəbərliyi üçün X6 filialına sorğu göndərmişdir. Arxivdən verilən rəsmi məlumata əsasən dövlət aktlarının arxivə təhvil verilmədiyi bildirilmişdir. Məhkəmə tərəfindən eyni zamanda dövlət aktının verilməsinə əsas olan Quba Rayon Dövlət Notariat Kontorunun təsdiq etdiyi 21 aprel 2004-cü il tarixli 4-Ə-265 saylı alqı-satqı müqaviləsinin əldə edilməsi üçün notariat işinin göndərilməsinə dair Quba rayon Dövlət Notariat Kontoruna sorğu göndərilmişdir. Dövlət Notariat Arxivinin məhkəməyə ünvanladığı notariat işi ilə müəyyən edilmişdir ki, 4-ə-265 saylı müqavilə 21 aprel 2004-cü ildə yox, 26 may 2004-cü il tarixdə bağlanmaqla X2 və digərləri tərəfindən onlara Quba rayon Aqrar İslahat Komissiyasının 22 dekabr 1998-ci il tarixli qərarı ilə ayrılmış 2,46 ha torpaq sahəsinin 10900,00 ha hissəsinin X1 ilə bağlı olmuşdur. Bununla bağlı kassa mədaxil orderi də notariat işinə əlavə edilmişdir. Yəni, iddiaçının təqdim etdiyi 4Ə-265 reyestr nömrəli müqavilə Quba rayon notariat ofisində digər şəxslər barəsində rəsmiləşdirilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən təqdim olunan sənədlər həqiqətdə öz əksini tapmamış və məhkəmə həmin halları öz xidməti vəzifəsinə görə araşdıraraq əsassız olduğunu müəyyən etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı halda iddiaçıya məxsus sənədlərin mötəbərliyi müəyyən edilmədiyindən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz.

NƏTİCƏVİ HİSSƏ: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

DT və XK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il JN-578 KOD 30304048 saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən Quba rayon Timiryazev qəsəbəsində yerləşən 0.02 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar