Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-52/2021 27.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi , Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı və onun vəkili Vəkil, Üçüncü şəxsin nümayəndəsi X20 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı “Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsi” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə qarşı iddia qaldıraraq “Sumqayıt şəhər Bələdiyyəsinin 908 kv.m torpaq sahəsinin X10 mülkiyyətinə verilməsinə dair 23 avqust 20213-cü il tarixli 11 saylı qərarının etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiasını dəqiqləşdirərək Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X17 və X13 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış 08.06.1989-cu il tarixli icarə müqaviləsinə əsasən «Novxanı» bağlar massivində yerləşən, sahəsi 0,12 ha olan 1650j saylı bağ sahəsi sonuncunun icarəsinə verilmişdir. Bağ icarə müqaviləsi bu günə qədər də ləğv edilməmiş və bu günə qədər də atasının icarəsində hesab edilir. R.Fərzullayev 12.02.2005-ci il tarixdə rəhmətə getmişdir. Həmin bağ sahəsi AR Prezidentinin 1998-ci il tarixli Sərəncamına və «Torpaq islahatı haqqında» Qanuna əsasən iddiaçının icarəçi olan atasının mülkiyyətinə verilmişdir. Lakin bu torpaqlar barəsində Sumqayıt şəhər Bələdiyyəsinin sərəncam vermək və bu torpaqların geri qaytarılması barədə iddialar qaldırmaq hüququ olmadan xəbərləri olmadan Sumqayıt şəhər Bələdiyyəsi 2008-ci ildə həmin bağ sahəsinə dair müqavilənin etibarsız hesab edilməsi barədə iddia qaldırmış, Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilmiş və atasının adına olan icarə müqaviləsi etibarsız hesab edilmişdir. İddiaçı bu barədə məlumatı yalnız 2018-ci ildə almış və bu məqsədlə Sumqayıt şəhər Məhkəməsinin həmin adı çəkilən qətnaməsini rəsmi qaydada əldə etdikdən sonra bu barədə apellyasiya şikayəti vermişdir və şikayətinə baxan Sumqayıt Apellyasiya Məhkəməsinin 05 iyun 2008-ci il tarixli qətnaməsinə əsasən atasına məxsus bağa dair icarə müqaviləsinin etibarsız hesab edilməsi barədə olan qətnaməsi ləğv edilərək, iddianın rədd edilməsi barədə yeni qətnamə qət edilmişdir. Bu qətnamə qüvvəyə minməklə atasının adına olan icarə müqaviləsi yenidən qanuni qüvvədə qalmış və hal hazırda həmin torpaq sahəsi atasının qanuni icarəsində olan torpaq hesab edilir. «İcarə haqqında» Qanunun tələblərinə görə icarəçi öldükdən sonra onun vərəsələri onun hüquqlarına malikdirlər və həmin torpaqlar özəlləşmə üçün açıldığı üçün vərəsələr həmin torpaqdan istifadə hüququna,eləcə də mülkiyyət kimi qeydə alaraq mülkiyyətlərinə keçirmək hüququna malikdirlər. Lakin Sumqayıt Bələdiyyəsi vətəndaşların qanuni icarəsində olan torpaqlar barədə sərəncam vermək hüququ olmadan həmin torpağa dair sərəncam verərək, özünün 29 avqust 2013-cü il tarixli, 11 saylı qərarı ilə həmin torpağın X14 vermişdir. İddiaçı həmin qərarın etibarsız hesab edilməsi üçün Sumqayıt şəhər Məhkəməsinə iddia ilə müraciət etmiş və Sumqayıt şəhər Məhkəməsinin 15 fevral 2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçının həmin iddiası təmin edilmişdir. Lakin Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli qərardadına əsasən həmin hissədə məhkəmə qətnaməsi ləğv edilərək iş baxılmamış saxlanılmış və bildirilmişdir ki, həmin mübahisə inzibati mübahisə olduğu üçün bu iddia ilə Sumqayıt İnzibati İqtisadi məhkəməsinə müraciət etmək lazımdır. Ona görə də hazırkı iddia ilə müraciət etmişdir. Bələdiyyənin qərarı qanunsuzdur və bu səbəbdən də ləğv edilməlidir. Çünki Sumqayıt Bələdiyyəsinin bu torpağa dair sərəncam vermək hüququ olmamışdır. Belə olan təqdirdə həmin qərar etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iddiaçı və onun vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək, təmin edilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh iddiaya etirazında qeyd edir ki, "Novxanı” bağları ərazisində yerləşən sahəsi 1200 kvadrat metr olan 1650j saylı bağ torpaq sahəsi 08 iyun 1989-cu il tarixli torpaq icarə müqaviləsi əsasında mərhum X3 icarəsinə verilmişdir. Həmin icarə müqaviləsinin müddəti 08 iyun 1999-cu il tarixədək müyyən olunmuş və müddəti başa çatdıqdan sonra tərəflər arasında yeni icarə müqaviləsi bağlanılmamışdır. Həmin vaxtdan sonra X3 torpaq sahəsindən istifadə etdiyinə dair hər hansı sübut da mövcud deyildir. Eyni zamanda X6 12 fevral 2005-ci il tarixdə vəfat etmişdir.Mərhum icarəçinin vəfatından sonra onun vərəsələrinə icarə müqaviləsinin onlardan biri ilə bağlanılması, nə də bağ sahəsinə sahiblənmək üçün digər tədbirlərin görülməsi ilə bağlı Sumqayıt Bələdiyyəsinə müraciət etməmişlər. Başqa sözlə, torpaq sahəsindən istifadə edilmədiyi və icarəçinin ölümündən 14 il keçdikdən sonra bağ torpaq sahəsinə dair iddia tələbləri qaldırılmışdır.Halbuki: “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 noyabr 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin,həyətyanı sahələrin,fərdi,kollektiv və kooperativ bağların,dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir.Həmin Əsasnamənin 2-ci bəndinə əsasən özəlləşdirməyə çıxarılmış torpaqların vətəndaşların mülkiyyətinə verilməsi üçün onlar tərəfindən ərizənin və həmin sahədən qanuni istifadə olunmasını təsdiq edən sənədin surətinin təqdim edilməsi nəzərdə tutulmuşdur. Nəzərə alınmalıdır ki, yuxarıda göstərilən qanunvericilik aktlarında həyətyanı torpaq sahəsinin məhz daimi istifadəçinin ərizəsi və həmin sahənin onun qanuni istifadəsində və ya icarəsində olduğunu təsdiq edən sənəd əsasında xüsusi mülkiyyətə verilməsinin mümkünlüyü müəyyən edilmişdir. Bu qayda isə həmin torpaq sahələrinin hüquqi vəziyyətinin dəyişdirilməsi təşəbbüsünə yalnız belə torpaq sahələrinin daimi istifadəçisinin malik olduğunu göstərir və həmin şəxsin ölümündən sonra vərəsəlik kütləsinə daxil edilməsini istisna edir. Oxşar hüquqi mövqe, həmçinin Kostitusiya Məhkəməsi Plenumunun S.Bayramovanın şikayəti üzrə 16 iyul 2012ci il tarixli Qərarında da ifadə olunmuşdur. Eyni zamanda həmin qərarda qeyd olunmuşdur ki, qanunvericilik icarəçi vəfat etdiyi halda torpaq sahəsi üzərində icarə hüquqlarının onun vərəsələrinə (hüquq varislərinə) keçməsini istisna etmir. Belə ki, "İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin altıncı hissəsinin ikinci bəndinə əsasən icarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun. "Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinin dördüncü hissəsinə görə icarə müddəti tamam olanadək icarəçi fiziki şəxs vəfat etdikdə icarə müqaviləsi üzrə hüquqlar, Azərbaycan Respublikasının mülki qanunvericiliyində müəyyən olunmuş qaydada onun hüquqi varislərinə keçir.Bununla belə torpaq sahələri üzərində icarə hüququnun vərəsələrə keçməsi məsələləri həll edilərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququnu tənzimləyən müvafiq normaları nəzərə alınmalıdır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsi mirası əldə etməni vərəsənin onu qəbul etməsi ilə şərtləndirirdi.Vərəsə o halda mirası qəbul etmiş sayılırdı ki,o,miras əmlakını faktiki surətdə idarə etməyə başlasın və ya mirasa yiyələnsin,yaxud vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə versin.Himin Məcəllənin 552-ci maddəsinə görə bu hərəkətlərin vərəsəlik açılan gündən altı ay müddətində edilməsi nəzərdə tutulurdu. Mirasın qəbul edilməsini tənzimləyən oxşar qayda qüvvədə olan Mülki Məcəllənin 1243- cü maddəsində də nəzərdə tutulmuşdur. Beləliklə, göründüyü kimi, İddiaçı mübahisələndirilən “Novxanı” bağları massivində yerləşən, sahəsi 1200 kvadrat.metr təşkil edən 1650j saylı saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının X3 ölümündən sonra onun vərəsələrinə keçməsi üçün heç bir hərəkət etməmiş, o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmışdir. Eyni zamanda iddiaçı ən azından 2005-ci ildən, yəni X3 ölümündən sonra mübahisələndirilən bağ torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir.Belə olan halda hesab edirlər ki,iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından, onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir. Bu müddəalar İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə və qeyrilərinə qarşı “qərarın,əqdlərin etibarsız hesab edilməsi,tikililərin sökülməsi,torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” məhkəməyə verdiyi iddia ərizəsi əsasında icraatı aparılmış mülki izrə cavabdehlərin verdikləri apelyasiya şikayətlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı 09 avqust 2019-cu il tarixli, 2(105)- 2683/2019 saylı qətnaməsində də öz əksini tapmışdır. "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Daha sonra isə Konstitusiya Məhkəməsi subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, "subyektiv hüquq 3 elementin məcmusu kumu qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də,həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, iddia ərizəsinin məzmunundan görünür ki, İddiaçı iddia tələbi bağ torpaq sahəsinin X10 mülkiyyətinə verilməsi barədə Sumqayıt Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli, 11 saylı iclasının 28-ci qərarının etibarsız hesab edilməsi barədədir. Halbuki, adı çəkilən bələdiyyə qərarı ilə mübahisələndirilən torpaq sahəsi X10 mülkiyyətinə verilməmiş, bağ torpaq sahəsinin onun mülkiyyətinə verilməsi barədə yalnız müraciəti məqsədəuyğun hesab olunmuşdur.Belə ki,”Corat” bağları ərazisində yerləşən,sahəsi 908 kvadrat metr olan B-1650b saylı bağ torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli,11 saylı iclasının 28-ci qərarı ilə deyil, Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2013-cü il tarixli,17 saylı iclasının 34-cü qərarı ilə X10 mülkiyyətinə verilmişdir.Həmin qərar əsasında X18 ilə Sumqayıt Bələdiyyəsi arasında notarial qaydada 23 yanvar 2014-cü il tarixli,AN- İN°0400248 saylı “daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanılmışdır.Bununla bağlı olaraq məhkəmənin nəzərinə çatdırmaq istəyirik ki, mübahisələndirilən torpaq sahəsi Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmış və bələdiyyənin adına hüquqların dövlət qeydiyyatı haqqında reyestr çıxarışı verilmişdir.Belə ki,DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş RX seriyalı ******* saylı,06 debabr 2013-cü il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri,"Corat” bağları ərazisində yerləşən sahəsi 0,0908 ha olan toraq sahəsi ilkin olaraq mülkiyyət hüququ üzrə Sumqayıt Bələdiyyəsinin mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və sonradan Sumqayıt Bələdiyyəsinin müvafiq qərarı əsasında X11 mülkiyyətinə verilmişdir.Bu halın özü həmin dövrdə mübahisələndirilən torpaq sahəsinin artıq Sumqayıt Bələdiyyəsinə məxsusluğunu sübuta yetirir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə,həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1 -ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Həmin Məcəllənin 166.3-cü maddəsinə əsasən yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Həmin Məcəllənin 241.2-ci maddəsinə əsasən dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1 -ci maddəsinə görə bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 66-cı maddəsinin 1 -ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Eyni zamanda cavabdeh məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə və üçüncü şəxs X14 qarşı “bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair” iddia iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür.Belə ki,iddia ərizəsinin məzmunundan da görünür ki,irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir.Məlum olduğu kimi,Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1 -ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Halbuki,iddiaaçının özünün də iddia ərizəsində göstərdiyi kimi,mübahisələndirilən bələdiyyə qərarının mövcudluğu barədə(qərarın tarixi və kimin adına verilməsi barədə məlumatlar da daxil olmaqla) iddiaçının vəkilinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli,**********47 saylı cavab məktubunda məlumat verilmişdir.Eyni zamanda Sumqayıt Bələdiyyəsinin “torpaq sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi əsasında çıxarılmış Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli,2(060)- 1124/2008 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi 05 iyun 20018-ci il tarixli,2(105)-1651/2018 saylı qətnaməsində də mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən satılması barədə məlumat öz əksini tapmışdır iddiaçı Sumqayıt şəhər Məhkəməsinə Sumqayıt Bələdiyyəsinə və qeyrilərinə qarşı “qərarın,əqdlərin etibarsız hesab edilməsi,tikililərin sökülməsi,torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” 16 oktyabr 2018-ci il tarixli iddia ərizəsi ilə müraciət edərkən belə inzibati-prosessual qanunvericiliklə müəyyən olunmuş iddia müddətini ötürmüşdü.Göründüyü kimi,bələdiyyənin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə qərarı 2013-cü ilin dekabr ayında qəbul olduğu və iddiaçının bu barədə ən azından,2018-ci ilin avqust ayından məlumatı olduğu halda, iddiaçı həmin qərarın da deyil, Sumqayıt Bələdiyyəsinin torpağın ayrılmasının məqsəduyğun sayılması barədə 29 avqust 2013-cü il tarixli,11 saylı iclasının qərarını inzibati məhkəmə icraatı qaydasında yalnız 2019-cu ilin oktyabr ayında mübahisləndirmişdir.Hesab edirik ki, bununla da iddiaçı inzibati-prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0 aprel 2015-ci il tarixli 5 nömrəli Qırarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki,inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Ona görə də,iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən iddianın mümkünsüz sayılmasını istəyirlər. Cavabdeh iddiya əlavə etirazında qeyd etmişdir ki, iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə barədə məhkəməyə sənəd təqdim etsə də, bir neçə iddia tələbini bir iddiada birləşdirməklə iddiaya inzibati məhkəmə icraatında baxılmasını mümkünsüz etmişdir.Belə ki,iddiaçının ləğvini tələb etdiyi sənədlərdən yalnız biri inzibati aktdır,digərləri isə inzibati akt sayılmadığından,hesab edirik ki,həmin sənədlərin ləğvinə dair tələblərə də aidiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.Həmçinin,məhkəmənin nəzərinə bir daha çatdırmaq istəyirik ki,İddiaçı “bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi iddiaçının belə bir iddia tələbi ilə müraciət etməyə subyektiv hüququ olmadığı səbəbinə görə də mümkün sayılmamalıdır.İlkin iddia ərizəsinə məhkəməyə təqdim etdikləri etirazda qeyd etdikləri kimi,İddiaçı mübahisələndirilən “Novxanı” bağları massivində yerləşən, sahəsi 1200 kvadrat metr təşkil edən 1650j saylı saylı bağ torpaq sahəsinə dair icarə hüquqlarının X3 ölümündən sonra onun vərəsələrinə keşməsi üçün heç bir hərəkət etməmiş,o cümlədən 1650j saylı bağ torpaq sahəsi üzərində icarə hüququnun keçməsi barədə müraciət etməmişdir.Eyni zamanda iddiaçı ən azından 2005ci ildən, yəni X3 ölümündən sonra mübahisələndirilən bağ torpaq sahəsindən istifadə etməyərək bağa faktiki sahiblik də etməmişdir.Belə olan iddiaçının mübahisələndirilən torpaq sahəsi üzərində hər hansı hüququ olmadığından,onun bələdiyyə qərarının etibarsız sayılması barədə iddia qaldırmağa da subyektiv hüququ mövcud deyildir.Bu müddəalar İddiaçı cavabdehlər Sumqayıt Bələdiyyəsinə,X15,X8 və qeyrilərinə qarşı “bələdiyyə qərarın,əqdlərin etibarsız hesab edilməsi,tikililərin sökülməsi,torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” məhkəməyə verdiyi iddia ərizəsi əsasında icraatı aparılmış mülki izrə cavabdehlərin verdikləri apelyasiya şikayətlərinə uyğun olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin çıxardığı və hal-hazırda qanuni qüvvəsini almış 09 avqust 2019-cu il tarixli, 2(105)- 2683/2019 saylı qətnaməsində də öz əksini tapmışdır. Məhkəmənin nəzərinə çatdırırlar ki, adı çəkilən məhkəmə qətnaməsindən İddiaçı verdiyi kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2020-ci il tarixli,2(102)-49/2020 saylı qərarı ilə təmin edilməmiş,Sumqayıt Apellyasiya Məhkəməsinin bu iş üzrə çıxardığı 09 avqust 2019-cu il tarixli, 2(105)- 2683/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 09 avqust 2019-cu il tarixli, 2(105)-2683/2019 saylı qətnaməsində məhkəmə birbaşa olaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “S.Mahmudovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2013-cü il tarixli qərarına və “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarlarına istinad edərək belə bir nəticəyə gəlmişdir ki, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi,hətta mübahisəli torpaq sahələrinin vaxtilə iddiaçının istifadəsində olması faktı təsdiq olunsaydı belə,bu hal iddiaçıya hazırki iddianı qaldırmağa əsas vermir...Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılarsa,aydın olur ki,hazırki iş üzrə iddiaçı iddia vermək üçün subyektiv hüquqa malik olmamışdır.Başqa sözlə,Konstitusiya Məhkəməsinin qərarında qeyd edildiyi kimi,iddiaçının hazırki hərəkətlərinə hüquqi ixtiyarı olmadığı üçün onların başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından,həyata keçirilməsindən,eləcə də göstərilən müqavilələrin etibarsız hesab olunmasından söhbət gedə bilməz. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Eyni zamanda məhkəmənin bir daha nəzərinə çatdırmaq istəyirlər ki, İddiaçı cavabdeh Sumqayıt Bələdiyyəsinə və üçüncü şəxs X14 qarşı “bələdiyyə qərarının etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi üzrə qanunvericiliklə müəyyən olunmuş iddia müddəti də ötürülmüşdür.Belə ki,iddia ərizəsinin məzmunundan da görünür ki,irəli sürülmüş iddia tələbi mübahisələndirmə haqqında iddialara aiddir.Məlum olduğu kimi,Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibatı aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər.Halbuki.iddiaaçınm özünün də iddia ərizəsində göstərdiyi kimi,mübahisələndirilən bələdiyyə qərarının mövcudluğu barədə(qərarın tarixi və kimin adına verilməsi barədə məlumatlar da daxil olmaqla) iddiaçının vəkilinin sorğusuna Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş 14 avqust 2018-ci il tarixli,**********47 saylı cavab məktubunda məlumat verilmişdir.Eyni zamanda Sumqayıt Bələdiyyəsinin “torpaq sahəsinə dair icarə müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair” iddia ərizəsi əsasında çıxarılmış Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli,2(060)-1124/2008 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin qəbul etdiyi 05 iyun 20018-ci il tarixli,2(105)-1651/2018 saylı qətnaməsində də mübahisələndirilən torpaq sahəsinin Sumqayıt Bələdiyyəsi tərəfindən satılması barədə məlumat öz əksini tapmışdır..Göründüyü kimi,bələdiyyənin torpaq sahəsinin üçüncü şəxsin mülkiyyətinə verilməsi barədə qərarı 2013-cü ilin dekabr ayında qəbul olduğu və iddiaçının bu barədə ən azından,2018-ci ilin avqust ayından məlumatı olduğu halda, iddiaçı həmin qərarın da deyil, Sumqayıt Bələdiyyəsinin torpağın ayrılmasının məqsəduyğun sayılması barədə 29 avqust 2013-cü il tarixli,11 saylı iclasının qərarını inzibati məhkəmə icraatı qaydasında yalnız 2019-cu ilin oktyabr ayında,torpaq sahəsinin X12 mülkiyyətə ayrılmasına dair Sumqayıt Bələdiyyəsinin 28 dekabr 2013-cü il tarixli,17 saylı iclasının 34 saylı qərarını isə yalnız 2020-ci ilin fevral ayında mübahisləndirmişdir.Hesab edirik ki,bununla da iddiaçı inzibati-prosessual qanunvericilikdə müəyyən olunmuş müvafiq iddia müddətini ötürmüşdür. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 0 aprel 2015-ci il tarixli 5 nömrəli Qırarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki,inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır.Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur.Ona görə də,iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki,məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını,qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını,İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qeyd edilənlərə əsasən iddianın mümkünsüz sayılmasını istəyirlər. Məhkəmə iclasındsa cavabdehin nümayəndəsi X22 iştirak etmiş iddia ərizəsinə etirazları müdafiə etmişdir. Məhkəmə iclasında üçüncü şəxs X7 nümayəndəsi X23 iştirak etmiş və bildirmişdir ki, torpaq sahəsini 2014-cü ildə alqı satqı yolu ilə X9 almışlar. Torpaq sahəsi hasarın içərisində olub. Torpaq sahəsi ilə bağlı mübahisə olmamış, onlara heç kim nəsə bildirməmişdir, yer onların istifadəsində olmuşdur, hazırda orda tikdikləri evdə yaşayırlar və iddianın rədd edilməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında Üçüncü şəxs X10 nümayəndəsi X19 iştirak etmiş və bildirmişdir ki, Cəbrayılov Fikrətin mülkiyyətinə torpaq sahəsi Sumqayıt Bələdiyyyəsinin qanuni qərarı əsasında verilmişdir. Həmin torpaq sahəsini digər şəxslərə satmışlar. Sumqayıt Apellyasiya Məhkəməsinin qətnaməsindən xəbərsiz olmuşlar, həmin qətnamədən şikayət verəcəklər, iddianı əsaslı hesab etmirlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmadığına görə, iddia mümkün iddiadır. İddia mahihəyəti etibarı ilə Sumqayıt Bələdiyyəsinin iddiaçının mərhum atası X4 08.06.1989-cu il tarixli icarə müqaviləsinə əsasən ayrılmış «Novxanı» bağlar massivində yerləşən, sahəsi 0,12 ha olan 1650j saylı bağ sahəsinin Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(1124)-2008 saylı qətnaməsindən sonra öz adına mülkiyyət sənədi alaraq üçüncü şəxs X2 ilə bağlı qərarın etibarsızlığının müəyyən olunmasından ibatrətdir. Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı əsasında həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququ DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində qeydiyyatı aparılmış və bunun əsasında 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarış verilmiş və həmin torpaq sahəsinin üçüncü şəxs F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34cü qərarı qəbul edilmişdir. Bu qeyd edilənlər mübahisəli torpaq sahəsinin cavabdeh inzibati orqan tərəfindən satılması ilə bağlı inzibati qərarın mübahisələndirilməsi ilə bağlı olduğuna görə məhkəmə hesab edir ki, bu iddiaya məhkəməyə təqdim edilən formada baxıla bilər. Məhkəmə hesab edir ki, bu kateqoriya iddialara iddia müddəti tətbiq edilmədiyinə və Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 saylı Qətnaməsini nəzərə alanda iddiaçının subyektiv hüququ olduğununa görə iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın mahiyyətinə gəlincə isə məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, iddiaçı Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarının, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRXnin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeydinin və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarışın, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarının etibarsız hesab edilməsini istəyir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə iddiaçının mərhum atası X6 arasında bağlanmış 08.06.1989-cu il tarixli icarə müqaviləsinə əsasən «Novxanı» bağlar massivində yerləşən, sahəsi 0,12 ha olan 1650j saylı bağ sahəsi sonuncunun icarəsinə verilmişdir. R.Fərzullayev 12.02.2005-ci il tarixdə rəhmətə getmişdir. Sumqayıt şəhər Məhkəməsinin icraatında Sumqayıt şəhər X1 qarşı torpaq sahəsinə dair icarə müqaviləsinin etibarsız sayılmasına dair mülki iş olmuş, məhkəmənin 06 iyun 2008-ci il tarixli, 2(060)-1124/2008 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Sumqayıt şəhər XDS-nin Bağlar Təsərrüfatı İdarəsi ilə X6 arasında 1650j saylı bağ torpaq sahəsinə dair bağlanmış 08.06.1989-cu il tarixli, 7369 saylı icarə müqaviləsinin etibarsız sayılaraq qüvvədən düşmüş hesab edilməsi qət edilmişdir. Bundan sonra Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı əsasında həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququ DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində qeydiyyatı aparılmış və bunun əsasında 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarış verilmiş və həmin torpaq sahəsinin üçüncü şəxs F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarı qəbul edilmişdir. Məhkəmə hesab edirki, yuxarıda qeyd olunan qərarlar qəbul edilərkən Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(1124)-2008 saylı qətnaməsi qüvvədə olduğu üçün həmin qərarlar qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Lakin iddiaçı uzun müddət keçəndən sonra Sumqayıt şəhər Məhkəməsinin qeyd olunan qətnaməsindən apellyasiya şikayəti vermiş və Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 saylı Qətnaməsi ilə Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(1124)-2008 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Məhkəmə hesab edir ki, Sumqayıt Apelyasiya Məhkəməsinin qeyd olun qətnaməsi hazırkı iddianın təmini üçün əsas təşkil edir. Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 saylı Qətnaməsində məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, “Torpaq islahatı haqqında” Qanunun keçid müddəaları nəzərdə tutan 25-ci maddəsinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan yaşayış evi, həyətyanı və bağ sahələri üçün Azərbaycan Respublikası vətəndaşlarına qanunvericiliyə uyğun olaraq verdiyi torpaq sahələri barədə bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Bu Qanunun 19-cu maddəsinin ikinci hissəsinin birinci cümləsində nəzərdə tutulmuş səlahiyyətləri bələdiyyələr 2001-ci il yanvarın 1-dən etibarən həyata keçirir. Göründüyü ki, qanunvericliyin tələbinə görə 2001-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarının bələdiyyələrin ehtiyat fondundan verdiyi torpaqlara dair bələdiyyələr tərəfindən həmin torpaq sahələrinin geri qaytarılmasına dair iddialar qəbul edilə bilməz. Hazırki işdə də 1650j saylı bağ sahəsi cavabdeh R.Fərzullayevə 08.06.1989-cu il tarixdə, 7369 saylı icarə müqaviləsi ilə verilmişdir. Başqa sözlə, R.Fərzullayevə torpaq sahəsi 1989-cu ildə verildiyi üçün bələdiyyənin belə bir iddia qaldırması qanunla istisna edilir. Belə olan halda da bu cür iddialar təmin edilə bilməz. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə Sumqayıt Bələdiyyəsinin mübahisəli torpaq sahəsi üzərində hüququnun olmadığı müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Sumqayıt Bələdiyyəsinin mübahisələndirilən qərarları qəbul edilərkən, Sumqayıt şəhər Məhkəməsinin 06 iyun 2008-ci il tarixli, 2(1124)-2008 saylı qətnaməsi qüvvədə olduğuna görə, həmin vaxt etibarı ilə mübahisələndirilən qərarlar qanunsuz olmamışdır. Lakin Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 saylı Qətnaməsi qanuni qüvvəyə minəndən sonra həmin qərarların qəbul edilməsinin qanuni əsasları ortadan qalxmışdır. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası qanununun 65.1.2-ci maddəsinə əsasən müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. Sumqayıt Apelyasiya Məhkəməsinin 05 iyun 2018-ci il tarixli, 2(105)-1651/2018 saylı Qətnaməsi ilə Sumqayıt Bələdiyyəsinin mübahisəli torpaq üzərində hüququnun olmadığı müəyyən olunduğuna görə məhkəmə hesab edir ki, İnzibati İcraat Haqqında Azərbaycan Respublikası qanununun 65.1.2-ci maddəsinə əsasən cavabdeh bələdiyyənin mübahisəli torpaq sahəsini üçüncü şəxsə satılması ilə bağlı qəbul etdiyi inzibati aktlar etibarsız hesab olunmalıdır. Lakin məhkəmə bir məqama münasibət bildirməyi vacib sayır. Hazırkı iş üzrə maraqlarına toxunan şəxs X13 iş üzrə icraata üçüncü şəxs kimi cəlb edilmişdir və həmin şəxs hazırda mübahisə predmeti olan torpaq sahəsinin müəyyən hissəsinə mülkiyyət hüququ əsasında sahiblik edir və həmin torpaq sahəsini vicdanlı əldə etməsini iddiaçıda mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, hazırkı qərar üçüncü şəxs X7 maraqlarına toxunsada, mülki qanunvericilikdən irəli gələn tələblər baxımından hüququnun saxlanılması istina edilmir. Hansıkı məhkəmə araşdırması zamanı müəyyən olundu ki, mübahisəli torpaq sahəsinin digər hissəsi ilə bağlı torpağın sonuncu sahibinin hüquqları mülki məhkəmə icraatı qaydaslnda baxılan işdə qorunmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia təmin edilsin. Sumqayıt şəhər, Novxanı bağları sahəsində yerləşən 1650j saylı bağ sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin 29 avqust 2013-cü il tarixli qərarı, həmin torpaq sahəsinə dair Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyət hüququnun DƏDRX-nin Sumqayıt 2 saylı Ərazi İdarəsində aparılmış qeyd və bunun əsasında verilmiş 06 dekabr 2013-cü il tarixli RX ******* seriyalı çıxarış, həmin torpaq sahəsinin F.Cəbrayılovun mülkiyyətinə verilməsinə dair Bələdiyyənin 28 dekabr 2013-cü il tarixli 17 saylı iclasının 34-cü qərarı etibarsız hesab edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-52/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-52/2021
27.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver