Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-5222/2025 24.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh Şabran rayonu Ağalıq bələdiyyəsinə qarşı “torpaq sahəsinin satılmasının qanunsuz olduğu, mülkiyyət hüququnun tanınması, çıxarışın verilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ: İddia ərizəsinin dəlilləri
1. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Şabran rayonu Ağalıq bələdiyyəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin eyni torpaq sahəsini ikinci şəxsə satması ilə bağlı hərəkətlərinin qanunsuz olduğunu, iddiaçının 12 sot torpaq sahəsinə dair mülkiyyət hüququnu və torpaq üzərində mübahisəli hüquqların xeyrinə həll edilməsini və iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüququnu tanınmasını və çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
3. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.
4. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.
6. Məhkəmə iclasında izahat verən cavabdehin səlahiyyətli nümayəndəsi izahat verərək bildirmişdir ki, iddiaçı tərəfin naturada göstərdiyi torpaq sahəsi ilə əlaqədar cavabdeh orqan tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsindən şifahi qaydada məlumat alınmış, nəticədə həmin ərazinin paylı xüsusi mülkiyyətdə, kənd təsərrüfatı kateqoriyasına aid olduğu, yəni bələdiyyənin ərazisinə aid olmadığı müəyyən edilmiş, bundan əlavə, iddiada qeyd edilən hər hansı digər şəxsə torpaq sahəsinin ayrılmasına dair qərar aşkar edilməmişdir.
7. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “...42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
8. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
9. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
10. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
11. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.
12. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
13. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.
14. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
15. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
16. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
18. İddiaçının hazırkı iddia tələbi aşağıdakılardan ibarətdir: - cavabdehin eyni torpaq sahəsini ikinci şəxsə satması ilə bağlı hərəkətlərinin qanunsuz olduğunun müəyəyn edilməsi, - iddiaçının 120 kv.m torpaq sahəsinə dair mülkiyyət hüququnu və torpaq üzərində mübahisəli hüquqların xeyrinə həll edilməsini və iddiaçının həmin torpaq sahəsinə olan mülkiyyət hüququnu tanınmasını və çıxarışın verilməsini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə edilməsi.
19. İPM-in 13-cü maddəsinə əsasən məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım göndərilmiş, tələbin qeyri-müəyyən olduğu, müəyyən öhdəliyinin cavabdeh olmayan orqanın üzərinə qoyulmasının mümkün olmadığı, eyni zamanda, cavabdeh orqana müvafiq tələb ilə əlaqədar hər hansı müraciətin olmadığı, bu barədə sübutların təqdim edilməsinin zəruri olduğu nəzərinə çatdırılmış, bununla yanaşı mümkünlük şərtlərin müzakirəsi məqsədilə iclas təyin olunmuş, lakin iddiaçı tərəf məhkəmə iclasında iştirak etməmişdir.
20. Bundan başqa, iddiaçının sürdüyü tələb cavabdeh orqanın nümayəndəsi ilə məhkəmə iclasında müzakirə olunmuş, nəticədə müəyyən edilmişdir ki, iddia olunan torpaq sahəsi bələdiyyə torpaqlarına aid deyildir, hazırda paylı xüsusi mülkiyyət olmaqla kənd təsərrüfatı kateqoriyasına aiddir. Lakin iddiaçının qeyd etdiyi hər hansı digər şəxsə və iddiaçının özünə torpaq sahəsinin ayrılması ilə əlaqədar bələdiyyə qərarı aşkar edilməmişdir.
21. Eyni zamanda, iddiaçı hazırkı tələb ilə məhkəməyə müraciət edərək, bələdiyyəyə ödəniş qəbzindən başqa mübahisələndirilən torpaq sahəsinin ona ayrılmasına dair sənəd təqdim etməmiş, yəni mübahisə predmeti üzərində subyektiv hüququnu təsdiq edən sübut məhkəməyə təqdim etməmişdir. Qeyd edilməlidir ki, iddiaçı ödəniş qəbzini iş materiallarına əlavə etsə də, həmin qəbz konkret hansı torpaq sahəsinin ödənişi barədə olduğunu müəyyən etmək imkan yaratmadığı üçün sübut qismində qiymətləndirə bilməz.
22. Subyektiv hüququn mahiyyətini açıqlayan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə görə, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: - öz hərəkətlərinə hüquqi ixtiyar; - başqa (borclu) şəxslərdən tələb etmək hüququ; - müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 225/2024 saylı qərarında qeyd olunmuşdur ki, “31. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. 32. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir.”
24. Məhkəmə yuxarıda qeyd edilən normaların tələblərinə istinad edərək bildirir ki, iddiaçı hazırkı mübahisə predmeti ilə bağlı cavabdehə qarşı öz hərəkətlərinə hüquqi ixtiyar, ondan tələb hüququ və müdafiə hüququ kimi üç elementin məcmusundan ibarət olan subyektiv hüquqa malik olmadığından, iddia iddiaçının subyektiv hüququnun olmaması əsası ilə mümkün sayılmamalıdır.
25. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı iddia etdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmasını tələb edirsə, bununla bağlı cavabdeh orqana deyil, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etməlidir. Lakin iddiaçının həmin orqana müraciət edilməsi, orqanın müraciətinin icrasından imtina edilməsi iş materiallarına əlavə edilmiş sənədlər ilə müəyyən olunmur.
26. Məhkəmə eyni zamanda bildirir ki, iddiaçının tələbindən və cavabdehin nümayəndəsinin verdiyi izahatından iddiaçının naturada göstərdiyi torpaq sahəsinin digər şəxlsərin mülkiyyətində olduğu müəyyən edilmişdir. Bununla bağlı iddiaçıya hüquqi yardım edilərək izah olunur ki, iddia olunan torpaq sahəsi üzərində digər şəxsin mülkiyyət hüququ qeydiyyata alındığı təqdirdə və iddiaçı hüquqların pozulduğunu qüman etdiyi halda həmin şəxsin mülkiyyət hüquqlarının qeydiyyatına əsas olan sənədin ləğv edilməsi ilə bağlı müraciət etməlidir.
27. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə üzrə iddia tələbinin qaldırılması üçün subyektiv hüququnun mövcud olduğu sübuta yetirilmədiyindən, iş üzrə cavabdeh qismində iştirak edən orqanın iddiaya cavab verməli olub-olmamasının qeyri-müəyyən olduğundan, iddiaçı tərəfindən iddia tələbinin inzibati ircaat qaydasında həll edilməsi üçün müraciətin olmadığından, iddia tələbinin, həmçinin onun əsaslandırılmasının aydın ifadə olunmadığından, tələblər konkretlikdən uzaq yazıldığından iddia mümkün hesab edilməməlidir.
28. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
29. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova