Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-525/2020 18.05.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “xx xxxx 1962-ci ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunda anadan olmuş İddiaçı, milliyətinin Azərbaycanlı, soyadının Nəsibov, adının Əsgər, atasının adının Darvin kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Darvin, soyadının Nəsibov, atasının adının İsrafil, ana qrafasında anasının adının Gülpəri, soyadının Nəsibova, atasının adının isə Məhəmməd kimi göstərilməsi öhdəliyinin Sumqayıt şəhər Qeydiyyat Şöbəsinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibatiMəhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı xx xxxx 1962-ci ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunda anadan olmuş İddiaçı, milliyətinin Azərbaycanlı, soyadının Nəsibov, adının Əsgər, atasının adının Darvin kimi qeyd olunmaqla doğum haqqında şəhadətnamə verilməsi, veriləcək yeni doğum haqqında şəhadətnamədə ata qrafasında atasının adının Darvin, soyadının Nəsibov, atasının adının İsrafil, ana qrafasında anasının adının Gülpəri, soyadının Nəsibova, atasının adının isə Məhəmməd kimi göstərilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin xx xxxx 2019-cu il tarixli, xx/xx-1992/15 saylı məktubu ilə iddiaçının müraciət edilməsindən imtina edilmişdir. İmtinanın əsası kimi Ermənistan Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatına dair sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinin arxivində saxlanılmadığı göstərilmiş və iddiaçıya izah edilmişdir ki, itmiş qeydin bərpası üçün kifayət qədər əsaslar olduğu təqdirdə ölən şəxsin qanuni vərəsəsi onun doğum haqqında akt qeydinin bərpa olunması məqsədilə qohumluq faktını təsdiq edən sənədləri təqdim etməklə yaşadığı yer üzrə qeydiyyat şöbəsinə, kifayət qədər əsas olmazsa, qeydiyyat şöbəsinin imtina barədə məktubuna əsasən yaşadığı yer üzrə məhkəməyə müraciət edə bilər. İddiaçı müvafiq ümumi məhkəməyə müraciət etsədə, hüquqları həmin məhkəmə tərəfindən təmin edilməmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki,İddiaçı xx xxxx 1962-ci ildə Ermənistan Respublikasının, Krasnoselo rayonunda anadan olmuşdur. Onun xx xxxx 1962-ci ildə Ermənistan Respublikasının Krasnoselo rayonunda anadan olmasını xx.xx.2013-cü ildə verilmiş AZE Seriyalı ******** №-li şəxsiyyət vəsiqəsi təsdiq edir. Naməlum səbəblərdən iddiaçıya məxsus olan doğum haqqında şəhadətnamə itmişdir. Doğum haqqında şəhadətnamə Ermənistan Respublikasının, Krasnoselo rayonunda alındığına görə hal-hazırda iddiaçı həmin sənədin dublikatını əldə edə bilməmişdir. İddiaçı bildirmişdir ki, onun doğum haqqında şəhadətnamədə soyadı Nəsibov, adı Əsgər, atasının adı isə Darvin kimi göstərilmişdir. Hal-hazırda iddiaçıya məxsus olan hüquqmüəyyənedici sənədləri əldə etmək üçün doğum haqqında şəhadətnamə lazımdır. Doğum haqqında şəhadətnamə alınması üçün Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə müraciət etməli olmuşdur. Cavabdeh özünün xx.xx.2019-cu il tarixli imtina məktubu ilə məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(060)-10100/2019 saylı qərardadı ilə müəyyən edilmişdir ki, “Doğumun dövlət qeydiyyatının aparılması məhkəmənin səlahiyyətinə aid olmamaqla şəhadətnamənin verilməsi müvafiq icra hakimiyyəti orqanına aiddir ”. Həmin qərardadda qeyd edilmişdir ki, müvafiq səlahiyyətli orqanın imtinasından sonra səlahiyyətli subyektin imtinası barədə inzibati qaydada məhkəmədə mübahisə qaldıra bilər. Buna görə də iddiaçı cavabdehin hərəkətindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə məcburetmə tələbi ilə müraciət etməli olmuşdur. AR Ailə Məcəlləsinin 161.1-ci maddəsinə görə “Vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir”. Həmin Məcəllənin 162.2-ci maddəsinə görə “İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyat faktı məhkəmə qaydası ilə müəyyən edilir”. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, izahatında bildirmişdir ki, iddiaçı Ermənistan Respublikasında anadan olmuşdur, iddiaçıya məxsus olan doğum haqqında şəhadətnamə orada qalmışdır. Doğum haqqında şəhadətnamə Ermənistan Respublikasının, Krasnoselo rayonunda alındığına görə hal-hazırda iddiaçı həmin sənədin dublikatını əldə edə bilməmişdir. İddiaçının bununla bağlı heçbir sənədi yoxdur. Şəhər məhkəməsinə müraciət etsədə, onun işinə baxmamışdır. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya etirazında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxx 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Doğum haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. İtmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Cavabdeh iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəməiş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. Belə ki, doğum haqqında akt qeydi şəxs doğulan andan onunla bağlı ilkin məlumatların, yəni adının, soyadının, ata, ana adının və soyadının qeydə alındığı sənəddir. İddiaçı hazırda ona müvafiq qeydlər aparmaqla təkrar doğum haqqında şəhadətnamənin verilməsini xahiş edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın 13-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. 14-cü bəndinə əsasən itmiş yazının qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. 16-cı bəndinə əsasən, doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Lakin hazırki işdə iddiaçı təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün inzibati orqana itmiş qeydinin bərpası üçün lazım olan sənədləri və ya məhkəmənin qətnaməsini təqdim etməmişdir. Bu halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın doğum haqqında şəhadətnamənin verilməsindən imtinası əsaslı olmuşdur. Eyni zamanda inzibati orqan əsaslı olaraq hüquqi müdafiyə vasitəsi kimi iddiaçının ümumi məhkəməyə müraciət etməsini tövsiyyə etmişdir. İddiaçı müvafiq ümumi məhkəməyə müraciət etsədə, hüquqları həmin məhkəmə tərəfindən təmin edilməmişdir. Halbu ki, qanunvericilik ilə müəyyən edilmişdir ki, müvafiq sənədlər olmadıqda, vətəndaşların hüququ məhkəmə qətnaməsi əsasında bərpa olunur. İddiaçı Ermənistan Respublikasında doğulmuşdur və məlum səbəblərə görə inzibati orqana müvafiq sənədləri təqdim edə bilmir və eyni zamanda inzibati orqandada müvafiq sənədlər mövcud deyil. Bu halda vətəndaşların hüquqları mülki məhkəmə icraatı qaydasında müəyyən edilmiş hüquqi müdafiyə vəsatiləri ilə bərpa olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. İddiaçıya izah olunsun ki, təkrar müvafiq ümumi məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 4, 68,69,73,75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddia rədd edilsin. Qərar təqdim olunan gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkməsinəapellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-525/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-525/2020
18.05.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver