Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-521/2021 03.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Abşeron rayonu Digah Bələdiyyəsinə qarşı “cavabdeh Abşeron rayonu Digah Bələdiyyəsinin üzərinə nənəsi X3 qəbrinin Tərtər rayonu Səhləbad kəndinə köçürülməsi üçün Abşeron rayonu Digah kəndindəki qəbrin açılması öhdəliyinin qoyulması tələbinə” dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının nənəsi xx.xx.1935-ci ildə Tərtər rayonu, Səhləbad kəndində anadan olmuş və həmin kənddə yaşamış X5 xx xxxxxxx 2020ci il tarixdə Abşeron rayonu Digah qəsəbəsində vəfat etdiyindən (85 yaşında), səhərisi günü, yəni xx xxxxxxx 2020-ci il tarixdə Digah kənd qəbiristanlığında dəfn edilmişdir. Onlar özləri Tərtər rayonundandırlar, orada yaşayırlar, vətən müharibəsi ilə əlaqədar müvəqqəti olaraq Abşeron rayonu Digah kəndində yaşamışlar. İndi, Allahın köməkliyi ilə sakitçilikdir, qələbə qazanmışıq və onlar geri, Tərtərə qayıdıblar. Gedib- gəlmək, özüdə pandemiya dövründə problem olduğundan istəyirlər ki, nənəsinin də qəbrini köçürək Tərtərə Səhləbad kəndinə. Lakin, Abşeron rayonu Digah Bələdiyyəsinin xx.xx.2020-ci il tarixli 76 nömrəli məktubunda qəbrin açılıb Tərtər rayonuna aparılmasına icazə verilməmişdir və onlara Sumqayıt İnzibati Məhkəməsinə müraciət etməyi tövsiyyə edilmişdir. Qəbiristanlıqlar bələdiyyələrin mülkiyyətində olduğundan, Azərbaycan Respublikasının “Bələdiyyələr haqqında Qanunun” maddə 4, 2-ci bəndinə əsasən Bələdiyyələrin yerli sosial müdafiə və sosial inkişaf proqramlarında mütəmadi olaraq mövcud qəbiristanlıqların qorunması, saxlanması, idarə olunması, abadlaşdırılması, köçürülməsi, yerli qəbiristanlıq sahələrinin ayrılması həmin orqanın səlahiyyətindədir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə cavab olaraq, iddiaçının nənəsi X3 qəbrinin Tərtər rayonuna köçürülməsi iddiaçının öz hesabına həyata keçirilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi izahat verərək, mövcud mübahisənin qanunvericiliyə uyğun olaraq həll olunmasını məhkəmənin mülahizəsinə buraxdı. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh inzibati orqanın xx.xx.2020-ci il tarixli 76 nömrəli imtina məktubu, AZ-İİ 130429 nömrəli ölüm haqqında şəhadətnamənin surəti, ölüm haqqında tibbi şəhadətnamənin surəti, şəxsiyyət vəsiqələrinin surəti, doğum haqqında şəhadətnamələrin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunsuzdur. İddia mümkün iddiadır. Bu səbəbdən də təmin edilməlidir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materilalarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.1935-ci il təvəllüdlü Tərtər rayonunun Səhləbad kəndinin sakini X1 rayonu Digah qəsəbəsində yaşayan qohumlarının evində məlum hadisələrlə bağlı müvəqqəti məskunlaşmış və səhhətində yaranmış problemlərlər ilə əlaqədar xx xxxxxx 2020-ci ildə vəfat etmişdir. Vətən müharibəsi zamanı Tərtər rayonunun Səhləbad kəndində yerləşən qəbirstanlıq düşmən mövqeləri tərəfindən mütamadi olaraq ataşə tutulduğundan X4 həmin kənd qəbirstanlığında dəfn edilməsi mümkün olmamışdır. Ona görədə X3 qohumları onu Abşeron rayonunun Digah qəsəbəsində yerləşən qəbirstanlıqda dəfn etmək məcburiyyətində qalmışdırlar. Ordumuzun şanlı qələbəsi sahəsində düşmən mövqeləri geri çəkilmiş və torpaqlarımız işğaldan azad olunmuşdur. Tərtər rayonun Səhləbad kəndi artıq düşmən mövqeləri tərəfindən atəşə tutulmadığına görə X3 nəvəsi olan hazırki inzibati iş üzrə İddiaçı nənəsinin anadan olduğu Tərtər rayonunun Səhləbad kənd qəbirstanlığında dəfn olunmasını istəyir, lakin cavabdeh təşkilat buna razılıq vermir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” nın 2.1.1-ci yarımbəndinə əsasən qaydalarla müəyyən edilmiş tələblərə uyğun olaraq ayrılmış torpaq sahəsində ölmüş şəxsin cənazəsinin (meyitinin və ya qalıqlarının), külünün qəbirdə dəfni üçün, həmçinin hüzn divarları (kolumbari) yaradılmış ərazi qəbirstanlıq hesab edilir. Həmin Qaydaların 2.1.6-cı yarımbəndinə əsasən ekshumasiya - Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada (prosessual ekshumasiya) və ya bu Qaydalarda nəzərdə tutulmuş digər səbəblərdən (qeyri-prosessual ekshumasiya) meyitin və ya onun qalıqlarının qəbirdən çıxarılmasıdır. Həmin Qaydaların 2.1.8-ci yarımbəndinə əsasən ölmüş şəxsin əri (arvadı), uşaqları (övladlığa götürülənlər), valideynləri (övladlığa götürənlər), bacıları və qardaşları, babaları (nənələri), nəvələri, ögey (ümumi ata və ana olan) bacıları və qardaşları, ərinin (arvadının) valideynləri, ərinin (arvadının) bacıları və qardaşları ölmüş şəxsin qohumları hesab edilir. Həmin Qaydaların 25.2.4-cü yarımbəndinə əsasən ölmüş şəxsin qohumlarının, qanuni nümayəndələrinin və ya onların dəfni ilə bağlı xərcləri çəkmiş digər şəxslərin arzusu ilə ölmüş şəxsin qeyriprosessual ekshumasiyasına yol verilir. Həmin Qaydaların 16.9-cu bəndinə əsasən bu Qaydaların 25.2.4-cü yarımbəndində nəzərdə tutulmuş halda ölmüş şəxsin qeyriprosessual ekshumasiyası və başqa yerdə basdırılması bu Qaydaların tələblərinə riayət edilməklə, onun qohumlarının, qanuni nümayəndələrinin və ya dəfn ilə bağlı xərcləri çəkmiş şəxslərin vəsaitləri hesabına həyata keçirilir. Həmin Qaydaların 25.4-cü bəndinə əsasən ölmüş şəxsin qeyri-prosessual ekshumasiyası qəbiristanlığın müdiriyyətinin iştirakı ilə həyata keçirilir. Həmin Qaydaların 26.1-ci bəndinə əsasən bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət əsasnamələrinə uyğun olaraq aidiyyəti dövlət orqanları və müvafiq bələdiyyələr tərəfindən həyata keçirilir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 dekabr tarixli 522 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları” nın tələblərinə görə ölmüş şəxslərin ekshumasiyası (yəni meyitin qəbirdən çıxarılması) iki hissəyə 1) prosessual ekshumasiya və 2) qeyri-prosessual ekshumasiyaya bölünür. Ölmüş şəxslərin prosessual ekshumasiyası Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 237-ci maddəsinin tələblərinə uyğun olaraq həyata keçirilir. Qeyd olunan Məcəllənin 237-ci maddəsinə əsasən ekshumasiya istintaq hərəkəti hesab edilir və müstəntiqin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun qarşısında vəsatət qaldırması, prokurorun isə həmin vəsatətə əsasən müvafiq məhkəməyə təqdimat ilə meyitin üzərində istintaq hərəkətlərinin aparılması məqsədi ilə qəbirdən çıxarılmasına icazə verilməsi ilə müraciəti və həmin təqdimata məhkəmə tərəfindən baxılaraq qərarın qəbul edilməsi ilə həyata keçirilir. Bu isə bir daha meyitin qəbirdən çıxarılmasının daha məsuliyyətli hərəkət olmasına dəlalət edir. Lakin yuxarıda qeyd olunan Qaydalarda prosessual ekshumasiyadan başqa qeyri prosessual ekshumasiyanın həyata keçirilməsi öz əksini tapıb. Belə ki, qeyri prosessual ekshumasiya ölmüş şəxsin qohumlarının vəsaiti və arzu ilə müvafiq bələdiyənin nəzarəti altında həyata keçirilir. Bu isə ekshumasiyanın məsuliyyətli bir hərəkət olmasına rəğmən ölmüş şəxslərin qohumlarının konstitusion hüquq və azdlıqlarının qorunması, milli adət və ənənələrimizə dəyər verilməsinin bariz nümunəsidir. Qeyd olunan Qaydaların 2.1.8-ci bəndinə görə İddiaçı hazır ki, iddia tələbi ilə bağlı məhkəmədə iddia tələbi qardırmağa, Abşeron rayon Digah bələdiyəsinin isə iddia tələbinə cavab verməyə subyektiv hüququ var. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi mümkün hesab edilməklə yanaşı Qaydaların tələbi görə əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilməmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mərhum X3 qəbrinin Tərtər rayonunun Səhləbad kəndinə köçürülməsi üçün Abşeron rayonu Digah kəndində yerləşən qəbirstanlıqda yerləşən meyitin ekshumasiyasının (yəni qəbirdən çıxarılmasının) həyata keçirilməsi öhdəliyi Cavabdeh üzərinə öhdəlik qoyulmalıdır. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı nənəsi X3 qəbrinin Tərtər Rayonu Səhləbad kəndinə köçürülməsi üçün Abşeron rayonu Digah kəndindəki qəbrinin açılması öhdəliyi cavabdeh Abşeron rayonu Digah Bələdiyyəsinin üzərinə qoyulsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-521/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-521/2021
03.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver