Məhkəmə qərarları › İş №2-1(118)-5163/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5163/2024

29.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5163/2024 29.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: əmək pensiyasının bərpa edilməsi, tutulmanın dayandırılması, tutulmuş məbləğin geri qaytarılması qanunun geriyə qüvvəsi, ictimai etimad, inzibati icraatın aparılmaması) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3, Cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə1, Nümayəndə3, X1 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi, tutulmanın dayandırılması və tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi, tutulmanın dayandırılması və tutulmuş məbləğlərin geri qaytarılmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir.) İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, övladı X7 uşaqlıqdan müddətsiz olaraq 1ci qrup əlildir. İddiaçı isə xroniki olaraq hər iki böyrək xəstəliyinə tutulub əziyyət çəkir. 2005-ci ildən 2024-cü ilin aprel ayı da daxil olmaqla hər ay 1-ci qrup əlil xəstə uşağına qulluq etdiyinə görə aldığı 360 (üç yüz altmış) manat pensiyanın məbləği azaldılaraq 220 (iki yüz iyirmi) manata salınmışdır. Bundan da hər ay 22 (iyirmi iki) manat tutulur və beləliklə hər ay əlinə gələn pul 198 (yüz doxsan səkkiz) manatdır. İddiaçı bununla əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna şikayət ərizələri ilə müraciətlər etmişdir. 17 may 2024-cü il tarixli, 3-17-1/2-2- 117596/2024 saylı və 23 may 2024-cü il tarixli, 3-17-1/2-2-121329/2024 saylı imtina aktları göndərilmişdir. Bu aktları 05 iyun 2024-cü il tarixdə almışdır. Cavabdeh tərəfindən göndərilmiş 17 may 2024-cü il tarixli aktda yazılmışdır ki, 26549.74 manat artıq ödənilmiş vəsait 2024-cü ilin may ayından etibarən aylıq sosial müavinətdən 22,00 manat olmaqla tutularaq Mərkəzi Filialın müvafiq filialına köçürüləcəkdir və bu əsassız və qeyri-qanuni olaraq icra edilir. Cavabdeh tərəfindən göndərilmiş 23 may 2024-cü il tarixli digər aktda isə yazılmışdır ki, xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası qanununun 14-cü maddəsinin tələbinə əsasən iddiaçıya xx.xx.2005-ci il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə ödəniş xx.xx.2024-cü il tarixinədək davam etdirilmişdir. Sözügedən qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdivi qaydada hesablanan orqanizmin funksiyalarının pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-əçatmışşəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. Cavabdeh daha sonra yazmışdır ki, onların xidməti araşdırması zamanı müəyyən edilib ki, iddiaçı sığortaolunan olmadığı halda əlilliyi müəyyən edilmiş övladı X5 və digər övladlarına qulluq etdiyi dövrlər sığorta stajı kimi nəzərə alınaraq xx.xx.2005-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. Nəticədə xx.xx.2005-ci il tarixdən xx.xx.2024cü il tarixinədək əmək pensiyası üzrə ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin olunduğu cavabdeh tərəfindən yazılmışdır. Cavabdeh qeyd etmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Bu səbəblərdən ona xx.xx.2021-ci il tarixindən (əmək pensiyam üzrə qəbul edilmiş artıqödəmə ilə bağlı qərardan 3 il əvvəl) yaşa görə sosial müavinət təyin edilmiş və xx.xx.2023-cü il tarixindən 220 manata çatdırıİdığı bildirilmişdir. Sonda bildirilmişdir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciətilə əlaqədar qəbul edilmiş qərarla razılaşmadıqda bu qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayətvermə hüququ vardır. Cavabdeh “İnzibati İcraat” haqqında Azərbaycan Respublikası qanununun 21.1, 21.2, 24.1-ci maddələrinin tələblərini kobud surətdə pozub iddiaçıya əvvəldən məlumat verməmiş, iştirakını təmin etməmiş və bu işə dair bütün faktiki halları tam, obyektiv və hərtərəfli araşdırmamışlar. Fakt odur ki, cavabdehin özünün qeyd etdiyi kimi - xx.xx.2006-cı il tarixinədək qüvvədə olmuş “X2 haqqında” Azərbaycan Respublikası qanununun 14-cü maddəsinin tələbinə əsasən xx.xx.2005-cı il tarixdə çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsi tətbiq edilməklə ödəniş xx.xx.2024cü il tarixinədək davam etdirilmişdir. Aşkar görünür ki, xx.xx.2024-cü il tarixinədək ödənilmiş “yaşa görə əmək pensiyası” qüvvədə olan qanunlara əsasən verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmiş, məhkəmə suallarına cavabında iddiaçının pensiyasının dayandırıldığını bildirmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı pensiya işinə baxılan zaman məlum olmuşdur ki, o, sığortaolunan olmadığı halda onun əlilliyi müəyyən edilmiş övladı X5 və digər övladlarına qulluq etdiyi dövrlər sığorta stajı kimi nəzərə alınaraq iddiaçıya xx.xx.2005-ci il tarixində yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya ünvanlanmış məktubda bu barədə məlumat verilmişdir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “X2 haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin tələblərinə əsasən iddiaçıya xx.xx.2005-ci il tarixində çoxuşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmiş və xx.xx.2006-cı il tarixdən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 8.1-ci maddəsi tətbiq edilməklə ödənişi xx.xx.2024-cü il tarixinədək davam etdirilmişdir. Nəticədə xx.xx.2005-cı il tarixdən xx.xx.2024-cü il tarixədək onun əmək pensiyası üzrə ödənilmiş 26549,74 manat məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Belə ki, inzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız faydalandığını hesab edir və bunu fondun büdcəsinə dəymiş ziyan kimi qəbul edir. Belə ki, iddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün müraciət etməmişdir. Buna görə də, iddiaçıya artıq ödənilmiş vəsait cari ilin may ayından hər ay 22 manat olmaqla tutularaq bərpa edilir. Qanunun 21.2.4-cü maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-cı maddəsində qeyd olunan müddətlərdən əlavə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sosial sığorta stajına daxil edilir. “Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Qanunun 9 1-ci maddəsinə əsasən ən çoxu müraciət edi məzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir Qeyd olunanlara əsasən İddiaçı xx.xx.2021-ci il tarixdən (əmək pensiyası üzrə qəbul edilmiş artıqödəmə ilə bağlı qərardan 3 il əvvəl) yaşa görə sosial müavinət təyin edilmiş xx.xx.2023-cü il tarixdən 220 manata çatdırılmışdır. Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 4-cü maddəsinə əsasən yaşa görə müavinət sosial müavinətin bir növüdür. Yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası huququ olmadıqda və işləmədikdə təyin edilir. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqanlar inzibati akt qəbul etmək səlahiyyətinə malikdirlər İnzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridi; “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra- Qanun) 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Eyni zamanda, Qanunun 21.3-cü maddəsində qeyd olunanlara əsasən ictimai və ya dövlət maraqlarına ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar inzibati aktın dərhal qəbul olunması zərurəti yarandıqda və dinləmənin keçirilməsi inzibati aktın qəbul edilməsi ilə bağlı müddətin buraxılmasına səbəb ola biləcəyi halda inzibati orqan maraqlı şəxsləri və ya onların nümayəndələrini dinləməkdən imtina edə bilər. İnzibati icraat haqqında" Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğuların vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati aktların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Belə ki. bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün həmin şəxslərin hamısının dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki. maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. İnzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası ilə əleyhlərinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərə sözügedən ödənişlər bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə yenidən ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni əleyhlərinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. "İnzibati icraat haqqında’’ Azərbaycan Respublikası Qanununun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir İnzibatı akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 6.1.8-ci maddəsinə əsasən bələdiyyələr tərəfindən qəbul edilmiş inzibati aktlar və digər inzibati orqanların pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları icra sənədləri sayılır. Bunun üçün inzibati akt əsasında artıq ödənilmiş məbləğin tutulmasına dair qərar qəbul edilir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar "İnzibati icraat haqqında" Qanunun mənası baxımından inzibati aktdır, həm qərar, həm sərəncam, həm də digər növ hakimiyyət tədbiri formasında olmaqla, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır və icra olunmalıdır. Odur ki, artıq ödənilmiş vəsaitin məhkəmədə iddia qaldırılmaqla tutulması yolverilməzdir Qəbul edilmiş pul tələblərinin ödənilməsi ilə bağlı həmin inzibati aktlar isə həmin aktı qəbul etmiş inzibati orqan tərəfindən qəbul edilən tələbin icraya yönəldilməsi haqqında qərarla icraya yönəldilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçiriliməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-cu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir. Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrıseçkılıyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsinin 3.1.18-ci bəndinə əsasən, əmək pensiyalarının, sosial müavinətlərin, ünvanlı dövlət sosial yardımının, təqaüd və kompensasiyaların, habelə Azərbaycan Respublikasının qanunları və Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərin təyin edilməsi və ödənilməsi üçün əsas götürülmüş sənədlərin (məlumatlarım qanuna uyğun olmadığı, onlarda düzəliş və ya təhrif olunduğu aşkar edildikdə, habelə həmin ödənişlərin dayandırılması üçün əsas ola biləcək hallar olduqda ödənişi dayandırmaq, qanunla nəzərdə tutulan hallarda artıq ödənilmiş vəsaitin tutulması üçün tədbirlər görülməsini təmin etmək Fondun vəzifələrinə aid edilmişdir "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən inzibatı orqanlar inzibati akt qobul etmək səlahiyyətinə malikdirlər. Həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibatı orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndələri Nümayəndə2, Nümayəndə1 iştirak etmiş, etirazı müdafiə edərək bildirmişdirlər ki, iddiaçıya pensiya təyin edilən zaman sadəcə uşağa qulluq etdiyi dövr nəzərə alınmışdır. Lakin əmək fəaliyyəti olmamışdır. Artıq ödəmə olmuşdur. Müavinətdən hər ay tutulmalar aparılıb. X2 haqqında Qanuna əsasən şəxslər mdss haqları ödənilməli, birbaşa sığorta olunan kimi qeydiyyatdan keçməlidir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə3 iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı heç vaxt işləməmişdir. Uşaqlarına qulluğa görə pensiya təyin edilmişdir. Artıq pensiya məbləği ödənilmişdir. İddiaçı işləmədiyinə görə əmək pensiyası sosial müavinətlə əvəzləşdirilmişdir. Artıq ödənilmiş məbləğ onun sosial müavinət məbləğindən büdcəyə bərpa edilir. Bu günədək 6 ayın ödənişi olmuşdur. Məhkəmə suallarına cavabında qərarın 18 aprel 2024-cü il tarixdə orqanın öz təşəbbüsü ilə qəbul edildiyini, hüquqi əsas kimi “Əmək Pensiyaları haqqında” Qanunun tətbiq edildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: Mart 2005-ci il tarixli 113718 saylı vəsiqədən görünür ki, X7 uşaqlıqdan ömürlük 1ci qrup əlildir. №01/100623 Pensiya işindən görünür ki, İddiaçı “X2” haqqında Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən 4 uşağına qulluq etdiyi müddətlər-6 il və əlil uşağa qulluq etdiyi 9 il 6 ay nəzərə alınaraq cəmi 15 il 6 ay iş stajı müəyyən edilmiş və iddiaçıya 16 mart 2005-ci il tarixindən ömürlük pensiya təyin edilmişdir. xx.xx.2024-cü il tarixli 3-17-1/1-Ə-102402/2024 saylı sosial müavinətlər üzrə Qərar əsasında X5 (xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 130 manat; xx.xx.2022ci il tarixdən xx.xx.2022-ci ilədək 180 manat; xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat) yaşa görə müavinət təyin edilmişdir. Əmək pensiyası hüququ olmadığı üçün xx.xx.2024-cü il tarixli inventar qərarı və vətəndaşın tutulma ilə bağlı razılıq ərizəsinin nəzərə alınması, yaşa görə sosial müavinət hüququ olduğu üçün xx.xx.2021-xx.xx.2024cü il tarixli dövr üzrə ödənilməmiş məbləğin ödənilməsi qərara alınmışdır. Pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, tələb olunan sığorta stajı olmadığından vətəndaşın pensiya işi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2005-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 33326.07 manat artıqvermə müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 3-17/1-Ə-13678/2024 saylı ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında Qərar ilə xx.xx.2024-cü il tarixində pensiya işlərinin inventarlaşdırılması şöbəsi tərəfindən qəbul edilən qərar dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, İddiaçı 16 mart 2005-ci il tarixindən ömürlük pensiya təyin edilmişdir. Lakin iddiaçının tələb olunan sığorta stajı olmaması əsası ilə pensiya işi xx.xx.2024-cü il tarixindən dayandırılmışdır. Nəticədə xx.xx.2005-ci il tarixindən xx.xx.2023-cü il tarixədək 33326.07 manat artıqvermə müəyyən edilmişdir. xx.xx.2024-cü il tarixli 3-17-1/1-Ə- 102402/2024 saylı sosial müavinətlər üzrə Qərar əsasında X5 (xx.xx.2021-ci ildən xx.xx.2021-ci il tarixədək 130 manat; xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci ilədək 180 manat; xx.xx.2023-cü il tarixdən ömürlük 220 manat) yaşa görə müavinət təyin edilmişdir. İddiaçıya təyin edilmiş yaşa görə müavinət məbləğindən artıqvermə məbləğindən tutmalar aparılmaqla büdcəyə bərpa edilir. Hazırda iddiaçı pensiyasının bərpa edilməsini, tutmanın dayandırılmasını və tutulmuş məbləğlərin ona geri qaytarılmasını xahiş edir. Cavabdehin isə mövqeyi belədir ki, iddiaçı ümumiyyətlə işləməmişdir. Pensiya hüququ yoxdur. xx.xx.2005-cı il tarixdən xx.xx.2024-cü il tarixədək onun əmək pensiyası üzrə ödənilmiş 26549,74 manat məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Belə ki, inzibati orqan iddiaçının artıq ödənilmiş vəsaitdən əsassız faydalandığını hesab edir və bunu fondun büdcəsinə dəymiş ziyan kimi qəbul edir. İddiaçı qeyd olunan məbləğin büdcəyə bərpa edilməsi üçün müraciət etməmişdir. Buna görə də, iddiaçıya artıq ödənilmiş vəsait cari ilin may ayından hər ay 22 manat olmaqla tutularaq bərpa edilir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, işin hallarından görünür ki, iddiaçıya “X2” haqqında Qanunun 67-ci maddəsinin “e” bəndinə əsasən 4 uşağına qulluq etdiyi müddətlər-6 il və əlil uşağa qulluq etdiyi 9 il 6 ay nəzərə alınaraq cəmi 15 il 6 ay iş stajı müəyyən edilmiş və 16 mart 2005-ci il tarixindən ömürlük pensiya təyin edilmişdir. Məhkəmə hesab edir ki, qəbul edilmiş qərar əsaslı olmuşdur. Belə ki, iddiaçıya pensiya təyin olunan 2005-ci il tarixdə “Əmək Pensiyaları haqqında” Qanun deyil, “X2” haqqında Qanun qüvvədə idi. Baxmayaraq ki, cavabdeh orqan tərəfindən “Əmək Pensiyaları haqqında” Qanunun 8.1-ci ( Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olan və ya əlilliyi müəyyən edilmiş uşağı olan qadınların və kişilərin, uşaqların səkkiz yaşınadək sağ olması şərtilə, bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.) və 21.2.4-cü maddələrinə istinad edilir. (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına daxil edilir). İddiaçıya pensiya təyin olunan vaxt qüvvədə olan “X2” haqqında Qanuna əsasən: Maddə 14. Çoxuşaqlı, əlil uşağı olan anaların və uşaqlarını təkbaşına böyüdən ataların və qəyyumların pensiyaları Qəhrəman analar aşağıdakı şərtlərlə tam pensiya almaq hüququna malikdirlər: yaşından asılı olmayaraq azı 10 il iş stajı olduqda; 50 yaşına çatdıqda iş stajından asılı olmayaraq. Üç və daha çox uşaq doğub onları səkkiz yaşınadək tərbiyə etmiş qadınlar aşağıdakı şərtlərlə yaşa görə pensiya almaq hüququna malikdirlər. 4 uşağı olanlar—50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda; Uşaqlıqdan əlil olanların həmin uşaqları səkkiz yaşınadək tərbiyə etmiş anaları 50 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda yaşa görə pensiya almaq hüququna malikdirlər. Bu halda uşaqlıqdan əlillərə 16 yaşınadək əlil uşaqlar da aid edilir. Bu maddə ilə iş stajı uşaqlara qulluq göstərilməsi müddəti də daxil edilməklə müəyyən olunur. Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri d) İ qrup əlilə və ya 16 yaşınadək əlil uşağa, habelə 70 yaşına çatmış qocalara qulluq edilməsi müddəti; e) işləməyən ananın körpə uşaqlara qulluq etdiyi müddət, lakin hər uşaq 3 yaşına çatanadək və üst-üstə 6 ildən çox olmayaraq. Qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçıya 4 uşağına qulluq etdiyi müddətlər-6 il və əlil uşağa qulluq etdiyi 9 il 6 ay nəzərə alınaraq cəmi 15 il 6 ay iş stajı müəyyən edilmiş və iddiaçıya 16 mart 2005-ci il tarixindən ömürlük pensiya təyin edilmişdir. Nəzərə alınmalıdır ki, şəxsin istinad etdiyi hüququ yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər, yəni əvvəlki hüquqi tənzimləmə dövründə artıq yaranmış və mövcud olmalıdır. Yalnız bu halda şəxs həmin hüquqa istinad edərək onun əvvəlki qanunvericiliyə uyğun olaraq təmin olunmasını tələb etməyə haqlıdır. Fiziki və ya hüquqi şəxslərin hüquqi vəziyyətini ağırlaşdıran normativ hüquqi aktların qüvvəsinin geriyə şamil edilməsinin qadağan olunması ilə bağlı Konstitusiyasının 149-cu maddəsinin müddəaları da bu kontekstdə təfsir edilməli və tətbiq olunmalıdır. Nəzərə almaq lazımdır ki, yeni hüquqi tənzimləmə qüvvəyə minənə qədər şəxsin yaranmış, mövcud olan hüququnun yeni hüquqi tənzimləmə nəticəsində məhdudlaşdırılması və ya ona müdaxilə edilməsi, şəxsin hüquqi vəziyyətinin ağırlaşdırılması istisna olunur. Bu baxımdan məhkəmə hesab edir ki, iddia tələbi əmək pensiyasının bərpa edilməsi hissəsində əsaslıdır. Tələbin ikinci - tutulmanın dayandırılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən inzibati icraat aparılmadan pensiyadan tutmalar aparılması İnzibati İcraat haqqında qanunun tələblərinə zidd olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Qanuna əsasən:

13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Lakin cavabdeh tərəfindən pensiyaçının razılığı və məhkəmə qərarı olmadan aparılmış inzibati icraat “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Qanunun 68-ci maddəsinə əsasən: 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda Bundan başqa “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunvericiliyin tələbindən görünür ki, artıq ödənilmiş pensiya məbləğinin qaytarılması üçün pensiyaçının razılığı olmalıdır, əks halda məhkəmə qaydasında tutulur. İddiaçı tərəfindən belə bir razılığın verilməsinə dair sübut müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, cavabdeh tərəfindən hər hansı icraat aparılmamış, iddiaçıya məktub ünvanlamaqla kifayətlənmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar və inzibati icraat aparılmadan pensiyadan tutmaların aparılması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Tələbin üçüncü-tutulmuş məbləğlərin geri qaytarılması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Ali Məhkəmənin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda (bununla bağlı ətraflı bax: Ali Məhkəmənin 2-1(102)- 1507/2022 nömrəli, 19 oktyabr 2022-ci il tarixli, 2- 1(102)-8/2023 nömrəli, 18 yanvar 2023-cü il tarixli qərarları, 2-1(102)-389/23) nömrəli, 11 aprel 2023-cü il tarixli qərarları) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, artıq ödənildiyi iddia edilən pensiya məbləğinin “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsi qaydasında geri qaytarılması (pensiya ödənişinin dayandırılması ilə bağlı hallarda olduğu kimi) barədə məsələni həll edən zaman, iddiaçı inzibati orqan həmin normanın müddəaları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən hazırkı mübahisəyə münasibətdə iddiaçı inzibati orqan qərarını, xüsusilə də şəxsə pensiya təyin olunması ilə bağlı ona münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67.5-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da mütləq nəzərə almalı, şəxsin etimadı qanunla qorunmağa layiq olduğu hallarda onun etimadının müdafiəsini təmin etməlidir. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin etimad hüququ və bunun üzərindən əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.

Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi, tutulmanın dayandırılması və tutulmuş məbləğlərin geri qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar