Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-515/2022 20.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi ilə, Mustafayeva Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Abşeron-Xızı regional ərazi filialına qarşı “cavabdeh tərəfindən 22 sentyabr 1995-ci il tarixdən müavinət verilməsi” barədə iddiasına Sumqayıt İnzibati Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Abşeron-Xızı regional ərazi filialına qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən 22 sentyabr 1995-ci il tarixdən müavinət verilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional Ərazi filialına 29.09.2021-ci il tarixdə 22 sentyabr 1995-ci il tarixdən müavinət verilməsi barədə müraciət elmişdir. Lakin indiyədək ona cavab verilməmişdir. O, Azərbaycan Respublikası Əmək və əhalinin Sosial Müdafiəsi nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxs 1 saylı regional Ərazi filialı tərəfindən 21 dekabr 2020-ci il tarixindən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü 80 manat alır. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda iştirak etmiş şəxslərə müharibə veteranı adı və vəsiqəsinin verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş "Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə müəyyən edilmişdir. O, həmin Əsasnamənin qüvvəyə mindiyi 22 sentyabr 1995-ci il tarixdən əvvəl 1992-ci ilin aprelində Azərbaycan Respublikasının müdafiəsi uğunda döyüş əməliyyatlarında iştirak etmişdir. Həmin Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla). Cəbrayıl, Füzuli. Ağdam. Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar). Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Buna görə həmin “veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin qüvvəyə mindiyi 22 sentyabr 1995-ci il tarixdən müavinət almalıdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya etirazında qeyd edilmişdir ki, İddiaçı veteranlar üçün nəzərdə tutulmuş vəsiqə 21 dekabr 2020-ci il tarixdə verilmişdir. Həmin tarixdən ona təqaüd təyin edilmiş, lakin buna baxmayaraq, Qanunla veteranlar üçün müəyyən edilmiş müavinətin əvvəlki illər üzrə hesablanıb birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb etmişdir. İddiaçıya veteran vəsiqəsi 2020-ci il dekabr ayının 21-də verilmişdir. Bu qəbildən olan mübahisələrin həlli zamanı müvafiq maddi hüquq normasının düzgün tətbiqi üçün ilk növbədə bəhs edilən müavinəti almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsində də qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Müharibə veteranı adının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 saylı Qərarı ilə təsdiq olunmuş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin, 4-cü maddəsinə görə, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər vətəndaşa müvafiq icra orqanı tərəfindən veteran vəsiqəsi təqdim edildiyi tarixdən ona sosial müavinət ödənişi həyata keçirilir. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 sentyabr tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin- Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısının 2.2-ci bəndinə görə, müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinətin təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. Ancaq veteran statusunu almaq hüququnu sosial müavinət almaq hüququndan fərqləndirmək lazimdır. Beləki veteran statusunu almaq hüququ o statusu almamışdan daha əvvəl yarana bilər, ancaq sosial müavinət almaq hüququ birbaşa statusun alınması ilə yaranır. “Veteranlar haqqında” AR Qanununun 7-ci maddəsinə nəzər salsaq görərik ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi verildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin 1 saylı regional ərazi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 21.12.2020-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin etmişdir. Əvvəlki illər üzrə ödənişin verilməsindən isə 1 saylı regional ərazi filialı əsaslı olaraq imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət yox, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki 3 illik dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də, “Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin 1 saylı regional ərazi filialına müraciət etdiyi tarixdə Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan 3 illik dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki 3 il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. Ona görə də iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsinin hüquqi əsası yoxdur. Bu qəbildən olan işlərə baxılarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-си il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Odur ki, iddiaçıya müharibə veteranı vəsiqəsinə əsasən müraciət etdiyi gündən təqaüd təyin olunduğuna görə, əvvəlki üç ilə münasibətdə sözügedən təqaüdü tələb edə bilməz. Buna görə də hesab edirlər ki, İddiaçı "əvvəlki illər üzrə müharibə veteranları üçün nəzərdə tutulmuş sosial müavinətin hesablanıb birdəfəlik ödənilməsi” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - İddiaçının cavabdeh orqana ünvanladığı 28 sentyabr 2021-ci il tarixli ərizədən və Poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, iddiaçı ona 22 sentyabr 1995-ci ildən müavinətin ödənilməsi barədə ərizə ilə cavabdehə müraciət etmiş və həmin ərizə cavabdehə 29 sentyabr 2021-ci il tarixdə təqdim olunmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin 1 saylı regional ərazi filialının **********3 saylı, 28 sentyabr 2021-ci il tarixli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin 1 saylı regional ərazi filialında 21.12.2020-ci il tarixdən müddətsiz müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan kimi qeydiyyatdadır və təqaüdün məbləği 80 manat təşkil edir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, İddiaçı 21.12.2020-ci ildən müharibə veteranı statusu və vəsiqəsi almışdır. Həmin vaxtdan da ona müharibə veteranlarına təsis edilmiş prezident təqaüdü ödənilmişdir. Lakin iddiaçı ona 22 sentyabr 1995-ci ildən sosial müqavinətin ödənilməsini istəyir. O, bununla bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciətinə cavab verilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edilənədək qanunvericiliyə uyğun olaraq müharibə veteranlarına sosial müavinətlər verilirdi. Yenə həmin Fərman qəbul edilənədək bu kateqoriya işlər üzrə formalaşmış məhkəmə təcrübəsi ondan ibarət idi ki, müharibə veteranı statusu almış şəxslərə sözügedən müavinətlər müharibə veteranı vəsiqəsinin alındığı gündən təyin edilməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələr aparılmalıdır. Ali Məhkəmə bununla bağlı özünün hüquqi mövqeyini “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinadla əsaslandırırdı. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin, Qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gəlir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki Qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. Beləliklə, “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsas verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin yuxarıda da qeyd edildiyi kimi Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın 01.04.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. Həmin Fərmanın 2.1.1-ci bəndinə əsasən, sözügedən təqaüd 2019-cu il aprelin 1dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Həmin Fərmanın 2.1.2-ci maddəsinə əsasən, dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bundan başqa, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 29.08.2013-cü il tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən 15.04.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman 01.04.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01.04.2019-cu il tarixindən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq sosial müavinət statuslu ödəniş deyildir və müvafiq olaraq həmin ödənişə münasibətdə “Sosial müavinətlər haqqında” Qanunun müddəaları tətbiq olunmaqla əvvəlki dövrlər üçün ödəmələrin aparılması yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, qanunvericilikdə baş vermiş dəyişikliklərdən sonra 01.04.2019-cu il tarixindən əvvəl və sonra müharibə veteranı vəsiqəsi almış şəxslərə münasibətdə fərqli hüquqi vəziyyət yaranmış, normayaradıcı müharibə veteranlarına ödəniləcək vəsaitin statusu, eləcə də həmin vəsaitlərin əvvəlki dövrlər üzrə ödənilməsinin mümkünlüyü ilə bağlı yeni yanaşma qəbul etmişdir. Məhkəmə hesab edir ki, 01.04.2019-cu il tarixindən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı müharibə veteranı statusunu 21.12.2020-ci ildə aldığından onun sosial müavinət almaq hüququ yox, prezident təqaüdü almaq hüququ yaranmışdır və həmin təqaüd düzgün olaraq vəsiqəni aldığı tarixdən ona ödənilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Abşeron-Xızı regional ərazi filialına qarşı “cavabdeh tərəfindən 22 sentyabr 1995-ci il tarixdən müavinət verilməsi” barədə iddiası təmin edilməməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X4 şəxsinin Abşeron-Xızı regional ərazi filialına qarşı “cavabdeh tərəfindən 22 sentyabr 1995-ci il tarixdən müavinət verilməsi” barədə iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-515/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-515/2022
20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver