Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-526/2022 13.07.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ƏMDK yanında DƏDRX-nin 5 saylı Ərazi İdarəsinin xx.xx.2021-ci il tarixli **********16 saylı imtinasının qanunsuz hesab edilməsi və Quba şəhəri M.Qorki küçəsi 60/2 saylı mənzilin özəlləşdirilməsi barədə sənədlərin hazırlanması vəzifəsinin cavabdeh orqanın vəzifəli şəxslərinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Quba şəhəri M.Qorki küçəsi 60/2 saylı mənzilin özəlləşdirilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 20 oktyabr 2021-ci il tarixli, **********16 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunun tələblərinə əsasən dövlət mülkiyyətçisi ilə kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının və yaxud vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüquqi var. Həmin qanunun tələblərinə uyğun olaraq sənədlərini cavabdeh ƏMDK yanında DƏDRX-nin Xaşmaz Ərazi İdarəsinə təqdim etmişdir, lakin cavabdeh orqan mənzilin özəlləşdirilməsindən imtina etmişdir. Həmin imtinanı aşağıdakı əsaslara və qanuna görə əsassız və qanunsuz hesab edir: xx.xx.2021-ci il tarixli imtinadan müəyyən olunur ki, "Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanunu dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə özəlləşdirilməsinə dair əsas müddüalrını müəyyən edir. Həmin Qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasını vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçeirmək hüququ vardır. Xarici vətəndaşlara əvəzsiz olaraq Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi sözügedən qanunda nəzərdə tutulmamışdır. Göründüyü kimi imtinada əvvəlcə qanun 1-ci maddəsinə əsasən vətandaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri bu qanunla müəyyən edilmiş şərtlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətə keçirmək hüququnun olması qeyd edilsə də sonradan mənzil fondunun özəlləşdirilməsi sözügedən qanunda nəzərdə tutlmadığını yazmaqla yaşadığı mənzilin özəlləşdirilməsindən qanunsuz imtina olunmuşdur. Bundan başqa o, kooperativin üzvü olaraq yaşadığı mənzilin dəyərini qabaqcadan ödəmişdir, əvəzsiz mənzili özəlləşdirmir, mənzil onun mülkiyyətindədir, yalnız dövlət qeydiyyatına alınmadığı üçün sərəncam və sair hüquqlarının həyata keçirilməsindəki məhduduyyətləri aradan qaldırmaq üçün dövlət qeydiyyatını alınması üçün Qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasını vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada dövlət qeydiyyatına alınmaqla Rusiya vətəndaşı olduğu üçün qanunvericiliklə müəyyən olunana müddətdə özgəninkiləşdirmək istəyir. «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğu barədə «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin ikinci hissəsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinə, 60cı maddəsinin İ hissəsinə və 71-ci maddəsinin İİ hissəsinə uyğun olmadığına görə qüvvədən düşmüş hesab edilmişdir Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi X2 31 yanvar 2022-ci il tarixdə daxil olmuş ərizəsində qeyd edilmişdir ki, iş üzrə iddiaçı olan bacısı İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Lakin müvəqqəti işləri ilə əlaqədar Rusiya Federasiyasının Moskva şəhərində yaşamaqla müvəqqəti Rusiya Federasiyasının vətəndaşləğını daşıyır. Bundan başqa o, seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin bacısı MTK-nın xx.xx.2021- ci il tarixli arayışına əsasən İddiaçı Quba şəhəri, M. Qorki küçəsi 24/60 saylı mənzilində qeydiyyatda olmaqla kooperativin üzvü kimi daimi həmin mənzildə yaşaması təsdiq olunur. O, Kooperativin üzvü olmaqla mənzilin dəyərini qabaqcadan ödəmiş, kommunal xərcləri ödəməklə faktiki ev 24/60 saylı mənzilin mülkiyyətçisidir. Cavabdeh orqanının vəzifəli şəxslərinə sonradan ona etibarnamənin Moskva şəhərində verməsinə baxmayaraq İddiaçı Azərbaycan vətəndaşı olmasını təsdiq edən şəxsiyyət vəsiqəsini və digər sənədləri təqdim etsə də qəbul edilməmiş və qəsdən guya Rusiya Federasiyası vətəndaşı olması səbəbilə qanunsuz çıxarışın hazırlanmasından imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 şəhəri, M. Qorki küçəsi, bina 24 ünvanda yerləşən 60 nömrəli mənzil üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsinə xx.xx.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 20 10.2020-ci il tarixli **********6 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Müraciətinizə cavab olaraq bildiririk ki, sənədlərin ekspertizası zamanı hüquq sahibi İddiaçı xarici ölkə vətəndaşı olduğu müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunu dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdlrilməsinə dair əsas müddəalarını müəyyən edir. Həmin qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Xarici vətəndaşlara əvəzsiz olaraq Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi sözügedən qanunda nəzərdə tutulmamışdır. ” Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini.məhdudlaşdırılması (yüklənməsi),onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib, sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia həm də əsaslıdır. Belə ki, iddiaçı Quba şəhəri M.Qorki küçəsi 60/2 saylı mənzilin adına özəlləşdirilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, sənədlərin ekspertizası zamanı hüquq sahibi İddiaçı xarici ölkə vətəndaşı olduğu müəyyən olunmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanunu dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdlrilməsinə dair əsas müddəalarını müəyyən edir. Həmin qanunun 1-ci maddəsinə əsasən Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Xarici vətəndaşlara əvəzsiz olaraq Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi sözügedən qanunda nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Quba rayon X7 İcraiyyə Komitəsinin 04 may 1991-ci il tarixli, 81 saylı qərarı ilə ünvan 3 ünvanda yerləşən 60 nömrəli mənzil İddiaçı verilmişdir. Quba rayon İcra Hakimiyyətinin 4 saylı Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 44 saylı forma-2 arayışında İddiaçı ünvan 3 ünvanda yerləşən 60 nömrəli mənzildə yaşadığı qeyd edilmişdir. Habelə məhkəmə tərəfindən aparılmış araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il taricli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilmiş, barəsində xx.xx.2022-ci il tarixli ******* nömrəli arayış tərtib edilmişdir. (Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Vətəndaşlıq Məsələləri Baş İdarəsinin 04 iyul 2022-ci il tarixli, 08/A-2860-ƏB saylı məktubu) Beləliklə iş materiallarından göründüyü kimi mübahisə predmetini təşkil edən mənzil Quba rayon X7 İcraiyyə Komitəsinin 04 may 1991-ci il tarixli, 81 saylı qərarı ilə ünvan 3 ünvanda yerləşən 60 nömrəli mənzil İddiaçı verilmişdir. İddiaçı Azərbaycan Respublikası vətəndaşı olmaqla mənzilin adına özəlləşdirilməsi baxımından hərhansı maneə müəyyən olunmur. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Maddə 5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Məhkəmə «Sporrinq və Lonnort İsveçə qarşı» işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyət hüququ «şərti və qeyri-sabit» xarakter almışdır. Avropa Məhkəməsi öz qərarlarında daşınmaz əmlakdan istifadə və sərəncamda məhdudiyyətlər yaranmasını mülkiyyət hüququnun pozulması kimi qiymətləndirmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyəti” hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirilmişdir. Hazırkı işdə də, inzibati orqanın mübahisələndirilən imtinası iddiaçının müvafiq sənədləri olsada mülkiyyətindən tam istifadə edə bilməsində məhdudiyyətlər yaratmış, onun yuxarıda qeyd olunan hüquqlarının pozulması ilə nəticələnmişdir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının mülkiyyətində olan mənzil üzərində hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası qanunsuz olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 3 ünvanda yerləşən 60 nömrəli mənzilin özəlləşdirilməsi barədə İddiaçı adına sənədlərin hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. ünvan 3 ünvanda yerləşən 60 nömrəli mənzilin özəlləşdirilməsi barədə İddiaçı adına sənədlərin hazırlanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-526/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-526/2022
13.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver