Məhkəmə qərarları › İş №2-1(118)-525/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-525/2021

26.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-525/2021 26.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Sumqayıt şəhər şöbəsinə qarşı “Əmək kitabçasına əsasən əmək stajının düzgün hesablanmadığını nəzərə alaraq, onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə 29.11.1972-ci ildə Sumqayıt şəhərində yerləşən 1 saylı Tikinti Trestində fəhə kimi başlamış, 10.08.1973-cü ildə hərbi xidmətə çağırılmış, 1975-ci ildə tərxis olunmuş, 1976-cı ildə Azərbaycan Dövlət Tibb İnistutuna qəbul olaraq oranı 1982-ci ildə bitirmişdir. 06.09.1982-ci ildən 09.10.1985ci ilədək Sumqayıt şəhər X1 sanitar həkim işləmiş, sonradan 09.10.1985-ci ildən 14.09.1993- cü ilədək bölmə müdiri kimi zərərli iş şəraitində işlədiyinə görə 15 faiz əlavə əmək haqqı almış, 29.06.2001-ci ildən 08.07.2010-cu il tarixinədək Bakı şəhəri Qaradağ rayonunda da müdiri işlədiyi vaxtlarda da zərərli iş sahəsi kimi 15 faiz əlavə ödəniş almış, 21.02.2011-ci ildən hazırki vaxtadək Sumqayıt Epidemolğiya Mərkəzində epidemoloq həkim işləyir. Qeyd etmək istəyir, onun əmək fəaliyyəti fasilsiz olubdur, onun 25 ilini ixtisasına uyğun zərərli sahələrdə əlavə əmək haqqı olmaqla vəzifəli sahələrdə işləmiş, işlədiyi illər ərzində əmək haqqından həmişə vergi faizləri tutulmuşdur. Pensiya haqda qanunvericiliyə uyğun olaraq ilk dəfə ona 29 il 09 ay 23 gün əmək stajı hesablanaraq 223 manat 81 qəpik pensiya hesablanmışdır. Bu barədə onun yazdığı şikayət ərizəsinə cavabdeh təşkilatın verdiyi 08.06.2020-ci il tarixli **********67 saylı cavabda da öz əksini tapmışdır. Əmək kitabçasında 46 il əmək stajı vardır ki, onun 20 ilindən çox zərərli iş sahəsinə aiddir. Onun şikayətləridən sonra pensiyanın məbləğini 12 manat artıraraq 235 manat təyin etmişlər. O bununlada razı deyil və hesab edir ki, düzgün hesablanmayıblar. Belə ki, 46 il əmək stajı olduğu halda onu gah 29 il gah da 32 il hesablayır, zərərli iş sahəsində işlədiyi 20 ili hesablamırlar, ona kifayət qədər aşağı pensiya təyin edirlər. Sığorta olunan 01.01.2006-ci il tarixində qazandığı pensiya kapitalı barədə olan məlumatda eyni ilə aid olan rəqəmlər bir-birinə uyğun gəlmir, yəni düzgün hesablanmayıblar. Həmin səbəbdən də hüquqlarının müdafiəsi üçün məhkəməyə müraicət etməli olmuşdur. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək cavabdehin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialı kimi qəbul edilməsini və onun hərbi xidmətdə olduğu dövrü, təhsil müddətlərini və əmək kitabçasında olan müddətləri yenidən hesablayaraq pensiya təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddi tələbinə etiraz edərək, bildirmişdir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmçinin “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsində də məcburi şərt kimi “mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda, kooperativlərdə əmək müqaviləsi əsasında, yaxud kolxozlarda və digər kooperativlərdə üzvlük əsasında işləyənlər — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna sığorta haqları keçirmələri” əmək pensiyası hüququ qazanılması qeyd olunmuşdur. Hər iki qanunvericiliyin məzmunundan da göründüyü kimi, şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün məcburi dövlət sosial sığorta haqlarının ödənilməsidir. Fondun 1 saylı regional ərazi filialının 21.12.2020-ci il tarixli **********9 nömrəli məktubuna əsasən İddiaçı yaşa görə əmək pensiyası təyin edilərkən 01.01.2006-cı il tarixədək sığorta stajı 32 il 00 ay 27 gün, 01.01,2006-cı il tarixdən 01.01.2020-ci il tarixədək fərdi hesabında yığılan pensiya kapitalı 10133.92 manat, eyni zamanda təhsil aldığı illər, əmək kitabçasındakı sığorta stajı, hərbi xidmətdə olduğu illər də nəzərə alınmışdır (sözügedən məktub məhkəmə materiallarına əlavə olunmuşdur). Bu səbəbdən iddiaçının yaşa görə əmək pensiyasının yenidən hesablanmasını tələb etməsi əsassızdır. İddiaçı yaşa görə əmək pensiyasının hesablanması zamanı 2006-cı il 1 yanvar tarixinədək 32 il iş stajına müvafiq hesablanan ( hər il üçün 306 manat) 23721.84 manatla fərdi hesabının sığorta hissəsində 2006-cı il 1 yanvar tarixindən sonra toplanmış 10297.39 manat pensiya kapitalının cəmi (34.019,23 manat) gözlənilən pensiya ödəniş müddəti aylarının sayına (144-ə) bölünərək ona 2020-ci ilin 3 mart tarixindən 236,24 manat məbləğində yaşa görə əmək pensiyası təyin edilmişdir. Əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında" Respublikası Prezidentinin 05 fevral 2021 -ci il tarixli Sərəncamına müvafiq olaraq İddiaçı pensiyasının məbləği 01.01.2021-ci il tarixindən 263,18 manat təşkil edir. Qeyd olunanlar əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: DSMF-nin 1 saylı regional ərazi filialının 21.12.2020-c il tarixli, **********9 nömrəli imtina məktubu, 20.05.2021-ci il tarixli **********9 nömrəli etiraz ərizəsi, İddiaçıya məxsus diplomun surəti, əmək kitabçasının surəti, arayışlar və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmədiyindən iddia mümkün iddiadır.İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçının tələbi ona təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması və yaranmış fərqin ona ödənilməsindən ibarətdir. İddiaçı hesab edir ki, onun iş ştajı 46 ildən çox təşkil edir və eyni zamanda zərərli işlərdə işləmişdir, ona görə də əmək stajı nəzərə alınaraq əmək pensiyası yenidən hesablanmalıdır. Cavabdeh isə ərizənin təmin edilməməsinin əsası kimi iddiaçıya yaşa görə əmək pensiyası təyin edilərkən qanunvericiliyin tələbinə uyğun olaraq yaşa görə əmək pensiyası təyin etmişdir. İş materialları araşdırılarkən, müəyyən edilmişdir ki, İddiaçı 01.01.2006-cı il tarixədək sığorta stajı 32 il 00 ay 27 gün , 01.01.2006-cı il tarixdən 01.01.2020-ci il tarixədək fərdi hesabında yığılan pensiya kapitalı 10133.92 manat, eyni zamanda təhsil aldığı illər, əmək kitabçasındakı sığorta stajı, hərbi xidmətdə olduğu illər də nəzərə alınmış və cavabdeh tərəfindən qanunvericiliyin tələbləri nəzərə alınaraq, ona yaşa görə əmək pensiyası təyin etmişdir. Belə ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının məbləği 2006-cı ilin 1 yanvar tarixinədək olan dövr üçün şəxslərin sosial stajına əsasən formalaşan kapitala və 2006-cı ilin 1 yanvar tarixindən sonrakı dövr uçun isə fərdi hesabın sığorta hissəsində toplanan sığorta kapitalına uyğun olaraq müəyyənləşdirilir. Həmin qanunun 1.0.8-ci maddəsinə əsasən əmək pensiyasının sığota hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizi fərdi hesabın sığorta hissəsində qeydə alınır. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların 2006-cı il; yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayma mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınaraq Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq sığortaolunanların pensiya hüququ qazandığı tarixədək illər üzrə indeksləşdirilir. Həmin Qanunun 21.1 -ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Nəzərə alınmalıdır ki, pensiyanın yenidən hesablanması "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 26 və 37.3-cü maddələrində öz əksini tapmışdır. Belə ki, qeyd olunan Qanunun 26-cı maddəsi 2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını, 37.3-cü maddəsi isə işləyən əmək pensiyaçılarının pensiyasının yenidən hesablanması qaydasını özündə əks elətdirilir. Hazır ki, iddia tələbi üzrə iddiaçıya 03.03.2020-ci ildən yaşa görə əmək pensiyasının təyin edilməsi səbəbindən qeyd olunan Qanunun 26-cı maddəsinin müddəalarını hazır ki, iddia tələbinə tətbiq edilməsi yolverilməzdir. Həmin Qanunun 37.3-cü maddəsinin tələblərinin o halda İddiaçı iddia tələbinə münasibətdə o halda tətbiq edilməsi düzgün olardı ki, ona yaşa görə əmək pensiyası təyin edildiyi 03.03.2020-ci ildən hal hazırda işlədiyi günəqədər 37.3-cü maddədə tələb edilən 6 illik müddət keçmiş olsun. Göründüyü kimi İddiaçı yaşa görə əmək pensiyasına çıxmaqla yanaşı 21.02.2011-ci ildən hal hazıradək Sumqayıt şəhər Gigiyena və Epidemiologiya Mərkəzində Epidemioloji şöbədə işləyir və Qanunun 37.3-cü maddəsində pensiyanın yenidən hesablanması üçün nəzərdə tutulan 6 illik müddət keçməyib. Belə olduğu tədqirdə İddiaçı Qanunun 37.3-cü maddəsinin müddəalarının da tətbiq edilməsi yolverilməzdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə araşdırması ilə müəyyən edilmişdir ki, sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdeh tərəfindən iddiaçının ondan tələb etdiyi inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin yerinə yetirilməməsinə əsas olmuş halların qanuniliyi, yəni cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından İddiaçı əmək pensiyasının yenidən hesablanıb və ona ödənilməmiş vəsaitin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması mümkün deyil. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X4 Şəxsin 1 saylı regional ərazi filialına qarşı onun hərbi xidmətdə olduğu dövrü, təhsil müddətlərini və əmək kitabçasına əsasən əmək stajının düzgün hesablanmadığını nəzərə alaraq, onun əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətindəziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar