Məhkəmə qərarları › İş №2-1(118)-519/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-519/2023

07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-519/2023 07.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “iddiaçının soyadının “Mirzəyevdən” “Mirzəbəyli”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək soyadının “Mirzəyevdən” “Mirzəbəyli”yə dəyişdirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuşdur. Hazırda soyadı “Mirzəyev”dir, lakin “Mirzəbəyli”yə dəyişdirilməsini istəyir. Lakin cavabdeh orqan əsassız olaraq müraciətini təmin etmir və ona məhkəməyə müracət etməyi tövsiyə edir. Göründüyü kimi cavabdehin imtinasında adın və soyadın dəyişdirilməsinə yol verilməyən hallar mövcud deyildir. Məlumdur ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adının, ata adının və soyadının dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı iddia ərizəsi ilə eyniməzmunlu izahat verərək tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və iddia tələbinə hər hansı bir münasibət bildirməmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə aşağıdakılar daxildir: • İddiaçıya məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1989-cu ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. • AZ–İ № 142991 olan doğum haqqında şəhadətnaməyə əsasən iddiaçının atası X1, anası X2r. • İşdə olan 06 may 2022-ci il tarixli, 05/Q-1671/15 nömrəli məktuba əsasən iddiaçının ərizəsinə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1993-cü il tarixli, 495 saylı qərarına əsasən Azərbaycan Respublikası vətəndaşları “ov”, “yev” sonluqlu soyadlarını “lı, li, lu, lü”, “zadə”, “oğlu, qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilər. • İşə əlavə edilmiş Lerik rayon İcra Hakimiyyəti başçısının Vizəzəmin kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2022-ci il tarixdə tərtib etdiyi və Almu kənd sakinləri tərəfindən imzalanmış akta əsasən iddiaçının ulu babalarının – Mirzəyevlər nəslinin bəy nəslindən olmaları qeyd edilmişdir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən iddiaçının Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-müvafiq uçotlarında məlumat olmadığı bildirilmişdir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruri hesab olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinə dəyişikliyin edilməsi, kifayət qədər əsaslar olduqda VVAQ şöbələri, mübahisə olduqda isə məhkəmə qətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən milli azlıq, azsaylı xalq və etnik qrupların nümayəndələri olan Azərbaycan Respublikası vətəndaşlarının, doğumu Azərbaycan Respublikasının ərazisində qeydə alınmış və daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin müraciətləri əsasında onlara adların, ata adlarının və soyadların verilməsi və dəyişdirilməsi bu Qaydalara uyğun olaraq həyata keçirilir (1.2.). Həmin qaydaların 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının ərizəsinə əsasən onun mövcud soyadının sonluğuna dəyişiklik edilir. 18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin (övladlığa götürənlərin, qəyyumun və ya himayəçinin) ərizəsi əsasında həyata keçirilir. Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir (5.3.). Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Müvafiq akt qeydləri (ərizə verən şəxsin doğumu, nikahı, övladlarının doğumu və sair) ərizəni qəbul etmiş qeydiyyat şöbəsində və ya konsulluqda olduqda, soyadın sonluğuna dəyişiklik orada edilir və əvvəllər verilmiş şəhadətnamələr ləğv edilməklə, ərizə verən şəxsə yeni şəhadətnamələr verilir (5.4.). Qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir (5.10.). Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər (1.5.). İş materiallarından görünür ki, xx.xx.1989-cu il təvəllüdlü İddiaçı ona məxsus “Mirzəyev” soyadının “Mirzəbəyli” olması ilə bağlı cavabdeh orqana müraciət etmiş, cavabdeh orqan isə öz məktubunda Azərbaycan Respublikası vətəndaşlarının “ov”, “yev” sonluqlu soyadlarını “lı, li, lu, lü”, “zadə”, “oğlu, qızı” sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilmələrini qeyd edərək ərizənin icrasından imtina etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının soyad sonluğunun dəyişdirilməsini istisna edəcək hər hansı bir faktiki halın mövcudluğu cavabdeh orqan tərəfindən müəyyən edilmədiyinə görə iddiaçının soyadının sonluğunun “Mirzəyev”dən “Mirzəbəyli”yə dəyişdirilməsi məqsədə müvafiq hesab olunur. Eyni zamanda cavabdeh orqan məhkəmə iclasına dəvət olunmasına və iddiaya münasibət bildirilməsi tələb olunmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmiş və iddia tələbini təkzib edən halları məhkəməyə təqdim edə bilməmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına əsasən ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. Belə ki, məhkəmə araşdırılması zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə sorğu göndərilmiş və müəyyən edilmişdir ki, iddiaçının Azərbaycan Respublikası ərazisində cinayət təqibi və ya məhkumluğu barədə DİN-in müvafiq uçotlarında məlumat yoxdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır (maddə 15.1). Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz (maddə 15.2.). İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur )24.1.). Həmin Qanunun 63-cü maddəsinə görə inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər (maddə 63.1). İnzibati orqan düzəliş edilməsi zəruri olan sənədi tələb edə bilər (maddə 63.2). Azərbaycan Respublikası İnzibati prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə görə inzibati icraat qaydasında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin müvcudluğunu sübut etmək vəzifəsi həmin orqanın üzərinə düşür. Normaları ümumiləşdirərək məhkəmə hesab edir ki, İddiaçı soyadının “Mirzəyevdən” “Mirzəbəyli”yə dəyişdirilməsi öhdəliyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı soyadının “Mirzəyevdən” “Mirzəbəyli”yə dəyişdirilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar