Məhkəmə qərarları › İş №2-1(118)-521/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-521/2023

01.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-521/2023 01.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə İddiaçının nümayəndəsi Vəkil (“Pro Bono” Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) , Cavabdeh (fərdi qaydada fəaliyyət göstərən vəkil, ünvan 2 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Cavabdeh qarşı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsi tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Reyasət Heyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon prokurorluğu Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh barəsində cinayət işinin istintaqı zamanı yol verdiyi nöqsanlara görə tədbir görülməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına müraciət etmişdir. Azərbaycan Respublikası Vəkillər X3 13 yanvar 2022-ci il tarixli qərarı ilə həmin müraciət əsasında vəkil Cavabdeh barəsində intizam icraatı başlanılaraq, müvafiq araşdırma aparılması üçün Vəkillərin İntizam Komissiyasına göndərilmişdir. Müraciət belə əsaslandırılmışdır ki, Ağsu rayonu, Çaparlı kənd sakini X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin ibtidai araşdırması zamanı onun hüquqlarını müdafiə edən Qobustan rayonunda fərdi vəkillik fəaliyyəti ilə məşğul olan vəkil Cavabdeh tərəfindən bir sıra qanun pozuntularına yol verilmişdir. Vəkil Cavabdeh intizam icraatı üzrə verdiyi yazılı izahatında göstərmişdir ki, Şamaxı rayon Polis Şöbəsinin müstəntiqi Cəlil Mustafayev 09 dekabr 2020-ci il tarixdə onu Polis Şöbəsinə dəvət edərək, xuliqanlıq cinayəti ilə bağlı təqsirləndirilən şəxslə istintaq hərəkətlərinin aparılacağını bildirmişdir. Həmin şəxsin konkret olaraq kim olduğunu o bilməmişdir. Vəkil orderinə ilkin məlumatları daxil edərək, təqsirləndirilən şəxsin gəlməsini gözləmişdir. Bu səbəbdən vəkil orderində təqsirləndirilən şəxsin adını, soyadını göstərməmiş, həmçinin, orderə nömrə qoyub möhürlə təsdiqləməmişdir. İş yarımçıq qalmış və müstəntiq ona demişdir ki, təqsirləndirilən şəxs gələndə onu dəvət edəcəkdir. Lakin sonradan o, bu barədə ona heç bir şey deməmişdir. Təxminən bir il sonra o, şahid qismində Şamaxı rayon məhkəməsinə çağırılanda bilmişdir ki, müstəntiq təqsirləndirlən şəxs Roma Cəfərovun adı, soyadı, nömrəsi və möhürü olmayan həmin vəkil orderini də işin arasına qoyub məhkəməyə təqdim etmiş, cinayət işi üzrə bəzi sənədlərdə onun imzalarını saxtalaşdırmış, bəzi protokolları isə başqa cinayət işinin protokolları arasında ona imzalatdırmışdır. Doğrudur, o, diqqətsizlik etmiş, ancaq Roma Cəfərovla bağlı heç bir sənədi bilərəkdən imzalamamışdır. Bu işlə bağlı ona dövlət hesabına hüquqi yardımın göstərilməsinə dair müstəntiqin müvafiq qərarı təqdim edilməmiş və buna görə o, heç bir ödəniş almamışdır. Vəkil Cavabdeh izahatına müvafiq iş üzrə olan vəkil orderinin surətini əlavə etmişdir. Vəkillərin İntizam Komissiyasının xx.xx.2022-ci il tarixdə keçirilən iclasında vəkil Cavabdeh yazılı izahatında göstərilən məzmunda şfahi izahat vermiş, vəkil orderini Azərbaycan Respublikası Vəkillər X3 müvafiq qərarına əsasən həmin cinayət işi üzrə dövlət hesabına müdafiəçinin təyin edilməsi barədə qərarı almadan müstəntiqə təqdim etdiyini bildirmişdir. Vəkillərin İntizam Komissiyası intizam icraatı üzrə aparılmış araşdırma zamanı toplanmış materialları məcmu halında qiymətləndirərək, həmin materiallara əsasən müəyyən edilmiş hallardan belə nəticəyə gəlmişdir ki, Qobustan rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Cavabdeh Ağsu rayonu, Çaparlı kənd sakini X4 Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin Şamaxı rayon X7 Bölməsində ibtidai araşdırması zamanı istintaq orqanının dövlət hesabına müdafiəçi təyin etmə barədə xx.xx.2020-ci il tarixli qərarını hələ almadan həmin qərar əsasında öz adına tərtib edib imzaladığı, lakin hüquqi yardım göstərilən şəxs barədə məlumatların (soyadı, adı və atasının adı) göstərilmədiyi, möhür vurulmamış və nömrə qoyulmamış xx.xx.2020-ci il tarixli vəkil orderini istintaqa təqdim etməklə və müdafiəçisi olduğu təqsirləndirilən şəxslə aparılmış istintaq və prosessual hərəkətlərə dair qərarları, protokolları və digər sənədləri onların məzmunu ilə tanış olmadan, bəzən isə həmin hərəkətlərdə hətta iştirak etmədən imzalamaqla, beləliklə də, dövlət hesabına hüquqi yardımın yüksək keyfiyyətlə həyata keçirilməsi tələblərinə, qanunun aliliyi prinsipinə, vəkil andına və vəkil etikasına riayət etməyərək və öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyərək, formal vəkillik fəaliyyəti ilə məşğul olmaqla, "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin İİ və İİİ hissələrinin, 3-cü maddəsinin, 5-ci maddəsinin İ hissəsinin, 14-cü maddəsinin İ hissəsinin, 16-cı maddəsinin İ hissəsinin, 18-ci maddəsinin, "Vəkillərin davranış qaydaları haqqında" Əsasnamənin 1.2-ci, 1.3-cü, 1.5-ci, 2.2-ci, 2.3-cü, 2.4-cü, 3.4-cü bəndlərinin və Azərbaycan Respublikası Vəkillər Kollegiyası Nizamnaməsinin 5.13-cü bəndinin 1-ci və 3-cü abzaslarının, Azərbaycan Respublikası Vəkillər X3 xx.xx.2018-ci tarixli qərarı ilə təsdiq edilmiş "Vəkil qurumları və fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən növbəlilik üzrə dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi" Qaydalarının 1.12-ci, 2.1-ci, 2.3-cü, 2.4-cü və 3.1-ci bəndlərinin tələblərini pozmuşdur. Cavabdeh iddianı qəbul etməyərək izah etdi ki, Azərbaycan Respublikası Vəkillər X1 barəsində qəbul etdiyi qərardan keçən müddət ərzində apardığı araşdırmalardan məlum olur ki,qəbuİ olunmuş qərarın əsasında obyektiv səbəblər yox, yalnız onun subyektiv fikirləri durur, belə ki o, dindirilmək üçün Şamaxı rayon məhkəməsinə 2021-i ilin dekabr ayında çağırılmışdır. X4 müdafiəçisi təyin olunmağı barədə müstəntiq Cəlil Mustafayevin qərarı isə düz bir il əvvəl, 2020-ci ilin dekabr ayının 9-da qəbul edilmişdir. O, məhkəmədə Romanı tanımadığı barədə bildirsə də, buna səbəb aradan bir ildən artıq vaxtın keçdiyinə görə onu xatırlamamağı olmuşdur. Digər tərəfdən buna səbəb, pandemiya ilə əlaqədar maskadan istifadə edilməsi və əvvəlki vaxt Romanın saqqal saxlaması ilə əlaqədar görünüşünün dəyişməsidir. Dövlət hesabına hüquqi yardımın həyata keçirilməsi qaydalarının 2.1-ci maddəsində göstərildiyi kimi o, müstəntiqin yanına qərar əsasında getmişdir. Qərar olub, ancaq orderin tam doldurulmaması,yarımçıq olması onu çaşdırıb və bu qənaətə gəlmişdir ki yəqin qərarı almamışdır. Ancaq ziddiyət ondadır ki,əgər qərar onda olmasaydı,yaxud o ibtidai istindaqda iştirak etməsəydi,qərarın tarixi,təqsirləndirilən şəxsin ittiham edildiyi maddə haradan götürülüb orderə yazıla bilərdi? Digər tərəfdən Roma Cəfərovun özünün onun iştirakı ilə imzaladığı sənədlər həm də onun tərəfindən imzalanmışdır. Roma Cəfərov imzaların onun olmadığı barədə verdiyi vəsatət xətşünaslıq ekispertizası tərəfindən tamamilə təkzib edilmişdir. Bütün bunları sonradan xatırlamışdır ki, o cümlədən 1.12-ci maddədə göstərilən tələblərə tərəfindən əməl olunmuşdur. Yeganə faktor Roma Cəfərovun simasını xatırlamamağı olub. O,ibtidai istintaqda iştirak edə-edə, israrlı şəkildə bunu inkar etmişdir.2.3cü maddədə göstərildiyi kimi o, jurnalda qeydiyyat aparmış və həmin jurnalı araşdırma zamanı kollegiyaya təqdim etmişdir və hal-hazırda da oradadır. 3-cü maddə ona aid deyil, çünki o fərdi fəaliyyət göstərmiş, ona görə də tək olduğu üçün onda nöbətçilik cədvəli olmayıb. İbtidai və məhkəmə istintaqına dəvət olunduğu zaman maksimum iştirak etməyə çalışmışdır. Bu barədə ondan bir dəfə də olsun narazılıq olmamışdır. Bununla bağlı cavabdeh iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Vəkillik fəaliyyəti, onun prinsipləri, vəkillərin hüquq və vəzifələri, iltizam məsuliyyətinə cəlb edilməsinin əsasları və qaydaları və s.məsələlər “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. Həmin Qanunun : 1-ci maddəsinə görə Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. Vəkillik qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq və konfidensiallıq prinsipləri əsasında fəaliyyət göstərir. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. 3-cü maddəsinə görə vəkilliyin əsas vəzifələri fiziki və hüquqi şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiə edilməsindən və onlara yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsindən ibarətdir. 5-ci maddəsinə görə vəkillik fəaliyyəti irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, insan və vətəndaş hüquq və azadlıqlarının üstünlüyü, qanunun aliliyi, vəkillərin müstəqilliyi, onlarla hüquqi yardım üçün müraciət edənlər arasında olan münasibətlərin könüllülüyü əsasında və vəkil etikasına riayət edilməklə həyata keçirilir. 16-*cı maddəsinə görə pşə fəaliyyətini həyata keçirərkən vəkil: qanunun tələblərini icra etməli, müdafiə edilən və ya hüquqları təmsil edilən şəxsin mənafelərini qorumaq üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün üsullardan istifadə etməlidir; vəkil sirrini qorumalı, vəkil andına və vəkil etikasına riayət etməlidir; yalnız qanunun tələblərini rəhbər tutmalıdır; hüquqi yardımın göstərilməsi üçün müraciət etmiş şəxsin maraqlarına zidd və hüquqlarının həyata keçirilməsinə mane olan hər hansı hərəkəti, müdafiəçisi olduğu şəxsin mənafeyinə zidd olaraq onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq, zərərçəkmişlə barışığını elan və ona qarşı qaldırılmış mülki iddianı qəbul etməməli, müdafiəsinə yönəlmiş şikayəti geri götürməməlidir; mənafeyi təmsil edilən və ya müdafiə edilən şəxsin icazəsi olmadan hüquqi yardımın göstərilməsi ilə əlaqədar vəkilə məlum olan faktları və sənədləri, eləcə də mənəviyyata, demokratik cəmiyyətdə ictimai qaydaya və ya dövlət təhlükəsizliyinə ziyan vura bilən, həmçinin yetkinlik yaşına çatmamışların mənafeləri və ya tərəflərin şəxsi və ailə həyatının müdafiəsi tələb edərsə, belə məlumatları yaymamalıdır; vəkil sirrindən özünün şəxsi və ya başqasının mənafeyi üçün istifadə etməməlidir; vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəçiliyindən imtina etməməlidir. 22-ci maddəsinə görə vəkil peşə borcunu həyata keçirərkən bu qanunun və digər qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında Əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozulması halları aşkar olunduqda, o, intizam məsuliyyətinə cəlb edilir..... Vəkillər barəsində intizam icraatı Vəkillər Kollegiyasının Rəyasət Heyətində başlanır. ....Vəkillər Kollegiyasından xaric edilməyə səbəb ola biləcək əsaslar olduqda İntizam Komissiyasının rəyi əsasında Vəkillər Kollegiyasının Rəyasət Heyəti məsələnin həlli üçün məhkəməyə müraciət edərək həmin məsələ ilə bağlı məhkəmə qərarı qanuni qüvvəyə minənədək vəkilin fəaliyyətini dayandıra bilər. https://e-qanun.az/framework/257 23-cü maddəsinin l hissəsinə görə vəkilin fəaliyyətinə aşağıdakı hallarda xitam verilə bilər: öz arzusu ilə fəaliyyətinə xitam verilməsi barədə yazılı ərizə verildikdə; barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittihamedici hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyətliliyi məhkəmə tərəfindən müəyyən edildikdə; vəfat etdikdə; məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə; Vəkillər Kollegiyasının üzvlüyündən xaric edildikdə; bu qanunla vəkilliyə namizədlər üçün müəyyən edilmiş tələblərə uyğun gəlmədiyi aşkar edildikdə; üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə. “Vəkillərin davranış qaydaları haqqında Əsasnamə”də göstərilir : -1.2. Hər bir vəkil qanunun aliliyi, müstəqillik, demokratizm, humanizm, ədalət, aşkarlıq, konfidensiallıq prinsiplərini, insan hüquqlarını və davranış qaydalarını rəhbər tutaraq, bu Əsasnamənin müddəalarına əməl etməyə borcludur. 1.3. Hər bir vəkil, vəkil andına sadiq qalmalı, peşə fəaliyyətində və peşə fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən fəaliyyətindən kənar davranışında bu Əsasnamənin müddəalarını rəhbər tutmalıdır. Vəkilin peşə fəaliyyətindən kənar fəaliyyəti vəkilliyin nüfuzuna xələl gətirməməlidir. -2.2 Vicdanlı davranış - Vəkil öz peşə borcunu yerinə yetirərkən dürüstlük və ləyaqətlilik nümayiş etdirməli, yalan danışmamalı, hədə-qorxu gəlməməli, təhdid etməməli, digər şəxslərin ağır maddi və sair vəziyyətindən yararlanmamalı, öz peşə və şəxsi məqsədlərinə çatmaq üçün digər qanunsuz vasitələrdən istifadə etməməlidir. Şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə vəkil öz vəzifələrini səmərəli yerinə yetirməyə borcludur. Vəkil peşə fəaliyyətini həyata keçirməklə bağlı hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdır. Vəkil hər hansı şəxsə hüquq pozuntusunun törədilməsi istiqamətində yazılı və ya şifahi məsləhətlər verməməli və onu digər qanunsuz hərəkətlərə sövq etməməlidir. Peşə fəaliyyətini həyata keçirərkən vəkil qanunvericiliyə və bu Əsasnamənin tələblərinə zidd vasitə və üsullardan istifadə edə bilməz. 2.3. Peşəkarlıq və fərdi məsuliyyətin artırılması - Vəkil öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş hüquq və vəzifələri çərçivəsində və yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməyə borcludur. Vəkil öz davranışı və peşəkar fəaliyyəti ilə cəmiyyətin vəkilliyə olan inamını artırmalıdır. 2.4. Loyallıq - Vəkil peşə fəaliyyətini həyata keçirərkən və ya peşə fəaliyyətindən kənar davranışında vəkilliyin nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir. Vəkil qanunvericilikdə vəkillik fəaliyyəti ilə bağlı nəzərdə tutulmuş məhdudiyyətlərə əməl etməli, başqa vəkillərin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir. 2.5. İctimai etimad - Vəkillik peşəsinin nüfuzunu artırmağa və möhkəmləndirməyə borcludur. Vəkil davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmağa, о cümlədən ictimai etimadın bərpası üçün tədbirlər görməyə borcludur. Vəkil çıxışlarında və yazışmalarında obyektivliyi qorumalıdır. 2.6. Konfidensiallıq - Vəkil hüquqi yardım göstərilməsi ilə əlaqədar əldə etdiyi məlumatların konfidensiallığını təmin etməlidir. Məlumatların konfidensiallığının təmin edilməsi müddətlə məhdudlaşdırılmır. Vəkil hüquqi yardımın göstərilməsinə cəlb etdiyi şəxslərdən konfidensiallıqla bağlı öhdəliklərə riayət edilməsini tələb etməlidir. Vəkil peşə fəaliyyəti ilə əlaqədar əldə etdiyi məlumatlardan şəxsi maraqları üçün istifadə edə bilməz. -3.4 Vəkil hüquqi yardım göstərdiyi şəxsi vicdanla və əzmlə təmsil etməli və məsləhətlər verməlidir. Vəkil ona etibar olunmuş işin gedişatı və icrası ilə bağlı hüquqi yardım göstərdiyi şəxsi mütamadi olaraq məlumatlandırmalıdır. -3.5 Vəkilin hüquqi yardım göstərdiyi şəxslərlə qarşılıqlı münasibətləri vəkilin dürüst və ədalətli olmasına dəlalət edən etimad üzərində qurulmalıdır. Vəkil göstərdiyi hüquqi yardımın nəticəsi ilə əlaqədar vəd verməməlidir. Göstərilən normalara nəzər saldıqda müəyyən edilir ki, iddiaçı vəkilliyin əsas prinsipi olan qanunun aliliyi və peşəkarlıq, ictimai etimad prinsiplərini pozmuş, vəkilliyin əsaslarını təşkil edən qanunçuluq tələbinə əməl etməmiş, vəkil etikasına riayət etməmişdir. Həmin əməllər iddiaçının Vəkillər Kollegiyasının xaric edilməsi üçün yetərli olan və qanunla nəzərdə tutulan əsaslardır. Belə ki, iddiaçı həm Vəkillər Kollegiyasının İntizam Komissiyasına yazdığı izahatında, həm də məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxs X4 barəsində orderə təqsirləndirilən şəxsin adını yazaraq orderi müstəntiqə verməklə kifayətlənmiş, daha sonra istintaq hərəkətlərinin aparılmasında iştirak etməmişdir. İstintaq hərəkətlərinin aparılmasına dair sənədləri isə başqa bir cinayət işimim materiallarının arasında oxumadan imzalamışdır. Nəticədə təqsirləndirilən şəxsin müdafiə hüququ pozulmuşdur. Bu hal müdafiəçinin işinə, vəzifə borcu olan təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsinə etinasız və diqqətsiz yanaşmasını təsdiq edir. Halbuki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 18-ci maddəsinə görə vəkil peşə fəaliyyətini həyata keçirərkən bu Qanunla müəyyən edilmiş qaydada öz vəzifələrini mükəmməl icra etməli, vəkil sirrindən özünün şəxsi və başqalarının tamahkarlıq və digər məqsədləri üçün istifadə etməməli, hüquq müdafiə fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə, qanunsuz hərəkətlərin törədilməsinə çağırışlara, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz hərəkətlərə və sözlərə yol verməməli, məhkəmə iclasında hakimə mane olmamalı, bu iclasda çıxış edənlərin sözlərini kəsməməli, iclasın iş qaydasını pozmamalı və Vəkillər Kollegiyasının Ümumi yığıncağı tərəfindən qəbul olunmuş Vəkillərin davranış qaydaları haqqında Əsasnamə ilə müəyyən edilmiş vəkil etikasının digər tələblərinə riayət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . Eyni Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Yuxarıda göstərilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslı hesab edilərək təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Qobustan rayonunda fərdi vəkil kimi fəaliyyət göstərən Cavabdeh Azərbaycan Respubkikası Vəkillər Kollegiyasının üzvlüyündən xaric edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti,70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar