Məhkəmə qərarları › İş №2-1(118)-516/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-516/2024

16.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-516/2024 16.04.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Kamal qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçılar İddiaçı, X5 və Məmmədova (Feyzullayeva) Röya Rəcəb qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ayrılmış və JN-137 KOD 30214028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 1,15 ha ölçüdə torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin, həmçinin həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə verilmiş və ailə üzvlərinin adına olan JN-137 KOD 30214028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 1,15 ha ölçüdə torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı və adları dövlət aktında qeyd olunmuş ailə üzvləri X8 və Məmmədova (Feyzullayeva) Röya Rəcəb qızı məhkəməyə birgə ərizə təqdim edərək Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ayrılmış və JN-137 KOD 30214028 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında göstərilmiş ölçüdə, yəni 1,15 ha ölçüdə torpaq sahəsinə ümumi birgə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin, həmçinin həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması xahiş etmişlər. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə dörd nəfərdən ibarət iddiaçının ailəsinə Xaçmaz rayonu, Molla-Burhan kəndi ərazisində 1,15 ha kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi ayrılmışdır. Həmin torpaq sahəsi üzərində ailə üzvlərinin mülkiyyət hüququ JN-137 KOD 30214028 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə tanınır. X16 10 aprel 2000-ci il tarixdə dövlət aktlarının qeydiyyat kitabında 41 nömrə ilə qeydiyyata alınmışdır. Hazırda kənd təsərrüfatı təyinatlı torpaq mülkiyyətçilərinə dövlət tərəfindən ödənilən subsidiyanın verilməsi üçün həmin torpaq sahələrinə dair dövlət reyestrindən çıxarışın alınması tələb olunur. İddiaçı 1,15 ha torpaq sahəsinə dair dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi üçün cavabdeh 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Həmin idarənin 13 mart 2023-cü il tarixli, 3-21-3-34/2-2762/2023 nömrəli məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. 1.15 ha torpaq sahəsinin birgə mülkiyyətçilərindən olan iddiaçının atası X6 05 yanvar 2011-ci ildə vəfat etmiş, bacısı Röya 04 oktyabr 2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ərinin soyadı olan “Feyzullayeva” soyadını qəbul etmişdir. Cavabdeh və digər iddiaçılar şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və digər iddiaçıların iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar mövcuddur. Belə ki, torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-137 nömrəli (KOD ********) seriyalı "Torpağa mülkiyyət hüququna dair Dövlət Aktfnda torpaq sahəsinin ölçüsü 1,15 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş dövlət aktlarının qeydiyyatı kitablarında həmin torpaq sahəsi 0,68 ha ölçüdə öz əksini tapmışdır. İş materiallarında olan: - JN 137 nömrəli KOD 30214028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı qərarına əsasən 1,15 ha torpaq sahəsi X1 və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. - Xaçmaz Rayon Dövlət Arxivi tərəfindən verilmiş arxiv çıxarışdan görünür ki, 10 aprel 2023-cü il tarxili arxiv çıxarışından görünür ki, Azərbaycan Respublikası Xaçmaz rayon dövlət arxivində saxlanılan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 saylı protokolu ilə Xaçmaz rayonunun Bakı sovxozunun ərazisində torpaq alan subyektlərin yekun siyahısında Mollaburhan kəndi üzrə 39-cu X1 adına qaytanlanmış kitab üzrə 0,08 ha, faktiki 0,16 ha həyətyanı torpaq sahəsi və əmlak payçısı 4 nəfər qeyd olunmuşdur, adları göstərilməmişdir. - Xaçmaz Rayon Dövlət arxivi tərfindən verilmiş Xaçmaz Rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli iclasının 16 saylı saylı protokolundan çıxarışdan görünür ki, “Bakı” sovxozu üzrə cəmi torpaq fondu 3006 ha olmaqla dövlət mülkiyyətində saxlanılan torpaqlar 255,5 ha bələdiyyə mülkiyyətinə verilən torpaqlar 681 ha (o cümlədən bələdiyyənin ehtiyat fondu üçün 190,4 ha kənd təsərrüfatına yararlı torpaq sahəsi və xüsusi mülkiyyətə verilən torpaqlar 2069,2 ha (o cümlədən 1701 ha özəlləşən və 1368,2 ha həyətyanı torpaq sahələri) təsər. üzrə torpaq payı almaq hüququ olan hər bir subyektə 0,36 ha torpaq payının müəyyən edilməsi,habelə təsər.ərazisində yerləşən kəndlər üzrə torpaqların bölgü istiqamətinin təyin olunması və bu ərazidə yaşayan vətəndaşların fərdi həyətyanı sahələrində olan normadan artıq torpaqların onların torpaq payından çıxılması barədə “Bakı” sovxozunun AİK-nın 22 sentyabr 1997-ci il tarixli (pr.№9) iclasında qərar qəbul edilmişdir. - AZ-İ № 472399 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. - Xaçmaz rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş aktdan görünür ki, JN 137 nömrəli KOD 30214028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında mülkiyyətçilər X9 və X4 qeyd edilmişdir. Dorğu adları X8 və Məmmədova (Feyzullayeva) Röya Rəcəb qızı kimidir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə iddiaçıya ayrılmış 1,15 ha torpaq sahəsi 2 (iki) planşetdən ibarətdir və naturada mövçuddür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN-137 kod 30214028 saylı” Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlarına uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin JN-137C planşetdə 0,68 ha və JN-137 planşetdə isə 0,47 ha torpaq sahəsi təşkil edir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: ..... 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ...... Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisə obyekti olan torpaq sahəsi “Torpağa mülkiyyət hüququna dair” JN-137 kod 30214028 saylı dövlət aktında iki planşetdə göstərilmişdir – 6799.32 kv m + 4705.56 kv m. X16nda torpaq sahəsinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarına əsasən ayrıldığı qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 16 saylı qərarı ilə iddiaçıya ayrılmış 1,15 ha torpaq sahəsi 2 (iki) planşetdən ibarətdir və naturada mövçuddür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları JN-137 kod 30214028 saylı” Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən koordinatlarına uyğundur. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin JN-137C planşetdə 0,68 ha və JN-137 planşetdə isə 0,47 ha torpaq sahəsi təşkil edir. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə X6, X8, İddiaçı və X7 1.15 ha kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina məktubu və iddia ərizəsinə etirazının yeganə dəlili ondan ibarətdir ki, Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında torpaq sahəsinin ölçüsü 1.15 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş DTXK-nin Xaçmaz rayon şöbəsi tərəfindən cavabdeh idarəyə təhvil verilən dövlət aktlarının qeydiyyat kitabında həmin torpaq sahəsi 0.68 ha ölçüdə öz əksini tapmışdır. Məhkəmə cavabdehin dəlilinə münasibətdə qeyd edir ki, yuxarıda qeyd edilən araşdırma ilə işin müəyyən edilən hallarından müəyyən edildiyi kimi Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı ilə hazırki iş üzrə iddiaçılara 1,15 ha torpaq sahəsi ayrılmasına baxmayaraq, həmin qərar əsasında DTXKnin Xaçmaz rayon şöbəsi tərəfindən qeydiyyat kitabların tərtibatı zamanı texniki səhvə yol verilərək torpaq sahəsinin ölçüsü 0,68 ha göstərilmişdir. Belə ki, həmin torpaq sahəsi iki planşetdə qeyd edilmiş dövlət aktının ayrı-ayrı səhifələrində 6799.32 kv m və 4705.56 kv m torpaq sahələri əks edilmiş, dövlət aktlarının qeydiyyat kitabında isə yalnız bir hissəsi 6799.32 kv m (0.68 ha) qeyd edilmişdir. Məhkəmə qeyd etməyi zəruri hsab edir ki, iddiaçılara 1.15 ha torpaq sahəsinin ayrılması ilə bağlı Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarı hazırda qüvvədədir. “İnzibati icraat haqqında” Qanunun tələblərinə görə inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır (64.1-ci maddə). İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (64.2-ci maddə). Mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı aqrar islahat komissiyasının qərarı qanunla müəyyən olunmuş qaydada geri çağırılmamış, ləğv edilməmiş, dəyişdirilməmişdir. Belə olan halda, həmin qərar hüquqi cəhətdən etibarlı sayılır. Bu baxımdan, “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktlarının qeydiyyat kitabındakı ölçünün dövlət aktında göstərilən ölçüdən fərqli qeyd edilməsi iddiaçıların təqsiri deyil, aidiyyəti qurumların, vəzifəli şəxslərin öz vəzifələrini layiqincə yerinə yetirməmələrinin nəticəsidir. Hazırki halda iddiaçılar belə hallara görə hər hansı məsuliyyət daşımamalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində bildiriş verilməlidir. Həmin Qanunun 16.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafelərini pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır. Qeyd olunan hüquq normalarının tələblərindən göründüyü kimi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı zamanı buraxılmış texniki səhvlərin aradan qaldırılması cavabdeh orqanın vəzifələrinə aid edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Qeyd edilən qanunun 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Nəzərə almaq lazımdır ki, iddiaçıların və mərhum X1 1.15 ha torpaq sahəsi üzərində mülkiyyət hüququ hüquqmüəyyənedici sənədə - Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli 16 nömrəli qərarına əsaslanır. Bu mənada, məhkəmə xüsusilə vurğulayır ki, etibarlı və hüquqi qüvvəsini saxlayan müvafiq hüquqmüəyyənedici sənədlər əsasında daşınmaz əmlak üzərində hüququn qeydiyyata alınmasından və hüququn qeydiyyata alınması barədə müvafiq çıxarışın verilməsindən davamlı imtina edilməsinin “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsində təsbit edilmiş etimadın qorunması prinsipi baxımından inzibati orqanların fəaliyyətinin, habelə onlar tərəfindən qəbul edilən qərarların qanunauyğunluğuna vətəndaşların inam və etimadına ciddi zərbə vurduğu və bu baxımdan yolverilməz olduğu da nəzərə alınmalıdır. Odur ki, hazırki iş üzrə iddiaçıların sözügedən torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericilikdən irəli gələn əsaslar mövcuddur. Məhkəmə qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, cavabdehin dəlili əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 17 dekabr 1997-ci il tarixli, 16 nömrəli qərarı ilə ayrılmış 1.15 ha torpaq sahəsi üzərində iddiaçılar İddiaçı, X5 və Məmmədova (Feyzullayeva) Röya Rəcəb qızının ümumi birgə mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, müvafiq çıxarışın və plan və ölçü sənədinin, həmçinin həmin torpaq sahəsinin ümumi birgə mülkiyyət hüququ əsasında mərhum X3 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar