Məhkəmə qərarları › İş №2-1(118)-5192/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-5192/2023

12.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-5192/2023 12.12.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən qəbul olunan 22 avqust 2023-cü il tarixli, 3-17-1/2-R- 190782/2 saylı qərarın ləğv olunması və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı əsasında müharibə veteranlarına təyin edilən aylıq 80 manat təqaüd məbləğinin 01 aprel 2019-cu il tarixdən, 05 may 2023-cü il tarixədək olan dövr üzrə hesablanaraq ona ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, müharibə veteranlarına təyin edilən aylıq 80 manat təqaüd məbləğinin 01 aprel 2019-cu il tarixdən 05 may 2023-cü il tarixədək olan dövr üzrə hesablanaraq ona ödənilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 22 avqust 2023-cü il tarixli, 3-17-1/2-R-190782/2023 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı Dost Mərkəzinə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq 80 manat məbləğində Prezident təqaüdünün 01 aprel 2019-cu il tarixdən 05 may 2023-cü il tarixə qədər olan dövr üzrə hesablanaraq ona ödənilməsi xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəz Filialı tərəfindən qəbul olunan 22 avqust 2023-cü il tarixli. 3-17-1/2-R-190782/2 saylı qərarla bildirilmişdir ki, Prezident təqaüdünün qeyd edilən dövrlər üzrə ödənilməsi mümkün deyildir. Qərar onunla əsaslandırılmağa çalışılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli, 641 saylı Fərmanı əsasında müharibə veteranlarına təyin edilən 80 manat təqaüd 05 may 2023-cü il tarixdən - yəni X2 veteran vəsiqəsi verildiyi tarixdən təyin edilmişdir; veteran vəsiqəsi 05 may 2023-cü il tarixində verildiyinə görə ərizədə qeyd edilən dövrlər üzrə təqaüdün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir’'. 1990-cı illərdə baş vermiş “İ Qarabağ” döyüşlərində iştirak etmişdir və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq da xidmət etdiyi hərbi hissədən tərxis olunmuşdur. “İ Qarabağ” hərbi əməliyyatlarında iştirak etməyi və Azərbaycan Respublikası qanunvericiliyinə əsasən tərxis olunmağı isbat edildiyi üçün ona müharibə veteranı vəsiqəsi verilmişdir. Aşağıdakılara əsasən, hesab edir ki, yuxarıda qeyd edilən qərar qanunsuz olduğundan ləğv olunmalı və müraciətinin təmin olunması üzrə öhdəlik cavabdeh orqanın üzərinə qoyulmalıdır:

1. Müharibə veteranları üçün nəzərdə tutulmuş aylıq 80 manat məbləğində Prezident təqaüdünün verilməsi üçün cavabdeh orqan tərəfindən fərqli bir müddət təyin edilməsi - bu təqaüdün məhz veteran vəsiqəsinin alındığı tarixdən sonrakı dövrlərə tətbiq edilməsi barədə mövqeyi birmənalı olaraq qanunsuzdur, əsassızdır. Belə ki, “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanında göstərilmişdir ki, aylıq 80 manat məbləğində Prezident təqaüdü 01 aprel 2019-cu il tarixdən etibarən tətbiq olunmalıdır. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə və “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 4-cü maddəsinə əsasən, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Göründüyü kimi, qanunvericiliyə əsasən, müharibə veteranı üçün nəzərdə tutulmuş güzəşt və imtiyazlar müharibə veteranı vəsiqəsi təqdim olunduqda tətbiq edilməlidir və bu zaman vəsiqənin verilmə tarixi heç bir əhəmiyyət daşımır, bununla bağlı qanunvericilikdə hər hansı göstəriş və ya müddəa yoxdur. Barəsində mübahisə edilən qərarda da ona müharibə veteranı vəsiqəsinin 05 may 2023-cü il tarixdə verilməsinə görə aylıq təqaüdün məhz həmin tarixdən sonrakı dövrlər üçün ödənilməsi qeyd olunarkən heç bir konkret normaya istinad edilməmişdir, edilməsi mümkün də deyil - çünki qanunvericilikdə bu mövqenin hüquqi əsası mövcud deyildir. Əksinə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin qəbul etdiyi, yuxarıda istinad olunan 15 aprel 2019-cu il tarixli Fərmanda Prezident təqaüdünün verilməli olduğu tarixi birbaşa göstərilərək qeyd olunmuşdur ki, “2019-cu il aprelin 1-dən tətbiq edilir”. “İ Qarabağ” hərbi əməliyyatlarında iştirak etməyi nəzərə alınaraq cənab Prezidentin 15 aprel 2019-cu il tarixli fərmanına, eyni zamanda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq 15 aprel 2019-cu il tarixindən bu günə kimi təqaüdlər ödənilməlidir. Odur ki, cavabdeh orqan təqaüdün verilməsini Azərbaycan Respublikası qanunvericilinə əsaslanmayan şərtdən - müharibə veteranı vəsiqəsinin verilmə tarixindən asılı edərək əsassız inzibati mövqe formalaşdırır, bununla da onun vətəndaş kimi hüquqları və qanuni mənafeyi açıq-aşkar şəkildə pozulur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, iş materiallarına əsasən iddiaçı veteran vəsiqəsini xx.xx.2023-cü il tarixdə almış və Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək əvvəlki üç il nəzərə alınmaqla müharibə veteranlığına görə Prezident təqaüdü ödənişinin verilməsini tələb etmişdir.Cavabdeh tərəfindən İddiaçı müraciətinə imtina edilmiş, bundan narazı qalan iddiaçı məhkəməyə müraciət edərək sözügedən təqaüdün xx.xx.2019-cu il tarixdən xx.xx.2023-cü il tarixədək hesablanaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Qeyd edək ki, İddiaçı veteran vəsiqəsini aldığı xx.xx.2023-cü il tarixdən müharibə veteranlarına görə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təyin olunmuş və ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 sentyabr 2015-ci İl tarixli 311 nömrəli qərarı ilə təsdiq edilmiş “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nın 7 nömrəli əlavəsinin - Müavinət, təqaüd və kompensasiyanın təyin edilməsi üçün tələb olunan sənədlərin siyahısını 2.33-cü bəndinə görə, müharibə veteranlarına təqaüdün təyin edilməsi üçün müharibə veteranı vəsiqəsinin surəti əsas götürülür. "Veteranlar haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, vəsiqəni, yəni veteran adını almağ vacibdir və vəsiqə veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Veteranların veteran statusu almaq hüququ təqaüd almaq almaq hüququndan daha əvvəl, təqaüdü almaq hüququ isə birbaşa statusun alınması ilə yaranır. Bu səbəbdən, müvafiq mübahisələrin həlli zamanı bəhs edilən təqaüdü almaq hüququnun nə vaxtdan etibarən yarandığını müəyyən etmək lazımdır. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli 641 nömrəli Fərmanı ilə 2019-cu il aprelin 1-dən etibarən kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan müharibə veteranlarına həmin sosial müavinətin əvəzinə 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. “Sosial müavinətlər haqqında" Qanunun 9.1-ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Beləliklə, təqaüd sosial müavinətin bir növü olmadığı üçün və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının xx.xx.2019-cu il tarixdən veteran vəsiqəsini aldığı xx.xx.2022-ci İl tarixədək olan dövrlər üzrə müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Eyni zamanda, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-445/2022 nömrəli qərarında qeyd olunur ki, Ali Məhkəmənin İnzibati kollegiyası əvvəlki qərarlarında, o cümlədən 2-1 (102)-1206/2020 nömrəli 22 iyul 2020-ci il tarixli 2-1(102)-1764/2020 nömrəli 30 sentyabr 2020-ci İl tarixli 2-1(102)-1769/2020 nömrəli və 14 oktyabr 2020-ci il tarixli 2- 1(102)- 1875/2020 nömrəli qərarlarında “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü’nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına istinad edərək Fərman imzalandıqdan sonra müharibə veteranı vəsiqəsi əldə etmiş şəxslərə əvvəlki dövr üçün sosial müavinətin ödənilməsinin mümkünsüzlüyünü bildirmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və iddiaçı məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. Cavabdeh inzibati orqan hazırkı iddiaya cavab verməli orqandır. İddianı mümkünsüz edən hər hansı bir digər əsas müəyyən olunmur. İddia mahiyyəti baxımındanda aşağıda qeyd edilənlərə əsasən əsaslı deyil. Belə ki, iddiaçı Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2019-cu il tarixli Fərmanı əsasında müharibə veteranlarına təyin edilən aylıq 80 manat təqaüd məbləğinin 01 aprel 2019-cu il tarixdən, 05 may 2023-cü il tarixədək olan dövr üzrə hesablanaraq ona ödənilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, təqaüd sosial müavinətin bir növü olmadığı üçün və təqaüdün geriyə ödənilməsi qanunvericilikdə nəzərdə tutulmadığı üçün iddiaçının xx.xx.2019-cu il tarixdən veteran vəsiqəsini aldığı xx.xx.2022-ci İl tarixədək olan dövrlər üzrə müharibə veteranları üçün Azərbaycan Respublikasının Prezidenti təqaüdünü almaq hüququ yoxdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmuşdur. İş materiallarından göründüyü kimi iddiaçıya qanunvericiliyin tələbinə uyğun olaraq veteran vəsiqəsi 05 may 2023-cü il tarixdən verilmişdir. İddiaçıya müharibə veteranı statusunu aldığı vaxtdan, yəni 05 may 2023-cü il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən 80 manat məbləğində Prezident təqaüdü təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsində müavinətin ödənilməsi və onun təyin edilməsi anlayışları fərqləndirilmişdir. Buna görə, şəxsin müharibə veteranı statusu əldə etməsi və bundan irəli gələn sosial müavinət almaq hüququnu qazanması müharibə veteranı vəsiqəsini aldığı andan yaranır. Odur ki, həmin müavinətlər onu almaq hüququnun yarandığı andan təyin edilməlidir. Lakin qanun müavinətin təyin edilməsi anını həll etməklə yanaşı, həm də müəyyən etmişdir ki, sözügedən müavinətlər müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməlidir. Bu isə o anlama gətirir ki, müavinət vəsiqənin alındığı gündən təyin edilsə də, şəxsə bu zaman əvvəlki üç il üçün müvafiq ödəmələr aparılmalıdır. Çünki qanun birmənalı şəkildə müharibə veteranı vəsiqəsi təqdim edildikdən sonra inzibati orqan tərəfindən hər iki hərəkətin eyni anda birgə aparılmalı olduğunu müəyyən edir – yəni, həm müavinətin ödənilməsinə başlanılması üçün təyinat aparılmalı, həm də əvvəlki üç il üçün ödəmələr edilməlidir. “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsi inzibati orqan üçün belə bir vəzifə müəyyən edir ki, o, müavinətin ödənilməyə başlanılmasına əsasən verən təyinatı vəsiqənin alındığı gündən təyin etməli, bu zaman həm də əvvəlki üç il üçün ödəmələri aparmalıdır. Lakin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanı qəbul edildikdən sonra müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmiş, onun aylıq məbləği 80 manat müəyyən olunmuş, eləcə də Fərmanın xx.xx.2019-cu il tarixindən tətbiq ediləcəyi təsbit edilmişdir. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına əsasən, “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2013-cü il tarixli, 973 nömrəli Fərmanın, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.1.7-ci yarımbəndi ləğv edilmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda göstərilən xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanının 3-cü bəndinə əsasən, bu Fərman xx.xx.2019-cu il tarixindən tətbiq edilir. Beləliklə, 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq “Sosial müavinətlər haqqında” Qanunun müddəaları ilə yox, yuxarıda qeyd edilən digər əsasla verilir. Tələb olunan Prezident təqaüdünə müvafiq təyinatdan əvvəlki üç ilin tətbiq edilməsini müəyyən edən hüquq norması olmadığına görə məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur. Məhkəmə qeyd edir ki, Prezident Təqaüdünün müharibə veteranı vəsiqəsinin verildiyi tarixdən əvvəlki 3 il tarixə hesablanaraq ödənilməsi ilə əlaqədar olan bir sıra bənzər işlərdə məhkəmə təcrübəsi formalaşmış, Prezident təqaüdü ilə bağlı tələblərə “Sosial müavinətlər haqqında” Qanunun müddəalarının tətbiq edilmədiyi qəbul edilmişdir. Həmin işlər üzrə 01 aprel 2019-cu il tarixdən qüvvəyə minmiş qanunvericilikdəki yeni tənzimləmələrə görə müharibə veteranlarına əvvəllər verilən sosial müavinətin əvəzinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Bununla da, qeyd olunan tarixdən sonra müharibə veteranı adı və vəsiqəsi almış şəxslərə ünvanlı ödəniş kimi müavinət yox, Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilməyə başlanılmışdır. Odur ki, müharibə veteranlarına aylıq verilməsi nəzərdə tutulmuş bu vəsait artıq “Sosial müavinətlər haqqında” Qanunun müddəaları ilə yox, digər əsasla verilir. Bu kimi işlərdə iddiaçı müharibə veteranı statusunu 01 aprel 2019-cu il tarixdən sonra aldığına görə ona yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilməsi və cavabdeh orqanın vətəndaşa əvvəlki illər üçün müavinət ödəməkdən imtinası əsaslı hesab edilmişdir”. Belə ki, prezident təqaüdünün əvvəlki 3 il üçün ödənilməsi nəzərdə tutulmadığından cavabdeh orqanın imtinası əsaslı hesab edilməlidir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar