Məhkəmə qərarları › İş №2-1(118)-520/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-520/2021

20.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-520/2021 20.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün satılmış Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 600 kv m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüqüqunun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏMDX-nin yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt bələdiyyəsinin 11 dekabr 2003cü il tarixli 100 nömrəli qərarı ilə fərdi ev tikintisi üçün satılmış Sumqayıt şəhəri, 51-ci məhəllədə yerləşən 600 kv m həyətyanı torpaq sahəsi üzərində mülkiyyət hüqüqunun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, 2003-ci ilin ortalarında Sumqayıt şəhər Bələdiyyəsinə müraciət edərək fərdi ev tikintisi üçün Sumqayıt şəhərinin 51-ci məhəlləsi ərazisində uzun müddətdir istifadə etdiyi həyətyanı torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir. Onun müraciəti müsbət qarşılandığından Sumqayıt şəhər Bələdiyyəsi tərəfindən torpaq sahəsinin sənədləşdirilməsi işlərinə başlamışdır. Torpaq sahəsinin ayrılması ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinin müraciətinə cavab olaraq keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən rəy verilərək torpaq sahəsinin alqı-satqı qaydasında mülkiyyətinə ayrılmasının mümkün olduğu bildirilmişdir. Bundan sonra o, torpağın dəyəri kimi 300 manat məbləğində pulu Sumqayıt bələdiyyəsinin hesabına ödəmişdir. Yuxarıda qeyd olunan rəy və etdiyi ödəniş əsasında Sumqayıt bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 100 nömrəli qərarı ilə Sumqayıt şəhərinin 51-ci məhəlləsində yerləşən sahəsi 600 kv m həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. Eyni zamanda həmin torpaq sahəsi barəsində onunla bələdiyyə arasında alqı-satqı aktı da bağlanılmışdır. Ancaq o, hüquqi savadsızlığından hesab etmişdir ki, bununla da torpağın sənədləşməsi başa çatmış və torpaq sahəsi artıq onun mülkiyyətidir. Bu səbəbdən o, bələdiyyə qərarı əsasında ona verilmiş torpaq sahəsinin mülkiyyət çıxarışının alınması üçün aidiyyəti dövlət orqanına müraciət etməmişdir. Bu müddət ərzində o, bir sıra sənədləri, o cümlədən torpağın alqı-satqı haqqını ödədiyini təsdiq edən kassa mədaxil qəbzinin əslini və torpağın alqı-satqı aktını itirsə də, bələdiyyə qərarının əslini saxlamışdır. Ancaq sonradan öyrənmişdir ki, o, torpağın sənədləşmə işlərini tam başa çatdırmamış və torpağa dair mülkiyyət çıxarışını almaq üçün ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Lakin o, adıçəkilən qərar əsasında torpaq sahəsini öz mülkiyyəti kimi dövlət qeydiyyatından keçirə bilmir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi onun torpaq sahəsi üzərində hüququnun qeydiyyatından imtina etmişdir. Cavabdeh bunu alqı-satqı aktının olmaması və qərar qəbul edilərkən şəhər memarlıq və şəhərsalma idarəsinin rəyinin olmaması ilə əsaslandırmışdır. Cavabdehin onun hüququnun dövlət qeydiyyatından imtinasını tamamilə qanuna zidd hesab edir. Belə ki,o, torpaq sahəsinin alqı-satqı haqqını bələdiyyəyə ödəmiş və həmin dövrdə onunla Sumqayıt şəhər Bələdiyyəsi arasında torpağın alqı-satqısına dair akt tərtib olunmuşdur. Ancaq o, həmin sənədləri sonradan uzun müddət keçdiyinə görə itirmişdir. Bu sənədlərin surətlərinin verilməsi ilə bağlı Sumqayıt şəhər Bələdiyyəsinə etdiyi müraciətə cavab olaraq ona bildirilmişdir ki, 2010-cu ilədək olan bələdiyyə sənədlərinin bir qismi, o cümlədən kassa mədaxil orderi qəbzləri vaxtı keçmiş sənədlər kimi yandırılaraq məhv edilmiş, bir qismi isə Dövlət Arxivinin Sumqayıt şəhər filialına saxlanılması üçün təhvil verilmişdir. Bundan başqa şəhərin 20-ci və 21-ci mikrorayonlarında torpaq sahələri bələdiyyə tərəfindən verilməmişdən Memarlıq və Şəhərsalma İdarəsi həmin torpaq sahələrinə dair ümumi rəy vermişdir ki, məhz həmin ümumi rəy əsasında ona verilmiş qərara oxşar yüzlərlə bələdiyyə qərarı əsasında fiziki şəxslərin mülkiyyət hüququ bu günədək cavabdeh tərəfindən daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmışdır. Göründüyü kimi, sadalananlardan cavabdehin bələdiyyə qərarının qanunvericiliyə uyğun şəkildə verilməməsi və bu səbəbdən bələdiyyə qərarı əsasında mülkiyyətinə verilmiş torpaq sahəsi üzərində hüququn dövlət qeydiyyatından imtinasının əsaslarının səhv olduğu anlaşılır. Bələdiyyə qərarının qüvvədə olduğu halda, cavabdehin onun müraciətinə əsassız şəkildə imtina etməsi nəticəsində onun hüququ aşkar şəkildə pozulmuşdur. Bununla bağlı iddiaçı iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında bu barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh və üçüncü şəxs nümayəndələrinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazında qeyd etmişdir ki, İddiaçı Sumqayıt şəhəri, 51-ci məhəllə ərazisində yerləşən, Sumqayıt Bələdiyyəsinin 11 dekabr 2003-cü il tarixli 100 saylı protokolu ilə ayrılmış 0,06 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarışın və texniki pasportun verilməsi ilə əlaqədar 14 oktyabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçının müraciəti araşdırılarkən müəyyən edilmişdir ki, torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, torpaq sahəsinin plan və ölçüsü hazırlanmamış, qanunvericilklə müəyyən edilmiş qaydada alqı-satqı aktı tərtib edilməmişdir. Göründüyü kimi, torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Sumqayıt şəhəri, 51 -ci məhəllə ərazisində yerləşən 0,06 ha torpaq sahəsi üzərində İddiaçı hüquqlarının qeydiyyata alınmasından imtina edilmiş və bu barədə ona 16 oktyabr **********08 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. İş materiallarında olan : - Sumqayıt şəhər Bələdiyyə Şurasının 100 nömrəli 11.12.2003-cü il tarixli qərarından görünür ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Sumqayıt şəhər şöbəsinin rəyini nəzərə alaraq, şəhər bələdiyyəsi torpaq komissiyasının 11 dekabr 2003-cü il tarixli 91 saylı protokoluna əsaslanaraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 29A/33, mənzil 41-də yaşayan İddiaçı baş plan əsasında, 51-ci məhəllə ərazisində, fərdi yaşayış evi tikmək üçün 600 (altı yüz) kv m torpaq sahəsinin ayrılması qərara alınmışdır. - Sumqayıt bələdiyyəsi tərəfindən verilmiş mövqe planından görünür ki, Sumqayıt şəhərinin 51-ci məhəlləsində yerləşən İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsinin ölçüsü 600 kvadrat metrdir. - 15.12.2003-cü il tarixli aktdan görünür ki, Sumqayıt şəhərinin 51-ci məhəlləsində yerləşən sahəsi 600 kvadrat metr olan həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materiallarını tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsi satılması barədə bələdiyyə qərarı qəbul edilən vaxt qüvvədə olan qanunvericiliyin tələblərinə görə torpaqların alqı-satqısı zamanı müvafiq aktın tərtib olunması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 10.2-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırması qaydaları haqqında» Əsasnamənin 7, 10, 14-21, 23-25, 27-ci bəndlərində nəzərdə tutulmuş hallarda bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə (DT və XK və İH memarlıq planlaşdırma bölməsinin rəyləri, torpaq sahəsinin plan və ölçüsü) baxaraq torpaq sahəsinin dəyəri ödənildikdən sonra 5 gün müddətində torpağın mülkiyyətə ayrılması barədə qərar qəbul edir. Bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin alınması üçün öz qərarından çıxarışı və torpaq sahəsinin plan və ölçüsünü ərizəçiyə verir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Torpaqların alqı-satqısı qaydaları»na Əlavədə torpaqların alqısatqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsinin müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. İşdən görünür ki, qanunvericiliyə zidd olaraq torpaq sahəsi ayrılarkən rayon icra hakimiyyəti orqanının memarlıq xidmətinin rəyi alınmamış, torpaq sahəsinin plan və ölçüsü hazırlanmamış, qanunvericilklə müəyyən edilmiş qaydada alqı-satqı aktı tərtib edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə əsasən yerquruluşu torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin tərtibi nəzərdə tutur (bənd 3); Həmin Məcəllənin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələrlə yaranır. - 65-ci maddəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir (bənd 2); Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir (bənd 5); Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir (bənd 6); Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır (bənd 7); Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir (bənd 8). Beləliklə, göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin dəlillərindən biri olan mübahisəli torpaq sahəsinin koordinatlarının iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinn koordinatları ilə eynilik təşkil edib-etməməsi məsələsinə aydınlıq gətirilməsi məqsədi ilə mütəxəssis rəyinin verilməsi üçün Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinə sorğu göndərilmiş, lakin həmin təşkilat cavab vermişdir ki, torpaq sahəsinin plan və ölçü sənədinin olmaması səbəbindən müvafiq araşdırmanın aparılması və mütəxəssis rəyinin verilməsi mümkün olmamışdır. «Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.3). Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh inzibati orqanın daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtinası mahiyyətcə qanuna zidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar