Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5171/2025 19.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: qərarın ləğvi, dayandırılmış sosial müavinətin bərpası) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi Nümayəndə1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdehin xx.xx.2024-cü il tarixli, 1-İMTK-2024/002594 saylı qərarının ləğv edilməsi və yaşa görə sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin xx.xx.2024-cü il tarixli, 1-İMTK-2024/002594 saylı qərarının ləğv edilməsi və yaşa görə sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. (iddia tələbi dəqiqləşdirilmişdir) İddia ərizəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı 30 yanvar 2025-ci il tarixli, 3-17-1/2-S-21477/2025 №-li artıq yaşa görə sosial müavinətin bərpa edilməsinin mümkün olmaması haqqında məktubu aşağıdakı məzmundadır: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Abşeron-Xızı regional filialından daxil olmuş ərizənizə və ona əlavə edilmiş sənədlərə Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialda aidiyyəti üzrə baxılmışdır. "Sosial müavinətlər haqqında" Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən yaşa görə müavinət əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Xidməti yoxlama zamanı müəyyən edilmişdir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya" altsistemində olan məlumatlara əsasən xx.xx.2019-ctı il tarixindən xx.xx.2020-ci il tarixinədək xeyrinizə məcburi dövlət sosial sığorta haqları ödənildiyi (sığortaedən: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası) halda, sizə xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşma çatmış qadın kimi yaşa görə sosial müavinət təyin edilib. "inzibati icraat haqqında" Azərbaycan Respublikası öanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. Qeyd olunanları nəzərə alaraq, sizə vaxtilə təyin edilmiş yaşa görə sosial müavinətin qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Bu səbəbdən "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən, pensiya hüququnuza yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün xx.xx.2024-cü il tarixində dəvət məktubu göndərilmiş (3-17-1/2-S-202923/2024 nömrəli məktub) və xx.xx.2024-cü il tarixində saat ll:00-da Bakı şəhəri, H.ünvan 1 ünvanında yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra-Fond) inzibati Binasına (Qəbul şöbəsinə) gəlməyiniz və ya yazılı qaydada öz mülahizələrinizi təqdim etməyiniz xahiş olunmuşdur. xx.xx.2024-cü il tarixində siz Fondda qəbulda olmuş və yaşa görə sosial müavinət üzrə artıq ödənilmiş vəsaitin Fondun büdcəsinə geri qaytarılmasına razılıq verməmisiniz. Mərkəzi Filialın müvafiq qərarı əsasında sizə təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılmış və xx.xx.2019-cu il tarixindən xx.xx.2024-cü il tarixinədək ödənilmiş məbləğ əsassız ödənilmiş vəsait hesab edilmişdir. Bildiririk ki, qanunla teleb olunan pensiya yaş həddinə (64 yaş) çatmadığınız və ya valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağınız olmadığı üçün sizə yaşa görə sosial müavinətin təyin edilməsi də qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk ki, qanuvericiliklə tələb olunan yaş həddinə çatacağınız tarixdə (xx.xx.2027-ci il tarixində) yaşa görə sosial ödəniş hüququnuza qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən baxılacaqdır."İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 72.1-ci və 73-cü maddələrinə əsasən müraciət barəsində qəbul edilmiş qərarla razılaşmadıqda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququnuz vardır. “İnzibati icraat haqqında” Qanunun bütün tələbləri sosial müavinət dayandırılır, ödənilmir, sonra inzibati icraat aparılır. İddiaçıya qərar təqdim edilmir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, İddiaçı xx.xx.2025-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək dayandırılmış yaşa görə sosial müavinətin bərpa edilməsini xahiş etmiş, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-17-1/2- S-21477/2025 nömrəli məktubla müavinətin bərpa edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 1.0.2-ci yarımbəndinin xx.xx.2020-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən əmək qabiliyyəti olmayan şəxslər, əlillər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, 62 yaşına çatmış qadınlar, 67 yaşına çatmış kişilər, 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar, ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə 3 və daha çox uşağı və ya sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən 62 yaşına çatmış kişilər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil uşaqlarıdır. Qanunun 7.0.2-ci yarımbəndinə əsasən yaşa görə müavinət - əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə təyin edilir. Bildiririk ki, xx.xx.2020-ci il tarixədək qüvvədə olan Qanunun 7.0.2-ci yarımbəndinə əsasən İddiaçı xx.xx.2019-cu il tarixdən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş ana kimi yaşa görə sosial müavinət təyin edilmişdir. Ona təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Belə ki, xidməti yoxlama zamanı məlum olmuşdur ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində olan məlumatlara əsasən sığortaolunan olduğu halda, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda (sığortaedən: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası) Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi inzibati icraatın başlanılması üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş sosial müavinətin qanunauyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçının yaşa görə sosial müavinət hüququna yenidən baxılması üçün inzibati icraat başlanılmış və yuxarıda qeyd olunan faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinin dinlənilməsi üçün Bakı şəhəri, H.Zərdabi prospekti, 80 ünvanında yerləşən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra - Fond) inzibati binasına gəlməyi və ya yazılı qaydada öz mülahizələrini təqdim etməyi xahiş edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Fondda qəbulda olmuş, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində olan məlumatlara əsasən sığortaolunan (sığortaedən: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası) olduğu halda Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi bildirilmiş və bu cür hallar aşkar edildikdə təyin edilmiş müavinətin ödənişinin dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona müavinətin təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı bildirilmiş, İddiaçı yaşa görə sosial müavinət üzrə artıq ödənilmiş vəsaitin Fondun büdcəsinə geri qaytarılmasına razılıq verməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Həmçinin hazırda da iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. Belə ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1703- VQD nömrəli Qanuna əsasən həmin Qanunun 1.0.2-ci yarımbəndindən “3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Qanunun xx.xx.2020-ci il tarixindən etibarən qüvvədə olan 1.0.2-ci yarımbəndinə əsasən əmək qabiliyyəti olmayan şəxslər - əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 8-ci maddələri ilə müəyyən edilmiş yaş həddinə çatan şəxslər, vəfat etmiş şəxsin 18 yaşına çatmamış (əyani təhsil alanlar təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla), yaxud 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlil övladlarıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır (qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır). xx.xx.2024-cü il tarixindən xx.xx.2025-ci il tarixinədək qadınların pensiya yaş həddi 64 yaş müəyyən edilmişdir. İddiaçı qanunla tələb olunan pensiya yaş həddinə çatmadığından və ya valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olmadığı üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə1 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti iş materiallarına əlavə edilmişdir. "xxxx" 03 dekabr 2024-cü il tarixli 1-İMTK-2024/002594 saylı Qərarda qeyd edilmişdir ki, İddiaçı "Sığorta AS (Hesabat)" altistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğu olub (işəgötürən-Azərbaycan Respublikası Mərkəzi Seçki Komissıyası). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən xx.xx.2020-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə sosial müavinətin təyin edilməsi nəfərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən İddiaçı 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara görə müavinət almaq hüququnu itirib və müavinət işi xx.xx.2024-ci il tarixindən dayandırılsın. ******* nömrəli ərizədə xx.xx.2019-xx.xx.2024- ci il tarixədək olan dövr üzrə artıq ödəmə müəyyən edilmişdir. Vətəndaşa rəsmi məlumat verilsin. Sosial ödənişin təyin edilməsindən imtina haqqında 21 yanvar 2024-cü il tarixli 3-17-1\1-S-7771/2025 saylı qərar əsasında Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2019-cu ıl tarixli “Sosial müavinslər haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliyə əsasən həmin Qanunun 1.0.2-ci maddəsindən 3 və daha çox uşaq doğub, 8 yaşınadək tərbiyə etmiş, yaxud sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlar” sözləri çıxarıldığı üçün xx.xx.2020-ci il tarixindən etibarən sözügedən müavinət növü üzrə təyinat qanunvericiliklə nəzərdə tutulmamışdır. Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində olan məlumatlarına əsasən 2019-cu il dekabr ayından 2020-ci il fevral ayınadək vətəndaşın xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda (Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası) sözügedən Qanunun 7.0.2-ci maddəsinin xx.xx.2020-ci il tarixinədək qüvvədə olan tələbləri pozularaq xx.xx.2019-cu il tarixindən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara verilən yaşa görə sosial müavinət təyin edilib. Bu səbəbdən yaşa görə sosial müavinətin ödənişi xx.xx.2024-cü il tarixindən dayandırılıb. Nəticədə xx.xx.2019xx.xx.2024 dövr üzrə yaşa görə müavinət üzrə artıqvermə aşkar edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, "xxxx" 03 dekabr 2024-cü il tarixli 1-İMTK-2024/002594 saylı Qərarda qeyd edilmişdir ki, İddiaçı "Sığorta AS (Hesabat)" altistemində olan məlumata əsasən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğu olub (işəgötürən-Azərbaycan Respublikası Mərkəzi Seçki Komissıyası). “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununa 29 noyabr 2019-cu il tarixli 1703-VQD nömrəli Qanunla edilmiş dəyişikliyə əsasən xx.xx.2020-ci il tarixdən 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş qadınlara yaşa görə sosial müavinətin təyin edilməsi nəfərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən İddiaçı 3 və daha çox uşaq doğub 8 yaşınadək tərbiyə etmiş 57 yaşına çatmış qadınlara görə müavinət almaq hüququnu itirib və müavinət işi xx.xx.2024-ci il tarixindən dayandırılsın. ******* nömrəli ərizədə xx.xx.2019-xx.xx.2024- ci il tarixədək olan dövr üzrə artıq ödəmə müəyyən edilmişdir. Vətəndaşa rəsmi məlumat verilsin. İddiaçı cavabdehin xx.xx.2024-cü il tarixli, 1-İMTK-2024/002594 saylı qərarının ləğv edilməsi və yaşa görə sosial müavinətin dayandırıldığı vaxtdan bərpa edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində olan məlumatlara əsasən sığortaolunan olduğu halda, yəni xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqları ödənildiyi halda (sığortaedən: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası) Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2019cu il tarixdən yaşa görə sosial müavinət təyin edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə Fondda qəbulda olmuş, Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sığorta (Hesabat)” altsistemində olan məlumatlara əsasən sığortaolunan (sığortaedən: Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası) olduğu halda Qanunun 7.0.2-ci yarımbəndinin tələbləri pozularaq ona xx.xx.2019-cu il tarixdən yaşa görə sosial müavinət təyin edildiyi bildirilmiş və bu cür hallar aşkar edildikdə təyin edilmiş müavinətin ödənişinin dayandırılmalı olduğu, bununla əlaqədar olaraq ona müavinətin təyin edilməsi haqqında inzibati qərarın ləğv olunacağı bildirilmiş, İddiaçı yaşa görə sosial müavinət üzrə artıq ödənilmiş vəsaitin Fondun büdcəsinə geri qaytarılmasına razılıq verməmişdir. Qeyd olunanlara əsasən iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinətin ödənişi Mərkəzi Filial tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərarla xx.xx.2024-cü il tarixdən dayandırılmışdır. Həmçinin hazırda da iddiaçıya yaşa görə sosial müavinətin təyin edilməsi qanunvericiliyin tələbləri baxımdan mümkün hesab edilmir. İddiaçı qanunla tələb olunan pensiya yaş həddinə çatmadığından və ya valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş səkkiz yaşınadək övladlığa və ya qəyyumluğa götürülmüş uşaqlar da daxil olmaqla beş və daha çox uşağı olmadığı üçün ona yaşa görə sosial müavinətin təyin edilməsi qanunveriliciyin tələbləri baxımından mümkün hesab edilmir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. İş materialları ilə müəyyən edilir ki, cavabdeh iddiaçıya təyin edilmiş yaşa görə sosial müavinəti qanunsuz əlverişli inzibati akt kimi qəbul edərək xx.xx.2024-cü il tarixli, 1- İMTK-2024/002594 saylı qərarla müavinət işini xx.xx.2024-cü il tarixdən dayandırmışdır. Həmçinin, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraatın aparılmamışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən:
13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Maddə 25. İnzibati icraat materialları ilə tanış olmaq hüququ 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Digər tərəfdən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2-1(102)-3135/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarında qeyd edilmişdir: “47. Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir.
48. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür.
49. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir.
50. Qeyd edilənlərin hazırkı işə tətbiqi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, pensiya təminatı sistemi dövlətin həyata keçirdiyi sosial müdafiə siyasətinin ən mühüm və əsas istiqamətlərindən biridir və cavabdeh inzibati orqan dövlətin ona verdiyi səlahiyyətə əsasən bu təminatın reallaşdırılması üçün zəruri olan bütün addımları atmaqda mükəlləfdir.
51. Digər inzibati orqanlar kimi pensiya təminatını həyata keçirən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir
56. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. 57. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).” Cavabdeh müavinətin təyin edilməsi zamanı iddiaçı tərəfindən səhv və ya təhrif olunmuş məlumatın təqdim edilməsi halına istinad etməmiş, həmçinin məhkəmə araşdırması zamanı belə halın mövcudluğu müəyyən edilməmişdir. Təqdim edilmiş etiraz ərizəsində qeyd edildiyi kimi, iddiaçının xx.xx.2019-xx.xx.2020-cu il tarixlərində sığortaolunan olduğu xidməti araşdırma zamanı aşkar edilmişdir. Məhkəmə qeyd edir ki, “Sığorta (Hesabat)” altsistemində olan məlumatlar cavabdeh üçün əlçatan məlumatlar olmuş, həmin məlumatların cavabdeh tərəfindən əldə edilməsinin mümkünsüzlüyü halı müəyyən edilməmişdir. Bununla da, cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qanunsuz əlverişli inzibati aktın ləğvi üçün nəzərdə tutulmuş 1 il müddətini ötürmüşdür. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdeh tərəfindən qəbul edilmiş qərar və sosial müavinətin dayandırılması iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialın xx.xx.2024-cü il tarixli, 1-İMTK-2024/002594 saylı qərarı ləğv edilsin və İddiaçı yaşa görə sosial müavinətinin dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Aynur Axundova