Məhkəmə qərarları › İş №2-1(118)-523/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-523/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-523/2020 17.03.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə qarşı “01 yanvar 2012-ci il tarixdən bugünki tarixə qədər ona təyin edilməli olan yaşa görə əmək pensiyası məbləğinin ödənilməmiş hissəsinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə vəzifə kimi qoyulması” barədə iddia tələbi üzrə inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı xx xxxx 1954–cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. İş materiallarına əlavə etdiyi Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilən 084678 saylı vəsiqənin surətindən də göründüyü kimi ona 01 yanvar 2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Qeyd etdi ki, pensiya təyin edilərkən onun sığorta stajının baza hissəsi– sığortaolunanın fərdi hesabının yığım hissəsində yaşa görə əmək pensiyasının təyin olunduğu tarixə toplanmış pensiya kapitalı nəzərə alınmamışdır. Bunu o çnox sonralar, onu kimi işləyərək pensiyaya çıxmış şəxslərdən öyrənmişdir. Onların təqsiri ucbatından itirdiyi bu qədər ildə, bu qədər məbləği bərpa elətdirmək üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə müraciət etmiş, DSMF Abşeron şöbəsi tərəfindən yalnızca 2016ci ildən 2019–cu ilə qədərki dövr nəzərə alınmaqla pensiya təyin edilməsi nəzərdə tutulmuşdur. Belə ki, 01 noyabr 2019-cu il tarixli müraciətinə cavab olaraq gəlmiş DSMF Abşeron tərəfindən verilən imtina məktubunda qeyd edilir ki, müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinin pensiya təyin edən komissiyası tərəfindən baxılmış və pensiyamın 01 noyabr 2019–cu il tarixdən yenidən hesablanaraq 245.03 manatdan 351,60 manata çatıdırılmışdır. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1–ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir, həmin Qanunun 32.1-1–ci maddəsinə əsasən Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Ona görə də pensiyası 10 oktyabr 2019–cu il tarixdən müraciət etdiyi üçün onun pensiyanın yenidən hesablanması 01.11.2016-cı il tarixdən həyata keçirilmişdir. Bununla bağlı olaraq bildirmək istəyir ki, ona pensiya təyin edilməsini tələb etməmiş ki, bu maddənin tələbi ona şamil oluna, onun tələbi onların təqsiri ucbatından səhv hesablanmış pensiya məbləğinin bərpa edilməsi və itirdiyi qalan 7 ilin pensiyasını da (2012-ci il tarixdən 2019-cu ilə qədər) ona ödənilməsidir. Nə üçün o, onların təqsiri ucbatından bu illər ərzində az məbləğdə pensiya alıb əziyyət çəkməli idi. Qeyd etdi ki, ən son iş yeri və işi “Neftqartikinti” tresti 8 saylı Tikinti Quraşdırma İdarəsində elektrik qaynaqçısı olmuşdur (26 oktyabr 2010–03 noyabr 2011). Göründüyü kimi DSMF Abşeron tərəfindən onun sosial təminat hüququ pozulmuş və nəticə etibarilə ona verilməli olan müəyyən bir məbləğdən məhrum olunmuşdur. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı “01 yanvar 2012-ci il tarixdən bugünki tarixə qədər ona təyin edilməli olan yaşa görə əmək pensiyası məbləğinin ödənilməmiş hissəsinin yenidən hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında DSMF-nin Abşeron rayon şöbəsinin üzərinə vəzifə kimi qoyulmasına dair” vermiş olduğu iddianı tamamilə əsassız hesab edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsi iddia tələbi ilə bağlı bunları bildirir ki, İddiaçı pensiyasının yenidən hesablanması ilə əlaqədar 10.10.2019–cu il tarixdən müraciət etdiyi üçün onun pensiyasının yenidən hesablanması 01.11.2016–cı il tarixdən həyata keçirilmiş və 01.11.2019-cu il tarixdən yenidən hesablanarq 245.03 manatdan 351,60 manata çatdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun , “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 32.1-ci maddəsində qeyd olunur ki, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Bu Qanunun 32.1-1-ci maddəsinə əsasən isə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əwəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qanunun bu maddəsinin tələblərinə tərəfimizdən tam və dəqiq əməl edilmişdir. Buna görə də iddiaçının iddia tələbi tamamilə qanunsuz və əsassızdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Əmək kitabçasının surəti, vəsiqələrin surətləri, DSMF-nun Abşeron rayon şöbəsinin imtina məktubunu, iddiaçının şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında (Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 68.1-ci maddəsi) sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdehin hərəkətləri qanuna ziddir. Cavabdehin bu hərəkəti iddiaçının hüquqlarını pozur (İPM-in 34.1-ci maddəsi)”. İddia mümkün iddia olmaqla yanaşı, həm də qismən əsaslıdır. Bu səbəbdən də iddia qismən təmin edilməlidir. Belə ki, baxılması inzibati məhkəmələrin səlahiyyətinə (İPM-nin 1.1, 2.1 və 2.2.3-cü maddələri) aid olan öhdəliyin icrası haqqında iddia mümkündür. İddiaçı cavabdehin bu hərəkətinin İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuş mənada onun hüquqlarını pozduğunu iddia edə bilər. İddiaçının hazırki iddianı irəli sürməkdə olan hüquqi marağı pensiya məbləğinin artırılmasına və pensiyaya çıxdığı zaman ödənilməyən vəsaitin ona ödənilməsindən ibarətdir. İddianın xüsusi mümkünlük şərti də təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı hazırki tələblə cavabdehə müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. İddia, həmçinin əsaslıdır. İddiaçının 01.01.2012-ci il tarixdən pensiyaya çıxdığı 06.12.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin pensiyaya çıxdığı zaman nəzərə alınmamış pensiya kapitalının 01.01.2012-ci il tarixdən nəzərə alınması və 01.01.2012-ci il tarixdən yenidən hesablanması ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İddiaçının pensiyaya çıxdığı zaman qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 01.01.2012-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edərkən onun 01.01.2012-ci il tarixədək 01.11.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını nəzərə almamışdır. Məhkəmə qeyd edir ki, iddiaçı ona pensiya təyin edilərkən sosial sığorta şəhadətnaməsini cavabdeh inzibati orqana təqdim etdiyindən sonuncu onun 01.01.2012-ci il tarixdən pensiyaya çıxdığı 01.11.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalını ona pensiya təyin edilən zaman qanunvericliyin tələbi baxımından nəzərə almalı idi. Belə ki, bu qanunvericiliyin tələbidir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, iddiaçının müraciətindən sonra cavabdeh inzibati orqan 01.01.2017-ci il tarixdən qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə istinad edərək iddiaçının yaşa görə əmək pensiyasının məbləğini 01.11.2016-cı il tarixdən (müraciətindən 3 il əvvəlki tarixdən) yenidən hesablamış və 01.11.2019-cu il tarixdən iddiaçının pensiya məbləği 245,03-dan 351,60 manata çatdırılmışdır. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçıya yaşa görə əmək pensiyası 01.01.2012-ci il tarixdə təyin edilmişdir ki, iddiaçıya münasibətdə “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, əvvəla cavabdehin istinad etdiyi norma pensiya təyin edilməsi məsələlərini tənzimliyir ki, iddiaçı ona pensiya təyin edilməsi ilə bağlı deyil nəzərə alınmamış pensiya kapitalının nəzərə alınmasını və ödənilməmiş pensiya məbləğinin ona ödənilməsini tələb edir. “Əmək Pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir.... Bundan başqa iddiaçı 01.01.2012-ci il tarixdə pensiya hüququndan istifadə etmiş və həmin zaman cavabdeh inzibati orqanın səhvi nəticəsində onun 01.01.2006-cı il tarixdən sonrakı dövrdə əldə etdiyi pensiya kapitalı pensiya təyinatı zamanı nəzərə alınmamışdır ki, iddiaçı sonuncunun təqsiri nəticəsində onun mülkiyəti olan pensiya məbləğindən məhrum oluna bilməz. Bunlardan başqa iddiaçının pensiya hüququ 01.01.2012-ci il tarixdə yarandığından və ona həmin tarixdən artıq pensiya təyin edildiyindən ona məhz həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri tətbiq edilməlidir. Həmin dövrdə qüvvədə olan “Əmək Pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyası hüququnun yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla ömürlük təyin edilir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya müraciət tarixindən yalnız son üç il üçün yenidən hesablamanın aparılması ilə bağlı hərəkətləri qanunsuz olduğundan iddiaçının 01.01.2012-ci il tarixdən pensiyaya çıxdığı 01.11.2019-cu il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin pensiyaya çıxdığı zaman nəzərə alınmamış pensiya kapitalı 01.01.2012-ci il tarixdən nəzərə alınmalı və 01.11.2016-cı il tarixədək olan dövr üçün hesablanmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi cavabdeh artıq 01.11.2016-cı il tarixdən yenidən hesablama aparmış və hesablanmış məbləği iddiaçıya ödəmişdir. Bu səbəbdən də iddia bu hissə də qismən təmin edilməlidir. İş üzrə icraata dair prosessual xərclər məsələsi İPM-in 110.1-ci maddəsinə əsasən həll olunur. Dövlət rüsumu haqqında Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia qismən təmin edilsin. Cavabdeh Dövlət Sosial X2 rayon şöbəsinin üzərinə İddiaçı 01.01.2012-ci il tarixdən pensiyaya çıxdığı 01.11.2019-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış, lakin pensiyaya çıxdığı zaman nəzərə alınmamış pensiya kapitalının 01.01.2012ci il tarixdən nəzərə alınması və 01.01.2012-ci il tarixdən 01.11.2016-cı il tarixədək hesablanması öhdəliyi qoyulsun. İddia qalan hissədə rədd edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar