Məhkəmə qərarları › İş №2-1(118)-518/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-518/2022

12.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-518/2022 12.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (“LCG” Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında aparıcı mütəxəssis işləyən, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 52 yaşı tamam olan tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək ona güzəştli şərtlərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı qərarın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçıya 52 yaşı tamam olan tarixdən hesbalanmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1986-cı ildən hal-hazıradək "Azərkimya” İB-nin keçmiş “Sintezkauçuk“ zavodunda (hazırki SOCAR "Etilen-Polietilen“ zavodu) əmək şəraiti ağır və zərərli olan vəzifələrdə çalışır. Hazırki vəzifəsi və əvvəlki vəzifələri üzrə əmək şəraitinin ağır və zərərli olması barədə iş yerindən müvafiq arayışlar mövcuddur. Əmək fəaliyyəti üzrə bu günədək olan ümumi və xüsusi iş stajı 30 ildən artıqdır. Qeyd olunan hallar və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini nəzərə alaraq tərəfindən xx.xx.2021-ci il tarixdə ASAN-Sumqayıt vasitəsilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət edilərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması xahiş edilmişdir. Müraciəti xx.xx.2021-ci il tarixli məktubla cavablandırılmış, həmin məktub müraciət sahibi kimi ünvanına göndərilmədiyindən xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən ASAN-Sumqayıtdan əlbəəl götürülmüşdür. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı müraciətinə Mərkəzi Filial tərəfindən xx.xx.2021-ci il tarixli məktubla imtina cavabı verilmişdir. İmtina əsası kimi fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının minimum pensiya məbləğindən aşağı olması səbəb kimi qeyd olunmuşdur. İddiaçı hesab edir ki, Mərkəzi filialın iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensivasının təyin olunmasından imtina əsası kimi göstərdikləri səbəb qanunvericiliyin tələblərinə ziddir və əsassızdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etməyərək izah etdi ki, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən İddiaçı təqdim edilmiş xx.xx.2021-ci il tarixli **********8 nömrəli cavab məktubunda fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün olmadığı qeyd edilmişdir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 46800 manat hesablandığı halda, fərdi hesabın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 35121.71 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan : -AZE № 07772457 seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-ci il təvəllüdlüdür. - SDU-nun nəzdində Sumqayıt Dövlət Texniki Kolleci tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 02 saylı arxiv arayışından görünür ki, o, həqiqətən xx.xx.1983-cü il tarixli 86-ст nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunun əyani (gündüz) şöbəsinin tam orta (10 illik) təhsil bazasından “Elektrokimyəvi istehsalın texnologiyası” ixtisasına (qrup- 103) daxil olmuşdur. xx.xx.1986-cı il tarixli 96-ст nömrəli əmrlə Sumqayıt Kimya Texnologiya Texnikumunu bitirmişdir. A.Ə.Salamova xx.xx.1986-cı ildə ЗТ seriyalı 041122 nömrəli diplom almışdır. (qeyd.№ 13192) -iddiaçıya aid əmək kitabçasından görünür ki, o, xx.xx.1993-xx.xx.1986-cı illərdə Sumqayıt Kimya Texnoligiya Texnikumunda təhsil almış, xx.xx.1986-cı ildə “Sintezkauçuk” zavoduna işə qəbul edilmiş, həmin zavodda etilen propilen istehsalatında qazayırma aparatçısı, etilen propilen istehsalatında kimyəvi analiz laborantı, texniki nəzarət şöbəsində kimyəvi analiz laborantı, kimyaçı, zavodun laboratoriyasında kimyaçı, kimya analiz laborantı işləmişdir. xx.xx.1994-cü il tarixdə “Sintezkauçuk” İB-nin ləğvi ilə əlaqədar "xxxx" Dövlət Şirkətinin xx.xx.1994-cü il tarixli 1218 saylı əmrinə əsasən yeni yaradılmış “Etilen-Poletilen” zavodunun etilen-polietilen laboratoriyasına keçirilmiş, xx.xx.2012-ci il tarixdə əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2012-ci il tarixdə “Azərkimya” İB Təmir Tikinti İdarəsinin 1 saylı abadlaşdırma sahəsinə 8-ci dərəcəli usta vəzifəsinə qəbul edilmiş, xx.xx.2015-ci il tarixdə başqa işgötürənlə əmək müqaviləsi bağlaması səbəbindən əmək müqaviləsi ləğv edilmiş, xx.xx.2015-ci il tarixdə “Sosial Quruculuq” İctimai Birliyində rəngsaz oeşəsinə işə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə İctimai Birliyin “Təmir-tikinti” bölümünə yaşıllaşdırma üzrə usta vəzifəsinə keçirilmişdir. - Etilen-Polietilen Zavodu kadrlar şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1994-cü illərdə "xxxx" İstehsalat Birliyinin keçmiş "Sintezkauçuk" zavodunda işlədiyi müddətdə aşağıda göstərilən tarixlərdə analılq məzuniyyətində olmuşdur : a)xx.xx.1988 - xx.xx.1989, xx.xx.1989- xx.xx.1990; aşağıda göstərilən tarixlərdə isə ödənişsiz məzuniyyətdə olmuşdur: b) xx.xx.1992-xx.xx.1992, xx.xx.1995-xx.xx.1995. -Etilen-Polietilen Zavodunun kadrlar şöbəsi tərəfindən verilmiş 256, 257, 258, 259, 260 və 261 saylı xx.xx.2021-cu il tarixli arayışdan görünür ki, İddiaçı xx.xx.1986-xx.xx.1986-ci illərdə etilen propilen istehsalatında qazayırma aparatçısı,xx.xx.1986-xx.xx.1989-cu illərdə etilen propilen istehsalatında kimyəvi analiz laborantı, xx.xx.1989-xx.xx.1992-ci illərdə texniki nəzarət şöbəsində kimyəvi analiz laborantı, kimyaçı, xx.xx.1992-xx.xx.1994-cü illərdə EP-300 zavodunun laboratoriyasında kimyaçı, kimya analiz laborantı, xx.xx.1994xx.xx.2005-ci illərdə etilen istehsalatının laboratoriyasında kimyəvi analiz laborantı, xx.xx.2006-xx.xx.2012-ci illərdə etilen istehsalatının laboratoriyasında kimyəvi analiz laborantı, kimyaçı vəzifəsində işləmişdir. Göstərilən peşələr Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş 1 saylı Siyahının X bölməsinin 3 bəndinin 2110A030-1754 V şifrində və Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının Vİİİ bölməsinin 8.3.3-cü bəndində göstərilmiş güzəştli şərtlərlə pensiya təyin etmək hüququ verir. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vətəndaş İddiaçı 2006-cı ilədək olan əmək stajına uyğun hesablanmış pensiya kapitalı 14398,55 manat, 2006-cı ildən sonrakı dövr üçün isə fərdi hesabın sığorta hissəsində qeydə alınan 21224,73 manat olmaqla cəmi pensiya kapitalı 35623,28 manat təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017- ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Bununla əlaqədar olaraq İddiaçı 1 yanvar 2006-cı il tarixinədək olan 19 il 3 ay 13 gün iş stajı pensiya kapitalına çevrilməklə hesablanmış və Azərbaycan Respublikası Prezidentinin müvafiq illər üzrə sərəncamlarına əsasən indeksləşdirilərək 14398,55 manat müəyyən edilmişdir. Adıçəkilən şəxsin həmin tarixdən sonrakı işlədiyi dövr üzrə fərdi hesabında 21224,73 manat pensiya kapitalı qeydə alınmışdır. İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla nəzərdə tutulmuş digər şərtlərin mövcud olacağı təqdirdə onun Mərkəzi Filiala müraciətində qeyd etdiyi kimi 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 54720,00 manat məbləğində hesablanmışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların - kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, və fərdi hesabın sığorta hissəsinə qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdkdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli Siyahısı üzrə: kişilər kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... 13 iyun 1997-ci il tarixli Qanunla bu Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmışdır. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi ona güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasının təyin edilməsi olmuşdur. Cavabdehin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının həmin orqana müraciəti ona 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı olmuşdur. Cavabdeh isə hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə istinad edərək iddiaçının pensiya kapitalının tamam olmaması səbəbindən iddiaçının tələbinin təmin edilməsindən imtina etmişdir. İddiaçının xx.xx.2006-cı ilə qədər 20 il ümumi, 10 il xüsusi staja malik olması işin mübahisəsiz hallarına aiddir. Belə ki, iddiaçı 2 il 8 ay 22 gün Sumqayıt Kimya Texnoloji Texnikumunda təhsil almış, daha sonra xx.xx.1986-cı ildən xx.xx.2005-ci ilə qədər “Azərkimya” İB-nin Sintezkauçuk və Etilen Polietilen zavodunda güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ verən peşələrdə işləmişdir. İddiaçının 2 ay ödənişsiz məzuniyyətdə olması nəzərə alınaraq xx.xx.2006-cı ilə qədər ümumi iş stajı 22 il 05 gün, xüsusi iş stajı 19 il 3 ay 13 gün təşkil edir. İş materiallarında mövcud olan sübutlarla iddiaçının “Əmək pensiyaları haqqında” Qanun qüvvəyə minənədək, yəni xx.xx.2006-cı il tarixədək Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahı üzrə 10 il güzəştli və 20 il ümumi əmək stajı topladığı təsdiq olunduğundan, onun qanunvericiliyin yuxarıda istinad olunmuş müddəalarına əsasən (50+2) 52 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar