Məhkəmə qərarları › İş №2-1(118)-5152/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-5152/2024

22.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5152/2024 22.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “hərəkət və hərəkətsizliyinə, ərzaq pulunun və dəymiş ziyanın ödənilməsi” tələblərinə dair ərizəyə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 7 iyul 2022-ci il tarixli, 8/2680 nömrəli məktubundan görünür ki, İddiaçı və X2 tərəfindən Müdafiə Nazirliyinə ünvanlanmış ərizələrdə qeyd edilən məsələ Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığına görə aidiyyəti üzrə baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilmişdir.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X1 göndərilmiş 7 avqust 2023-cü il tarixli, 3-25-8/2-İ-7xx-xx/2023 nömrəli və 29 avqust 2023-cü il tarixli, 3-25-19/2-J-788-33/23 nömrəli məktublarından görünür ki, müraciətinə maliyyə təminatına aid hissəsinə Maliyyə və Büdcə İdarəsində baxılmışdır. Bildirilmişdir ki, ərizədə qeyd etdiyi məsələlər Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmadığı üçün onlara mahiyyəti üzrə baxılması mümkün deyildir.

3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin X1 göndərilmiş 14 avqust 2023-cü il tarixli, 3-25-11/2-3814/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə ünvanlanmış sığorta sahəsində qanunvericilikdə dəyişikliklərin edilməsi, müvafiq arayışların verilməsi və ödənişlər ilə bağlı ərizəsinə Hüquq İdarəsində baxılmışdır. Bildirilir ki, qanunvericilik təşəbbüsü hüququ Müdafiə Nazirliyinə mənsub edilməmişdir. Müraciətinin müvafiq pul təminatına aid hissəsinə baxılaraq qanunamüvafiq tədbirlər görülməsi üçün ərizənin surəti 11 avqust 2023-cü il tarixli, 3-25-11/2-3806/2023 nömrəli məktubla N nömrəli hərbi hissəyə göndərilmişdir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

4. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, iddiaçıya 2011-ci ilin aprel ayından tutulmuş sığorta haqqında arayışın verilməsi, həmçinin 2011-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi və maddi mənəvi ziyana görə 64.000 manat ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh orqanın QQ-da 2011- 2022-ci illərdə müqaviə əsasında gizir rütbəsində xidmət etmişdir. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişdir, xidmət etdiyi dövrdə dəfələrlə təltif olunmuşdur, 29 mart 2022-ci il tarixdə müqavilənin vaxtı bitdiyinə görə tərxis olunmuşdur, lakin 5 aprel 2022-ci il tarixdə ƏƏSMN-nin Qubadakı məşğulluq xidmətinə sənədlərini təqdim edərək qeydiyyat və işsizliyyə görə sığorta ödənişinin alınması üçün müraciət etdikdə iddiaçının sistemdə iş stajı olmadığı bildirildi və buna görə işsizliyə görə müavinətin düşmədiyi bildirildi, halbuki hərbi qulluqdan qabaq da iddiaçı işləmişdir və buna görə də ona kart verilib, bundan qabaq cavabdehdən müqavilə ilə çıxan hərbçilərə məşğulluq xidmətindən işsizliyə görə müavinət verilib. Dəfələrlə Müdafiə Nazirliyinə ödənilməmiş ərzaq pulunun ödənilməsi, ərzaq pulu və tutulmuş sığorta haqqında müraciət edəlsə də, nəticəsi yoxdur. Həmçinin, xidmət etdiyi dövrdə dövlət tərəfindən ayrılmış ərzaq pulu 2014-cü ildən verilməyib, mənzillə təmin olunmamışdır, hazırda da dövlət tərəfindən heç bir yardım göstərilmir. Yazdığı ərizəyə də Məşğulluq Xidmətindən bildirilmişdir ki, işsizliyə görə sığorta pulunu onlar ödəməyəcəklər, Müdafiə Nazirliyi ödəməlidir, rəsmi arayış da verilmir, ərizələrinə də rəsmi cavab verilməmişdir. Hal-hazırda yalnız 80 manat verilir, əlillik də vermirlər. İki övladı var, valideynləri də xəstəliyə görə işləmirlər, ailə vəziyyəti də çox ağırdır, heç bir yerdən gəlirləri yoxdur.

6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

7. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, iddianın mümkünlüyü məsələsinin müzakirəsini zəruri saymışdır.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

8. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdirlər.

9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

10. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

11. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

12. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İDDİANİN MÜMKÜNLÜYÜ İLƏ BAĞLİ MƏHKƏMƏNİN MÖVQEYİ:

13. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

14. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.

15. Məhkəmə qeyd edir ki, İPM-in inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.

16. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.

17. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

18. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

19. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

20. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən qərarında həmçinin qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar (2.3-cü bənd). ... İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd).

21. Mövcud qanunvericilik normaları onu deməyə əsas verir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddialar yalnız onların mümkünlüyü haqqında şərtlər yerinə yetirildiyi halda yolveriləndir. Nəzərə alınmalıdır ki, bəzi iddia növləri üzrə icraatda iddiaçının müraciəti və ona münasibətdə cavabdehin imtinasının və ya hərəkətsizliyinin mövcudluğu iddianın mümkün sayılaraq, iddia tələbi üzrə yekun qərar qəbul olunmasını şərtləndirən əsas əlamətlərdən biridir.

22. Məhkəmə araşdırılması ilə məlum olur ki, “iddiaçıya 2011-ci ilin aprel ayından tutulmuş sığorta haqqında arayışın verilməsi, həmçinin 2011-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi və maddi mənəvi ziyana görə 64.000 manat ödənilməsi” ilə bağlı iddiaçının iş üzrə cavabdeh inzibati orqana müraciəti olmamışdır. Belə olan halda məhkəmənin qənaətinə görə, hazırkı iddia tələbi üzrə mübahisə mövcud deyildir.

23. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyası “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli, 01/2023 saylı qərardadında qeyd olunmuşdur ki, “31. Bununla yanaşı, məhkəmə müdafiəsi mütləq xarakter daşımır və qanunvericilik tərəfindən müəyyən edilmiş hədlərdə konkret məhdudiyyətlərə məruz qala bilər. Məhkəmə müdafiəsi hüququnu məhdudlaşdıran tədbirlər ədalət mühakiməsinin maraqlarının da daxil olduğu legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli və qanuni məqsəd daşımalıdırlar. Eləcə də, istifadə edilən vasitələrlə çatılmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik olmalıdır. Bu məhdudiyyətlər hüquq və azadlıqların əsas mahiyyətinə toxunmamalı, onların əsl mahiyyətini zədələyəcək şəkildə və miqyasda həyata keçirilməməlidir.

32. Hüquq və vəzifələrin həcminin prosessual qaydalar çərçivəsində məhdudlaşdırılması hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, məhkəmə icraatı zamanı işdə iştirak edən şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına, ədalət mühakiməsinin daha səmərəli və ədalətli həyata keçirilməsinə xidmət edir. Eyni zamanda, yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv etməməlidir. Bu məhdudiyyətlər hər hansı şəxsin iradəsindən asılı olmayaraq, müvafiq hüquqa mütənasib şəkildə qanunvericinin müəyyən etdiyi hədlər çərçivəsində düzgün tətbiq edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.2-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 24 iyul tarixli Qərarı).

33. Məhkəmələrə müraciət etmək hüququ mütləq deyil, məhdudiyyətlərə məruz qala bilər; belə məhdudiyyətlərə dolayı formada yol verilir, çünki məhkəməyə müraciət etmək hüququ xarakterinə görə dövlət tərəfindən tənzimlənmə tələb edir və belə tənzimləmə cəmiyyətin və fərdlərin ehtiyaclarına və resurslarına uyğun olaraq zamana və məkana görə dəyişilə bilər. Bununla belə, tətbiq edilən məhdudiyyətlər, şəxslərin məhkəməyə müraciət hüququnu, bu hüququn mahiyyətinə xələl gətirəcək formada və ya həddə məhdudlaşdırmamalıdır. Əgər məhdudiyyət legitim məqsəd güdmürsə və istifadə edilən vasitələrlə nail olmaq istənilən məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi yoxdursa, məhdudiyyət Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə uyğun olmayacaqdır (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), xx.xx.2018, No.40160/12, §77-78).

34. Konvensiyanın 6-cı maddəsində Razılığa gələn dövlətlərin apellyasiya və ya kassasiya instansiyaları məhkəmələri yaratmaları təkid edilmir. Lakin belə məhkəmələr mövcuddursa, Konvensiyanın 6-cı maddəsinin təminatlarına əməl edilməsi tələb edilir. (bax, Zubac Xorvatiyaya qarşı (Böyük Palata), §80, Platakov Yunanıstana qarşı, xx.xx.2001, No.38460/97, §38). Bu, xüsusilə də şikayətin qəbuledilənlik şərtlərinə aiddir, çünki bu məsələ təbiət etibarilə, həmin sahədə müəyyən mülahizə sərbəstliyinə malik olan dövlət tərəfindən tənzimlənmə tələb edir (Luordo İtaliyaya qarşı iş üzrə xx.xx.2003, No.32190/96). Bundan əlavə, apellyasiya və ya kassasiya məhkəmələrinə münasibətdə Konvensiyanın 6-cı maddəsinin tətbiqi zamanı müvafiq instansiyadakı icraatın xüsusi şərtlərinə əməl edilməli, bu zaman, qanunvericiliyə uyğun olaraq milli 7 səviyyədə həyata keçirilən məhkəmə icraatının bütünlüyü ilə kassasiya məhkəməsinin ümumi məhkəmə sistemindəki rolu nəzərə alınmalıdır. (Osu İtaliyaya qarşı iş, İş N: 36534/97, xx/xx/2002, § 32-33). Hüquqi məsələlər üzrə kassasiya şikayətinin qəbuledilənlik şərtləri apellyasiya şikayətinin qəbuledilənlik şərtlərindən daha da sərt ola bilər. (Zubac Xorvatiyaya qarşı (Böyük Palata), §82-83).

72. Kassasiya şikayətinin əsaslandırılması zamanı xüsusi tələblərə riayət edilməli olduğu həmçinin Ali Məhkəmənin iş yükünün optimallaşdırılmasına dair ehtiyacdan irəli gəlir. Ali Məhkəmədən əsas gözlənilən hüququn eyni cür tətbiq edilməsini və inkişafını təmin etməyə dair ictimai funksiyanın layiqincə yerinə yetirilməsidir. Bu isə aydındır ki, həm də iş yükünün optimallaşdırılmasına, təkrarlanan işlərə baxılmasının qarşısının alınması dair tədbirlərin görülməsini tələb edir. Belə tədbirlərin görülməməsi məhkəmə proseslərinin müddətlərinin uzanmasına, şəxslərin hüquqlarının bərpasının yubanmasına, məhkəmələrin əsassız olaraq eyni kateqoriya işlərlə yüklənməsinə gətirib çıxarır, ümumilikdə isə məhkəmə sisteminin səmərəli fəaliyyətinə maneə təşkil edir. Lazımi qaydada əsaslandırılmamış kassasiya şikayətlərinin mümkün sayılmamasına dair prosessual tələblərin müəyyənləşdirilməsi optimallaşdırmanın alətlərindən biri kimi çıxış etməklə ümumi maraqlara xidmət edir. Bununla, kassasiya məhkəməsinin həqiqi funksiyalarını təmin etməyə yönəlmiş həm keyfiyyətli, həm də ağlabatan müddətlərdə fəaliyyət göstərməsinə nail olunur.”

24. Beləliklə məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

25. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

27. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

28. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “cavabdehin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, iddiaçıya 2011-ci ilin aprel ayından tutulmuş sığorta haqqında arayışın verilməsi, həmçinin 2011-cü ildən hesablanaraq ərzaq pulunun verilməsi və maddi mənəvi ziyana görə 64.000 manat ödənilməsi” tələblərinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar