Məhkəmə qərarları › İş №2-1(118)-516/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-516/2020

18.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-516/2020 18.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlununkatibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı “Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə 1967-1972-ci illərdə M.Əzizbəyov adına Qırmızı Əmək bayrağı Ordenli Azərbaycan Neft və Kimya institutunda təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən xx xxxx 2013-cü il əmək pensiyasının yenidən hesablanmasının cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı təhsil müddətinin nəzərə alınaraq, pensiyasının yenidən hesablanması üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya yaşla əlaqədar olaraq xx xxxx 2013-cü il tarixindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsi tərəfindən əmək pensiyası təyin edilmişdir. Ona əmək pensiyası təyin edilərkən 1967-1972-ci illərdə təhsil aldığı müddətlər əmək pensiyasına hesablanmayaraq sosial sığorta stajına daxil edilməmişdir.Bununla bağlı iddiaçı xx.xx.2019-cu il tarixində cavabdeh inzibati orqana Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin cavabdeh inzibati orqan özünün xx.xx.2019-cu il tarixli **********4 saylı məktubu ilə onunərizəsini təmin etməmiş və xahişinə imtina etmişdir.Cavabdeh imtinasında “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddələrinə istinad edərək 1967-ci il tarixindən 1972-ci il tarixinədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətlərinin yaranmadığını göstərərək, iddiaçının xahişinə imtina etmişdir. İddiaçı cavabdehin imtinasını qanunsuz hesab edir. Cavabdeh ona yaşla bağlı əmək pensiyası təyin olunmasında təhsil müddətini iş stajına aid etməyərək,həmin dövrü sosial sığorta stajı kimi nəzərə almamış və bununla daonun sosial təminat və konstitusion hüquqları pozulmuşdur. Belə ki, o, 1967-ci ildə M.Əzizbəyov adına Qırmızı Əmək bayrağı Ordenli Azərbaycan Neft və Kimya institutuna daxil olaraq 1972-ci ilin iyununda həmin institutun əyani şöbəsini bitirmişdir. Onun M.Əzizbəyov adına Qırmızı Əmək bayrağı Ordenli Azərbaycan Neft və Kimya institutunda 1967-1972-ci illərdə təhsil aldığı Ə № 218109 saylı xx xxxx 1972-ci il tarixli diplomla təsdiq edilir. Təhsil aldığı müddətlər cavabdeh inzibati orqan tərəfindən əmək stajı kimi müəyyən edilməklə, sosial sığorta stajına daxil edilməli, cavabdehin hərəkəti qanunsuz hesab edilməli, ona yaşına görə təyin edilmiş əmək pensiyasına təhsil müddətləri də əlavə edilməli və ona təyin edilmiş əmək pensiyası hüququnun yarandığı vaxtdan xx xxxx 2013-cü il tarixindən yenidən hesablanmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə dair münasibətində qeyd edir ki, vətəndaş İddiaçı (pensiya işinin № 048695) pensiya hüququnun yarandığı xx.xx.2013-cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2006-cı ilədək ümumi staj - 33 il 05 ay xx.xx.2006-cı il tarixdən xx.xx.2013-cü il tarixədək 07 il 06 ay sosial sığorta stajı, fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalı - 6376.32 manat təşkil edir. xx.xx.2019-cu il tarixə pensiyanın məbləği 271.43 manat təşkil edir. xx.xx.2019-cu il tarixə pensiyanın məbləği 376.71 manat təşkil edir. Qeyd: “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 25-ci maddəsinə əsasən, sığorta stajı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi barədə verilən sənədə təsdiq olunur. «Sosial sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən sosial sığortanın iştirakçıları sığortaçı, sığortaedənlər və sığortaolunanlardır. Sığortaolunanlar-xeyrinə sığorta fəaliyyəti həyata keçirilənlərdir. O, 1967-ci il tarixdən 1972-ci il tarixədək məcburi dövlət sosial sığortaya cəlb edilən əmək fəaliyyəti ilə məşğul olmadığı üçün tərəflər arasında qarşılıqlı hüquq münasibətləri yaranmır. Bu səbəbdəndə vətəndaşın təhsil aldığı dövrlərin sosial sığorta stajı kimi hesablanması “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsində öz əksini tapmamışdır. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 iddia ərizəsinə etirazı müdafiyə etmişdir. İddiaçıya məxsus Ə № 218109 saylı xx xxxx 1972-ci il tarixli diplomda onun 1967- 1972-cı illərdə M.Əzizbəyov adına Qırmızı Əmək bayrağı Ordenli Azərbaycan Neft və Kimya İnstitunda təhsil aldığı qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla bərabər, həm də əsaslıdır. Belə ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının təhsil aldığı müddət pensiya təyinatı zamanı sosial sığorta stajı kimi nəzərə alınmamışdır. Məhkəmə iddiaçının təhsil aldığı müddətin sosial sığorta stajı kimi nəzərə alınmamasına münasibətdə qeyd edir ki, xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə əsasən ali, orta ixtisas, texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının Azərbaycan Neft və Kimya İnstitunda təhsil aldığı müddət xx xxxxxx 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ bəndinə və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən onun iş stajına daxil edilməlidir. “İnzibati İcraat Haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. Göründüyü kimi qanunverici inzibati orqanın hüququn tətbiqini xidməti vəzifəsindən irəli gəldiyi hallarda öz təşəbbüsü ilə etməli olduğunu vurğulayır və bu hüququn düzgün tətbiq edilməsi inzibati orqanın vəzifəsi kimi başa düşülməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 1967-1972-ci illərdə M.Əzizbəyov adına Qırmızı Əmək bayrağı Ordenli Azərbaycan Neft və Kimya institutunda təhsil aldığı müddətlərin sosial sığorta stajına daxil edilərək, hüququnun yarandığı tarixdən əmək pensiyasının yenidən hesablanması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar